Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın liderlik rolu daha geniş coğrafi məkanlara yayılır

Azərbaycanın liderlik rolu daha geniş coğrafi məkanlara yayılır

23.10.2013 [10:29]

Bolqarıstanın nüfuzlu “Standart” qəzetində dərc olunmuş “Azərbaycan - Avrasiyanın lideri” sərlövhəli məqaləsində ölkəmizin artan beynəlxalq nüfuzundan bəhs olunur
Məlum olduğu kimi, Azərbaycanın gənc müstəqil ölkə olaraq qısa müddətdə sürətli inkişafa nail olması, regionda və dünyada baş verən siyasi, iqtisadi, hərbi böhranlara baxmayaraq, güclənməsi, nüfuzunun artması, qlobal əhəmiyyətli enerji layihələrində həlledici söz sahibinə çevrilməsi dünyada getdikcə daha böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, müxtəlif ölkələrin ekspertləri tərəfindən hazırlanmış Azərbaycanın unikal inkişaf yolunu və qısa müddətdə qazandığı heyrətamiz uğurların səbəbini araşdıran və öz cəmiyyətlərinə təqdim edən məqalələrin və digər tədqiqat materiallarının sayı son illərdə kəskin artıb. Xatırladaq ki, bir müddət əvvəl xarici nəşrlər əsasən, qlobal iqtisadi böhranın əksər ölkələri bürüdüyü bir vaxtda iqtisadiyyatı artmağa davam edən Azərbaycanın “axına qarşı” hərəkət etməsi faktına böyük maraq göstərirdilər. Son zamanlar isə beynəlxalq siyasətin aktorları arasında dünyanın müxtəlif regionları uğrunda geosiyasi mübarizənin kəskinləşdiyi, ayrı-ayrı regionlarda qüvvələr balansının tez-tez dəyişdiyi bir dövrdə Azərbaycanın ardıcıl və stabil olaraq Cənubi Qafqazda liderliyi ələ alması, tədricən nüfuzunu və müxtəlif sahələrdə liderlik rolunu Qərbə və Şərqə doğru genişləndirərək Avrasiya geosiyasi məkanında söz sahibinə çevrilməsi gerçəkliyi xarici nəşrlərin diqqətindən yayınmır.
Buna nümunə olaraq bu yaxınlarda Bolqarıstanın nüfuzlu “Standart” qəzetində dərc olunmuş tanınmış jurnalist Lyubomir Mixaylovun “Azərbaycan - Avrasiyanın lideri” sərlövhəli məqaləsini göstərmək olar. AzərTAc-ın məlumatına görə, məqalədə əvvəlcə ölkəmizdə keçirilmiş sonuncu prezident seçkilərindən bəhs edilir. Seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün Azərbaycan hakimiyyətinin gördüyü işləri qeyd edən müəllif səsvermənin gedişini izləmək üçün xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan çoxsaylı müşahidəçilərin dəvət olunduğunu, seçkiqabağı təşviqat aparmaq üçün namizədlərə hər cür şəraitin yaradıldığını diqqətə çatdırır.
Daha sonra Azərbaycanın qeyri-adi inkişaf tempinə diqqəti yönəldən müəllif bunun səbəbini ölkənin sərvətlərindən düzgün istifadədə görür. Bunun təsdiqi olaraq, yazıda Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirdiyi xüsusi vurğulanır. Şərq ilə Qərbin qovuşuğunda yerləşən, zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın daxili və xarici siyasətdə mühüm uğurların qazanılmasında, ölkənin müstəqilliyinin möhkəmlənməsində Prezident İlham Əliyevin əvəzolunmaz rolundan ətraflı bəhs edilir.
Müəllif yazır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar nəticəsində iqtisadiyyatı dinamik inkişaf edən Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib və regionun iqtisadiyyatının 80 faizi bu ölkənin payına düşür. Azərbaycanın hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında olduğunu bildirən müəllif respublikamızı iqtisadi inkişafına görə “Qafqazın pələngi” adlandırır. Son 10 ildə Azərbaycanın sənaye istehsalının 3,4 dəfə, kənd təsərrüfatı məhsullarının 3,3 dəfə, adambaşına düşən ümumi daxili məhsulun 7 dəfə, büdcənin 16 faiz, strateji valyuta ehtiyatlarının 30 dəfə, xarici ticarət dövriyyəsinin 6,6 dəfə, orta aylıq əməkhaqqının 6 dəfə artdığı, yoxsulluğun səviyyəsinin 5 faizə düşdüyü, 1 milyon 200 mindən çox yeni iş yerinin açıldığı bildirilir.
Dünyanın müdrik və təcrübəli siyasi xadimləri sırasında Prezident İlham Əliyevin də adının olduğunu vurğulayan müəllif gündən-günə nüfuzu artan Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərinin sayının çoxaldığını, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasında uğurla fəaliyyət göstərdiyini qeyd edir.
Məqalədə, həmçinin, Azərbaycanda gənclərə dövlət qayğısından bəhs edilir, Prezident İlham Əliyevin təsdiq etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında ətraflı məlumat verilir. Həmçinin, yazıda 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyi haqqında qərarın qəbul edilməsi xüsusi vurğulanır.
Əlbəttə ki, iqtisadiyatın şaxələndirilməsi strategiyası çərçivəsində Azərbaycanda ən müasir texnologiyalardan istifadəyə əsaslanan yeni sənaye sahələrinin yaranması diqqətdən yayına bilməzdi. L.Mixaylov öz yazısında bu ilin fevralında “Azərspace-1” ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanın kosmik ölkələr sırasına daxil olmasının əhəmiyyətini göstərir.
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrə də toxunan müəllif Bakı Slavyan Universitetində Bolqar Dili və Mədəniyyəti Mərkəzinin, Sofiya Universitetində isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, Azərbaycanın Şəki şəhəri ilə Bolqarıstanın Qabrovo şəhərinin qardaşlaşdığını, Sofiyadakı küçələrdən birinə “Bakı” adının verildiyini diqqətə çatdırır.
L.Mixaylov məqaləsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan ilə yanaşı, xarici ölkələrdə də elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində həyata keçirdiyi mühüm layihələrdən söz açır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edilən yazıda Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olmasının region üçün böyük təhlükə yaratdığı diqqətə çatdırılır. Qeyd edək ki, bu məqam, yəni, Dağlıq Qarabağ həqiqətlərinin, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktının xarici mətbuatda tez-tez vurğulanması Azərbaycanın haqq səsinin ayrı-ayrı ölkələrin ictimaiyyətinə çatdırılmasında mühüm önəm daşıyır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətindən bəhs edən müəllif qurumun Gürcüstan, Türkiyə, İsveçrə kimi ölkələrə investisiyalar yatırdığını, dünyanın bir çox aparıcı şəhərlərində ofislərinin fəaliyyət göstərdiyini yazır. Buradan da görünür ki, Azərbaycanın nüfuz dairəsi və iqtisadi təsir imkanları yalnız Cənubi Qafqaz bölgəsi ilə məhdudlaşmır, qonşu regionlara da yayılmaqdadır. Nəticədə, Azərbaycanın beynəlxalq iqtisadi və siyasi münasibətlərdəki çəkisi artır.
Azərbaycanın bütövlükdə Avrasiya məkanında fəallığının artmasını göstərən digər amillər sırasında yeni nəhəng enerji layihələri olan TANAP və TAP qaz kəmərləri layihələrinin qəbul olunmasını, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisini, Avropa ilə Asiyanı iqtisadi və informasiya-kommunikasiya layihələri ilə bir-birinə daha sıx birləşdirmək istiqamətində göstərdiyi təşəbbüsləri qeyd etmək olar. Azərbaycanın qarşılıqlı hörmət və faydalılıq prinsipləri əsasında yeritdiyi əməkdaşlıq siyasəyi ölkəmizin tərəfdaşlarını durmadan artırır. Nəticədə, Azərbaycanın bir sıra məsələlərdə liderlik rolunu yerinə yetirdiyi coğrafi məkanın sərhədləri də genişlənir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 931 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31