Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün “Bakı-2015” ilk Avropa Oyunları üçün geri sayım başlayır

Bu gün “Bakı-2015” ilk Avropa Oyunları üçün geri sayım başlayır

11.06.2014 [09:16]

Prezident İlham Əliyev: ... Bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur
Bu gün axşam Dənizkənarı Milli Parkda paytaxt sakinləri möhtəşəm atəşfəşanlığın şahidi olacaqlar. Bununla da “Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geri sayım başlayacaq. Başqa sözlə, düz bir il sonra, 2015-ci il iyunun 12-də, nəinki köhnə qitənin, eləcə də, bütün dünyanın diqqəti Azərbaycan paytaxtına yönələcək. 65 min tamaşaçı yeri olan möhtəşəm Bakı Olimpiya Stadionunda yandırılacaq məşəl bütün dünyaya Avropa Olimpiya Oyunlarının başlanmasını müjdələyəcək. Məlumat üçün bildirək ki, tarixdə ilk dəfə olaraq 2015-ci ildə təşkil olunacaq Avropa Olimpiya Oyunlarının Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə dair qərar Avropa Olimpiya Komitəsinin (AOK) 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş 41-ci Baş Assambleyasında verilib. Avropanın 49 Milli Olimpiya komitələri Azərbaycan paytaxtı Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə əksər səs çoxluğu ilə (84 faiz) təsdiqləyiblər.
Beləliklə, Prezident İlham Əliyevin Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrikində də bəyan edildiyi kimi, bu tarixi bir hadisədir: “Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara, Avropa Olimpiya Komitəsinə böyük minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir”.
Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi gələn il iyunun 12-də baş tutacaq və qitənin ali idman bayramı iyunun 28-də başa çatacaq. Avropa Oyunlarında 49 ölkədən 6000-dək idmançı 19 idman növü üzrə medallar uğrunda yarışacaqlar.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva sədrlik edir. Təşkilat Komitəsinin sədrinin qərarı ilə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yaradılıb, Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirilməyə başlanılıb.
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, paytaxtda ən yüksək standartlara cavab verən müasir idman kompleksləri inşa olunmaqdadır, eyni zamanda, mövcud idman obyektləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə hazırlanır. Yeri gəlmişkən, bu il aprelin 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müasir tələblərə cavab verən Milli Gimnastika Mərkəzinin açılış mərasimində iştirak ediblər. Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissələrində oturacaq yerlərin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman mərkəzinə hotel kompleksi də daxildir. Artıq bir neçə gündən sonra, daha dəqiq desək, iyunun 15-də Milli Gimnastika Mərkəzində bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək. Qeyd edək ki, Milli Gimnastika Mərkəzi Avropa Oyunlarının keçiriləcəyi Olimpiya şəhərciyinin həndəvərində - Heydər Əliyev prospektində yerləşir. Burada, həmçinin, Oyunlarda iştirak edəcək idmançıların yaşayacağı “Olimpiya kəndi” də inşa edilib. Hazırda burada təmir-tamamlanma işləri davam etdirilir.
Bir qədər aralıda isə Türkiyənin “Tekfen” şirkəti tərəfindən möhtəşəm Bakı Olimpiya Stadionu inşa olunur. Bakı Olimpiya Stadionunda tikinti işlərinin əsas hissəsi başa çatmaq üzrədir. Stadionun gələn ilin fevralında istifadəyə verilməsi planlaşdırılır. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan və orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq. Bundan əlavə, paytaxtda Su İdman Sarayının da tikintisi davam etdirilir. Ümumi sahəsi 66 min m2 olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə cavab verir. Sarayda keçiriləcək idman yarışlarını eyni zamanda 6 min tamaşaçı izləyə biləcək.
Bundan əlavə, paytaxtda əvvəlki illərdə inşa olunan Bakı Əl Oyunları Sarayında, Heydər Əliyev adına İdman Konsert Kompleksində də əsaslı təmir işləri aparılır. Qeyd olunanlardan başqa, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, 8-ci kilometr qəsəbəsindəki “Bakcell-Arena” Stadionu, Güllə Atıcılığı Stendi, “Bakı Ekspo Mərkəzi”, həmçinin, “Şəfa” stadionunda və digər idman obyektlərində də Avropa Oyunlarının keçirilməsi planlaşdırılır. Sadalanan idman qurğularında aparılan yüksək səviyyəli təmir-yenidənqurma işlərindən sonra onların beynəlxalq standartlara cavab verən idman qurğularına çevriləcəyinə şübhə yeri qalmır. Mövcud idman qurğularında aparılan yenidərqurma işləri idmançılara, eləcə də, tamaşaçılara yüksək komfort yaratmaqla bərabər, paytaxtın görkəminə daha da müasirlik gətirəcək.
Bir sözlə, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin iclasında Mehriban xanım Əliyevanın söylədiyi kimi, Avropa Oyunlarına hazırlıq işləri dünya səviyyəli idman yerlərinin, idman mərkəzlərinin inşası yeni standartlardan və innovasiyalardan istifadə etməklə qrafikə uyğun aparılır. “Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir”, -deyən Mehriban xanım Əliyeva, həmçinin, əlavə edib ki, yeni inşa olunan idman qurğuları ilə yanaşı, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin hazırkı tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir.
Sonda vurğulamaq yerinə düşər ki, Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. İlk Avropa Oyularının Azərbaycanda keçirilməsi, eyni zamanda, Azərbaycan dövlətinin və xalqının böyük qələbəsidir. Əldə olunan bütün bu uğurlar isə, sözsüz ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yorulmaz əməyinin və müdrik siyasətinin nəticəsidir.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 895 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31