Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilib

Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilib

16.03.2016 [09:48]

Millət vəkilləri hesabatı qəbul ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Millət vəkilləri əvvəlcə Türkiyənin paytaxtı Ankara şəhərində terror hadisəsi zamanı dünyasını dəyişmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclasda Nazirlər Kabinetinin 2015-ci il ərzindəki fəaliyyəti ilə bağlı hesabat təqdim olunub. Milli Məclisin sədri Oqtay Əsədov ötən il ərzində qazanılmış uğurlar haqqında fikirlərini bildirib. O qeyd edib ki, ötən il dünya iqtisadiyyatında mənfi meyillər daha da güclənib, iqtisadi fəallıq xeyli zəifləyib. Təbii ki, bu mənfi meyillər Azərbaycandan da yan keçməyib: “Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət bu mənfi meyillərin ölkə iqtisadiyyatına təsirini minimuma endirib. Ümumi daxili məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul hesab edilə bilər. Artım bütövlükdə qeyri-neft sektorunun payına düşür”.
Spiker qeyd edib ki, Azərbaycan hər zaman investisiya qoyuluşu üçün cəlbedici olub. Keçən il bu, özünü bir daha göstərib. Onun sözlərinə görə, 2015-ci ildə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın vəsait qoyulub. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə hesabına təmin olunub.
“Ötən il ölkənin neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8,8 milyard manat investisiya ayrılıb. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıb. 2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövriyyənin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı dövlətlərinin payına düşür. İnanırıq ki, Azərbaycan hökuməti bundan sonra da qarşıda duran vəzifələri uğurla yerinə yetirəcək”, - deyə parlamentin spikeri vurğulayıb.
Sonra Baş nazir Artur Rasizadə hesabat məruzəsi ilə çıxış edib. A.Rasizadə bildirib ki, Milli Məclisə 2015-ci ildə keçirilmiş demokratik və ədalətli seçkilər ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasətin xalq tərəfindən dəstəkləndiyini bir daha təsdiq edib. Seçkilər zamanı mandat qazanmış millət vəkillərini təbrik edən Baş nazir qeyd edib ki, 2015-ci il Avropa idmanının bayramı kimi də yaddaşlarda qalacaq: “Yüksək səviyyədə və uğurla təşkil olunmuş birinci Avropa Oyunları ölkəmizin artan potensialını nümayiş etdirdi. Oyunların keçirilməsi üçün qısa müddətdə tikilib başa çatdırılan, müasir tələblərə cavab verən çoxsaylı idman sarayları və qurğuları idmanın gələcək inkişafına böyük töhfələr bəxş edəcək”.
A.Rasizadə bildirib ki, Azərbaycan Prezidentinin yeni qlobal çağırışlara uyğun aparılacaq islahatların əsas istiqamətləri ilə bağlı verdiyi tapşırıqlar hökumət tərəfindən cari ildə və yaxın gələcəkdə fəaliyyət proqramı kimi qəbul olunub. Onun sözlərinə görə, hesabat ilində iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun dəyəri real ifadədə 1,1 faiz artıb. Diqqətəlayiq haldır ki, qeyri-neft sənayesində artım 10 faiz təşkil edib. Əsas kapitala yönəldilən 16 milyard manat vəsaitin 55 faizindən çoxu qeyri-neft sektorunun payına düşüb. Orta aylıq əməkhaqqı 5 faiz, əhalinin gəlirləri 5,7 faiz artıb, illik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb. “Maliyyə və pul sektorlarındakı çətinliklərə baxmayaraq, hökumətin və Mərkəzi Bankın ümdə vəzifələrindən biri inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılması olub və bu təmin edilib. Bununla belə, qeyd olunmalıdır ki, 2015-ci ildə ölkəyə valyuta daxilolmalarının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədar makroiqtisadi tarazlığın və iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunması zərurəti manatın devalvasiyasını qaçılmaz edib. Keçən il dövlət büdcəsinin gəlirlərinin icra səviyyəsi bütün sosial öhdəliklərin, əsas Dövlət proqramlarının və prioritet kəsb edən layihələrin tam həcmdə maliyyələşdirilməsinə imkan verib. Əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği artırılıb və bu məqsədlə ümumilikdə 197 milyon manatdan artıq vəsait xərclənib. Əmək pensiyalarının orta aylıq artımı 2,4 faiz təşkil edib. İmtiyazı olan şəxslərə 427 mənzil və fərdi ev verilib, 400 nəfər dövlət hesabına minik avtomobili ilə təmin olunub. Son on iki ildə sosial müavinətlərin, o cümlədən əlilliyə görə müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb”, - deyə Baş nazir vurğulayıb.
A.Rasizadə bildirib ki, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tipli daha 5 qəsəbə salınıb, 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilib və digər sosial obyektlər istifadəyə verilib. 2004-2015-ci illərdə qaçqın və məcburi köçkünlər üçün 89 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 225 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Onların sosial problemlərinin həllinə ümumilikdə 4,6 milyard manat vəsait sərf olunub.
O qeyd edib ki, iqtisadiyyatın inkişafında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli yer tutan regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramının icrasına il ərzində bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib: “Həmin proqramda sənaye parklarının və məhəllələrinin, logistik mərkəzlərin, iri fermer təsərrüfatlarının yaradılması, yeni emal müəssisələrinin və iş yerlərinin açılması, istehsal və sosial infrastrukturun səviyyəsinin daha da yüksəldilməsi prioritet kimi qarşıya qoyulub. Belə ki, keçən il istehsal və sosial infrastrukturun yenidən qurulması ilə bağlı mühüm işlər görülüb, 400 kilometrdən artıq respublika və yerli əhəmiyyətli, 600 kilometrə yaxın kəndlərarası yollar çəkilib. Rayonlarda 2 elektrik stansiyası istifadəyə verilib, onlarla yarımstansiya quraşdırılıb və ya təmir edilib, minlərlə kilometr elektrik və qaz xətləri çəkilib, 430 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Xeyli sayda məktəb və uşaq bağçası, səhiyyə, mədəniyyət və idman obyektləri tikilib və ya əsaslı təmir edilib. Dörd şəhərdə su təchizatı layihəsi başa çatdırılıb, yüz kilometrlərlə yeni su və kanalizasiya xətləri çəkilib, çay kənarında yerləşən 58 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Son illər qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb və nəzərəçarpan nəticələr əldə olunub. 2014-cü ilin “Sənaye ili” elan edilməsi, sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının təsdiqi və onun icrasına başlanılması ölkədə sənayeləşmə prosesinə dinamizm verib. Bu sektorda ənənəvi sahələrlə yanaşı, kosmik, müdafiə, alternativ enerji, gəmiqayırma və digər yeni sahələr yaradılıb və inkişaf etdirilib, xeyli sayda müasir istehsal və emal müəssisələri fəaliyyətə başlayıb. Ümumilikdə, il ərzində 269 sənaye müəssisəsi yaradılıb”.
Baş nazir deyib ki, nəqliyyat sektoru iqtisadiyyat üçün xüsusi önəm kəsb edir. Onun sözlərinə görə, məhz bu səbəbdən son illər bu sahəyə böyük sərmayələr qoyulub, regional və yerli əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirilib. Belə ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsi tranzit imkanlarını artıracaqdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tamamlanması, ölkə ərazisindən böyük miqdarda yüklərin tranzit daşınması təkcə iqtisadi yox, həm də siyasi dividendlər gətirəcəkdir.
A.Rasizadə bildirib ki, Azərbaycan Respublikası Prezidentinin - Ali Baş Komandanın gündəlik nəzarətində olan ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi-sənaye potensialının inkişaf etdirilməsi məsələlərinə, həmişə olduğu kimi, xüsusi diqqət yetirilib: “Bunun da əsas səbəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasıdır. Qarşı tərəf yenə də vaxtı uzadaraq problemin həllindən yayınır, aidiyyəti beynəlxalq qurumlar isə ədalətsiz və hüquqazidd mövqe nümayiş etdirirlər. Bunlar nəzərə alınaraq, ordunun müasir silah-sursatla təmin edilməsi, döyüş qabiliyyətinin durmadan artırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Son zamanlar Silahlı Qüvvələrimizin işğalçı tərəfin hərbi təxribatlarına verdiyi tutarlı cavablar bunu bir daha sübut edir. Hərbi qulluqçuların təminatının yaxşılaşdırılması məqsədilə yeni hərbi hissələr və şəhərciklər tikilib istifadəyə verilib, 1500 zabit ailəsi mənzillə təmin edilib. Silahlı Qüvvələrə yardım Fonduna cəmiyyətin müxtəlif təbəqələri tərəfindən ianə kimi daxil olan vəsait artaraq 70 milyon manatdan çox olub. Ümumilikdə, Silahlı Qüvvələrlə bağlı görülən bütün işlərin maliyyələşdirilməsinə 3,3 milyard manat vəsait ayrılıb”.
Baş nazir bildirib ki, ümumilikdə bu müsbət nəticələr dünyada çox mürəkkəb proseslərin cərəyan etdiyi bir ildə qazanılıb. Onun sözlərinə görə, neftin qiymətinin kəskin aşağı düşməsi və dövlətlər arasında müşahidə olunan geosiyasi qarşıdurmalar beynəlxalq məkanda ziddiyyətlərlə dolu qeyri-sabit durum yaradıb: “Belə bir vaxtda ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi və əsas makroiqtisadi göstəricilər üzrə uğurlara nail olunması o qədər də asan deyildir. Şübhəsiz ki, nailiyyətlər təməli əvvəlki illərdə qoyulmuş iqtisadi və maliyyə potensialı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş və ardıcıl iqtisadi siyasət sayəsində mümkün olub. Hesab edirəm ki, bu gün dünyada gedən qlobal proseslər nəzərə alınmaqla, respublikanın dövlət orqanlarının, bütün sağlam qüvvələrinin yeganə məqsədi mövcud ictimai-siyasi sabitliyin qorunması, iqtisadi inkişafın davam etdirilməsi, xalqın rifahının yüksəldilməsi və ölkənin ərazi bütövlüyünün bərpasının təmin edilməsi olmalıdır. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz bu məqsədə çatacağıq”.
Daha sonra millət vəkilləri hesabatı müzakirə ediblər.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, hökumətin illik hesabatı qənaətbəxş qiymətləndirilib. Onun sözlərinə görə, qlobal böhran şəraitində sosial layihələrin təxirə salınmaması düzgün siyasətin nəticəsidir.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, 2015-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət uğurlu fəaliyyət göstərib. Onun sözlərinə görə, ötən il həm neftin qiymətinin aşağı düşməsi ilə bağlı ölkənin gəlirləri azaldı, həm də dünyada baş verən münaqişələr, gərginlik müəyyən narahatlıq yaratdı: “Azərbaycan Prezidentinin rəhbərliyi ilə düzgün müstəqil xarici siyasətin qurulması nəticəsində proseslərdə öz mövqeyimizi qoruyub saxladıq. Ötən il Azərbaycanda iki böyük tədbirin - “Bakı 2015” I Avropa Oyunları, eləcə də parlament seçkilərinin keçirilməsi bunu bir daha göstərmiş oldu”.
S.Novruzov qeyd edib ki, ötən il Azərbaycanda iqtisadi inkişaf davam edib. 2015-ci ildə müəyyən xarici qüvvələrin ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdiyini, sabitliyi pozmağa çalışdıqlarını deyən millət vəkili onların bu məqsədlərə çatmadığını bildirib.
Müzakirələrdə, həmçinin komitə sədrləri Əli Hüseynli, Hadi Rəcəbli, millət vəkilləri Yevda Abramov, Rəşad Mahmudov, Elmira Axundova, Fəzail İbrahimli, Azər Badamov, Musa Qasımlı, Əli Məsimli, Tahir Rzayev, Astan Şahverdiyev və başqaları çıxış edərək hökumətin hesabatına münasibət bildiriblər. Müzakirələrin sonunda illik hesabat qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 783 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31