Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə AŞPA-nın uşaqlar üzrə alt komitəsinin seminarı keçirilib

Milli Məclisdə AŞPA-nın uşaqlar üzrə alt komitəsinin seminarı keçirilib

01.06.2017 [10:18]

Mayın 31-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin uşaqlar üzrə alt komitəsinin seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən parlament seminarını Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açıb.
AŞPA-nın bu tədbirinin Bakıda keçirilməsini yüksək qiymətləndirən Bahar Muradova bildirib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması məsələsinə xüsusi önəm verilir.
Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycan insan hüquqları sahəsində hər zaman qanunvericilik təşəbbüsləri ilə çıxış edir. Müvafiq qanunlar bu sahədə olan məsələləri tənzimləmək üçün yaxşı imkanlar yaradır.
Vitse-spiker bildirib ki, Azərbaycanda uşaqların informasiya sahəsində təhlükəsizliyi üçün də vacib addımlar atılır. Ölkəmiz bu sahədə beynəlxalq təşkilatlarla, həmçinin AŞPA ilə yaxından əməkdaşlıq edir.
Çıxış edən alt komitənin sədri Baronessa Dorin Massey qeyd edib ki, internet uşaqların imkanlarını genişləndirdiyi kimi, müəyyən problemlərə də yol açır. Bir çox hallarda internetdən istifadə halları uşaqların istismarına və digər xoşagəlməz hadisələrə gətirib çıxarır.
D.Massey AŞPA-nın uşaq təhlükəsizliyi ilə bağlı sahəyə xüsusi önəm verdiyini vurğulayaraq uşaq hüquqları üzrə strategiyanın xüsusi komitə tərəfindən izlənildiyini də diqqətə çatdırıb.
Milli Məclisin deputatı, alt komitənin üzvü Sevinc Fətəliyeva iclasın Azərbaycanda keçirilməsinin böyük önəm kəsb etdiyini qeyd edib. Bildirib ki, uşaqların qorunması məsələsinə Azərbaycanda xüsusi diqqət yetirilir. O, bu sahədə əldə olunan təcrübənin paylaşılmasının vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə bildirib ki, Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil edir. Azərbaycanda uşaqlara qayğı ildən-ilə artır. Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub. Aqiyə Naxçıvanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uşaqların hüquqlarının pozulduğunu qeyd edib. Nəzərə çatdırıb ki, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onlardan 300 mindən çoxu uşaqlardır.
Sonra iclasda uşaqların internetdən istifadəsi və uşaq onlayn təhlükəsizliyi üzrə Avropa ekspertlərinin fikirləri dinlənilib. Tədbir “Uşaqların kiber təcavüzdən qorunması, zorakılıq və onlayn zərərli məzmun: çağırışlar, strategiyalar və yaxşı təcrübə” mövzusunda müzakirələrlə davam etdirilib.
Daha sonra aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Azərbaycan kontekstində rəqəmsal mühitdə uşaq hüquqlarının qorunmasına dair fikir mübadiləsi aparılıb. Milli Məclisin deputatı, alt komitənin üzvü Sevinc Fətəliyeva və müvafiq yerli orqanların nümayəndələri - təhsil nazirinin müavini Ceyhun Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və başqaları mövzu barədə fikirlərini bildiriblər.
Fasilədən sonra “Uşaqların və valideynlərin məlumatlandırılması ilə təhlükəsiz onlaynın təmini” mövzusunda müzakirələr aparılıb, mütəxəssislərin fikirləri dinlənilib.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə alt komitənin bəyannamə layihəsi müzakirə edilib.
Komitə işini iyunun 1-də davam etdirəcək.

Paylaş:
Baxılıb: 460 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31