Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda aqrar sektorun inkişafı yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır

Azərbaycanda aqrar sektorun inkişafı yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır

29.07.2017 [10:46]

Prezident İlham Əliyev: Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır
Azərbaycan yeni şəraitdə qeyri-neft iqtisadiyyatının mühüm istiqamətlərindən biri kimi aqrar sektorun inkişafına böyük diqqət göstərir. Bu sahədə istehsal və ixrac imkanlarının artırılması məqsədilə yeni proqramlar qəbul edilir, praktiki müstəvidə ciddi tədbirlər görülür. Ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet hədəflərdən biri kimi müəyyənləşdirilməsi isə heç də təsadüfi deyildir. Azərbaycan aqrar sektorda geniş potensiala malik olan ölkədir. Münbit torpaqlar, gözəl iqlim xüsusiyyətləri, ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi, son illərdə regionlarda yaradılan müasir infrastruktur, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi respublikamızda kənd təsərrüfatının inkişafı qarşısında geniş perspektivlər açır. Aqrar sektorun zəngin potensialından səmərəli istifadə etməklə Azərbaycan həm ərzaq məhsullarına olan daxili tələbatını sırf yerli istehsal hesabına təmin edə bilər, həm də yaxın, uzaq xarici bazarlara yüksəkkeyfiyyətli məhsullar çıxardar. Ölkə əhalisinin 40 faizdən çoxunun bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, kənd təsərrüfatında iqtisadi aktivliyin artırılması sosial baxımdan - regionlarda əhalinin gəlirlərinin artması, məşğulluğunun təmin olunması nöqteyi-nəzərindən də böyük önəm daşıyır. Bütün bu deyilənlər respublikamızda aqrar sektorun üstün inkişafının təmin olunmasının aktuallığı barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyev ölkəmiz üçün kənd təsərrüfatının inkişafının önəminə diqqət çəkərək vurğulayıb: “Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır”.
Yeni aqroparkların yaradılması hesabına ölkənin ixrac imkanları daha da artacaq
Regionlarda aqrar sektora dəstək tədbirləri sırasında dövlətin yaxından köməyi ilə yeni təsərrüfatçılıq metodlarının tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Son illərdə intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür.
İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq məqsədi daşıyır. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq 20 rayonda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir.
Ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsindən söhbət açarkən regionlarda aqroparkların yaradılmasının önəmini də ayrıca qeyd etmək lazımdır. Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparklardan biri Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Növbəti aqropark isə Şəmkir rayonunda istifadəyə veriləcək. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Yaxın gələcəkdə regionlarda müasir təsərrüfatların sayı daha da artacaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində 38 aqroparkın yaradılması hesabına ölkənin ixrac imkanlarının daha da artacağına əminliyini ifadə edərək bildirib: “Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır”.
Pambıqçılığın inkişafının iqtisadi mahiyyəti ilə yanaşı, sosial əhəmiyyəti də böyükdür
Regionlarda iqtisadi aktivliyin artırılması və ixracın genişləndirilməsi baxımından böyük perspektiv vəd edən istiqamətlərdən biri də pambıqçılıqdır. 2016-cı ildən başlayaraq respublikanın ayrı-ayrı bölgələrində pambıqçılığın şöhrətinin geri qaytarılmasına başlanılıb. Dövlət kifayət qədər gəlirli sahə olan və xarici bazarlarda böyük tələbat duyulan bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Qısa müddətdə respublikanın ənənəvi pambıqçılıq bölgələri hesab olunan Sabirabadda və Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr olunan iki müşavirə keçirilib. Bəhs olunan müşavirələrdə Prezident İlham Əliyev respublikada pambıqçılığın inkişaf perspektivləri barədə fikirlərini ifadə edərək Öz dəyərli tövsiyələrini verib. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikanın bir sıra bölgələrində yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və fermerlər birgə səylərlə pambıq becəriləcək sahələri genişləndiriblər. Fermerlərə texnika ilə hər cür kömək göstərilir. Fermerlər məhsulun satışı sarıdan da hər hansı bir çətinliklə üzləşmirlər. Belə ki, onlar yetişdirdikləri məhsulu artırılan satış qiymətləri ilə elə tarladaca reallaşdırırlar.
Bütün bu kimi dəstək tədbirləri, o cümlədən də fermerlərə subsidiyaların verilməsi respublika miqyasında pambıqçılığa böyük maraq yaradıb. Artıq əminliklə bildirmək mümkündür ki, ölkədə pambıqçılığın şöhrəti bərpa olunub. Prezident İlham Əliyev Azərbaycanda qısa müddətdə pambıqçılıq sahəsində əldə olunan uğurlardan məmnunluğunu bildirərək vurğulayıb: “Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi, demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər”.
Ölkəmizdə pambıqçılığın inkişaf perspektivləri isə daha böyükdür. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyulun 13-də “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaq. Bütövlükdə, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil etməsi gözlənilir.
Respublikamızda aqrar sektorun inkişafının, o cümlədən də texniki bitkilərin becərilməsinə diqqətin artırılmasının, bu istiqamətdə yeni layihələrin reallaşdırılmasının iqtisadi mahiyyəti ilə yanaşı, sosial əhəmiyyəti də böyükdür. Ölkədə pambıqçılıq, baramaçılıq, tütünçülük də digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub.
O cümlədən pambıqçılıq kənd təsərrüfatının əmək tutumu kifayət qədər geniş olan sahələrindən biridir. Ötən il respublikanın regionlarında 64 min fəal insan pambıq əkib-becərməklə məşğul olub. Cari ildə isə bu rəqəm 200 minədək artıb. Prezident İlham Əliyev Saatlıda Onun Sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsindəki nitqində pambıqçılığın inkişafının sosial mahiyyətinə diqqət çəkərək bildirib: “Pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”.
Heyvandarlığın inkişafı daxili tələbatın yerli istehsal hesabına ödənilməsində dönüş yaradacaq
Həyata keçirilən tədbirlər sayəsində son illərdə respublikamızda bir sıra ərzaq mallarına daxili tələbatın yerli istehsal hesabına təmin edilməsində müsbət dinamikanın müşahidə edilməsi böyük nailiyyətdir. Hazırda respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir. Ölkədə aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, respublikamızda heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə artıb və xaricdən mal-qara, ət və süd məhsullarının idxalı azalıb. Hazırda respublikamız mal əti ilə özünü 94, qoyun əti ilə 99, süd və süd məhsulları ilə 88 faiz, əmtəəlik yumurta ilə 99 faiz daxili istehsal hesabına təmin edir. Ölkədə heyvandarlıq məhsullarının istehsalının artması sayəsində 2016-cı ildə idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46, diri ev quşları üzrə 55, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb.
Perspektivdə heyvandarlıq məhsullarının istehsalının həcmini və keyfiyyətini daha da artırmaq hədəflənib. Qarşıya yaxın gələcəkdə ətə və digər heyvandarlıq məhsullarına olan daxili tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməsi kimi mühüm vəzifə qoyulub. Prezident İlham Əliyevin tələbi ondan ibarətdir ki, ölkədə heyvandarlıq səmərəli şəkildə inkişaf etdirilməlidir.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün respublikanın regionlarında heyvandarlığın inkişafına hər cür maddi-texniki dəstək göstərilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkə üzrə heyvandarlığın inkişafında qabaqcıl təcrübənin, intensiv metodların tətbiqinin önəmi getdikcə daha da artır. İntensiv metodların tətbiqi regionlarda mal-qaranın baş sayının və məhsuldarlığın artmasına müsbət təsir göstərir. Süni mayalanma nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır.
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb. Belə bir mərkəzin yaradılması regionlarda heyvandarlığın inkişafına yeni təkan verib. Heyvandarlıq məhsullarının istehsal həcminin artırılması ilə yanaşı, keyfiyyət amili də diqqət mərkəzində saxlanılır. Hazırda bölgələrdə məhsulların keyfiyyətinə nəzarət infrastrukturu yaradılır.
Respublikamızda heyvandarlığın inkişafına dəstək tədbirləri sırasında səmərəli təşviq mexanizminin önəmini xüsusi qeyd etmək lazımdır. Heyvandarlıqla məşğul olan fermerlərə subsidiyaların verilməsi də belə təşviq mexanizmlərindən biridir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində vurğulayıb ki, heyvandarlığın inkişafı məqsədilə görülən tədbirlər sayəsində daxili tələbatın yerli istehsal hesabına ödənilməsində dönüş yaranacaq: “Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətlə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuynuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki nəticələr daha yaxşı olacaq. Əlbəttə, cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüşə gətirib çıxaracaq”.
Həyata keçirilən meliorativ tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərir
Son illərdə ölkəmizdə müasir infrastruktur qurulmasından söhbət açarkən regionlarda həyata keçirilən yeni su layihələrinin önəmini xüsusi qeyd etmək lazımdır. Ölkədə kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə cəlb edilib. Dörd su anbarı - Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq ölkə miqyasında su-drenaj layihələrinə, digər meliorativ tədbirlərə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, son 13 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektardan artıq yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Regionlarda su-drenaj layihələrinin icrasına üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Ötən üç ildə müvafiq Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi layihəsi çərçivəsində böyük iş həcmi yerinə yetirilib. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb.
Prezident İlham Əliyev ölkədə dövriyyəyə yeni torpaq sahələrinin cəlb edilməsi məqsədilə meliorativ tədbirlərin uğurla davam etdirildiyinə diqqət çəkərək bildirib: “İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdu ki, biz 100 min hektardan çox yeni torpaq sahələrinin suvarılmasını təşkil edək və bu istiqamətdə işlər gedir. Biz buna nail olacağıq. Biz yeni layihələr üzərində işləyirik. Elə etməliyik ki, suvarma işlərini maksimum dərəcədə yüksək səviyyədə aparaq. Çünki bu, məhsuldarlığa bilavasitə təsir göstərir. Subartezian quyularının qazılması davam etdirilir. 2013-2016-cı illərdə minə yaxın subartezian quyusu qazılmışdır. İyun ayında yeni Sərəncam imzalamışam. Bu Sərəncam əsasında 36 rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusu qazılacaq və deməli, 375 min insan bundan istifadə edəcək. Əvvəlki illərdə qazılmış quyular hesabına 1 milyon 300 min insan bu imkanlardan istifadə edib”.
Ölkədə dövriyyəyə yeni torpaqların cəlb edilməsi böyük inkişafa təkan verəcək bir layihədir. Layihə çərçivəsində yeni torpaqları dövriyyəyə cəlb etmək, burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 630 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30