Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda yaradılan yeni nəqliyyat dəhlizləri yük daşımalarının həcminin artmasına səbəb olub

Azərbaycanda yaradılan yeni nəqliyyat dəhlizləri yük daşımalarının həcminin artmasına səbəb olub

01.09.2017 [20:23]

Prezident İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir
Məqsədyönlü daxili və xarici siyasətində milli maraqlardan çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda etimad mühitinin dərinləşməsinə, yerləşdiyi Cənubi Qafqaz və Xəzər hövzəsi bölgəsinin əməkdaşlıq, tərəqqi, iqtisadi çiçəklənmə regionuna çevrilməsinə çalışır. Regionda Azərbaycanın moderatorluğu və transmilli şirkətlərin iştirakı ilə reallaşdırılan irimiqyaslı enerji layihələri ölkəmizin xoş niyyətinin real ifadəsidir. Təşəbbüsü bilavasitə Azərbaycanın dövlət başçısı İlham Əliyevdən gələn bəhs olunan layihələr bütün iştirakçı ölkələrə böyük fayda gətirib. Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitindəki çıxışında ölkəmizin xoş məramını bir daha diqqətə çatdıraraq deyib: “Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi bizim üçün prioritet olaraq qalır. Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir”.
Azərbaycan özünü dünyaya mühüm tranzit ölkə kimi təqdim edir
Respublikamızın regional və qlobal əməkdaşlığa verdiyi töhfələr yalnız enerji sektoru ilə məhdudlaşmır. Azərbaycan dünyaya özünü həm də geniş imkanlara malik tranzit ölkə kimi təqdim edir. Müstəqillik illərində Azərbaycanın əldə etdiyi böyük uğurlar sırasında müasir infrastruktur quruculuğunu, o cümlədən də ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi qeyd etmək mümkündür. Respublikamızda qısa müddətdə kifayət qədər yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu yaradılıb - bu sahədə irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizdə keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti-İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda respublikamızda nəqliyyat imkanlarının genişləndirildiyini, bu sahədə müasir infrastruktur yaradıldığını xüsusi vurğulayıb: “Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir”.
Azərbaycanda müasir yol-nəqliyyat infrastrukturu yaradılmasına böyük diqqət yetirilməsi və bu sahəyə iri həcmlərdə investisiyalar yönəldilməsi bir sıra amillərlə şərtlənir. Əlbəttə, yüksək səviyyəli yol-nəqliyyat sistemi olmadan ölkənin sosial-iqtisadi inkişafını təsəvvür etmək belə mümkün deyil. Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli məkan olması ilə bağlıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə əlverişli ölkə olduğu barədə konkret təsəvvür yaranar.
Ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan və Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. Bu baxımdan Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılmasında və onun funksionallığının artırılmasında fəal rol oynaması tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan bəhs olunan nəqliyyat dəhlizinin funksionallığının artırılmasına nail olmaq məqsədilə Gürcüstan və Türkiyə də daxil olmaqla həm üçtərəfli formatlarda, həm də digər platformalarda fəal əməkdaşlıq siyasəti həyata keçirir. Eyni zamanda, bu məqsədlə dəhlizin ölkəmizdən keçən hissəsi boyunca yeni layihələr reallaşdırılır.
Azərbaycan fəal dəstək tədbirləri ilə Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan qədim İpək Yolunun bərpasında yaxından iştirak edir. Ölkəmizin səyləri ilə Azərbaycanda Böyük İpək Yolunun bərpa və inkişaf etdirilməsinə dair beynəlxalq forum keçirilib. 42 ölkənin 8-i dövlət başçısı olmaqla yüksək səviyyəli nümayəndələrinin qatıldığı forumda qədim İpək Yolunun bərpası ilə bağlı aktual məsələlər müzakirə edilib və konkret təkliflər səsləndirilib. Tarixi İpək Yolunun bərpa edilməsi bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin dərinləşdirilməsi, tranzit daşınmalar üçün əlverişli şərait yaradılması, ölkələr arasında nəqliyyat siyasətinin əlaqələndirilməsi, daşıma tariflərinə və vergilərə xüsusi güzəştlərin tətbiq edilməsi kimi mühüm məqsədləri özündə ehtiva edir.
İndiyədək qədim İpək Yolunun bərpası layihəsi çərçivəsində respublikamızın ərazisində böyük iş həcmi yerinə yetirilib. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələri dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Hazırda həmin yolun bəzi hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, birinci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.
Azərbaycan həmçinin 2013-cü ildə Çin tərəfindən irəli sürülən “Bir kəmər-bir yol” layihəsinə böyük maraq göstərir. İndiyədək respublikamızın müvafiq qurumlarını təmsil edən rəsmilər yeni təşəbbüslə bağlı keçirilən beynəlxalq tədbirlərə qatılaraq ölkəmizin imkanlarını təqdim ediblər. Bəhs olunan layihə Avrasiya məkanında qarşılıqlı nəqliyyat, infrastruktur əlaqəsinin yaradılmasını özündə ehtiva edir. Avrasiya ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə müvafiq infrastruktur yaradılmasına hədəflənən bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə birbaşa göndərilməsini təmin edəcək dəhliz yaradılmasından gedir.
Yaradılan yüksək səviyyəli zəruri infrastruktur sayəsində artıq Azərbaycan özünü dünyaya tranzit ölkə kimi təqdim edir. Ölkəmizin ərazisindən keçən quru, su və hava marşrutları ilə beynəlxalq daşımalar uğurla həyata keçirilir. Artıq nəinki Orta Asiyadan, hətta Çindən, Cənubi Koreyadan Avropaya Azərbaycan ərazisindən yüklər getməyə başlayıb. Ukraynadan yola salınan sınaq qatarları ölkəmizdən Qazaxıstanın Aktau limanına, oradan isə Çinə göndərilib. Əvvəlki illərdə Türkiyədən Orta Asiyaya Gürcüstan və Rusiya ərazilərindən gedən yüklər indi Asiyaya Azərbaycan ərazisindən, Xəzər dənizi üzərindən yola salınır. Azərbaycan yeni dəhlizin səmərəliliyini təmin etmək məqsədilə güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçısının müvafiq Fərmanı əsasında Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Nəqliyyatla bağlı bütün qurumların fəaliyyəti Koordinasiya Şurası vasitəsilə əlaqələndirilir.
Ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında bütün öhdəliklərini yüksək səviyyədə yerinə yetirib
Azərbaycan, eyni zamanda, Şimal-Cənub dəhlizinin reallaşmasına da sanballı töhfələr verir. Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmçinin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq ölkələri arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında üzərinə düşən bütün işləri yüksək səviyyədə yerinə yetirir. İndiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Uzunluğu 208 kilometr olan magistralın 6-16 kilometrlik hissəsi asfalt-beton, 16-134 kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılıb.
Hazırda magistralın ayrı-ayrı hissələrinin tikintisi davam etdirilir. Azəravtoyol ASC-dən verilən məlumatda bildirilir ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astarayadək inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometr təşkil edir. Layihə çərçivəsində yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa olunur.
Sözügedən avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan (Kür körpüsü, 1,6 kilometr), 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Cəlilabad-Masallı və 61,4 kilometrlik Masallı-Astara hissələridir.
İndiyədək magistralın ayrı-ayrı hissələri yüksək səviyyədə inşa olunaraq istifadəyə verilib. Yolun 24,8 kilometrlik Salyan-Şorsulu və 30,1 kilometrlik Şorsulu-Cəlilabad hissələrində isə işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Sözügedən hissələrdə yol əsasının inşası, asfalt-beton örtüyünün döşənməsi, yamacların bərkidilməsi və dəmir-beton baryerlərin qoyulması işləri aparılır.
Magistralın digər hissələrində də işlər intensiv şəkildə davam etdirilir.
Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində layihə üzrə Azərbaycanın bütün öhdəliklərinə yüksək səviyyədə əməl etməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır”.
Yaxın perspektivdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ilə Azərbaycanın tranzit imkanları daha da genişlənəcək
Azərbaycan əlverişli coğrafi mövqeyindən bəhrələnərək özünün tranzit imkanlarını genişləndirmək üçün yeni yol-nəqliyyat layihələrinin reallaşdırılmasına böyük səy göstərir. Şübhə yoxdur ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizləri üzrə reallaşdırılan yeni layihələr ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək. Deyilənlər baxımından respublikamızın təşəbbüsü ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin obrazlı şəkildə dəmir ipək yolu adlandırılması təsadüfi deyil. Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək. Prezident İlham Əliyev “Bakı-Tbilisi-Qars dəmir yolu xətti-İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda Bakı-Tbilisi-Qars dəmir yolunu nəqliyyatın inkişafında yeni mərhələ kimi səciyyələndirib: “Yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir”.
İndiyədək yeni nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində respublikamızda böyük iş həcmi yerinə yetirilib. Belə ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometri yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və ikiistiqamətli hərəkət təmin olunub. Əsaslı təmir edilən xətlərdə maksimal sürətin saatda 140 kilometrə çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində Azərbaycanın layihənin icrasına böyük həcmdə kreditlər yönəltdiyinə diqqət çəkərək bildirib ki, indi biz layihənin tamamlanmasını gözləyirik: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifə yerinə yetirildi. Biz bütün məsələləri həll etdik. Ümid edirik ki, bu il artıq bu layihə icra ediləcək. Bizdən nə asılı idisə hər şeyi etmişik, həm investisiyaları qoymuşuq, kreditlər vermişik, 700 milyondan çox. Yəni nə lazımdırsa etmişik və gözləyirik ki, bu layihə tamamlansın”.
Azərbaycan Xəzər sahilində ən böyük liman inşa edir
Ölkəmizin fəal iştirakı ilə yaradılan Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentindən birini Ələtdə tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təşkil edir. Bu, Xəzər sahilində tikilən ən iri limandır. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir.
Limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı artıq istismara verilib. Körpüdə eyni vaxtda 2 bərənin yüklənib-boşaldılması mümkündür. İlk mərhələdə limanın daşıma imkanları 10 milyon ton yük və 50 min ədəd irihəcmli konteynerdir. Növbəti mərhələlərdə liman ildə 25 milyon ton yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək.
Hazırda limanın inşasının tamamlanması ilə bağlı yeni layihələr icra olunur. Prezident İlham Əliyev limanın tikintisinin sürətləndirilməsi ilə bağlı qarşıya mühüm vəzifə qoyub. Bununla bağlı mesajlarını çatdıran dövlət başçısı deyib: “Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 836 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30