/ / Azərbaycanın hərtərəfli və dinamik inkişafı aparılan uğurlu siyasətin və həyata keçirilən islahatların nəticəsidir
Azərbaycanın hərtərəfli və dinamik inkişafı aparılan uğurlu siyasətin və həyata keçirilən islahatların nəticəsidir
12.10.2017 [10:03]
Prezident İlham Əliyev: Biz onsuz da bilirdik ki, düzgün yoldayıq. Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır
Dərin məzmunlu islahatlarla səciyyələnən 2017-ci ilin 9 ayı artıq arxada qalıb. Bəhs olunan dövrdə milli iqtisadiyyatın prioritet istiqamətləri üzrə əldə olunan müsbət göstəricilər nikbinlik üçün ciddi əsaslar yaradır. Əldə edilmiş iqtisadi göstəricilər dinamik və hərtərəfli inkişafın göstəricisidir.
Ölkəmizin bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də inkişaf dinamikasını qoruyub saxlaması ondan xəbər verir ki, Azərbaycan prioritetlərini düzgün müəyyənləşdirib və aparılan islahatlar öz səmərəsini verib. Postneft dövrünün ilk mərhələsində meydana çıxan çağırışların adekvat şəkildə qarşılanması, eyni zamanda, perspektiv inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Respublikamızda institusional sahə də daxil olmaqla aparılan islahatlar, hüquqi bazanın möhkəmləndirilməsi, şəffaflığın təmin edilməsinə güclü siyasi iradə göstərilməsi, innovasiyalara geniş meydan verilməsi, müxtəlif təşviq mexanizmlərinin işə salınması və bu kimi digər mühüm amillər milli iqtisadiyyatımızın neftdənkənar sektorlarında aktivliyin artmasına münbit zəmin formalaşdırıb. Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizin mənzərəsinə diqqət çəkərək bildirib ki, bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji yol xəritələrinin icrası təmin edilir. Dövlət başçısı ölkəmizdə aparılan məqsədyönlü siyasətin uğurlarından məmnunluq ifadə edərək deyib: “Biz onsuz da bilirdik ki, düzgün yoldayıq. Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır”.
9 ayda qeyri-neft iqtisadiyyatının 2,5 faiz artması uğurlu şaxələndirmə siyasətinin göstəricisidir
Dünya ölkələrindəki vəziyyətlə müqayisə etdikdə aydın şəkildə görünür ki, Azərbaycan iqtisadiyyatı neftin aşağı qiymətləri dönəmində meydana çıxan çətinliklərə daha artıq dərəcədə müqavimət göstərmək iqtidarındadır. Respublikamıza böyük üstünlüklər qazandıran bu amil ilk növbədə onunla bağlıdır ki, ölkədə zamanında iqtisadiyyatın şaxələndirilməsinə güclü siyasi və maddi dəstək göstərilərək qeyri-neft sektorunun müxtəlif istiqamətlərinin üstün inkişafı təmin edilib. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft əsas rol oynamasın. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə bu nisbət əhəmiyyətli dərəcədə dəyişib və milli iqtisadiyyatımızda qeyri-neft sektorunun çəkisi 70 faizədək yüksəlib.
Ölkəmizdə yeni iqtisadi şəraitdə zamanında neftdənkənar iqtisadiyyatın inkişafına yaradılan bazaya istinad edilərək bu sektorda istehsal imkanlarının artırılmasına böyük səy göstərilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, respublikamızda postneft dövründə həyata keçirilən islahatların böyük əksəriyyəti məhz qeyri-neft sektorunda daha yüksək aktivliyin təmin olunmasına hesablanıb. Görülən tədbirlər artıq ilkin müsbət nəticələrini verməkdədir. Cari ilin 9 ayında ölkənin qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Prezident İlham Əliyev qeyri-neft sektorunda əldə olunan uğurları həyata keçirilən siyasətin nəticəsi kimi səciyyələndirib: “Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır”.
Sevindirici haldır ki, qeyri-neft sektorunda istehsalın artması öz növbəsində ölkəmizin ixrac imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Ötən 9 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 7 faiz artıb, ixrac idxalı böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəmin daha da artacağı gözlənilir.
Ölkəmizdən qeyri-neft məhsullarının ixrac həcmlərinin artmasında özəl bölmənin dəstəklənməsi, daxili istehsalın qorunması tədbirlərinin, o cümlədən də uğurla işə salınan ixracın təşviqi mexanizminin çox böyük rolu var. Sahibkarlar təşviq mexanizminə böyük maraq göstərərək ondan məmnuniyyətlə faydalanırlar. Paralel şəkildə xarici bazarlarda “Made in Azerbaijan” brendinin təbliği istiqamətində genişmiqyaslı iş aparılır. Görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanın yüksək rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı və sənaye malları getdikcə daha böyük həcmlərdə xarici bazarlarda təmsil olunur. Ötən 9 ayda respublikamızdan kənd təsərrüfatı məhsulları ilə yanaşı, sənaye mallarının da ixracı artıb. O cümlədən qızıl ixracı 56 faiz, elektrik enerjisi ixracı 4,1 dəfə, alüminium ixracı 28 faiz, kimya sənayesi məhsulları ixracı 25 faiz, plastiklər ixracı 14 faiz, mis-filiz konsentratları ixracı 94 faiz, avadanlıqlar, mexaniki qurğular ixracı 48 faiz, mis və ondan hazırlanan məmulatların ixracı 54 faiz, toxuculuq məmulatlarının ixracı 92 faiz, elektrik avadanlıqları və hissələrinin ixracı 75 faiz, daş, gips, sement ixracı 34 dəfə artıb. Prezident İlham Əliyev sadalanan rəqəmlərin ən yaxşı göstəricilər olduğunu nəzərə çatdıraraq deyib: “Bu rəqəmlər ən yaxşı göstəricidir. Onlar göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir”.
Ölkədə kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsi dövlət prioriteti kimi müəyyənləşdirilib
Azərbaycanda qeyri-neft sektorunun perspektivli sahələrindən biri də kənd təsərrüfatıdır. Yeni şəraitdə bu sahənin inkişafı böyük iqtisadi önəm daşıyır. Belə ki, bir sıra istiqamətlərdə ənənələri dirçəltməklə, əmək ehtiyatlarından, torpaqlardan daha səmərəli istifadə etməklə kənd təsərrüfatında iqtisadi aktivliyi, istehsal həcmlərini artırmaq mümkündür. Ölkə əhalisinin təqribən yarısının regionlarda yaşadığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişafı, eyni zamanda, ciddi sosial əhəmiyyət daşıyır, regionlarda əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir. Bu qəbildən olan reallıqlar nəzərə alınmaqla respublikamızda aqrar sektorun inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır”.
Azərbaycan aqrar sektorun sürətli inkişafına nail olmaqla iki mühüm məqsəd güdür. Əsas məqsəd daxili tələbatı bütünlüklə yerli istehsal hesabına qarşılamaqdan ibarətdir. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Hazırda respublikamızda əhalinin bir sıra qida məhsullarına, o cümlədən meyvə-tərəvəzə olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir.
Daxili tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, aqrar sektorda yeni ixrac imkanlarının yaradılması da qarşıya qoyulan əsas məqsədlər sırasındadır. Azərbaycan yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarını xarici bazarlara çıxartmaqla ölkəyə valyuta daxilolmalarını artırmaq niyyətindədir. Ötən ildən başlayaraq respublikanın bölgələrində ixrac potensialı kifayət qədər geniş olan texniki bitkilərin becərilməsinə diqqət artırılıb. Cari ildə respublikamızda pambıq əkilən sahələr 3 dəfə genişləndirilərək 136 min hektara çatdırılıb və hazırda sahələrdən məhsul yığımı intensiv şəkildə davam etdirilir. Respublikamızda perspektiv inkişaf baxımından digər bir gəlirli sahə tütünçülükdür. Tütünçülük sahəsində qarşıya qoyulan hədəf yaxın perspektivdə istehsalı 3 dəfə artırıb 10 min tona çatdırmaqdan ibarətdir. 2021-ci ilə qədər isə tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməli, indiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Prezident İlham Əliyevin 2017-ci il 10 avqust tarixli müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Hazırda respublikanın 30 rayonunda gəlirli sahə olan baramaçılıq inkişaf etdirilir və təxminən 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar.
Həyata keçirilən bu və ya digər tədbirlər isə öz növbəsində sahibkarların ixracyönümlü məhsul istehsalına marağını artırıb. Bu da 2017-ci ilin 9 ayının ixrac göstəricilərində öz əksini tapıb. Cari ilin 9 ayında respublikamızdan xarici bazarlara tərəvəz ixracı 68 faiz, o cümlədən pomidor ixracı 60 faiz artıb. Ümumiyyətlə, hazırda qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Təkcə cari ilin səkkiz ayında pomidor ixracından ölkəyə 128 milyon dollar valyuta daxil olub. Digər məhsulların ixracında da ciddi artımlar müşahidə edilir. O cümlədən kartof ixracı 63 faiz, salat tərəvəzi ixracı 20 faiz, soğan ixracı 15 dəfə artıb, meyvə ixracı 12 faiz, pambıq ixracı 2,4 dəfə, o cümlədən pambıq lifi ixracı 8,4 dəfə, süd məhsullarının ixracı dörd dəfə artıb. Azərbaycanın emal sənayesində buraxılan məhsullara da xarici bazarlarda tələbat artır. Ötən 9 ayda respublikamızdan şərab ixracı 56 faiz, meyvə-tərəvəz emalı məhsullarının ixracı 50 faiz, tütün məmulatlarının ixracı 45 faiz, çay ixracı 63 faiz, bitki və heyvan mənşəli yağların ixracı 19 faiz, şokolad ixracı 65 faiz artıb.
Cari ilin əvvəlindən ölkəmizdə aqrar sektorda istehsal və ixrac imkanlarının artırılması məqsədilə həyata keçirilən tədbirlər daha geniş miqyas alıb. Dövlət başçısının Sədrliyi ilə regionlarda keçirilən müşavirələrdə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq kimi sahələrin inkişaf perspektivləri hərtərəfli müzakirə edilib. Ayrı-ayrı sahələrin inkişafı ilə bağlı konkret proqramlar qəbul edilib. Bu proqramlarda nəzərdə tutulan tədbirlərin icra mexanizmləri, maliyyə mənbələri aydın şəkildə göstərilib.
Aqrar sektorda çalışan fermerlərin müxtəlif növ texnikalarla təchizatı da çox vacib məsələdir. Cari ildə ölkəyə 8 min texnika gətirilib və güzəştli şərtlərlə fermerlərin istifadəsinə verilib.
Respublikamızda aqrar sahənin yeni yanaşmalar əsasında inkişafı diqqət mərkəzində saxlanılır. Hazırda ölkə ərazisində 26 rayon üzrə 157,8 min hektar ərazidə aqroparkların yaradılması təşviq olunur. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. Prezident İlham Əliyev aqroparkların yaradılmasının önəmindən bəhs edərək bildirib: “Ölkəmizdə 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi artıq fəaliyyət göstərir. Qalan aqroparklarda işlər gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir”.
Respublika miqyasında əsas infrastruktur layihələri uğurla icra edilir
Azərbaycanın nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri infrastruktur quruculuğu ilə bağlıdır. Müasirləşmənin strateji hədəf kimi qarşıya qoyulduğu ölkəmizdə müxtəlif istiqamətlərdə yüksək səviyyəli infrastruktur quruculuğuna böyük diqqət göstərilir. Son 13 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq paytaxtda və bölgələrdə yol-nəqliyyat şəbəkəsinin yenilənməsi, əhalinin elektrik enerjisi, içməli su, qaz, digər kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması məqsədilə çoxlu sayda layihələr reallaşdırılıb və nəticədə, Azərbaycan güclü infrastruktur təminatına malik ölkəyə çevrilib. Azərbaycanda infrastruktur quruculuğu iki fundamental prinsip nəzərə alınmaqla həyata keçirilir. Belə ki, yeni layihələr işlənib hazırlanarkən onların iqtisadi önəmi və sosial mahiyyəti bir-biri ilə əlaqələndirilir. Yeni iqtisadi-sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi sayəsində bölgələrdə iqtisadi aktivlik artıb, investorlar dövlət tərəfindən yaradılan yüksək səviyyəli infrastrukturdan bəhrələnməklə müxtəlif istiqamətlərdə istehsal, xidmət müəssisələrinin yaradılmasına böyük maraq göstərirlər. Bütövlükdə, infrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların tərəqqisinə təkan verir.
Eyni zamanda, əhalinin kommunal xidmətlərlə təchizatının səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bunun müsbət nəticəsi həm də ondan ibarətdir ki, artıq insanların, ələlxüsus da gənclərin bölgələrdən iri şəhərlərə axını əhəmiyyətli dərəcədə azalıb. Yaradılan infrastruktur, kommunal xidmətlərə olan tələbatın yüksək səviyyədə ödənilməsi insanları çox möhkəm şəkildə öz doğma yurd-yuvalarına bağlayır. Regionların sakinləri həm yüksək gəlirli iş yerləri ilə təmin olunmalarından, həm də yaşadıqları yerlərdə asudə vaxt keçirmək üçün hər cür şərait yaradılmasından, elektrik enerjisi, su, qaz təchizatının yaxşılaşmasından, kənd yollarının abadlaşdırılmasından məmnundurlar. Ümumiyyətlə, ölkəmizdə sosial infrastruktur yaradılması ilə bağlı siyasət uğurla aparılır. Bu ilin əvvəlindən respublika ərazisində 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və yaxud təmir edilib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün ölkə boyu dövlət vəsaitləri hesabına yeni infrastruktur obyektlərinin yaradılması davamlı xarakter daşıyır və bu proses getdikcə daha geniş miqyas alır. Bu baxımdan 2017-ci ilin arxada qalan 9 ayı da istisna təşkil etməyib. Prezident İlham Əliyev diqqəti ölkədə aparılan genişmiqyaslı infrastruktur quruculuğuna çəkərək deyib: “Əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Bunlar özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir”.
İlin sonunadək daha 100 min hektar torpaq sahəsində meliorativ işlər həyata keçiriləcək
Azərbaycanda aqrar sektorda məhsuldarlığın artırılması baxımından regionlarda meliorativ tədbirlərin həyata keçirilməsi, bütövlükdə su ehtiyatlarından səmərəli şəkildə istifadə olunması böyük aktuallıq daşıyır. Bu da ilk növbədə onunla bağlıdır ki, respublikamızda həm su ehtiyatları, həm də əkinəyararlı torpaq fondu məhduddur. Belə ki, ölkə ərazisinin yalnız 54,9 faizi kənd təsərrüfatına yararlıdır. Bu ərazilərin də əksəriyyəti - 2915,4 min hektarı daimi bitkilər (bağlar, üzümlüklər, tingliklər, çay plantasiyaları), otlaqlar və biçənəklər altında olan torpaqlardır. Respublikanın regionlarında cəmi 1,8 milyon hektar sahə şum əkinçiliyi üçün istifadə olunur. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdəbirini (1432,7 min hektar) təşkil edir.
Bəhs olunan statistik göstəricilər ölkə ərazisində genişmiqyaslı meliorativ tədbirlərin həyata keçirilməsinin önəmi barədə konkret təsəvvür yaradır. Məhz meliorativ tədbirlərin miqyasını genişləndirməklə əkin dövriyyəsinə yeni suvarılan torpaqlar cəlb etmək mümkündür. Xüsusi olaraq vurğulamaq lazımdır ki, müstəqillik illərində reallaşdırılan böyük investisiya tutumuna malik infrastruktur layihələrinin reallaşdırılması - Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarlarının inşası dövriyyəyə yeni suvarılan torpaqların cəlb edilməsinə yaxşı imkanlar açıb. Hazırda bəhs olunan su mənbələrindən indiyədək suvarılmayan ərazilərə yeni kanallar çəkilir və digər meliorativ tədbirlər həyata keçirilir. Ölkə miqyasında meliorativ tədbirlərin uğurla reallaşdırıldığından məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib: “Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoyulmuşdur ki, bu günə qədər suvarılmayan, yaxud da ki suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılsın. Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq. Mənə verilən məlumata görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilmişdir. Qalan iki ay yarım ərzində bütün işlər başa çatmalıdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00

