Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

18.11.2017 [00:23]

İclasda 30 məsələ müzakirə olunaraq qəbul edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda öncə millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Millət vəkili Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı fikirlərini bildirib. Məsələ ilə bağlı spiker Oqtay Əsədov deyib ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı ilə əlaqədar Milli Məclis tərəfindən də müəyyən tədbirlər keçiriləcək. Xalq Cümhuriyyətinin yubileyi, həm də Azərbaycan parlamentinin yubileyidir. O.Əsədov bildirib ki, parlamentin 100 illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib. Onun sözlərinə görə, Milli Məclis ölkə Prezidentinin müvafiq Sərəncam imzalamasından dərhal sonra lazımi işlərə başlayıb. “Həm Cümhuriyyətin, həm də parlamentin yüz illiyi ilə bağlı işlərə start verilib. Bu yöndə işlər gedir və yaxın zamanlarda nəticəsini görəcəksiniz”, - deyə spiker vurğulayıb.
“17 noyabr - Milli Dirçəliş Gününün xalqımızın taleyində xüsusi yeri var. Xalqımız öz dirçəlişi uğrunda şərəflə mübarizə aparıb”. Bu fikirləri isə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, müstəqilliyin əldə olunması başqa, onun qorunması və inkişaf etdirilməsi isə başqa bir məsələdir. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı qaldırdı və milli ordu quruculuğuna başladı.
“Biz bu məsələlərdə haqqı olan insanların əməyini qiymətləndirməliyik. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və bugünkü səviyyəyə gəlib çatmasındakı misilsiz xidmətlərini mütləq qeyd etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə gəlincə, bu məsələ həmişə diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyev bu barədə tədbirlərin keçirilməsi, cümhuriyyət qurucularının adının əbədiləşdirilməsi və onun tarixinin araşdırılması haqqında mühüm qərarlar verib. Bu gün isə Prezident İlham Əliyev bu yolu davam etdirir. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması haqqında Sərəncamında da geniş məsələlər əksini tapıb. Amma bəzi siyasi partiyalar bu məsələdə maneçilik törətməyə çalışırlar. Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixidir. Bu, Azərbaycana məxsusdur. Kimsə partiyasının adını keçmişdə fəaliyyət göstərmiş bir partiyanın adı ilə adlandırsa da, bu, o partiya demək deyil. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan, Azərbaycan xalqının tarixinə aid partiyadır. Bugünkü “Müsavat”la o Müsavat tamamilə başqa-başqadır. Azərbaycan Xalq Cümhuriyyəti dövründəki Müsavat Partiyası Azərbaycan xalqının partiyasıdır. Qarışıqlıq salıb, ümumi işə xələl gətirmək lazım deyil”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında keçirilməsi planlaşdırılan 5-ci “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hücuma başlayıblar. Onun sözlərinə görə, bir qrup beynəlxalq QHT-lər Azərbaycana qarşı yenidən fəallaşıb. Millət vəkili qeyd edib ki, həmin QHT-lər Azərbaycan ilə Aİ arasında gedən proseslərə zərbə vurmağa çalışırlar: “Hər dəfə Azərbaycan ilə Avropa İttifaqı arasında mühüm proseslər baş verəndə QHT-lərin həmin şəbəkəsi fəallıq göstərir. Əgər onların siyahısına nəzər salsaq, görərik ki, bəlli təşkilatlardır və hansısa qüvvələr tərəfindən yönəldilirlər. Bu təşkilatlar arasında “PİN” adlı bir təşkilat var ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal dövründə Azərbaycan əsirlərinin daxili orqanlarını satmaqla məşğul idi. Azərbaycanla Avropa İttifaqının arasını vurmaq istəyən belə QHT-lər bu həssas məqdamda da Azərbaycana qarşı kampaniyanı davam etdirirlər”.
A.Quliyev ümid etdiyini bildirib ki, belə QHT-lərin fəaliyyətinə baxmayaraq, Azərbaycan ilə Aİ arasında münasibətlər dərinləşəcək: “Ümid edirəm ki, münasibətlər daha da dərinləşəcək və biz qarşıya qoyulan məqsədlərə nail olacağıq”.
“Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyində də qeyd etdi ki, artıq ikili standartlar riyakar standartlara çevrilib”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb.
“Hansı ki, qurumun Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Bu yaxınlarda qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Parlamenti müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada sifarişlə fəaliyyət göstərirlər. Bu, ölkəmizə qərəzli mövqenin nümayişidir”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Millət vəkili Zahid Oruc isə çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsinə toxunaraq bu məsələdə Türkiyənin fəallığının artmasını təqdir edib. Onun sözlərinə görə, Türkiyənin bütövlükdə Cənubi Qafqazda fəallığının artması Azərbaycanın milli maraqlarına uyğundur.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bu yaxınlarda Füzuli rayonunun Alxanlı kəndinə səfər etdiyini bildirib. Onun sözlərinə görə, səfərin məqsədi iyul ayında ermənilər tərəfindən kənd sakinləri iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin qətlə yetirilməsi hadisələrinə həsr olunmuş kitabın təqdimatını keçirmək olub. Cəbhə xəttində yaşayan insanların qorxmaz oduğunu deyən millət vəkili həmin insanlarda vətənpərvərlik hisslərinin çox yüksək olduğunu, Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiklərini vurğulayıb.
Millət vəkili Novruz Aslanov isə çıxışında son illər ürək-damar xəstəliklərinin geniş yayıldığını bildirərək bunun müxtəlif səbəblərinin olduğunu deyib. O təklif edib ki, bu xəstəliyin artmasının səbəbləri geniş şəkildə araşdırılmalıdır: “Xəstəliyin artmasının səbəblərindən biri kimi enerji içkiləri də göstərilir. Hesab edirəm ki, bu içkilərin uşaqlara satılması qadağan edilməlidir. Müvafiq qurumlar bu məsələ ilə əlaqədar tədbirlər görməlidirlər”.
Daha sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər. “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi haqqında məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 44-cü maddəsinə edilən dəyişiklikdə qeyd edilir ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraq dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti Azərbaycan Prezidentinə məxsusdur, məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir. Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla, vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və icra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir. Bundan əlavə, “Prokurorluq haqqında” qanunun 43-cü və 44-cü maddələrinin mətnində söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir. Avropa Şurasının “Korrupsiyaya qarşı dövlətlər qrupu” (GRECO) “Prokurorluq haqqında” qanunun bu müddəalarını nəzərə alaraq belə bir dəyişikliyi təklif edir.
Müzakirələr zamanı çıxış edən bəzi millət vəkilləri dəyişikliklərə iradlarını bildirib, təhlükəsizlik orqanlarına parlament nəzarətinin yaradılmasını təklif ediblər. O da qeyd olunub ki, bəzi beynəlxalq təşkilatların sənədlərində də bu məsələ əksini tapır. Məsələ ilə bağlı YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, hakimiyyətin hər bir qolunun öz səlahiyyəti var. Onun sözlərinə görə, hökumət parlament qarşısında hesabat verir, amma güc strukturları, təhlükəsizlik orqanları birbaşa Azərbaycan Prezidentinə tabedir. Millət vəkili deyib ki, qanuna təklif edilən dəyişikliklər düzgündür, şəffaflığın təmin olunmasına xidmət edir.
Milli Məclisin sədr müavini Bahar Muradova isə bildirib ki, bəzi millət vəkillərinin istinad etdiyi beynəlxalq təşkilatların sənədləri tövsiyə xarakterlidir. Onun sözlərinə görə, biz milli maraqlarımıza cavab verməyən beynəlxalq sənədlərə qoşulmuruq.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda həmçinin bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər edilib. Bütövlükdə, iclasda 30 məsələ müzakirə olunaraq qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30