Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

24.11.2017 [10:00]

Milli Məclisin dünən keçirilən iclasında 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib. Əvvəlcə Milli Məclisin 2018-ci il üçün xərclər smetası müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən parlamentin İşlər idarəsinin müdiri Firudin Hacıyev bildirib ki, Milli Məclis və onun Aparatının saxlanması ilə bağlı 2018-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib. Onun sözlərinə görə, 2018-ci il dövlət büdcəsində Milli Məclis və onun Aparatının saxlanması üçün 24 mln. 232 min 55 manat vəsait nəzərdə tutulub.
F.Hacıyev qeyd edib ki, xərclər smetasının ümumi dəyərinin 68,8%-ni əməkhaqqı fondu və əməkhaqqına olan əlavələr təşkil edir: “Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2018-ci ilin xərclər smetasında göstərilən bəzi maddələr üzrə vəsaitin çatışmazlığını nəzərə alaraq xarici ezamiyyə xərcləri 200 min manat, digər alış və xidmətlər yarımmaddəsinə 300 min manat, mətbəə xərcləri paraqrafına 50 min manat, avadanlıqların alınması yarımmaddəsinə 100 min manat, icarə və muzdlu xidmətlər paraqrafına 200 min manat, o cümlədən Milli Məclisin avtoparkının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınmasına və göstərilən maddələr üzrə cəmi 1 mln. 200 min manat vəsaitin ayrılmasını xahiş edirəm”.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin keçirilən iclasında deyib ki, Milli Məclisin deputatlarının ezamiyyət xərcləri artırılmalıdır: “Parlamentin işləri yalnız planlı şəkildə həyata keçirilmir. Bəzən plansız çoxlu tədbirlər ortaya çıxır. Bu, dünyada və regionda baş verən hadisələrlə əlaqəlidir. Hər hansı hadisə baş verdikdə o zaman ezamiyyələrin sayı çoxala bilir. Əgər biz 2018-ci ildə 10 ezamiyyə planlaşdırırıqsa, bu rəqəm 20-30 da ola bilər. Bunun üçün əlavə maliyyə ayrılmalıdır”.
S.Novruzov bildirib ki, əgər bu məsələdə maliyyə vəsaiti artıq qalarsa, yenidən büdcəyə qayıdacaq. Onun sözlərinə görə, son dövrlər bəzi beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı qərəzli qərarlar qəbul olunub: “Onlara cavab verilməsini təkcə səfirlik və digər qurumların öhdəsinə verə bilmərik. Bu baxımdan deputatlar həmin yerlərə ezam olunmalıdırlar. Bunun üçün də maliyyə lazımdır”.
S.Novruzov çıxışında dostluq qruplarının fəaliyyəti ilə bağlı da fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı maliyyənin artırılmasına ehtiyac var: “Səfərlər ünsiyyət üçün əsas məqamlardan biridir. İstər İslam Həmrəylik Oyunları, istər Avroviziya, istərsə də Avropa Oyunlarında Azərbaycana gələnlər ölkəmiz haqqında mənfi yazılara inanmırlar. Çünki onlar həqiqəti öz gözləri ilə gəlib görüblər. Bu baxımdan dostluq qruplarının üzvlərinin ölkəmizə səfərlərinin təşkili üçün maliyyə ayrılmalıdır ki, gəlib həqiqətləri öz gözləri ilə görsünlər”.
Millət vəkili çıxışı zamanı ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində kitabların tərcümə edilərək xarici ölkələrdə yayılması üçün Milli Məclisə əlavə vəsaitin ayrılmasını istəyib: “Bildiyiniz kimi, illərdir ki, Ermənistan Azərbaycana işğalçılıq siyasətini davam etdirir, xalqımız soyqırımına məruz qalıb. Bu baxımdan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatıdırılması üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Burada söhbət Türkiyə, Gürcüstan, Rusiyadan getmir. Orada yaşayan azərbaycanlı iş adamları bu işlərin görülməsində dəstək olurlar. Lakin Avropanın bəzi ölkələrində bu işləri diaspor vasitəsilə həll etmək mümkün deyil. Parlament bu işə dəstək verməli, müəyyən kitablar xarici dillərə tərcümə olunub həmin ölkələrdə yayılmalıdır. Lakin vəsait olmadığı üçün bunu etmək olmur. Düzdür, parlament sədrinin köməyi ilə müəyyən işlər görülür. Lakin bu işləri görmək üçün Milli Məclisin özünün büdcəsi olmalıdır”.
Komitə sədri həmçinin Milli Məclisdə çalışanların əməkhaqlarının artırılmasını da təklif edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də deputatların ezamiyyə xərclərinin artırılmasını təklif edib.
Millət vəkili Sahib Alıyev gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində parlamentin də müxtəlif tədbirlər keçirəcəyini deyərək bu tədbirlərin maliyyə təminatı haqda fikirlərini bildirib. Məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eləcə də Azərbaycan parlamentinin 100 illiyidir, xaricdən qonaqlarımız olacaq, ona görə də bu tədbirləri yüksək səviyyədə keçirməliyik. Spiker deyib ki, bütün məsələlər Maliyyə Nazirliyi ilə yüksək səviyyədə həll edilir. O.Əsədov həmçinin parlamentin iki böyük tədbirə hazırlaşdığını vurğulayıb.
Millət vəkillərindən Qüdrət Həsənquliyev, Zahid Oruc, Fərəc Quliyev, Aytən Mustafazadə və digərləri çıxış edərək fikirlərini bildiriblər.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2018-ci il üçün xərclər smetası haqqında məlumat verib.
İclasda daha sonra “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. Bu sənədlər barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının gələn il üçün büdcəsinin mədaxil və məxarici bütövlükdə 3 milyard 578 milyon 760 min manat təşkil edir: “Gəlirlərin böyük bir qismi, təxminən 2 milyard 300 milyon manatı məcburi dövlət sığorta haqları hesabına formalaşır. Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqları bu dəfə 60 milyon manata çatdırılıb. Ötən illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir”.
H. Rəcəbli deyib ki, ilk dəfədir bu sənəddə dövlət büdcəsindən transfert ifadəsi işlədilmir. Bu fikir sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının imkanlarının balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kimi ifadə olunur. Bu, o deməkdir ki, 1992-ci ilə qədər hesablanan əmək stajı və sığorta məbləğinin formalaşması, imtiyazlı pensiyaların müəyyənləşməsi və digər bu tipli ödənişlər dövlətin öhdəliyi kimi maliyyələşdiriləcək. Göstərilən vəsaitin məbləği bu il 1 milyard 300 milyon manat təşkil edir. Bu rəqəm əvvəlki büdcələrdə ümumi mədaxilin 42 faizə qədərini təşkil edirdisə, indi bu faiz 36,3 faizə enib. Bu, bir daha onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yığım faizini hiss olunan qədər artıraraq bu sahədə işlərini xeyli yaxşılaşdırıb. İşəgötürmə sistemində sənədləşdirmə sahəsində boşluqları və digər mövcud ehtiyat mənbələrini dərindən təhlil edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası komissiyası yaradılıb ki, bu da gələcəkdə vətəndaşların sosial sığortaya daha dəqiq cəlb olunmasında mühüm rol oynayacaq.
Komitə sədrinin sözlərinə görə, İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan çoxdur. Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 milyon 726 min manatını təşkil edəcək. Bu vəsait artıq dövlət büdcəsində nəzərdə tutulub. Digər bir rəqəm başqa sığorta edənlərin hesabına formalaşır ki, bu da təxminən 53 milyon manat təşkil edir. O bildirib ki, qanuna əsasən bu fonda işəgötürənlər və işçilər hər biri əməkhaqqı fondunun 0,5 faizi məbləğində ümumilikdə 1 faiz vəsait köçürəcəklər. “Fondun əsas məqsədi aktiv məşğulluğun təmin olunmasıdır. Bütövlükdə fondun fəaliyyətinin fəlsəfəsi ondan ibarətdir ki, gələcəkdə yardım sistemindən, ələbaxımlıqdan, şəxsiyyətin deqradasiyasından məşğulluğun bu və ya digər formasına keçməkdir. Belə ki, bu büdcənin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcək. Peşə hazırlığı, peşə yönümünün dəyişməsinə 1,6 milyon, haqqı ödənilən ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaq. İşsizliyə görə sığorta ödəmələri hissəsi üç dəfə artaraq 33,5 milyon manat təşkil etsə də, bu göstərici yenə də özünüməşğulluq tədbirlərinə ayrılan vəsaitdən azdır. Bu, bir daha onu göstərir ki, əsas məqsəd vətəndaşlarımızın məşğulluğunun təmin olunmasıdır”, - deyə H.Rəcəbli vurğulayıb.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır. Bu da cari ilin müvafiq göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Nazir müavini qeyd edib ki, növbəti ildə əhaliyə ödənişlər fondun xərclərinin 97,7 faizi səviyyəsində və ya 3 milyard 495,1 milyon manat proqnozlaşdırılır. Onun sözlərinə görə, 2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının 1 milyon 315 min nəfər olacağını göstərir. İ.İsayev qeyd edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 milyon manat azalacaq və digər xərclər üzrə isə 1,9 milyon manat artım gözlənilir.
O deyib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,5 faizini təşkil edərək 3 milyard 407 milyon manat proqnozlaşdırılır: “Pensiya xərclərində artımın 178 milyon manatı cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş yeni qaydaya əsasən qulluq stajına görə əlavə çıxılmaqla əmək pensiyalarının bütün məbləğinin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi üçün nəzərdə tutulub. Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9 faiz artaraq 216,5 manat təşkil edəcək”.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Qarabağ müharibəsi veteranlarına verilən müavinətlərin məbləği artırılmalıdır. Onun sözlərinə görə, Qarabağ müharibəsi veteranlarına ayrılan vəsaitlərin miqdarı təyin olunandan bu günə qədər 50 manat olaraq qalır: “Əgər kommunal və digər xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik olunmalıdır. Bizdə digər ölkələrə nisbətən fərqlidir. Çünki Azərbaycanda Qarabağ, Əfqanıstan veteranları, Çernobıl əlilləri və şəhid ailələri var. Bu say çoxaldıqca, onların sosial müdafiəsi ilə məşğul olmalıyıq. Xərclər çoxalıb. Belə olan halda vəsait də artırılmalıdır”.
S.Novruzov qeyd edib ki, Azərbaycanda veteranların təxminən 12 mini pensiyaçıdır: “Lakin onlar pensiyaya çıxanda onlara veteran kimi əlavə cəmi 11 manat hesablanır. Məgər onlar təqaüdə çıxanda veteranlıqdan çıxırlar? Bu pul ona müharibədə iştirak etdiyinə görə verilir. Belə olduqda həmin şəxslərin veteranlıq haqqını 11 manata salmamalıyıq. Aldıqları 50 manat onların pensiyasına əlavə edilməlidir. Vətəndaşlarımız dövlət orqanlarından narazı düşməməli, öz haqqını almalıdırlar”.
S.Novruzov çıxışı zamanı Əfqanıstan veteranları və Çernobıl əlillərinə də evlər verilməsini təklif edib: “Ölkəmizdə əlillərə və şəhid ailələrinə evlər verilir. Lakin biz diqqəti bir sferaya ayırmamalıyıq. Əfqanıstan veteranları və Çernobıl əlillərinə də evlər verilməlidir”.
Millət vəkili həmçinin deyib ki, Azərbaycanda pensiya sisteminə keçidlə bağlı MDB ölkələri ilə müqayisədə mühüm addımlar atılıb. Amma buna baxmayaraq müəyyən məsələlər qalmaqdadır. Belə ki, Azərbaycanda ağır işdə çalışanların pensiya yaşının digərləri ilə eyni olması məsələsi diqqəti cəlb edir. Onun sözlərinə görə, ölkəmizdə pensiyaya çıxan zaman ağır işlər məsələsi gündəmə gələndə əsasən kimyəvi zavodlar və digər yerlər nəzərdə tutulur: “Bu da işləyənlərin 2-3 faizini əhatə edir. Lakin elə sahələrdə işlər var ki, onlar ağır iş kimi nəzərdə tutulmayıb. Bildiyiniz kimi, bizdə pensiya yaşı 65-dir. Belə olan halda, kiminsə 63 yaşı varsa və onun tikintidə işləmək gücü yoxdursa, necə daş daşıyıb, asfalt tökməlidir? Məhz buna görə də belə insanlar müəyyən yollarla əlillik alıb pensiyaya çıxırlar. Bu baxımdan bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır. Azərbaycanda tikinti sektorunda çalışanların hansı yaşda pensiyaya çıxması müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq. Digər ölkələrdə 25 il bir yerdə çalışanların pensiyaya çıxmaq hüququ var”.
Millət vəkili Musa Quliyev isə çıxışında sosial müavinətlərin sayını azaldıb onun məbləğinin artırılmasını təklif edib: “20 adda sosial müavinət, 15 adda təqaüd verilib. 5, 12 manat məbləğində sosial müavinətlər var. Hesab edirəm ki, bunların sayı azaldılmalı, əvəzində isə məbləğ artırılmalıdır”.
Müzakirələr zamanı millət vəkilləri Zahid Oruc, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Əflatun Amaşov və digərləri çıxış edərək qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.
İclasda həmçinin “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də müzakirə olunub.
Bununla da Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb. Spiker Oqtay Əsədov bildirib ki, büdcə zərfinə daxil olan məsələlər dekabrın 1-də səsverməyə çıxarılacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30