Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin payız sessiyası başa çatıb

Milli Məclisin payız sessiyası başa çatıb

30.12.2017 [01:16]

Parlament 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib
Dünən Milli Məclisin payız sessiyasının son iclası keçirilib. Əvvəlcə millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Millət vəkili Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması haqqında təkliflər verib. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, parlament bu istiqamətdə hazırlıq işlərini davam etdirir. Onun sözlərinə görə, gələn il iyun ayının 10-dək Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Qeyd edək ki, bəzi millət vəkilləri bu günlərdə Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə verdiyi bəyanata ciddi etiraz ediblər. Millət vəkili Fərəc Quliyev bu bəyanatın Azərbaycanın maraqlarına uyğun olmadığını deyib. “Gürcüstan-Rusiya müharibəsi zamanı Azərbaycan birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədi. Ermənilər isə Axalkalakidə fərqli davranmağa başladılar”, - deyən deputat həmçinin qeyd edib ki, Azərbaycan güzəştli qiymətlərlə Gürcüstana enerji ixrac edir.
Deputat Qüdrət Həsənquliyev də bu məsələ ilə bağlı etiraz edib və Gürcüstanın Azərbaycandakı səfirinin XİN-ə çağırılmalı olduğunu bildirib.
Millət vəkili Rasim Musabəyov isə qeyd edib ki, Ermənistan beynəlxalq arenalarda verdiyi bəyanatlarla Gürcüstanın ərazi bütövlüyünün əleyhinə çıxır: “Hesab edirəm ki, erməni məhsulları üçün dəhlizin açılması Gürcüstana fayda vermir, Azərbaycanda da narahatlıq doğurur. Keçən il İran, Ermənistan və Gürcüstan ərazisindən keçməklə qaz nəqli ilə bağlı gedən danışıqlar nəticə vermədi. Baş nazirin verdiyi bəyanatın da nəticə verəcəyini düşünmürəm”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, gürcü ekspertlər də bu layihənin əleyhinə çıxış edir və Gürcüstanın ən çətin vaxtlarında Azərbaycanın onun yanında olduğunu xatırladırlar. O.Əsədov Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupuna bu məsələni araşdırmağı tapşırıb.
Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Əflatun Amaşov çıxışında bildirib ki, Gürcüstanın Azərbaycanın maraqlarına zidd addım atacağı inandırıcı deyil: “Gürcüstanın belə bir addımı atması zorla qoparılmış ərazilərinin müstəqilliyini tanıması deməkdir. Bu, işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib”.
İclasda çıxış edən millət vəkili Aytən Mustafazadə isə 2017-ci ilin ölkəmiz üçün uğurlu olduğunu bildirib.
“Başa çatmaqda olan 2017-ci il ölkəmiz üçün həm siyasi hadisələr, həm də iqtisadi və institusional islahatlar baxımından çox əhəmiyyətli il oldu”. Bu fikri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışı zamanı deyib. Hikmət Babaoğlu bildirib ki, bu ilin simasını müəyyənləşdirən əsas hadisələrdən biri Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi idi. Onun sözlərinə görə, cənab Prezidentin İslam həmrəyliyi çağırışı həmrəyliyin fövqündə olmaqla, əslində, sivilizasiyalararası dialoq kimi dünyaya təqdim olundu: “Mən düşünürəm ki, beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində bir müsəlman ölkəsinin belə təşəbbüslə çıxış etməsi və İslam dəyərlərini dünyaya bu şəkildə təqdim etməyi bacarması xüsusi qeyd olunası hadisədir. Əlbəttə ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu məqsədə xidmət edirdi”.
Millət vəkilinin fikrincə, bu il vitse-prezidentlik institutunun funksional şəkildə tətbiq olunması da mühüm hadisələr sırasındadır. Bu mənada, institusional idarəetmənin təkmilləşdirilməsi sosial məsələlərin həllində böyük töhfələr verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də diqqəti çəkən Hikmət Babaoğlu xatırladıb ki, 2016-cı ildə münaqişənin həlli ilə bağlı danışıqlar prosesində müəyyən fasilələr yaranmışdı: “Amma Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində danışıqlar prosesi heç bir güzəşt olmadan bərpa olundu. Bir neçə gün öncə Xarici İşlər Nazirliyinin yayılan məlumatında da bildirilir ki, 2017-ci il substantiv və intensiv danışıqlar ili kimi yadda qaldı. Bu ilin vacib hadisələrindən biri də Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində sazişin hazırlanmasıdır. Eyni zamanda, Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğurudur”.
2018-ci ilin dövlət büdcəsinin qəbul olunmasını da ilin vacib hadisəsi kimi səciyyələndirən millət vəkili qeyd edib ki, postdevolvasiya büdcəsi ölkənin müdafiə qabiliyyətini artırmaq, təhlükəsizliyini təmin etməklə yanaşı, bütün sosial layihələri həyata keçirəcək büdcə kimi xarakterizə olunur.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü oxunuşda təqdim olunub. Sənəd haqqında məlumat verən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihə isə hərbi doktrinaya, milli maraqlara və beynəlxalq normalara tamamilə uyğundur. O qeyd edib ki, yeni qanun layihəsinin qəbul olunması zərurəti isə ölkəmizdə keçirilmiş sonuncu referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra yaranıb: “Yeni qanun silahlı qüvvələrimizin hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanun layihəsi çərçivə xarakterlidir və ümumi prinsipləri müəyyən edir. Yəni, bundan sonra silahlı qüvvələrimizin ayrı-ayrı bölmələrini tənzimləyən qanunlar hazırlanacaq”.
Verilən məlumatdan sonra deputatlar qanun layihəsini qəbul ediblər.
İclasda Azərbaycan dövlətinin Türkmənistan ilə imzaladığı bəyannamə və bir sıra sazişlər təsdiq olunub. Bunlar 2017-ci il avqustun 8-də Bakıda Azərbaycanla Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” sazişlərdir.
İclasda daha sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi müzakirə edilib. Bu barədə məlumat verən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, qanunun 7.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməyəcək. Layihədə bildirilir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parklarının, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarla qoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələri, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
İclasda həmçinin, Miqrasiya Məcəlləsinə dəyişikliklər məsələsi də müzakirə olunub. Bu barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə elektron qaydada viza verilir və bunun müddəti 30 gündür. Onun sözlərinə görə, məcəllədə edilən dəyişiklik nəticəsində çoxdəfəlik vizalar da elektron formada veriləcək: “Bu vizaların müddəti isə 90 gündür”.
İclasda “Turizm haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə görə, bundan sonra Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün edilən müraciətə ən geci 3 saat müddətində baxılacaq.
Millət vəkilləri “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi də qəbul ediblər. Dəyişiklik sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədi daşıyır. Qanuna əlavə edilmiş 4.1-ci maddəyə görə, sahibkarlıq subyektlərinin bölgüsünə əsasən, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
İclasda bir sıra qanunlara da əlavə və dəyişikliklər edilib. İclasın sonunda isə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub. Müraciəti millət vəkili Məlahət İbrahimqızı oxuyub.
Sonda spiker Oqtay Əsədov parlamentin payız sessiyasına yekun vurub: “Milli Məclisin payız sessiyası başa çatır. Biz həmçinin qanunvericilik ilinə yekun vururuq. Görülmüş işlər belə deməyə əsas verir ki, bu bir ildə parlament səmərəli fəaliyyət göstərib. 24 iclasda 472 qanun və qərar qəbul edilib”.
O.Əsədov bildirib ki, Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi mexanizmi daha da təkmilləşdirilib.
“Parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülüb. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. İl ərzində 50-dən çox ölkəyə 180-ə qədər səfər həyata keçirilib. Millət vəkillərimiz Türkmənistanda keçirilən prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini, Türkiyədə keçirilən referendumu müşahidə ediblər. Bu il 65-dən çox xarici dövlətin və beynəlxalq təşkilatın 150-dən artıq nümayəndə heyəti Milli Məclisdə olub. Beynəlxalq təşkilatların xətti ilə 5 beynəlxalq tədbirə ev sahibliyi edilib. Beləliklə, Milli Məclis 2017-ci ili uğurla başa çatdırır. Xalqın maraqları və tələbatı üzərində qurulan siyasətinə görə cənab Prezidentə minnətdarlığımızı bildirirəm. Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə dövlət başçısını və ailəsini Milli Məclis adından səmimi qəlbdən təbrik edirəm, dəyərli fəaliyyətində Ona yeni-yeni uğurlar arzulayıram!” - deyə spiker vurğulayıb.
Bayramlar münasibəti ilə deputatları da təbrik edən O.Əsədov əmin olduğunu bildirib ki, qarşıdakı dövrdə Milli Məclis əldə etdiyi uğurları daha da artıracaq.
Payız sessiyası dövlət himninin səsləndirilməsi ilə işini yekunlaşdırıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30