Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Meşələrin qorunması və yeni yaşıllıqların salınması ekoloji baxımdan çox böyük əhəmiyyət daşıyır

Meşələrin qorunması və yeni yaşıllıqların salınması ekoloji baxımdan çox böyük əhəmiyyət daşıyır

07.08.2018 [09:01]

Prezident İlham Əliyev: Bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam edir
Özünün milli inkişafını qlobal trendlərlə məharətlə əlaqələndirən Azərbaycan hazırda dünyada ekoloji məsələlərlə bağlı çağırışların aktuallığının artması kontekstində bu sahədə məqsədyönlü siyasət həyata keçirir. Ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası, yaşıllıqların artırılması davamlı inkişaf konsepsiyasının mühüm tərkib hissəsinə çevrilib. Respublikada ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən daha geniş miqyasda yararlanmaq, milli səviyyədə məsələlərin qiymətləndirilməsi, mövcud problemlərin həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Müstəqillik illərində ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına hesablanan müvafiq qanunvericilik bazası yaradılıb, strateji fəaliyyət planları və proqramları təsdiqlənib, həmçinin 2010-cu il “Ekologiya ili” elan olunub.
Dövlətin siyasi və maddi dəstəyi ilə həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verib. Təsadüfi deyil ki, ölkəmizin ekoloji problemlərin effektiv həllinə yönələn siyasəti beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Məsələn, məşhur Yel və Kolumbiya universitetlərinin elmi mərkəzləri BMT-nin sifarişi ilə Ekoloji Fəaliyyətin Effektivliyi İndeksini hazırlayıb. 180 ölkəni əhatə edən indeksə görə, Azərbaycan 31-ci sırada qərarlaşıb. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında isə birinci olub.
Azərbaycanda dərinməzmunlu ekoloji siyasətin təməlini Ümummilli lider Heydər Əliyev qoyub
Azərbaycanda ekologiya sahəsində həyata keçirilən siyasəti tarixi mərhələlərə bölsək, burada Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə görülən işlərin miqyasını xüsusi ilə fərqləndirə bilərik. Sirr deyil ki, keçmiş sovet dönəmində Abşeron torpaqlarından çox böyük həcmlərdə neft hasil edilərək ümumittifaq sənayesinin ehtiyaclarının ödənilməsinə yönəldilib. Lakin həmin dövrdə Bakının və Abşeronun ekoloji vəziyyətinin yaxşılaşdırılması mərkəzi hakimiyyəti bir o qədər də maraqlandırmırdı. 1969-cu ildə respublikanın rəhbərliyinə gələn Ulu öndər Heydər Əliyev milli inkişaf baxımından mühüm önəm daşıyan bir sıra digər məsələlər kimi, paytaxtımızın yaşıllaşdırılmasına, Abşeronun neftlə çirklənmiş ərazilərinin təmizlənməsinə də xüsusi diqqət yetirməyə başladı. Ulu öndərin Özü xatırlayırdı ki, o dövrdə çoxları Bakıda yaşıllaşdırmanın perspektivlərinə pessimist yanaşırdılar. Çoxları ağıllarına belə sığışdıra bilmirdi ki, sərt iqlimə malik Bakıda qızılgül kolları əkmək mümkündür. Lakin Ümummilli lider Heydər Əliyev Öz qətiyyəti sayəsində bütün tərəddüdlərə son qoydu. Onun təşəbbüsü ilə paytaxtımızda, respublikanın digər şəhərlərində mütəmadi olaraq yaşıllaşdırma iməcilikləri keçirildi. Eyni zamanda, Heydər Əliyev böyük uzaqgörənliklə Bakıdakı ekoloji tələblərə cavab verməyən neft emalı müəssisələrinin yenidən qurulmasına, həmin istehsalatlarda müasir avadanlıqlar quraşdırılmasına nail olurdu. Ulu öndərin böyük səylərlə həyata keçirdiyi bu kimi tədbirlər paytaxtımızın, eləcə də bütövlükdə Abşeronun ekoloji durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması ilə nəticələndi. Prezident İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirədəki nitqində ötən əsrin 70-80-ci illərində Azərbaycanda ekoloji məsələlərin həllinə böyük diqqət göstərildiyini xatırladaraq deyib: “Azərbaycanda ekoloji məsələlərin həlli işinə 1970-80-ci illərdə böyük diqqət göstərilirdi. Bu gün Bakının ətrafında gördüyümüz ağaclar, meşəliklər, yaşıllıq zolaqları Ulu öndər Heydər Əliyevin təşəbbüsü, Onun şəxsi iştirakı ilə salınmışdır”.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən respublikanın siyasi rəhbərliyinə gəldikdən sonra isə ekoloji məsələlərin həllinə daha artıq dərəcədə diqqət və qayğı ilə yanaşmağa başladı. Müstəqil Azərbaycanın ekologiya sahəsində səmərəli dövlət siyasətinin təməli məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin titanik səyləri sayəsində 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” çərçivəsində ölkəmizə gələn böyükhəcmli gəlirlər milli iqtisadiyyatımızın inkişafında yeni keyfiyyət mərhələsi açdı, eyni zamanda, ekoloji problemlərin həllinə, Abşeronun neftlə çirklənmiş ərazilərinin təmizlənməsinə geniş imkanlar yaratdı. Paytaxtın daha geniş miqyasda yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Həmin illərdə ekoloji siyasətə dair imzalanan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi, həlli vacib məsələlərə xüsusi diqqət yetirildi. 1998-ci ildə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qanun Ulu öndər Heydər Əliyev tərəfindən təsdiqləndi. 2000-ci ildə isə daha iki - “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul edildi. Bu kimi addımların davamı olaraq 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir daha bu gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir və bu sahə ilə məşğul olan qurumun fəaliyyətinə böyük zərurət duyulur.
Ölkəmizdə Ulu öndərin əsasını qoyduğu ekoloji siyasət son 15 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla həyata keçirilir. Bəhs olunan dövrdə Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Dövlət Proqramı sənədlərində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə bir sıra mühüm vəzifələr müəyyənləşdirilib və biomüxtəlifliyin mühafizəsi, su və digər təbii ehtiyatların davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev ekoloji məsələlərin həllinə yüksək siyasi iradə nümayiş etdirir. “Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Qeyd etdiyim kimi, bu istiqamətdə vacib addımlar atılıbdır, konkret proqram qəbul edilibdir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Son 10 ildə respublikada təxminən 5 milyon 200 min ağac əkilib
Ta qədimdən meşələr insanların həyatında əvəzsiz rol oynayıb. Meşələrin təbiətin özü-özünü tənzimləməsində, flora və fauna müxtəlifliyinin qorunmasında da rolu böyükdür. Çox haqlı olaraq meşələri planetimizin “ağ ciyərləri” adlandırırlar. Təbiətin yaşıl örtüyünün insanların həyatındakı, təbiətdəki böyük rolu nəzərə alınaraq meşələrin qorunması ilə bağlı çağırışların aktuallığı da getdikcə artır. Bütün bəşəriyyət meşələrin qorunmasına yaranan təhdidləri birgə səylərlə dəf etməyə çalışır, bu istiqamətdə səyləri getdikcə daha da artırırlar. Prezident İlham Əliyevin vurğuladığı kimi, meşələrin qorunması məsələləri çox böyük əhəmiyyət daşıyır. Fikirlərinə davam edən dövlət başçısı təbiətin yaşıl örtüyünün qorunmasının zəruriliyi ilə bağlı ciddi mesajlarını da nəzərə çatdırıb. “Meşələri qıranlar cəzalandırılmalıdırlar, onlara qarşı ciddi tədbirlər görülməlidir”, - deyə Prezident İlham Əliyev bildirib.
Ölkəmizdə də məhdud meşə örtüyünün qorunması və yaşıllıqların davamlı olaraq artırılması daim diqqət mərkəzində saxlanılır ki, bu da təsadüfi deyil. Məlumdur ki, respublikamızın meşə örtüyü beynəlxalq normadan təxminən 2-2,5 dəfə azdır. Eyni zamanda, respublikamızda meşə örtüyü qeyri-bərabər paylanıb. Bütün bu və digər amillər isə respublikamızda meşələrin qorunmasına daha həssaslıqla yanaşılmasını tələb edir. Ölkəmizdə dövlət başçısının 18 fevral 2003-cü il tarixli Fərmanına əsasən “Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram” təsdiq edilib. Sənədin icrası 2008-ci ildə böyük uğurla tamamlanıb. Milli Proqramda Talış meşələrində qədim dövrlərdən bu günə qədər gəlib çatmış relikt və endem ağac cinslərinin qorunması, mühafizəsi, bərpası və onların yayılma ərazilərinin artırılması, Kür-Araz çayları ətrafında Tuqay meşələrinin bərpası, rekonstruksiya yolu ilə cins tərkibinin yaxşılaşdırılması, dağlıq ərazilərdə meşələrin qoruyucu funksiyalarını yüksəltmək üçün bərpa olunması, Abşeronun arid ərazilərində təbii landşaftı dəyişdirərək, onun yerində meşə landşaftının yaradılması və s. məsələlərin həllinə xüsusi diqqət yetirilib. Proqramın icrası çərçivəsində 60 min hektara yaxın sahədə meşələr bərpa olunub və yeni meşələr salınıb. Bu göstərici əvvəlki 5 illə müqayisədə 2 dəfə çox olmuşdur. O cümlədən Milli Proqramın icrası çərçivəsində Abşeron yarımadasında, Bakı şəhərinin ətraf ərazilərində 1087 hektar sahədə yeni meşə və yaşıllıqlar salınıb.
Bəhs olunan Milli Proqramın icra müddəti 2008-ci ildə tamamlansa da, ölkədə yaşıllıqların artırılması sonrakı dövrdə də intensiv şəkildə davam etdirilib. Ümumiyyətlə, son illərdə ölkə üzrə yaşıllaşdırma iki istiqamətdə aparılıb. Birinci istiqamət Abşeron yarımadasında aparılan yaşıllaşdırma işlərini əhatə edir. Proqrama uyğun olaraq Zığ gölünun və Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən magistralın ətrafında, Sabunçu dairəsində, Bakı yamacı - 20-ci Sahə arasındakı ərazilərdə, bütövlükdə Bakıətrafı ərazilərdə 3 milyon ədəd ağac əkilməsi qarşıya hədəf qoyulmuşdu. Bakının yaşıllaşdırılması və Abşeronun ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərindən bəhs edən Prezident İlham Əliyev deyib: “Bakı buxtasının təmizlənməsi bizim ümumi işimizdir. Bakı buxtası Bakının gözəlliyidir, Bakının tarixidir. Biz bu gözəl sərvəti qorumalıyıq”.
Yaşıllaşdırma ilə bağlı ikinci istiqamət isə respublikanın magistral yollarının kənarlarında yaşıllıq zolaqlarının salınmasını əhatə edir. Prezident İlham Əliyev “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması” haqqında 30 oktyabr 2007-ci il tarixli Sərəncam imzalayıb və bu məqsədlə lazımi qədər maliyyə vəsaiti ayrılıb. Birinci mərhələdə Bakı-Ələt, Ələt-Salyan və Ələt-Atbulaq istiqamətində həyata keçirilən işlərin perspektivdə də davam etdirilməsi nəzərdə tutulur.
Bütövlükdə, son 10 ildə ölkədə təxminən 5 milyon 200 minə yaxın ağac əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (“Azəryaşlandşaft” ASC) ötən il 392 hektar ərazidə 503 min ağac əkib. Bunlardan 102 hektar ərazi (235 min ağac) yaz əkinləri zamanı, 290 hektar ərazi isə (268 min ağac) payız əkinləri dövründə yaşıllaşdırılıb. Ümumi nazirlik üzrə isə 4394 hektar ərazidə 1 milyon 736 min ağac əkilib.
Ölkə boyunca yaşıllıq sahələrinin artırılmasında Heydər Əliyev Fondu yaxından iştirak edir
Onu da vurğulamaq yerinə düşər ki, ölkə boyunca aparılan yaşıllaşdırma işlərində ictimaiyyət nümayəndələri yaxından iştirak edirlər. Tez-tez müxtəlif ünvanlarda əmək kollektivlərinin iştirakı ilə iməciliklər keçirilir. Prezident İlham Əliyev ölkədə yaşıllaşdırma işlərinin geniş miqyas almasından və prosesdə cəmiyyətin aktiv iştirak etməsindən məmnunluğunu ifadə edib. “Bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam edir. Qeyd etdiyim kimi, Azərbaycan vətəndaşları bu gözəl təşəbbüsə çox fəal şəkildə qoşulmuşlar. Qarşıya vəzifə qoyulmuşdu ki, qısa müddət ərzində Bakıda və Abşeron yarımadasında ən azı 3 milyon ağac əkilsin, bütün suvarma işləri təmin edilsin və bu istiqamətdə vacib addımlar atılır. Biz artıq nəticələri görürük. Bakının müxtəlif yerlərində artıq bu çox gözəl mənzərə göz qabağındadır”, - deyə dövlət başçısı vurğulayıb.
Paytaxt Bakıda və regionlarda yaşıllaşdırma işlərinin aparılmasına Cənubi Qafqaz regionunun ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da hərtərəfli dəstək verir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək!” devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kol əkilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu istiqamətdə atdığı addımlar davamlıdır və təqdir olunur. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına xidmət edir. İDEA İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı əsasında keçirilən “Hər kağızı bir yarpağa dəyişək” aksiyası çərçivəsində Balaxanı poliqonunda böyük ərazi yaşıllaşdırılıb. 2014-cü il 7 may tarixində İDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilib ki, bu da bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyırdı.
Son illərdə Heydər Əliyev Fondu regionlarda meyvə bağlarının salınmasında yaxından iştirak edir. Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib. Tədbir iştirakçılarına məlumat verilib ki, Fondun “Regional İnkişaf” İctimai Birliyinin özünüməşğulluq proqramının icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın növbəti mərhələsində intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanan əməkdaşlıq memorandumu özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirmək və regionlarda “Sosial bağlar” layihəsinin birgə həyata keçirilməsi məqsədi daşıyır. Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
Azərbaycanda ekoloji sahədə vəziyyəti Avropa ölkələrindəki səviyyəyə çatdırmaq qarşıya hədəf qoyulub
Azərbaycanda ekologiyanın qorunması, yaşıllıqların artırılması, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər bütün dünyada böyük maraqla izlənilir. Yuxarıda bəhs olunan hesabatda meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan dünyada ilk beş ölkə sırasına daxil edilib. Bu yüksək göstəricinin qazanılmasına yeni meşə əkinlərinin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi səbəb olub. Həmin qiymətləndirməyə əsasən, Azərbaycan iqlimə təsir edən faktorların azaldılması və enerjidən istifadənin ətraf mühitə təsiri baxımından ikinci, həmin bölmənin atmosferə atılan istixana qazlarının azaldılmasındakı nailiyyətlərə görə isə birinci yerdə qərarlaşıb. Ümumi daxili məhsulun dəfələrlə artmasına baxmayaraq, tullantılar 1990-cı ildəki 73 milyon tondan 51 milyon tona qədər azaldılıb.
Məlumdur ki, Azərbaycan müasirləşməni strateji hədəf seçib. Bu strateji kursa uyğun olaraq ölkəmiz ekoloji problemlərə yanaşmada da müasir standartların tətbiqinə nail olmaq istəyir. Hazırda alternativ və bərpa olunan enerjidən istifadə məsələsi bütün dünyada aktual çağırışlardan birinə çevrilib. Azərbaycan da bu sahənin inkişaf etdirilməsinə böyük önəm verir. “Çalışmalıyıq ki, bərpa olunan enerji növlərindən istifadə edərək, həm ucuz enerji əldə edək, eyni zamanda, ekologiyamızı daha da yaxşı qoruyaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, ölkədə ətraf mühitə, o cümlədən də insan sağlamlığına mənfi təsir göstərən amillər bütünlüklə aradan qaldırılmalıdır. Fikirlərinə davam edən Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə insanların sağlam yaşaması üçün lazımi şərait yaradılmalıdır: “Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir. Əgər biz bu istiqamətdə işlərimizi ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq, görəcəyik ki, müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılmışdır. Bu istiqamətdə görülmüş işlər sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla irəliyə aparacaqdır”.
Ölkəmizdə Prezident İlham Əliyevin “Sağlam ekoloji mühit, sağlam hava, təmiz su” çağırışı konseptual əsas kimi qəbul edilib. Dövlət başçısının bu çağırışına əsasən bütün ölkə boyu əhalinin Ümumdünya Səhiyyə Təşkilatının yüksək standartlarına uyğun keyfiyyətli su ilə təchiz edilməsi istiqamətində fəal iş aparılır. Bunun təsdiqi olaraq vurğulayaq ki, son 15 ildə respublika üzrə fasiləsiz su təminatı 70 faizədək yüksəlib. Dövlət başçısının çağırışına uyğun olaraq SOCAR “Sıfır tullantı” prinsipini özünün əsas ekoloji prinsipinə çevirib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1171 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30