Milli Məclisin payız sessiyası öz işinə başlayıb
02.10.2018 [08:35]
Millət vəkilləri sessiyanın qanunvericilik işləri planını təsdiq ediblər
Oktyabrın 1-də Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Dövlət himni səsləndirildikdən sonra çıxış edən spiker Oqtay Əsədov payız sessiyasının başlanması münasibəti ilə millət vəkillərini təbrik edib. O.Əsədov qeyd edib ki, Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə sentyabrın 21-də Milli Məclisin təntənəli iclası keçirilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib və geniş nitq söyləyib. Möhtərəm Prezidentimizin nitqində Azərbaycan dövlətinin və parlamentinin tarixi, ölkəmizin bugünkü inkişafı, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı çox dəyərli fikirlər ifadə edilib. Dövlət başçısı Milli Məclisin fəaliyyətinə yüksək qiymət verib. Cənab Prezidentin söylədiyi bu fikir bizim üçün çox əhəmiyyətlidir: “Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir... Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var”. Parlamentin fəaliyyətinə bu cür yüksək qiymət verdiyinə görə cənab Prezidentə hamımızın adından dərin minnətdarlığımızı bildirirəm. Onu əmin etmək istəyirəm ki, həmişə olduğu kimi, bundan sonra da Milli Məclis Azərbaycan Respublikası Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün tədbirləri görəcəkdir”.
O.Əsədovun sözlərinə görə, təntənəli iclasda 44 ölkədən və 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə iştirak edib. Onların arasında 14 parlament sədri, 20 sədr müavini vardı. Bundan başqa, təntənəli iclasda ölkəmizdə akkreditə olunmuş səfirlər və səfirliklərin nümayəndələri də iştirak ediblər. “Hesab edirəm ki, biz Azərbaycan parlamentinin yubileyinin yüksək səviyyədə qeyd edilməsinə nail olmuşuq”, - deyə parlamentin sədri vurğulayıb.
Milli Məclisin 2018-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurduğunu xatırladan O.Əsədov qeyd edib ki, bu dövr ərzində parlamentin 16 iclası keçirilib, bu iclaslarda 261 qanun və qərar qəbul olunub: “Milli Məclisin beynəlxalq əlaqələri daha da inkişaf edib. Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə millət vəkillərimiz 38 ölkəyə 90-a qədər səfər həyata keçiriblər. 57 xarici dövlətin 100-ə qədər nümayəndə heyəti Milli Məclisdə olub. Milli Məclisin xətti ilə Bakıda 5 beynəlxalq təşkilatın tədbirləri keçirilib. Bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanmış və sizə paylanmışdır. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul edəcəyik. Mən əminəm ki, Milli Məclisin payız sessiyası yüksək səviyyədə keçəcəkdir”.
Daha sonra gündəlikdəki məsələlər müzakirəyə çıxarılıb. İlk olaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında” Konstitusiya Qanununa dəyişiklik edilməsi məsələsi ikinci səsverməyə çıxarılıb. Daha sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu birinci oxunuşda qəbul olunub.
Bundan sonra isə millət vəkilləri Milli Məclisin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planını müzakirə ediblər. Çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, ilk növbədə, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı keçirilən tədbiri və tədbirdə Prezident İlham Əliyevin dərinməzmunlu çıxışının əhəmiyyətini vurğulayıb.
Payız sessiyasının qanunvericilik işləri planında vacib məsələlərin olduğunu deyən millət vəkilinin sözlərinə görə, sessiya dövründə bir sıra qanunların təkmilləşdirilməsi də önəmlidir: “Gələn il Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər qanunlar mövcuddur. Lakin onların təkmilləşdirilməsinə ehtiyac var”.
S.Novruzov bildirib ki, ölkədə bələdiyyə üzvlərinin sayı həddindən çoxdur: “Dünya təcrübəsində götürsək, heç bir ölkədə bu sayda bələdiyyə üzvü yoxdur. Azərbaycanda ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Burada 1 nəfərin olması kifayətdir. Bir rayondan 1 və ya 2 millət vəkili seçilir, lakin 200-300-dən artıq bələdiyyə üzvü seçilir. Hesab edirəm ki, biz bunu təkmilləşdirməliyik. Bu, onların iş fəaliyyətinə də xeyli təsir edəcək”.
Deputat çıxışı zamanı Azərbaycanda yas və toy mərasimləri ilə bağlı qanunların təkmilləşdirilməsinə ehtiyac olduğunu deyib: “Doğrudur, bu mərasimlər xalq tərəfindən müəyyənləşdirilir. Amma bunların qanunla tənzimlənməsinə ehtiyac yaranıb. Hansısa tövsiyələrlə bunun tənzimlənməsi mümkün deyil. Belə halda, nəticə əldə edilmir. Çünki oradan vəsait qazanan insanlar buna imkan vermirlər. Bu baxımdan mərasimlərin tənzimlənməsi istiqamətində konkret olaraq qanun qəbul etməliyik”.
“Azərbaycanda son dövrlər autizm xəstəliyi geniş yayılmağa başlayıb. Autizm xəstəliyinin müalicəsi uzun müddət və çoxlu xərc tələb edir. Bu baxımdan, düşünürəm ki, belə xəstəliyin daşıyıcılarının müalicəsi ilə bağlı xüsusi qanun qəbul olunsun və bu, müəyyən şəkildə dövlət büdcəsi vasitəsilə kompensasiya edilsin. Eyni zamanda, bu xəstəliyin yaranma səbəbləri və qarşısının alınması ilə bağlı tədqiqatların aparılmasına da ehtiyac var. Çünki bu xəstəlik genefondumuza ciddi zərbə vurur”. Bu fikirləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışı zamanı deyib.
Azərbaycanda demoqrafik vəziyyətə toxunan millət vəkili deyib ki, son illər əhalinin artım səviyyəsi aşağı düşməkdədir. Bu halın gələcəkdə demoqrafik problemlərə gətirib çıxara biləcəyini deyən Hikmət Babaoğlu qeyd edib ki, problemin qarşısını almaq üçün müvafiq qanunlara dəyişikliklər edilməli və çoxuşaqlı ailələrə güzəştlər tətbiq olunmalıdır.
İnformasiya təhlükəsizliyi məsələsinə gəlincə, millət vəkili bu istiqamətdə müəyyən qanunların qəbul olunduğunu deyib. Bununla belə, o qeyd edib ki, hazırkı mərhələdə Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən əsas mənbələrdən biri sosial şəbəkələrdir. Ona görə də sosial şəbəkə iştirakçılarının fəaliyyətinin qanunla tənzimlənməsi lazımdır.
Hikmət Babaoğlu çıxışı zamanı Azərbaycanda çəkilən filmlərlə bağlı da fikirlərini bildirib: “Azərbaycanda milli seriallar, kinolar çəkilir. Lakin onların keyfiyyəti, aktuallığı və milli maraqlar baxımından izah olunması bir qədər mürəkkəbdir. Bəlkə, filmlərin çəkilməsi ilə bağlı şuralar yaradılmalı, ssenarilər həmin şuralar vasitəsilə qiymətləndirildikdən sonra filmlər çəkilməlidir. Əgər onlar milli maraqlarımıza, milli mənəvi dəyərlərimizə cavab vermirsə, belə filmlərə sərmayə qoymaq lazım deyil”.
O həmçinin qeyd edib ki, tarixi abidələrimizin qorunması və öyrənilməsi də vacibdir: “Onların düzgün təqdim olunması da çox önəmlidir. Bilirsiniz ki, ölkəmizə xeyli sayda əcnəbi turistlər gəlir. Biz tarixi abidələrimiz haqqında onlara dolğun məlumat verməliyik. O cümlədən xristianlıq dövrü tariximizlə bağlı abidələrimiz geniş tədqiq və təqdim olunmalıdır ki, başqaları onlara sahib olmağa çalışmasın”.
Xarici dillərin öyrənilməsinin də əhəmiyyətli olduğunu deyən millət vəkili bildirib ki, çox dil bilmək yaxşı olsa da, əsas milli təfəkkürə sahib olmaqdır: “Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, Azərbaycan dilini bilmədən azərbaycanlı olmaq mümkün deyil. Ona görə də, ilk növbədə, milli təfəkkürə sahib olmaq lazımdır”.
Millət vəkili Azay Quliyev isə “Sosial sifariş haqqında” və “Peşə birlikləri haqqında” qanun layihələrinin hazırlanaraq müzakirəyə çıxarılmasını təklif edib.
Millət vəkili Zahid Oruc çıxışında informasiya təhlükəsizliyinin önəmi haqqında danışıb. O təklif edib ki, bunun üçün sosial şəbəkələrə ciddi nəzarət olunmalıdır.
Müzakirələrdən sonra Milli Məclisin 2018-ci il payız sessiyasında qanunvericilik işləri planı təsdiqlənib. Payız sessiyasının qanunvericilik işləri planına Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdim etdiyi qanun layihələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında”, “Konstitusiya qanunu layihələri”, “Standartlaşdırma haqqında”, “Kabel şəbəkəsi haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında” və digər qanun layihələri daxildir.
Bundan əlavə, işlər planına Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr daxil edilib.
Daha sonra millət vəkilləri bir sıra beynəlxalq sənədləri və xarici dövlətlərlə imzalanmış sazişləri təsdiq ediblər. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi məsələsinin müzakirəsi zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov türk filmlərinin Azərbaycan dilinə dublyaj edilməsinə ehtiyac olmadığını bildirib. Yerli telekanallarda edilən tərcümələrin bayağı olduğunu deyən millət vəkili tərcümənin titrlərlə verilməsini təklif edib.
Qeyd edək ki, millət vəkilləri fasilədən sonra bir sıra qanunlara əlavə və dəyişikliklər ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31

