Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Unudulmayan tarix – mövcud təhdidlər

Unudulmayan tarix – mövcud təhdidlər

25.01.2019 [09:51]

İllər ötdükcə tarixi hadisələrin doğru təhlili və bu hadisələrə obyektiv qiymətin verilməsi zərurəti daha qabarıq şəkildə hiss edilir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri bu baxımdan olduqca əhəmiyyətlidir. Yanvarın 20-də növbəti dəfə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciə və qətliama gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Bu hadisə niyə baş verdi? Bunun qarşısını almaq mümkün deyildimi?
Bəli, xalqımız tarixən, xüsusilə XIX-XX əsrlərdə təcavüzlərə, soyqırımına və ayrı-seçkiliyə məruz qalmışdı. Fəqət 20 Yanvar hadisəsi daha ağrılı və daha faciəvi idi. Çünki bu faciə xalqın inandığı, öz ordusu hesab etdiyi, övladlarını onun sıralarında xidmət etməyə göndərdiyi Sovet ordusu tərəfindən törədilmişdi. Həmin gün bütün xalqa öz dövlətinin rəhbərliyi tərəfindən xəyanət edilmişdi. Respublikanın yerli rəhbərliyi isə öz bacarıqsızlığı, qorxaqlığı və biganəliyi ilə baş verən hadisələrə seyrçi qismində qalmış, əliqanlı imperiyanın qəzəb və qəddarlıq dolu cinayətlərinə birbaşa şərait yaratmışdı. Həmin dövrü yaşayan insanlar bilirlər ki, 20 Yanvardan öncə digər Sovet respublikalarında da imperiyanı narahat edən, etiraz əlamətləri ilə müşayiət edilən proseslər gedirdi. Qazaxıstan və Gürcüstanda baş verən hadisələri buna misal göstərmək olar. Ancaq Azərbaycanda baş verən bu hadisə xüsusi amansızlıq və qəddarlıqla törədildi. Niyə məhz Azərbaycan? Nə idi Azərbaycanın hədəf seçilməsində məqsəd? Buna bir çox səbəblər var idi. Birincisi, Azərbaycan Şərqdə ilk dəfə müstəqillik əldə etmiş ölkə idi. Xalqımız daxilən müstəqillik ruhuna bağlı və bu ənənəyə sahib dəyərlər sisteminə malik idi və bu xüsusiyyətlər Sovet rejimi tərəfindən həzm edilmirdi. İkincisi, Azərbaycan coğrafi-strateji mövqe və sərvətlər baxımından çox zəngin respublika idi. İnkişaf etdiyi təqdirdə böyük iqtisadi güc mənbəyinə çevrilə bilərdi. Üçüncüsü isə, ölkəmizin milli-mənəvi və dini dəyərləri hər şeyə rəğmən qorunub saxlanılmış, milli xüsusiyyətlər itirilməmişdi. Bu imperiya rəhbərliyi Azərbaycanı həmişə təhdid və təhlükə mənbəyi kimi görürdü. Məhz Ulu öndər Heydər Əliyev o dövrdə Azərbaycana rəhbərlik edərkən Sovet dövlətinin bu nifrət və qəzəbini qismən də olsa neytrallaşdıra bilmişdi. Heydər Əliyevə qədər böyük sərvətləri olmasına baxmayaraq, geridə qalmış respublika Onun rəhbərliyi sayəsində bir çox sahələrdə, xüsusilə neft sənayesində ciddi irəliləyiş əldə etmişdi. Azərbaycanda nəinki SSRİ, dünya əhəmiyyətli sənaye obyektləri yaradılmışdı. Belə sürətli inkişaf tendensiyası Azərbaycana qarşı ərazi iddiaları olan erməniləri və ermənipərəst qüvvələri məmnun edə bilməzdi. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi erməni lobbisini çox ciddi narahat edirdi. Ermənilər qorxurdular ki, Heydər Əliyevin bu təyinatı Azərbaycanın daha sürətli inkişafına şərait yarada, perspektivlər formalaşdıra bilər. Bununla bağlı fəaliyyətə keçən lobbi Azərbaycanın daxilində mənfur ünsürlərdən də istifadə edərək Ulu öndərə qarşı kampaniya başlamışdı. Təhlillər göstərir ki, həmin dövrdə SSRİ-nin iqtisadi cəhətdən zəifləməsi, zəruri islahatların keçirilməməsi, “yenidənqurma” siyasətinin iflasa uğraması bu imperiyanı məhvə sürükləyir və Qərb də bu vəziyyətdən maksimum dərəcədə bəhrələnməyə çalışırdı. Həmin dövrdə Qərbin maraqları ilə erməni lobbisinin maraqları üst-üstə düşürdü. Belə ki, dənizdən dənizə olan ərazidə, yəni Türkiyə, Azərbaycan və Gürcüstan ərazisində “Böyük Ermənistan” xülyasını reallaşdırmağı arzulayan ermənilər SSRİ-nin zəifləməsini fürsət bilib Dağlıq Qarabağda milli ədavəti qızışdırırdılar. Qərb də SSRİ-nin parçalanması üçün ən çox milli məsələnin qabardılmasına çalışırdı. Tarixin hər dövründə “ikiüzlü” və “ləyaqətsiz” hərəkətləri ilə seçilən erməni xisləti bir tərəfdən Qərbin maraqlarına xidmət edir, digər tərəfdən Sovet rəhbərliyini Azərbaycana qarşı yönəldirdi. Sovet rəhbərliyinin “parçala və hökmranlıq et” siyasəti ilə Dağlıq Qarabağın Azərbaycandan qopardılması və respublikanın zəif, asılı vəziyyətdə saxlanılması planlaşdırılırdı.
Təsadüf, yoxsa düşünülmüş plan?
Qanlı 20 Yanvar hadisələri ömrünün sonuna çatmış cinayətkar imperiyanın təsadüfi, yaxud da birdən-birə gözlənilməz reaksiyası deyildi. Əslində, hər şey daha əvvəldən və planlaşdırılmış şəkildə başlamışdı. Milli məsələlərin xüsusiyyətini dərindən bilməyən Qorbaçovun erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlişi onda ermənilərə qarşı xüsusi “məhəbbət” yaratmışdı. Onu da qeyd edək ki, Qorbaçov ailəsinin SSRİ ərazisində yaşayan müsəlmanlara qarşı xüsusi antipatiyası var idi. Bu da öz növbəsində Qorbaçova milli məsələləri düzgün qiymətləndirməyə imkan vermirdi. Heç kimə sirr deyil ki, Qorbaçov Qərbin böyük planının kiçik bir nüansı idi. Hələ Stavropol vilayətinə rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi məqsədilə Kanadada səfərdə ikən Qərbin kəşfiyyat orqanları ilə “səmimi” əməkdaşlığa başlamışdı. Yəni əməkdaşlığın özü də erməni lobbisinin birbaşa vasitəçiliyi və erməni əsilli kəşfiyyatçı tərəfindən təşkil edilmişdi. Ermənilər hələ o dövrdən öz mənfur planlarını həyata keçirməyə başlamışdılar. Şübhəsiz ki, “satqın” Qorbaçov ermənilərin Azərbaycana qarşı olan ərazi iddialarına və get-gedə qızışan münaqişə qığılcımlarına məqsədyönlü şəkildə göz yumurdu. Dağlıq Qarabağ Muxtar Vilayətində nizam-intizam yaratmaq əvəzinə, ona xüsusi idarəçilik statusu verməklə bugünkü mövcud münaqişənin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması da bu böyük planın bir parçası idi. Qorbaçov yaxşı dərk edirdi ki, Heydər Əliyev vəzifədə ola-ola Azərbaycana zərbə vura bilməz. Ulu öndər SSRİ-nin ali rəhbərliyində təmsil olunduğu müddətdə xalqımızın mənafeyini hər vəchlə qoruyur, ermənilərin SSRİ rəhbərliyini Azərbaycana qarşı yönəltmə cəhdlərinin qarşısını alırdı. Məhz buna görə də xalqımızın “qara günləri” Ulu öndərin vəzifədən uzaqlaşdırılmasından sonra başladı.
Azərbaycan və Heydər Əliyev fenomeni
Azərbaycanın yerli rəhbərliyinin xalqımızın maraq və mənafelərini qorumağa nə nüfuzu, nə də cəsarəti çatırdı. Belə bir vəziyyətdə başlamış Azadlıq hərəkatı xalqın milli və mənəvi gücünün məhsulu olsa da, faktiki olaraq “lidersiz” idi. Hərəkata rəhbərlik edən şəxslərin meydanda dildən iti çıxışlarının xaricində heç bir xüsusi keyfiyyəti yox idi. Bəziləri ilk dəfə eşitsə də, həmin dövrün canlı şahidi olaraq qeyd edə bilərəm ki, Azadlıq hərəkatının içində Vətəni sevən, xalqına bağlı, milli-mənəvi dəyərlərimizə sadiq insanlar olduğu qədər, satqın, xəyanətkar və milli maraqlara qarşı fəaliyyət göstərənlər də var idi. Bəzən xatırlarkən insan düşünür ki, Ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılmasaydı, bu hadisələrin heç biri baş verməzdi. Onun qətiyyətli mövqeyi və sarsılmaz iradəsi qarşısında Qorbaçov Azərbaycana ordu yeridib günahsız insanları qətlə yetirə bilməzdi, bacarmazdı bunu. Bir sözlə, bu qanlı hadisənin qarşısını vaxtında almaq olardı. Bununla belə, unutmaq olmaz ki, hər bir tarixi hadisə özündə bir çox ibrətləri ehtiva edir. 20 Yanvar hadisəsi baş verdiyində meydanlarda təntənəli nitq söyləyənlərin çoxu qaçıb gizlənmişdi. Ancaq Heydər Əliyev bütün siyasi qadağalara, təhdidlərə və təzyiqlərə baxmayaraq, ailə üzvlərinin və Özünün həyatını təhlükəyə ataraq Moskvada yerləşən Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu hadisələri birmənalı şəkildə lənətlədi. Təsəvvür etmək çətin olsa da, dahi şəxsiyyət bu etirazı qanlı cinayəti törətmiş imperiyanın paytaxtından etdi və bütün dünyanı bu qanlı faciə barədə məlumatlandırdı. Ulu öndərin bu cəsarətli bəyanatının xüsusilə əhəmiyyəti ondan ibarət idi ki, həmin dövrdə imperiya Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti sona çatdırmaq üçün əlavə qoşun qüvvələrinin ölkəyə yeridilməsi planından çəkindi. Həmin zamanda ölkənin siyasi və Milli Azadlıq Hərəkatına rəhbərlik edən şəxslərin gizlənməsi nəticəsində meydana toplaşmış insanlar arasında ümidsizlik və çaşqınlıq yaranmışdı. Məhz Ulu öndər Heydər Əliyevin məlum bəyanatı insanların azadlıq mübarizəsinə inamını daha da gücləndirdi, azadlıq eşqini alovlandırdı. İmperiya rəhbərliyi bu təcavüzkar niyyətini həyata keçirmək və sona çatdırmaq üçün istər ideoloji, istər inzibati bütün imkanlardan istifadə etdiyi halda, Ulu öndərin belə cəsarətli addımını gözləmirdi. Hətta imperiya rəhbərliyi tərəfindən belə bir fikir səslənmişdi ki, “Heydər Əliyev vaxtında zərərsizləşdirilməliydi”. Bu faciənin dünya ictimaiyyətinin diqqət mərkəzinə düşməsi və Azərbaycan xalqının mübarizliyinin güclənməsi imperiyanı növbəti təcavüzkar addımlardan çəkindirdi. Nəticədə isə SSRİ-nin süqutu tezləşdi. Azərbaycandakı azadlıq mübarizəsini silah gücünə boğaraq digər Sovet dövlətlərinə də “gözdağı” vermək istəyən SSRİ rəhbərliyinin niyyəti də puça çıxdı.
İmperiya rəhbərliyi, eyni zamanda, bu faciəni ört-basdır etməyə, hadisənin radikal-islamçı qüvvələr tərəfindən törədildiyini iddia etməyə çalışırdı. Bu məqsədlə siyasi rəhbərlik ölkədən qaçdıqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə ölkədə idarəçiliyi qəbul etmək təklif edilmişdi. Şeyx həzrətləri qurulmuş bu hiyləni vaxtında anlayaraq təklifə qəti etirazını bildirmişdi. Burada xüsusilə vurğulamaq yerinə düşərdi ki, həmin dövrdə Hacı Allahşükür Paşazadə dünya liderlərinə və Qorbaçova müraciət edərək ümumbəşəri dəyərlərə sığmayan bu vəhşiliyi qətiyyətlə pisləmiş və qəti etirazını bildirmişdi. Azərbaycanın tanınmış ziyalıları da bu etirazlara qoşularaq imperiyanın təcavüzkar siyasətini ifşa etmişdilər.
Ulu öndər Heydər Əliyevin cəsarətli çıxışının imperiya rəhbərliyini çaşdırması və Uca Allahın böyük lütfü sayəsində Azərbaycanın qəhrəman oğlu imperiya caynağından salamat çıxıb ölkəmizə qayıda bildi. Xalqımızın maraqlarını canı bahasına müdafiə edən lider tarixi ədalət nəticəsində yenidən xalqın təkidi ilə hakimiyyətə gəldi. Hələ SSRİ-nin mövcud olduğu vaxtlarda belə Heydər Əliyev müstəqillik şüarları səsləndirən insanları qorumaq üçün əlindən gələni edirdi. Bu barədə kifayət qədər nümunələr söyləmək olar. İmperiyanın nəzarətinə baxmayaraq, dahi rəhbər bir çox millilik və müstəqillik tərəfdarlarını öz xüsusi bacarıq və istedadı ilə təqib və təzyiqlərdən qorumağa müvəffəq olmuşdu. Belə ki, ölkəmizdə müstəqilliyin bərpa edilməsinin zamanının yetişdiyini duyan Heydər Əliyev Naxçıvanda ikən Azərbaycanın üçrəngli bayrağını dalğalandırmaqla xalqa istiqlal yolunu göstərmişdi. Həmin dövrdə Bakıdakı yarıtmaz rəhbərlik bunu etməyə cəsarət etmədiyi halda, Ulu öndər bu addımı atmışdı. Onun 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Müstəqil Azərbaycan və dövlət idarəçiliyi
Ölkədə ictimai-siyasi sabitləşmə dövrü başladı və dünya miqyaslı neft layihələrinin icrası prosesinə start verildi. Bu uğurlu inkişaf bu gün də davam etməkdədir. Fəqət tarixin əsas xüsusiyyətlərindən biri də təkrarlanmağa meyil göstərməsindədir. Təcrübə və daxili hissiyyata söykənərək əminliklə demək olar ki, həmin dövrdə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması məqsədilə oynanan çirkin və məkrli oyunların bənzərini bəzi dairələr bu gün yenidən təkrarlamağa çalışır. Heydər Əliyevi uzaqlaşdırmaqla Azərbaycanı gücsüz vəziyyətə gətirənlər eyni ssenari əsasında bu gün Azərbaycan Prezidentinə qarşı şüuraltı təxribat hazırlamaq istəyirlər. Bu qüvvələr yaxşı bilir ki, Azərbaycan dövlətinin inkişaf və tərəqqisinin başlıca qarantı cənab Prezident İlham Əliyevdir. Məhz buna görə də əsas hədəf dövlət rəhbəridir.
Bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsidir. Bu prosesin yaxınlaşması görünməkdədir. Artıq Ermənistandakı gərginlik dalğası genişlənməkdə və iqtisadi vəziyyət zəifləməkdədir. Azərbaycanda isə beynəlxalq iqtisadi layihələrin reallaşması və idarəetmə sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Belə bir vəziyyətdə zamanın Azərbaycanın xeyrinə işləməsi və beynəlxalq nüfuzunun güclənməsi, eləcə də ictimai-siyasi sabitlik fonunda əhalinin rifah halının yaxşılaşması Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən erməni lobbisini və ölkədə hakimiyyət iddiasında olan siyasi müxalifətin ümidlərini puça çıxarmaqdadır. Ötən əsrin sonlarında erməni lobbisi SSRİ vasitəsilə həyata keçirdiyi siyasəti hazırda Qərb dairələri vasitəsilə icra etməyə çalışır. Burada da erməni lobbisi ilə bəzi Qərb dairələrinin maraqları üst-üstə düşməkdədir. Gəlin etiraf edək ki, Azərbaycan beynəlxalq güc mərkəzlərinin maraqlarının nəinki kəsişdiyi, hətta toqquşduğu coğrafi mövqedə yerləşir. Bu baxımdan ölkəmizə yönəlmiş təzyiq və hücumları əsasən belə izah etmək olar. Birinci əsas məsələ Azərbaycanın müstəqil və cəsarətli siyasəti ilə bağlıdır. Ulu öndərin əsasını qoyduğu dövlət idarəçiliyi və xalqımızın milli maraqlarına tam uyğun müstəqil siyasət prinsipləri günümüzdə daha da təkmilləşmiş formada tətbiq edilir. Azərbaycanın müstəqil siyasəti ona geniş manevr imkanları və proseslərə nəzarət şəraiti yaradır. Ancaq Qərbin bəzi dairələri, eləcə də ermənipərəst “konyak diplomatiyası”nın nümayəndələri müstəqil siyasət yürüdən Azərbaycan yerinə idarə olunan, onların maraqlarına xidmət edən Azərbaycan istəyirlər. Burada xüsusilə ölkəmizin yeraltı və yerüstü sərvətlərindən daha çox mənfəət əldə etmək niyyəti gizlənir. İkincisi, ölkəmizin ərazisindən qonşu dövlətlərə qarşı istifadə etmək imkanlarının yaradılması ilə əlaqədardır. Belə cəhdlər çox olub, bu gün də var. Bu niyyət isə ancaq zəif Azərbaycan mühitində mümkün ola bilər. Azərbaycan dövləti isə heç vaxt öz ərazisindən qonşularına qarşı təhdid vasitəsi kimi istifadə olunmasına imkan verməyib və verməyəcəkdir. Üçüncüsü isə, Azərbaycanın güclü dünyəvi dövlət prinsipləri ilə yanaşı, dini-mənəvi dəyərləri qoruyan və islamofobiya amilinə qarşı ciddi mübarizə aparan ölkə olmasıdır. Qərbin bəzi dairələri öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən alət kimi istifadə edirlər. Azərbaycanın humanist və sülhsevər siyasəti isə onların maraqları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də Azərbaycan bir çox hallarda müxtəlif səpkili təzyiqlərlə üzləşir. Ermənipərəst Qərb dairələrinin təşviqi ilə bəzən Azərbaycanda baş verən hər hansı xırda məsələ şişirdildiyi halda, Ermənistandakı çoxsaylı qanun pozuntularına göz yumulur. Bununla belə, sadalanan niyyətlər ölkəmizin milli təhlükəsizliyi üçün kifayət qədər ciddi təhdidlərdir.
Demokratiya, yoxsa xəyanətkar dağıdıcılıq?!
Vaxtaşırı özünü müxalifət adlandıran qüvvələrin köhnəlmiş şüarlar və əsassız ittihamlarla ortaya çıxması da bu siyasətin təzahürüdür. Təsəvvür gücümüzü işə salıb düşünək ki, hakimiyyət belə satılmış qüvvələrin əlinə keçib. Necə olar Azərbaycanın aqibəti? “Korrupsiyaya son”, “Azadlıq” və “İstefa” şüarı səsləndirən bu insanlar nəinki Azərbaycanı, heç Afrikanın orta əsrlərdə qalmış “qəbilə” dövlətlərini də idarə edə bilməzlər. Buna onların nə bilik və səviyyəsi, nə də kadr potensialı imkan verir. Əslində, dedikləri şüarlarda böyük məna var. “Korrupsiyaya son” deyən bu adamlar ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olduqları qısa müddət ərzində ən böyük korrupsiya və talançılıq nümunələri ortaya qoymuşdular. “Azadlıq” deyə-deyə azadlığımızı da az qala əldən vermişdilər. Yaxşı ki, Ulu öndər Heydər Əliyev var idi. “İstefa” sözündə də haqlıdırlar. Onlar bu satqın, milli maraqlara zidd, ermənipərəst siyasətlərinə son verib istefa verməlidirlər. Özlərini müxalifət adlandıran bu adamlar dərk etməlidirlər ki, Azərbaycan kimi güclü və qüdrətli ölkəni idarə etmək siyasətdə “dağıdıcılıq” təcrübəsindən başqa heç bir ideyası olmayanların başı üçün deyil. Onlar anlamalıdırlar ki, ölkəmiz çox mürəkkəb dövrdən keçir. Dünyada qanlı toqquşmalar, müharibə və münaqişələr hökm sürür. Belə bir vəziyyətdə dövlətçiliyimizi sarsıtmağa yönəlmiş hər bir addım dövlətə xəyanət hökmündədir.
“Xəyanətkar” şüurlu radikal müxalif qüvvələr etnik və dini faktordan da istifadə etməyə cəhd edirdilər. Bəzən siyasi mənfəət naminə dindar və ateistləri də birgə fəaliyyətə cəlb etməyə çalışırdılar. Dini kimlik-milli kimlik qarşıdurması yaratmağa, məzhəbçilik toxumları səpərək xurafat və radikalizmi alovlandırmağa, tolerantlığımızı sarsıtmağa, milli həmrəyliyimizi pozmağa, dünyəvi dövlət prinsiplərini zəiflətməyə çalışanlarla da əməkdaşlığa, birgə fəaliyyətə üstünlük verirdilər. Bu istəklər bu gün də var. Ancaq səmimi inanclı insanlar başa düşürlər ki, dini siyasətə alət etmək olmaz, etmədilər də. Azərbaycandakı əsl inanclıların mütləq əksəriyyəti öz üçrəngli bayrağının və dövlətinin ətrafında sıx birləşdi.
Ancaq bununla belə, həmin dövrdə də, indi də radikalların məqsəd və məramı eynidir. Azərbaycan zəifləsin, dövlət çöksün, təki biz qalib gələk. Mirzə Ələkbər Sabirin deyimi ilə, “millət necə tarac olur olsun, nə işim var” prinsipinə söykənərək bu xalqın qəlbində yer tapmaq mümkün deyil. Çünki onların kimliyi, niyyət və məqsədləri xalqımıza kifayət qədər məlumdur. Təəssüflə qeyd etmək lazımdır ki, bu qüvvələr xaricdən idarə olunmaqla yanaşı, dövlətçiliyimizə yönəlmiş bütün təxribatlarda “piyada” funksiyasını yerinə yetirirlər.
Güclü Azərbaycan!
Ölkəmiz istər siyasi, istər müdafiə, istərsə də təhlükəsizlik baxımından etibarlı əllərdədir. Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaş və dünya miqyaslı layihələrin təşəbbüskarı qismində çıxış edir. Daxildə isə ciddi iqtisadi və idarəetmə islahatları davam edir. Ölkəmizdə “ASAN xidmət” kimi möhtəşəm bir qurum formalaşıb ki, bu, ölkəmizin əsas brendlərindən birinə çevrilib. Milli təhlükəsizliyimiz, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yorulmaz fəaliyyəti nəticəsində sabitlik və əmin-amanlıq yüksək səviyyədə təmin edilir. Ölkəmizdə dini durum da sabitdir. Ancaq bu, bizdə arxayınlıq yaratmamalıdır. Unudulmamalıdır ki, müharibə şəraitində olan ölkə üçün milli təhlükəsizlik, dini-ideoloji sabitlik prioritet məsələdir. Belə bir həssas dövrdə xarici dairələrin “satqınçılıq” təkliflərinə şirniklənərək milli maraqları qurban verənləri Azərbaycan xalqı və tarix bağışlamayacaq. İnsan orqanizminin immun sistemi zəiflədikdə bədən xəstəliklərə düçar olub müxtəlif mikrobların təsirinə düşür. Bu baxımdan yaxın keçmişimizdə Suriyada və digər Şərq ölkələrində baş verən hadisələrdən nəticə çıxarılmalıdır. Ölkəmizin də zəifləməsi, sarsıdılması və gücdən düşməsi düşmənlərimizə ümid bəxş edə bilər. Məhz bu səbəbdən hər bir vətəndaş dövlətini qorumaq üçün öz üzərinə düşəni etməli, təxribatlara uymamalı, populist vədlərə aldanmamalı, dövlətçiliyə yönəlmiş hərəkətlərin iştirakçısına çevrilməməli, ölkəmizdəki quruculuq işlərinə kölgə salmamalı, dövlətin beynəlxalq nüfuzuna xələl gətirməməli, bir sözlə, Azərbaycanın uğurlu gələcəyinin təmin edilməsində əlindən gələni əsirgəməməlidir.
Səyavuş Heydərov
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30