Yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan BMT-də uğurla təmsil olunur
02.03.2019 [09:43]
Ölkəmizin Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunmasından 27 il ötür
Milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursuna malik olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bunlara paralel olaraq Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir.
Ölkəmiz BMT-nin tribunasından səmərəli istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır
Dünyada böyük etimad qazanan, etibarlı tərəfdaş imicinə sahib olan Azərbaycan həm də beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bu kontekstdə ölkəmizin Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığını, uğurlu və çoxşaxəli təmsilçiliyini xüsusi vurğulamaq gərəkdir. Xatırlatmaq yerinə düşər ki, 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu təşkilata üzv seçilib. Təşkilatın 181-ci üzvü olan Azərbaycanın üçrəngli dövlət bayrağı həmin gün Nyu-Yorkda qaldırılıb, mayın 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. Ölkəmiz bu mötəbər beynəlxalq təşkilatın bir çox xüsusi qurum və orqanları - Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsi, İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı, Dünya Səhiyyə Təşkilatı, Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatı ilə fəal əməkdaşlıq əlaqələri yaradıb. Ən əsası, 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.
Şübhəsiz ki, BMT-yə üzv olduqdan sonra ölkəmizin bu mötəbər beynəlxalq təşkilatda uğurla təmsil olunması strateji zərurət kimi çıxış edirdi. Məhz 1993-cü ildə ölkəmizdə Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan BMT-də uğurla təmsil olunmağa, sözügedən beynəlxalq qurumun tribunasından səmərəli istifadə etməyə başladı. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Ulu Öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da Ümummilli Lider Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın qətiyyətli mövqeyini bir daha bəyan edib.
Prezident İlham Əliyev isə BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini vurğulayıb və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb. Həmçinin 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınıb. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilib.
Bunlarla yanaşı, 2008-ci il martın 14-də BMT Baş Assambleyasının geniş iclasında - 62-ci sessiyanın gündəliyində duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə layihəsi müzakirəyə çıxarılıb. Sözügedən qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü bir daha dəstəkləyib, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. 2010-cu ilin sentyabrında isə BMT Baş Assambleyasının 65-ci sessiyasında geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Dövlət başçısı Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, etnik təmizləmə siyasəti həyata keçirdiyini, işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışdığını bildirib. Prezident İlham Əliyev 2017-ci il sentyabrın 20-də isə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək Ermənistanın işğalçılıq siyasəti və onun fəsadları barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Azərbaycanın 25 ildə əldə etdiyi uğurlardan danışan dövlətimizin başçısı həyata keçirilən beynəlxalq iqtisadi layihələrdən də bəhs edib. Prezident İlham Əliyevin nitqində qlobal təhlükələrə qarşı birgə mübarizə də xüsusi yer tutub, dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən danışıb. Azərbaycanın sosial-iqtisadi işlərlə paralel siyasi islahatları da davam etdirdiyini vurğulayan dövlət başçısı ölkəmizin dinlərarası dialoqu genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirdiyini diqqətə çatdırıb.
Bütövlükdə, Azərbaycan BMT kimi mötəbər beynəlxalq təşkilatın tribunasından səmərəli istifadə edərək reallıqları, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, sözügedən məsələni daim aktual mövzu olaraq gündəmdə saxlayıb.
Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir
Məlum olduğu kimi, 2011-ci il oktyabrın 24-də Azərbaycan BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilib. 2012-ci il yanvarın 1-də isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca həmin ilin may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və ölkəmizin prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb. Dolayısıyla, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirib. Bütövlükdə, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində ümumilikdə qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. Bir sözlə, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və öz qətiyyətli mövqeyini ortaya qoyub.
Xüsusi vurğulamaq lazımdır ki, 2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Dövlətimizin başçısı çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və Azərbaycanın prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. 2013-cü ilin oktyabrından etibarən Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Beləliklə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla başa vurub, bu dövrdə dünyanı narahat edən bir sıra mühüm məsələlər müzakirə olunub, müvafiq qətnamələr və bəyanatlar qəbul olunub, eyni zamanda, Ermənistanın işğalçı siyasəti ifşa edilərək Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılıb.
Bütövlükdə, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Yeri gəlmişkən, fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edən Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Bizim dünyadakı rolumuzu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yəni, bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi”.
Nəticə etibarilə, Azərbaycan BMT-də özünün milli maraqlarına müvafiq olaraq uğurla təmsil olunur. Təşkilatın müxtəlif proqramlarında müvəffəqiyyətlə iştirak edən ölkəmiz bu mötəbər beynəlxalq təşkilat vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

