/ / Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
22.02.2020 [10:16]
Prezident İlham Əliyev: İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
Müstəqil Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir. Bu günlərdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri baş tutub. Dövlət başçımızın İtaliyaya uğurlu səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir. Azərbaycan Prezidentinin İtaliyaya səfəri çərçivəsində keçirilən görüşlər və imzalanan çoxsaylı sənədlər iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın yüksək səviyyədə olduğunu əyani şəkildə təsdiqləyir. Yeri gəlmişkən, həm İtaliya Prezidenti Sercio Mattarella, həm də Azərbaycan Prezidenti İlham Əliyev keçirdikləri görüşlərdə və mətbuata bəyanatlarında ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər. Azərbaycanın dövlət başçısı mətbuata bəyanatında bildirib ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir.
Səfər zamanı Azərbaycanın dövlət başçısına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərilib
Ölkələr arasında ikitərəfli münasibətlər kontekstində dövlət səfəri səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Bəhs olunan səfər Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya ilk dövlət səfəridir. Eyni zamanda, bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da ölkəmizə və onun dövlət başçısına göstərilən xüsusi diqqətdən irəli gəlir.
Bəhs olunan səfərin müstəsna əhəmiyyəti vardır. Əvvəla, səfər zamanı Azərbaycanın dövlət başçısına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərilib. Belə ki, fevralın 20-də Romada Kuirinale Sarayında (Prezident Sarayı) rəsmi qarşılanma mərasimi zamanı Prezident İlham Əliyevi süvari dəstəsi müşayiət edib, Onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar. Bununla yanaşı, Azərbaycan Prezidenti və birinci xanımı həmin gün Romada “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət edərkən dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb, mərkəzi meydan avtomobillərin hərəkəti üçün bağlanıb.
Ümumiyyətlə, Azərbaycanın Prezidentinin İtaliyaya dövlət səfərinin proqramı zəngin olub. Prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü baş tutub. Daha sonra Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti Kaselatti və Deputatlar Palatasının Sədri Roberto Fiko ilə görüşlər keçirib. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Onlardan 17-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra onların iştirakı ilə imzalanıb və mübadilə olunub. Digər sənədlər səfərin ikinci günündə baş tutmuş biznes forumu çərçivəsində imzalanıb. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edir.
Səfərin birinci gününün axşamı Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə çıxış etmiş dövlət başçıları Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər. Daha sonra dövlət başçıları və nümayəndə heyətləri üçün “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.
Səfər çərçivəsində Prezident İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib. Səfərin ikinci günü isə dövlət başçısı Azərbaycan-İtaliya biznes forumunda iştirak edib.
Səfərin son günündə Prezident İlham Əliyev həmçinin Roma şəhər Meriyasını ziyarət edib və Romanın meri Virginia Raggi tərəfindən qarşılanıb. Görüşdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Roma Meriyası arasında Bəyannamə imzalanıb. Sonda dövlət başçımız Meriyanın xatirə kitabına ürək sözlərini yazıb. Şübhə yoxdur ki, Azərbaycan və İtaliyanın paytaxtlar səviyyəsində əməkdaşlığı ölkələrimiz arasında sıx dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək.
Bu məqamda onu da qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya 5 dəfə səfər edib. Bunlardan üçü rəsmi səfər (fevral 2005, noyabr 2008, iyul 2014), ikisi isə işgüzar səfər (iyun 2011 və iyul 2015) olub.
Romada imzalanan birgə Bəyannamədə Azərbaycanla İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə ediblər
Onu da vurğulayaq ki, bəhs olunan səfər çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması birgə Bəyannamənin siyasi yükünü daha da artırır. Birgə Bəyannamə Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni yüksək səviyyəyə qədəm qoymasını şərtləndirən bir sənəddir. Birgə Bəyannamə Azərbaycanın digər ölkələrlə belə bir adda imzaladığı ilk sənəd olması, o cümlədən “Böyük Yeddiliyin” üzvü olan ilk ölkə ilə imzalanması nöqteyi-nəzərindən də əhəmiyyətlidir.
Birgə Bəyannamənin adından da göründüyü kimi, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün sahələrdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar. Bu səbəbdən də sənəd çoxölçülü, çoxşaxəli, hərtərəfli tərəfdaşlığın, müxtəlif sahələrdə - siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət, xalqlararası təmaslar və digər istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir.
Birgə Bəyannamədə tərəflər bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Keçən həftə baş tutmuş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə Azərbaycan Prezidentinin tarixi çıxışı ilə Ermənistana vurulmuş diplomatik zərbədən sonra Avropa İttifaqının aparıcı üzv ölkəsinin Baş Naziri ilə imzaladığı strateji sənəddə münaqişə ilə bağlı respublikamızın mövqeyini əks etdirən müddəaların qəbul edilməsi dövlət başçısının növbəti əhəmiyyətli nailiyyətidir. İtaliya özü də ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Ümumiyyətlə, Minsk prosesi çərçivəsində İtaliya çox böyük fəallıq göstərib. Vaxtilə ATƏM-in Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun ilk sədri də məhz italiyalı diplomat Mario Rafaelli olmuşdur. Yeri gəlmişkən, Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində İtaliyanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini yüksək dəyərləndirib. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Eyni zamanda, Birgə Bəyannamədə tərəflər Cənub Qaz Dəhlizinin tam şəkildə fəaliyyət göstərməsinə və Azərbaycan qazının Avropaya daşınmasına imkan yaradacaq, bununla da təbii qaz mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi ilə Avropa enerji təhlükəsizliyini gücləndirəcək Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin vaxtında tamamlanması üçün səylər göstərəcəklərini bəyan edirlər.
2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dolları ötüb
Azərbaycanla İtaliya arasında siyasi dialoqun yüksək səviyyədə olması öz növbəsində iki ölkə arasında möhkəm iqtisadi əməkdaşlıq qurulmasına, ticarət dövriyyəsinin getdikcə genişlənməsinə əlverişli zəmin formalaşdırıb. Bunu statistik rəqəmlər də təsdiqləyir. Yeri gəlmişkən iki ölkə arasında ticarət dövriyyəsinin getdikcə artması Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində də vurğulanıb. “İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür”, - deyə Prezident İlham Əliyev ziyafətdəki çıxışında bildirib.
Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb. Ümumiyyətlə, İtaliya şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından yuxarı olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mühüm bir qolu enerji sektorunu əhatə edir. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi baş verməyib, respublikamız özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Bu gün İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub.
Hazırda Azərbaycanın təşəbbüsü əsasında XXI əsrin layihəsi sayılan Cənub Qaz Dəhlizi uğurla reallaşdırılır. Cənub Qaz Dəhlizində Azərbaycan başlanğıc nöqtəsi, İtaliya isə yekun nöqtəsidir. Prezident İlham Əliyev bəhs olunan dövlət ziyafətindəki çıxışında vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan və İtaliya bu layihə vasitəsilə 5 ölkəni, nəticə etibarilə ümumilikdə 7 ölkəni, Xəzər dənizi ilə Aralıq və Adriatik dənizlərini birləşdirirlər. Bu layihə onilliklər ərzində ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edəcəkdir. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, İtaliya tərəfi həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinə də maraq göstərib.
Vurğulandığı kimi, səfər çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı İtaliya şirkətlərinin rəhbərləri ilə görüşü olub. Bu görüş çərçivəsində İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında iştirakı məsələsi müzakirə edilib. Nəzərə alınmalıdır ki, İtaliya dünyanın 7-ci iqtisadiyyatıdır və “Böyük Yeddilik” ölkəsidir. İtaliya şirkətləri qabaqcıl texnoloji yeniliklərə və nou-xaulara malikdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, səfərin ikinci günündə Romada hər tərəfdən 100-ə yaxın şirkətin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib. Bu şirkətlər sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edirlər. Prezident İlham Əliyev biznes forumunun açılışında çıxış edib. Bildirmək yerinə düşər ki, 2018-ci ilin iyul ayında İtaliya Prezidenti S.Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində də Bakıda biznes forumu baş tutmuşdu. İki ölkənin iş adamları arasında dövlət başçılarının iştirakı ilə belə görüşlərin keçirilməsi ənənəvi hal almaqla yanaşı, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

