Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropadan ABŞ-a zərbə - NATO dağılır

Avropadan ABŞ-a zərbə - NATO dağılır

02.11.2021 [10:19]

Fransanın “İttifaq ordusu” ideyası köhnə qitəni parçalaya bilər

Avropa İttifaqı (Aİ) ordusunun yaradılması məsələsi yenidən aktuallaşır. Belə ki, Avstraliya, İngiltərə və ABŞ-ın yeni “AUKUS” adlı hərbi-siyasi alyans yaratması Fransanın köhnə-təzə ideyasını gündəmə gətirib. Bu ölkənin müdafiə naziri Florens Parli NATO-ya Avropa İttifaqının vahid ordusunun yaradılması ilə barışmağı məsləhət görüb. “Avropa müdafiəsi NATO-ya qarşı deyil, əksinə qurulur: Avropanın möhkəmlənməsi alyansın gücləndirilməsinə və həyat qabiliyyətinin artırılmasına kömək edəcək”, - deyə Parli bildirib. Artıq bir neçə ildir ki, səsləndirilən bu fikir Avropa Parlamentinin (AP) ən böyük partiyası olan Avropa Xalq Partiyası tərəfindən də dəstəklənib.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bəyan edib ki, Aİ ümumi silahlı qüvvələrinin yaradılması NATO-nun zəiflədilməsi kimi neqativ effekt yaradar və Avropa Birliyinin özünün parçalanmasına gətirər. O, dəqiqləşdirib ki, problemin kökündə maliyyə məsələsi dayanır. NATO-nun müdafiə xərclərinin 80 faizi alyansın Aİ-dən kənar üzvlərinin payına düşür. Bunlar ABŞ, Böyük Britaniya, İslandiya, Norveç, Kanada və Türkiyədir. Bununla belə, adıçəkilən dövlətlər Avropanın təhlükəsizliyinin açar oyunçularıdır.

Avroatlantik alyansda inkişaf edən proseslərlə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov bildirib ki, bu fikir Fransa ilə yanaşı Avropa İttifaqının bir sıra strukturlarında da müxtəlif vaxtlarda səslənib. NATO rəhbərliyinin bu ideyaya münasibətinin heç də pozitiv olmadığını deyən K.Bayramovun fikrincə də, Aİ ordusunun yaradılması ideyası NATO-nu zəiflədəcək: “NATO baş katibinin bildirdiyi kimi, bu addım Avropanın parçalanmasına da gətirib çıxara bilər. Ən əsası, NATO-nun aparıcı ölkəsi olan ABŞ anlayır ki, Aİ ordusunun yaradılması onun Avropadakı mövqelərini zəiflədə bilər. Aİ vaxtilə yalnız iqtisadi məqsədlər üçün yaradılmışdısa, artıq ordu yaratmaq niyyətinə düşüb. Bu, Avrozona ölkələri ilə NATO arasındakı soyuq münasibətlərdən və fikir ayrılıqlarından qaynaqlanır”.

Aİ ordusunun yaradılmasının Avroməkana daha çox ziyan gətirəcəyini  düşünən K.Bayramovun sözlərinə görə, hazırda Avropanın təhlükəsizliyinə cavabdeh olan NATO-da əsas “yük” ABŞ, Türkiyə, Kanada kimi Aİ üzvü olmayan ölkələrin üzərinə düşür. Bu ölkələr Avroatlantik alyansın fəaliyyətində aparıcı gücə malikdir. Əsas müdafiə xərcləri də Aİ-yə daxil olmayan tərəfdaşlar tərəfindən qarşılanır. “Aİ üzvü olmayan Norveç, İslandiya kimi ölkələr də NATO-nun müdafiə xərclərinin qarşılanmasında mühüm rol oynayır.  Bu cür addımların atılması Avropanın Trans Atlantik, TransAsiya əlaqələrinə mənfi təsir göstərəcək. Fikrimcə, Aİ ordusu ilə bağlı “planlar” bəyanatlardan uzağa getməz. Çünki bu qərar bir çox tərəflər üçün təsirsiz ötüşməyəcək”, - deyən K.Bayramov onu da əlavə edib ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə də NATO üzvüdür və qurumun əsas aparıcı qüvvələrindəndir. Onun sözlərinə görə, Türkiyə bu gün istər Cənubi Qafqazda, istər Asiyada, istərsə də Avropada mühüm siyasi aktor kimi qəbul edilir: “Türkiyənin Avropada, Asiyada, yaxın regionda təsir qüvvəsi böyükdür. Bu mənada inanmıram ki, Aİ ordusu ilə bağlı hər hansı bir qərar Türkiyəyə böyük təsir göstərsin. Türkiyə müstəqil siyasət həyata keçirir və xüsusilə də, NATO çərçivəsində böyük önəmə malikdir”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Fransanın bu təkliflə çıxış etməsini prezident Makronla əlaqələndirib. Onun sözlərinə görə, rəsmi Paris məhz Emmanuel Makronun prezident seçilməsinin ardından bu təkliflə çıxış edib. Burada isə məqsəd bəllidir: “Artıq ABŞ ilə Avropa arasında siyasi, hərbi və digər sahələrdə maraqlar toqquşur. Avropa ABŞ-dan ayrılmağın zamanının çatdığını düşünür. Fikrimcə, Fransa tarixinə ən uğursuz siyasətçi kimi düşəcək Makronun Aİ ordusu ideyası reallaşmayacaq. Çünki ortada NATO adlı güc var. Vaxtilə ABŞ NATO-nu yaratmaqla Avropanı SSRİ təhdidi qarşısında qoruyurdu. Amerika Avropanı öz əlinə “toparlamışdı” və “təhdid” bəhanəsi ilə Avropada çox effektiv şəkildə hərbi, siyasi, iqtisadi dominantlığını təmin etmişdi”.

Z.Məmmədovun fikrincə, qeyri-real görünən bu ideya indiki halda Avropadan daha çox Rusiyanın maraqlarına cavab verir. Hətta bu ideyanın ortaya çıxmasından sonra bəzi ekspertlər burada gizli Rusiya-Fransa razılaşması izləri də axtarmışdı: “Amerikanın Avropadan çəkilməsi ən çox Kremlin maraqlarına xidmət edir. Türkiyəyə gəldikdə isə, bu dövlət gücünə, ordusuna görə NATO-nun əsas lokomotivlərindən sayılır. Fikrimcə, bu ideya Türkiyəyə hansısa təsir göstərə bilməz”.

Pərviz Sadayoğlu

Paylaş
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31