Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Paradların birində mən demişdim...

Paradların birində mən demişdim...

06.11.2021 [10:58]

4 il öncə Ali  Baş Komandandan Zəfər paradının müjdəsi

Zəfər paradının 1-ci ildönümü - Şərəf və qürur bayramı

Düz bir il öncə Milli Qürur Savaşımız qələbəylə başa çatdı.İllərdir köksümüzə batmış, yarası qan verən xain xəncərini dartıb çıxarmağı, düşmənin gözünə saplamağı bacarmış ordunun Zəfər paradı dostlara qürur, düşmənə göz dağı oldu.

Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradından 3000 qalib əsgər keçdi. İzləyən hər kəsin qürurdan köksü qabarmış, gözləri sevincdən yaşarmışdı. Bu qələbə qurbansız ötüşməmişdi.Qələbə paradında addımlayan hər əsgərimizin və bu paradı fəxarətlə izləyən hər azərbaycanlının ürəyində 2914 şəhidimizin adı himn kimi oxunurdu. Bu parad  düşmənin 30 il ərzində qurduğu istehkamları yararaq keçmiş, Şuşanı yalın əllə almış, bütün döyüşlərdən qalib çıxmış, şəhid və qazilər versə də, sınmamış ordumuzun, bütöv Azərbaycanın qalibiyyət yürüşü idi.

Hərbi paradda nümayiş etdirilən Azərbaycan Ordusuna məxsus ən müasir hərbi texnika, o cümlədən raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, təyyarələr, hərbi gəmilər Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də onu göstərdi ki, bundan sonra heç kəs bir daha Azərbaycanla güc və təzyiq dilində danışa bilməz.

Bu paradla xalqımızın dünyaya nə demək istədiyini bir cümlə ilə təsvir etmək olsaydı, deyərdim - Bu bizik, qüdrətli ordumuz,  od ürəkli oğullarımız, xalqa arxalanan və xalqın arxalandığı liderimiz var.

Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla aparılıb,  büdcədən orduya ayrılan bütün vəsait özünü doğruldub. Azərbaycan Silahlı Qüvvələri bu gün regionda modern texnika ilə təchiz edilən, yüksək nizam-intizama malik bir quruma çevrilib.

Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin əvvəlindən sonuna qədər  Azərbaycanın haqq işinə dəstək verdi. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında Azərbaycan Prezidenti ilə çiyin-çiyinə, qardaş ölkənin rəhbəri cənab Ərdoğanı görmək hər bir azərbaycanlını çox xoşbəxt etdi.

Şəxsən mənim üçün ən yadda qalan məqamlardan biri də paraddan bir gün öncə Bakı küçələrində addımlayan, gur səsi ilə Azərbaycana sevgisini izhar edən türk komutan minbaşı Harun Ergen idi. Ertəsi gün isə bütün dünyanın gözü qarşısında bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyi xüsusi nümayiş olundu. Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgəri (2020-ci ilin dekabrında şəhidlərimizin sayı bu qədər elan edilmişdi) Zəfər paradımızda iştirak etdi.  Bu Türkiyə və Azərbaycan  qardaşlığının ən gözəl nümunəsi idi. Azərbaycanın canından keçmiş hər bir oğlunun yerinə, Türkiyə özünün bir igidini göndərmişdi.

Parad müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyevin komandanlığı altında keçdi.  3000 nəfərdən artıq şəxsi heyətin, 150-yə qədər  hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın hərbi gəmi və katerlərin nümayişi oldu. Bu müharibədə bizim bayraq sevgimiz yenidən doğulmuşdu. 44 gün ərzində bütün evlərdə, eyvanlarda, iş yerlərində, küçələrdə, bütün avtomobillərdə bayraqlar gördük. Zəfər paradında da meydana ilk girən bayraqlar oldu. Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqları Azadlıq meydanına gətirildi.

Bu yerdə İlham Əliyevin çıxışından bir parçanı xatırlatmaq da yerinə düşərdi: “Paradların birində mən demişdim ki, Zəfər paradına 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. Bəli, Ali  Baş Komandan  4 il öncədən Zəfər paradının müjdəsini vermişdi.

Sonra müqəddəs müharibəmizdə əvəzsiz rol oynamış qoşun növlərini bir-bir tanıdıq: Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları, Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, Birinci, İkinci, Üçüncü, Dördüncü, Altıncı  Ordu Korpusunun döyüşçüləri, Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının heyəti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları tribuna önündən keçdilər. Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri dənizdən boy göstərdi.

Sonra böyük qürurla Vətən müharibəsinin qazilərinin Zəfər paradında tribuna önündən keçməsini izlədik və ürəyimizdən  ən tikan çıxaran məqam da işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyümüz 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiyanın nümayişi oldu.

Qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbəydi. Azərbaycan Ordusunun Zəfər paradı Ermənistanın havadarlarına verilən  güclü və görüntülü mesaj idi.

Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları düşmənlərə də, bu silahı onlara satanlara da ağır zərbə idi.

Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşunu izləmək isə bir başqa vüqar verdi bizə. Bu qələbə bizim itmiş inamımızı, özgüvənimizi geri qaytardı, bu qələbəylə biz özümüzü daha çox sevməyə başladıq, bu qələbə bizə  “Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM” sözlərini bütün varlığımızla hiss etməyi öyrətdi.

“Sevinc, xoşbəxtlik, azadlıq, sevgi, qürur, qüdrət, şərəf, milli birlik, fəxr, dildən -dilə düşəcək qəhrəmanlıq dastanı, namus sözlərini lakonik ifadə et” desələr mən “Zəfər paradı” deyərdim. Bəli, bu bizik, biz qalib Azərbaycanıq!.

İlhamə Rəsulova

 

Paylaş
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31