Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir güllə atılmadan azad edilən Kəlbəcər!

Bir güllə atılmadan azad edilən Kəlbəcər!

25.11.2021 [10:04]

Kəlbəcər rayonunun işğaldan azad olunmasından bir il ötür. Azərbaycan xalqı uzun illər idi ki, Kəlbəcərin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad olundu və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin bir daha təsdiqidir.

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanatla Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana təhvil verilib. Əslində bəyanata əsasən rayon noyabrın 15-də qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəmişdi. Nəhayət, noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Rayonun işğalı

Kəlbəcər 1993-cü il aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altında olub.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

Bütün kəlbəcərlilər bayram ab-havasındadırlar

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev rayonun azad olunmasının bir illiyi münasibəti ilə bağlı təəssüratlarını “Yeni Azərbaycan”la bölüşüb.

“Ali Baş Komandanımıza və torpaqlarımız uğrunda can verən şəhidlərimizə bizə bu gözəl günləri yaşatdıqları və xəyallarımızı gerçəkləşdirdikləri üçün təşəkkürlərimizi bildiririk. Kəlbəcərimiz artıq bir ildir ki, düşmən tapdağından azad olunub. Təəssüratlarımızı sözlə ifadə etmək çox çətindir. Hazırda bütün kəlbəcərlilər bayram ab-havasındadırlar. Rayonun azad edilməsinin birinci ildönümü ilə bağlı müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bakıda deputatlar və ziyalılarımızla birlikdə Fəxri Xiyabana gedib şəhidlərimizi yad edəcəyik. Eyni zamanda, Gəncədə də müəyyən tədbirlərimiz keçiriləcək”.

E.Mehtiyev qeyd edib ki, vətəndaşlarımız tezliklə Kəlbəcərə getməyi, dədə-baba yurdlarına baş çəkməyi arzulayırlar:” Onlar doğma torpaqlarına qayıtmaq üçün tələsirlər. Lakin torpaqların minalardan təmizlənməsi bu dəqiqə ən vacib məsələlərdən biridir. Məlumdur ki, Kəlbəcərin iqlimi digər rayonlardan fərqlənir. Bu baxımdan, mina təmizləmə işləri ciddi olaraq həyata keçirilməlidir. Kəlbəcər ərazisinə görə respublikamızın ən böyük rayonudur. Ona görə də minalardan təmizləmə işləri müəyyən qədər vaxt tələb edən işdir. Təbii ki, hər birimiz doğma yurdumuzda yaşamaq istəyirik, amma təhlükə var. Ona görə vətəndaşlar arasında bu istiqamətdə geniş maarifləndirmə işi aparmaq lazımdır. Torpaqlarımızın minalardan təmizlənməsi tam yekunlaşdıqdan sonra böyük qayıdışın şahidi olacağıq”.

Respublikamızın ən tanınmış ərazisi məhz Kəlbəcər olacaq

Kəlbəcər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Əli Alışanov Kəlbəcərin Azərbaycanın ən dilbər güşələrindən biri olduğunu vurğulayıb.

Ə.Alışanov bildirib ki, bu gün Kəlbəcərin düşmən tapdağında olmaması xüsusilə kəlbəcərliləri sevindirir:

“Cənab Prezidentin apardığı daxili və xarici siyasət nəticəsində, eyni zamanda, Vətən oğullarımızın canı və qanı bahasına alınan Kəlbəcərimiz bizim üçün daha doğma və əzizdir. İnanmıram ki, hansısa kəlbəcərli doğma yurduna qayıtmamağı düşünsün. Bu rayon yeraltı və yerüstü sərvətləri ilə zəngindir. Kəlbəcər qızıl və digər sərvətləri ilə yanaşı İstisu ilə məşhur olan ərazidir. Əminliklə deyə bilərəm ki, gələcəkdə respublikamızın ən tanınmış ərazisi məhz Kəlbəcər olacaq. Ölkə başçısı Tərtərdəki kəlbəcərli vətəndaşlarla görüşərkən belə bir cümlə işlətmişdi: “Kəlbəcər Azərbaycanın ən gözəl yerlərindən biridir”. Çünki cənab Prezident Kəlbəcərə səfəri zamanı bunu dəqiq görmüşdü. Məlumdur ki, Kəlbəcər həsrəti ilə dünyaya əlvida deyən vətəndaşlarımız olub. Bu baxımdan, Kəlbəcər deyəndə təkcə dağlıq ərazi yox, Vətənimizin havası, suyu və təbiəti ilə seçilən torpağını nəzərdə tutmalıyıq. İnanıram ki, vətəndaşlarımız azad olunan torpaqlarımıza gedəcəklər. Hər kəsə bəllidir ki, dövlətimiz də bu istiqamətdə mühüm işlər görür. Ali Baş Komandanımız işğaldan azad olunan digər ərazilər kimi Kəlbəcərin də sosial və iqtisadi inkişafı üçün vacib siyasət yürüdür”.

Yeganə Bayramova

 

Paylaş
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31