Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Ukrayna düyünü” bu dəfə də açılmadı

“Ukrayna düyünü” bu dəfə də açılmadı

10.12.2021 [10:24]

Bayden-Putin danışıqlarının növbəti mərhələsi də nəticəsiz oldu

P.İsmayılov

Uzun müddətdir gözlənilən və dekabrın 7-də baş tutan Bayden-Putin görüşü iki ölkə arasındakı mövcud problemlərə son qoya bilmədi. Başqa sözlə, Rusiya ilə NATO-nun “Ukrayna düyünü” yenə də çözülmədi.

Hər iki tərəf Ukraynada hərbi toqquşmanı lüzumsuz saysa da, prosesin yumşalması üçün geriyə addım atmır. Son nəticə isə budur: dialoq davam etməlidir.

Təbii ki, Ukrayna faktoru Qərb-Rusiya qarşıdurmasında yalnız bir komponent olsa da, olduqca mühümdür. Belə ki, Qərb, konkret olaraq ABŞ NATO-nu Şərqə tərəf daha da “sürüşdürərək” Ukraynaya, hətta Gürcüstana çatdırmaq istəyir. Rusiya isə bu təhlükənin qarşısını indidən almaq niyyətindədir. Ekspertlərin qənaətinə görə, Rusiyanın bir ultimatumu var - Ukrayna NATO ölkəsi olacaqsa, hərbi müdaxilə qaçılmazdır. Tərəflər arasında fikir toqquşmasının əsas səbəbi də məhz budur.

Siyasi analitiklər qeyd edirlər ki, Baydenin timsalında Qərb əlinə düşmüş fürsətdən maksimum yararlanmaq niyyətindədir. Rusiyaya və Çinin timsalında onun əsas müttəfiqlərinə qarşı yeni demarşın görüntüsü NATO-nun şərqə doğru genişlənmə planı olsa da, əsl mahiyyət başqadır. ABŞ yeni siyasi situasiyada qlobal liderliyi tam əldə etmək üçün çalışır. Qarşısındakı ən böyük iki maneəni - Rusiya ilə Çini isə məhz NATO-nun əli ilə zərərsizləşdirməyə çalışır. Rəsmi Vaşinqtonun qısa müddətdə ətrafında hərbi bloklaşma yaratması faktı da buradan qaynaqlanır. Hətta uzaq Avstraliya da indiki zamanda ABŞ üçün hava-su kimi lazımlı bir müttəfiqə çevrilib. Hərbi qarşıdurma baş verəcəyi halda, Çinə Atlantik okeanı üzərindən məhz Avstraliya vasitəsilə müdaxilə etmək daha rahat olar.

Rusiya isə belə bir situasiyada geriçəkilmənin intihar olduğunu görür. Kremlin “Ukrayna NATO ölkəsi olmayacaq” tələbi də buradan qaynaqlanır. Tələbin maraqlı tarixi var: Almaniya Federativ Respublikası Almaniya Demokratik Respublikası ilə birləşərkən və sovet qoşunları keçmiş sosialist Almaniyasını tərk edərkən ABŞ və Avropa dövlətləri NATO-nun genişlənməyəcəyini SSRİ-nin o zamankı lideri Mixail Qorbaçova vəd etmişdilər. Ancaq Vaşinqton və Brüssel şifahi verdikləri vədi yerinə yetirmədilər. Bu baxımdan, Şərqi Avropanı NATO-ya təslim etmiş Rusiya yeni bir manipulyasiya ilə qarşılaşmaq istəmir, yazılı təminat axtarışındadır. Və bunu özünün qırmızı xətti sayır. Rusiya həm də Ukraynanın və Gürcüstanın “NATO ölkəsi” olandan sonra davranışlarında hansı dəyişiklikləri edəcəyini indidən proqnozlaşdıra bilmir.

ABŞ da öz planlarından vaz keçmək niyyətində deyil. Rəsmi Vaşinqton guya tərəfini tutduğu bu ölkələrdən sırf öz niyyəti üçün istifadə etmək arzusundadır. Sual yaranır ki, Rusiyanın cənubunda yerləşən və önəmli NATO ölkələrindən sayılan Türkiyəni niyə işə qata bilmir? Bəli, sualın cavabı da elə özündədir. ABŞ Türkiyəni bu qarşıdurmaya sürükləyə bilmədi.  Türkiyə NATO ölkəsi olsa da, öz maraqlarından kənar hər hansı bir addım atmır. Bunu Rusiya da təsdiqləyir. Məsələn, Kremlin sözçüsü Dmitri Peskov Yunanıstana “məsləhəti”ndə də Türkiyənin Rusiya ilə əməkdaşlığını nümunə göstərib. Peskov bu barədə Yunanıstanın ANT1 nəşrinə müsahibəsində bildirib. “NATO üzvlüyünə baxmayaraq, Türkiyə Rusiya Federasiyası ilə çox yüksək səviyyədə hərbi-texniki əməkdaşlığa malikdir. Biz onunla qarşılıqlı ikitərəfli layihələr həyata keçiririk. Çünki onlar NATO üzvlüyünə baxmayaraq, milli maraqları çərçivəsində hərəkət edirlər və kifayət qədər suverendirlər”, -deyə Peskov bildirib. 

Bu fakt bir daha onu təsdiqləyir ki, ABŞ-ın formalaşdırmağa çalışdığı anti-Rusiya koalisiyası hazırlanmış planın həyata keçirilməsi üçün bir vasitə olacaq.

 

 

Paylaş
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31