Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Növbəti görüş yeri - Sankt-Peterburq...

Növbəti görüş yeri - Sankt-Peterburq...

28.12.2021 [09:53]

 

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında yeni görüşün anonsu verildi

Pərviz Sadayoğlu

İkinci Qarabağ müharibəsindən ötən bir il ərzində imzalanmış üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan artıq geriyə addım atmaqdadır. Ötən dövr ərzində iki dövlətin rəsmiləri, dövlət və hökumət rəhbərləri arasında keçirilən görüşlər öz müsbət nəticəsini verir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında ölkəsinin Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib. O qeyd edib ki, rəsmi İrəvan bu mövzuda danışıqların başlanmasında və ən dinc müqavilənin imzalanmasında maraqlıdır. Erməni baş nazir vurğulayıb ki, hərtərəfli həll və hərtərəfli sülhün bərqərar olması Ermənistanın ən mühüm məqsədlərindən biridir. O qeyd edib ki, Azərbaycanla bütün hazırkı müzakirələrə məhz bu istiqamətdə baxmaq lazımdır. Bu arada, dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının qeyri-formal görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tuta bilər. Bununla bağlı da N.Paşinyan məlumat verib.

Hazırda əsasən kommunikasiyaların açılması və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələr aparılır. Soçi və Brüssel görüşlərindən sonra bu istiqamətlərdə effektiv addımların atılması gözlənilir. Bu mənada, Sankt-Peterburqda keçiriləcək görüş, aparılacaq müzakirələr də böyük maraq kəsb edir.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan görüşdə sülh perspektivləri ilə bağlı fikir mübadilələrinin aparılacağının mümkünlüyünü vurğulayıb. Paşinyanın son mətbuat konfransına diqqət çəkən İ.Vəlizadənin fikrincə, bu açıqlamalar onu göstərir ki, Paşinyan Ermənistanın sülhlə bağlı prosesin başlanmasına hazır olduğunu nümayiş etdirməyə çalışır. Bununla belə, iki ölkə arasında davamlı sülh sazişinin imzalanması məsələsi hələ də çətin görünür: “Buna həm də müəyyən vaxt lazımdır. İndiki halda bu çətin bir məsələdir. Çünki Ermənistanın əsassız iddiaları aradan qalxmayıb. Nəzərə alınmalıdır ki, indiki halda onların sülh prosesinə hazır olduqlarını səsləndirmələri belə müsbət məqamdır. Bu onu göstərir ki, Paşinyan da yeni müharibənin gündəmə gəlməsini istəmir. Təbii ki, bir il öncə baş verən müharibədən lazımi dərsi çıxarıblar”.

Sankt-Peterburq görüşü öncəsi Ermənistan tərəfinin daha “isti” fikirlər səsləndirdiyini deyən politoloqun fikrincə, bu, rəsmi İrəvanın 2020-ci ildən sonrakı reallıqları yavaş-yavaş qəbul etdiyinin göstəricisidir. Sülh prosesinə başlanılması, nəqliyyat dəhlizlərinin açılması ilə bağlı mesajlar mühüm bir nəticədən xəbər verir. “Bu reallıq sülh proseslərini qaçılmaz edir. Əslində, Ermənistan özü də dərk edir ki, sülhdən başqa çıxış yolu yoxdur. Paşinyan görür və anlayır ki, dünyada sülhə sitayiş daha çoxdur. İstər Soçi görüşünün vasitəçisi olan Rusiya, istərsə də Brüssel görüşünün təşkilatçısı olan Avropa İttifaqı sülh istəyir. Bu vəziyyətdə müharibədən danışmaq əbəs olardı. Bununla belə, təəssüflər olsun ki, sülhü hərə bir cür başa düşür. Azərbaycan regionda davamlı sülhə nail olmaq istəyir. Ermənistan müvəqqəti sülh üçün manipulyasiyalara, müəyyən manevrlərə əl ata bilər. Əminəm ki, Azərbaycan Ermənistanı davamlı sülhə doğru yönəltmək üçün əlindən gələni edəcək”, - deyə İ.Vəlizadə əlavə edib. 

 

 

 

Paylaş
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31