Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Silahlı Qüvvələrimiz yeni mərhələdə...

Silahlı Qüvvələrimiz yeni mərhələdə...

14.04.2022 [10:09]

Daha güclü, daha müasir

Sadiq İSMAYILZADƏ

Post-müharibə dövründə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsi dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir. Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bir daha ordu quruculuğu məsələsi diqqət mərkəzində olub. Ölkə başçısı bildirib ki, müharibənin 44 gününün hər biri dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq: “Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək”.

Elit hərbi birlik - “Komando”

Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ümumiyyətlə, yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək gücündədir. Bununla belə, hər zaman inkişafa əsaslanan Azərbaycan müasir ordu bölmələrinin yaradılması sahəsində əsaslı addımları ilə seçilir. Prezident İlham Əliyev sözügedən müşavirədə müharibədən sonra yaradılan yeni qoşun növü- “Komando” növü ilə bağlı fikirlərini bölüşüb. Dövlət başçısı bildirib ki, bu, çox güclü bir qoşun növüdür: “Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando” hərbi hissələri bütün döyüş tapşırıqlarının icrasını hər an yerinə yetirməyə hazır hərbi qrupdur. Ümumiyyətlə, komandolar fiziki və nəzəri hazırlıqları yüksək olan hərbçilərdir. Onlar qısa müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirdərək vəziyyəti qiymətləndirib hədəfi məhv etmək bacarığına malikdirlər. Qeyd edək ki, Azərbaycan “Komando” qrupu Türkiyənin “Kommando”, “Bordo bereli” “SAT-SAS”, ABŞ-ın “Reyncer”, “Delta forçe”, Rusiyada “Alfa”, “Vımpel”, “Delta”, İsraildə “Amor”, Böyük Britaniyanın “Kommandos”, “Skorpion”, Finlandiyanın “Yeger”, Gürcüstanın Xüsusi Əməliyyatlar Qrupu (Group “A”), Azərbaycanın isə “Yarasa”, “Qartal”, “Şahin”, “Vaşaq”, “Əqrəb” və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələri ilə eyni statusa malikdir. Yeni yaradılan Komando birliyi elit hərbi birlik sayılır və bütün coğrafi şəraitlərə uyğun əməliyyatları apara bilirlər.

Lazımi vəsait ayrılır və ayrılacaq

Prezident İlham Əliyev II Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələr ilə bağlı fikirlərini də bölüşüb. Dövlət başçısı qeyd edib ki, müharibədən sonrakı dövrdə Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Dövlət başçısı qeyd edib ki, hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır: “Biz öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq”.

II Qarabağ müharibəsi dövründə qəhrəmanlıqları dastana dönən Xüsusi Təyinatlı Qüvvələr bu gün Azərbaycan Ordusunun ən aparıcı bölmələrindən sayılır. Xüsusi döyüş tapşırıqlarını yerinə yetirmək, kəşfiyyat xarakterli öndöyüşlərdə yer almaq, qısa zamanda ən minimal itkilərlə düşmənə zərbə vurmaq, ağır coğrafi relyeflərdə əməliyyatlar keçirmək kimi ağır döyüş strategiyasına malik Azərbaycan XTQ-si ən müasir silahlarla təchiz olunub. Ümumiyyətlə, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini, texniki təchizatını artırıb. Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib.

Ən əsası isə dövlətimizin ordu quruculuğuna ayırdığı vəsait Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin arsenalında olan müasir silah kompleksləri və idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sosial

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

25 May 10:30

MEDİA

Siyasət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31