Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nüvə müharibəsi qapıdadır...

Nüvə müharibəsi qapıdadır...

27.04.2022 [10:18]

III Dünya müharibəsinin veteranları olmayacaq

Taleh AĞAVERDİYEV

1985-ci ilin noyabrında, SSRİ-Amerika münasibətlərinin tənəzzülə uğradığı bir vaxtda, Cenevrədə keçirilən Nüvə silahsızlanması üzrə Sammitdə Mixail Qorbaçov və Ronald Reyqan arasında ilk görüş keçirildi. İclasın yekunu olaraq bəyanat qəbul edilib. O bəyanatda deyilirdi ki, “nüvə müharibəsini udmaq mümkün deyil və onu başlamaq olmaz”. Bu bəyanat çox əhəmiyyətli idi, çünki o vaxta qədər hər iki ölkə bir-birilərini böyük nüvə arsenalı ilə məhv etməyə hazır olduqlarına inanırdılar. Sonradan bu bəyanat, SSRİ ilə ABŞ arasında strateji və hücum silahlarının məhdudlaşdırılmasına dair müqavilələrin bağlanmasına və nəticədə “soyuq müharibənin” sona çatmasına gətirib çıxardı.

Bu gün dünyada nüvə münaqişəsi riski yenidən artır. Və Ukraynada başlayan hərbi əməliyyatlar dünyanı mümkün nüvə fəlakətinə daha da yaxınlaşdırdı. Belə ki, silahlı münaqişə başlayandan bir neçə gün sonra Vladimir Putin Rusiya ordusunun nüvə qüvvələrinin “xüsusi döyüş hazırlığı”na gətirilməsini əmr edib. Və bu gün Moskva NATO-nu Ukraynaya hərbi yardım göstərməkdən çəkindirməkdən əl çəkmir.

Hazırda bir çox ekspertlər, ölkələrin liderləri və rəsmi nümayəndələri nüvə təhlükəsindən açıq şəkildə danışırlar. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, “nüvə müharibəsi riskləri indi olduqca çoxdur, bu təhlükəni qiymətləndirməmək olmaz”. O, həm də bəyan edib ki, “Üçüncü Dünya Müharibəsinin başlanması real təhlükəsi var”. Bundan əlavə, Lavrov NATO-nun Ukraynaya qoşun yeritməyəcəyinə ümid etdiyini bildirib.

ABŞ-ın sabiq prezidenti Donald Tramp da öz növbəsində hesab edir ki, hazırkı prezident Co Bayden Vladimir Putinin nüvə təhdidlərinə sərt cavab verməlidir. Trampın sözlərinə görə, Putin dünyanın nüvə müharibəsi qorxusundan istifadə edir və bu onu nüvə təhlükələrinə daha tez-tez müraciət etməyə sövq edir. Eyni zamanda, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns xəbərdarlıq edib ki, Rusiyanın nüvə silahından istifadə etməsi təhlükəsinə “məsuliyyətsizcəsinə” yanaşmaq olmaz. Lakin o, ABŞ-ın Rusiyanın belə bir addım atmağa hazırlaşdığına dair hələ heç bir əlamət görmədiyini də vurğulayıb. ABŞ kəşfiyyatının son məlumatına görə, Putinin bu cür silahların hər hansı növündən istifadə etmə ehtimalı 1% səviyyəsindədir. Eyni zamanda, ABŞ bu ehtimaldan “soyuq müharibədən” bəri hər zaman olduğundan daha çox narahatdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson britaniyalılara müraciəti zamanı bildirib ki, kütləvi qırğın silahlarından istifadə olunarsa, Britaniya digər NATO ölkələri ilə məsləhətləşmələr aparmadan cavab zərbəsi endirmək hüququnu özündə saxlayır.

Əslində, nüvə münaqişəsi təhlükəsi artıq 2014-cü ildən sonra yenidən real konturlar almağa başladı. 2019-cu ildə ABŞ və Rusiyanın “Orta və yaxın mənzilli raketlərin ləğvi” haqqında müqavilədən çıxması dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb oldu. Bundan əlavə, 2021-ci ildə Rusiya nüvə materiallarının daşınması ilə bağlı ABŞ-la bağlanmış sazişdən çıxdı. Tərəflərin 4 fevral 2021-ci ildə başa çatmalı olan Strateji hücum silahlarının azaldılması haqqında Müqaviləni uzadıb-uzatmayacağı da məlum deyildi. Lakin sonda tərəflər əlavə şərtlər olmadan onu daha 5 il uzatmağa razılaşıblar.

Bu ilin yanvarında dünyanın ən güclü beş nüvə dövləti - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çin nüvə müharibəsinin qarşısının alınması və silahlanma yarışının qarşısının alınması haqqında birgə bəyanat imzalayıblar. Lakin hadisələrin inkişafı və bugünkü ölkə liderlərinin bəyanatları “nüvə beşliyi”nin yeni təşəbbüsünü şübhə altına alır. Bu bəyanat düzgün istiqamətdə atılmış bir addım olsa da, sözlər konkret hərəkətlərlə təsdiqlənmir. ABŞ, Rusiya və Çin öz nüvə və raket imkanlarını sürətlə modernləşdirir və genişləndirir. Digər nüvə dövlətləri də həmçinin.

Nüvə müharibəsi təhlükəsi çox real olaraq qalır. Rusiya ilə NATO arasında qarşıdurma ilə yanaşı, ABŞ və Çin arasında da Tayvanla bağlı gərginlik artır. Və bu gərginlik qeyri-müəyyən nəticələrlə tez bir zamanda nəzarətdən çıxa bilər.

Nüvə münaqişəsinə çevrilə biləcək toqquşmaların ehtimalını azaltmaq üçün daha çox işlər görülməlidir. Məsələn, nüvə silahı olan dövlətlər yeni çağırışlara cavab vermək üçün  risklərin idarə edilməsi üzrə yoxlanılmış alətləri qəbul etməli və tətbiq etməlidirlər. Bütün formalarda nüvə münaqişəsindən imtina əsas yanaşma olmalıdır. Əgər bu edilməsə, nüvə dövlətləri arasında mövcud silahlanma yarışı daha da güclənəcək. Ölkə liderləri ABŞ-ın keçmiş vitse-prezidenti Uolter Mondeylin dediyini xatırlamalıdırlar: “Üçüncü dünya müharibəsinin veteranları olmayacaq”.

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Prezident bu gün

Prezident bu gün

24 May 10:33

Analitik

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31