Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın mövqeyi həlledicidir!

Azərbaycanın mövqeyi həlledicidir!

30.04.2022 [10:15]

Mübariz ABDULLAYEV

Təxminən üç onilliyi əhatə edən zaman kəsiyində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Azərbaycan 44 günlük müharibədə qazandığı şanlı Zəfər sayəsində özünün ərazi bütövlüyünü təmin etməyə və regionda yeni reallıqlar yaratmağa nail oldu.

 Bəs müharibədən sonra regionun gələcəyi necə müəyyənləşəcək? Bu sualın cavabı qalib Azərbaycanın mövqeyindən asılıdır. Torpaqlarını hərbi-siyasi yolla işğaldan azad edən respublikamız hazırda əsas regional güc kimi qəbul olunur. Azərbaycanın yaratdığı reallıqlar regionda əməkdaşlıq üçün münbit zəmin formalaşdırıb. Müharibənin başa çatmasının nəticəsi olaraq imzalanan üçtərəfli Bəyanatda, eləcə də sonrakı mərhələdə Moskvada, Brüsseldə əldə olunan razılaşmalarda regionda kommunikasiyaların açılması şərt kimi irəli sürülüb. Ölkəmizin əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək, oradan da Türkiyəyə uzanacaq dəhliz bütün region dövlətlərinin, o cümlədən də Ermənistanın maraqlarına cavab verir. Dəhliz ətrafında yeni bir regional əməkdaşlıq formatının formalaşdırılması tam realdır. Bölgədə digər iqtisadi məzmunlu layihələrin reallaşdırılması da mümkündür. Ancaq bütün bunlar üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdir?lməsi lazımdır. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır. Ermənistanın işğal illərində törətdiyi cinayətlərə, dağıntılara rəğmən, respublikamız müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Prezident İlham Əliyev Azərbaycanın ədalət prinsipinə və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini dəfələrlə diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib: “Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”.

Ölkəmiz üçtərəfli Bəyanatda əksini tapan müddəaların həyata keçirilməsində maraqlı olduğunu həmişə təsdiqləyir və regionda davamlı sülhün yaradılmasının zəruriliyini təşviq edir. Azərbaycan Ermənistana sülh mesajını hələ bir il bundan əvvəl verib və sonradan bunu bir neçə dəfə təkrarlayıb. Bir qədər bundan əvvəl isə respublikamız sülh prosesini sürətləndirmək məqsədilə Ermənistana növbəti sənəd təqdim edib.  Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipləri əks olunub: Bunlar dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması və nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasıdır. Baza prinsipləri bütünlüklə beynəlxalq hüquqa istinad edilməklə hazırlanıb. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil etməlidir. 

Ermənistan bəhs olunan baza prinsiplərinin onun üçün məqbul olduğunu bildirsə də, praktiki müstəvidə sülhyaratma prosesi üçün heç bir əməli addım atmır. Ermənistanın müxalifət düşərgəsində yer alan partiyaların təmsilçiləri Azərbaycanla sülh danışıqlarına razılıq verdiyinə görə ölkənin hökumətinin ünvanına ağır ittihamlar səsləndirirlər. Öz növbəsində ölkənin hakimiyyətində təmsil olunan rəsmilər də üçtərəfli Bəyanatın, Moskvada və Brüsseldə əldə olunan razılaşmaların ruhuna zidd fikirlər səsləndirirlər. Beləliklə, vaxt uzanır və fürsətlər əldən verilir.

Məğlub Ermənistanın sülh prosesinə əngəllər yaradan yanaşmasına rəğmən, iki ölkə arasında vasitəçilik missiyasını üzərinə götürən Rusiyada və postmüharibə mərhələsində regionun yenidən dizayn edilməsində fəallıq göstərən, proseslərə öz töhfəsini verməyə çalışan Avropa İttifaqında Azərbaycanın ədalətli və prinsipial mövqeyi təqdir olunur. Aİ Şurasının prezidenti Şarl Mişel istər ötən ilin dekabrında, istərsə də cari il aprelin əvvəlində Brüsseldə keçirilən görüşlərdən sonra verdiyi bəyanatlarda Ermənistanın israr etdiyi “status” məsələsinin üstündən sükutla keçib, yenə də məğlub ölkənin hələ də ümid bəslədiyi ATƏT-in Minsk qrupunun adını belə çəkməyib. Şarl Mişel “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməyə də lüzum görməyib. Əksinə Azərbaycanın israr etdiyi məsələlər - sülh danışıqlarının aparılmasının, sərhədlərin müəyyənləşdirilməsinin, kommunikasiyaların açılmasının, ərazilərin minalardan təmizlənməsinin,  humanitar məsələlərin önəmi növbəti dəfə diqqətə çatdırılıb. Və yaxud götürək Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu günlərdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesini şərh etməsini. “Sülh sazişinin hazırlanmasında İrəvan və Bakıya köməklik göstərərkən Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsiplərinə dair təklifləri rəhbər tutur”, - deyən Zaxarova əlavə edib ki, təkliflər Bakıda hazırlanıb və İrəvandan konstruktiv cavab verilib. Bütün bunlar Azərbaycanın sülhyaratma prosesində sərgilədiyi prinsipial yanaşmanın beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini və qəbul edildiyini əyani şəkildə təsdiqləyir. Beləliklə, Azərbaycanın mövqeyi həlledicidir!

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31