Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qafqazın Xirosiması dirçəlir

Qafqazın Xirosiması dirçəlir

06.10.2022 [10:16]

Mübariz ABDULLAYEV

Mənfur düşmən təxminən  üç onilliyi əhatə edən işğal dövründə öz nəzarətində saxladığı Azərbaycan ərazilərində kədərli izlər qoyub. Belə ki, bir vaxtlar çiçəklənən, inkişaf edən yaşayış məntəqələrimiz vəhşicəsinə dağıdılıb. Təbiətimizə vurulan ziyan, yaşayış evlərinin, tarixi dini-mədəni abidələrimizin dağıdılması erməni vandalizmi barədə konkret təsəvvür yaradır. Miqyası ölçüyəgəlməz belə dağıntıları, bəd əməlləri yalnız sivilizasiyadan uzaq düşmüş vəhşi tayfalar törədə bilərdilər ki, bunu da ermənilər ediblər.

İşğal dövründə ucdantutma dağıntılara məruz qalan yaşayış məntəqələri sırasında, həmçinin Ağdam şəhəri və eyniadlı rayonun kəndləri də yer alır. 44 günlük Vətən müharibəsindən sonra güclü Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərimiz kimi, Ağdamı da dirçəltməyə başlayıb.

Ağdam işğaldan əvvəl

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayanda zəbt olunan ərazilərdən qovulan insanlar Ağdama üz tuturdular. Qaçqınlıq taleyinin uzun çəkməyəcəyini düşünən soydaşlarımız buranı ümid yeri hesab edirdilər. Ağdamlılar da onlara canıyananlıqla qucaq açaraq rahatlıqlarının təmin olunması üçün hər şeyi etməyə çalışırdılar. 23 iyul 1993-cü il tarixində isə Ağdamın özü də süqut etdi və rayonun ərazisinin təxminən 70 faizi ermənilərin nəzarətinə keçdi.

Ötən əsrin əllinci illərindən başlayaraq aparılan arxeoloji qazıntılar Ağdamın Azərbaycanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu ərazidə özü üçün ağ daşdan imarət tikdirir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mayak rolunu oynayıb.  Bu mənada “Ağdam” həm də “ağ ev”, “ağ şəhər” anlamına gəlir. 1930-cu ildə Ağdam rayonu yaradılıb. Rayonun sahəsi 1150 kvadratkilometrə bərabər idi.

İşğaldan əvvəlki dövrdə də Ağdam ağ günlərini yaşayıb. Şəhər bütün bölgənin ticarət mərkəzi sayılırdı. Ətraf yaşayış məntəqələrinin sakinləri həftəlik və yaxud qışlıq azuqələrini toplamaq üçün bura üz tutardılar. Bu da onunla bağlı idi ki, Ağdam bazarında hər nə desən tapmaq mümkün idi. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi var idi. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz- furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.

Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir. Dünyada ikinci, keçmiş İttifaq məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri sayılan xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi-eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi nəticəsində Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoyuldu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.

Ağdam deyəndə həm də buradakı məşhur çay evi yada düşürdü. Burada akademik Xudu Məmmədovun ideyası əsasında inşa olunan və 1986-cı ildən fəaliyyət göstərən Ağdam çay evinin  şöhrəti respublikanın dörd bir tərəfinə yayılmışdı.

İşğaldan əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş edib.

Bayraq ucaltmağa bir bina da tapılmayan Ağdam

Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. Zamanında aran və dağlıq  Qarabağın incisi  sayılan Ağdam indi xarabalıqları xatırladır. Şəhərdən əsər əlamət yoxdur, burada bir bina da salamat qalmayıb. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkündür. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlayıb. Üç onillik ərzində işğal altında qalan ərazilərimizdəki bu dağıntıları bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özlərinə dövlət quran, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Hesablamalara görə,  işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.

Azərbaycan xalqı isə qurub yaradan xalqdır. Bizi üç onillik ərzində işğal altında qalan müqəddəs torpaqlarımıza güclü mənəvi tellər bağlayır. Xalqımız üç onillik ərzində o torpaqlara qayıtmağın həsrəti ilə yaşayıb. Artıq bu həsrətə son qoyulub. Müzəffər Ali Baş Komandan İlham Əliyev, Onun bütün döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirən Ordumuz 44 günlük Vətən müharibəsində bizə böyük Qələbə sevinci yaşatdı. Bu Qələbə sayəsində tarixi ədalət, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Düz 27 il mənfur düşmənin nəzarəti altında qalan Ağdam Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 20-də döyüşsüz respublikamıza təhvil verilib.

Güclü və məsuliyyətli dövlət olan Azərbaycan Vətən müharibəsində işğaldan azad edilən digər ərazilər kimi, Ağdamı da ayağa qaldırmaq, dirçəltmək əzmindədir. Deyə bilərik ki, postmüharibə dövründə xarabalıqlar üzərində yeni bir Ağdam ucaldılır. Prezident İlham Əliyev 2020-ci il 20 noyabr tarixində xalqa etdiyi növbəti müraciətində Ağdam üçün yeni bir dövrün başladığının anonsunu verdi. Dövlət başçımız rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirərək vurğulayıb:  “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

Tarixi gündə tarixi anlara şahidlik edən şəhər

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Prezident İlham Əliyev digər ərazilərdə olduğu kimi, Ağdamda da bərpa və yenidənqurma işlərini şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısı postmüharibə dövründə Ağdama 4 dəfə səfərə gəlib. 2021-ci il mayın 28-də-Azərbaycanda dövlət bayramı kimi qeyd olunan Müstəqillik günündə isə Ağdam tarixi anlara şahidlik etdi. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub. Qeyd edək ki, Baş Plan üzərində mütəxəssislərin iştirakı ilə bir müddət iş aparılıb. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Əlbəttə, Ağdam şəhərinin Baş Planının dövlət başçısına təqdim olunması üçün başqa bir vaxt da seçilə bilərdi. Ancaq belə bir əlamətdar tədbirin dövlət bayramımız olan Müstəqillik günündə keçirilməsi böyük rəmzi məna daşıyır.

Dövlətimizin başçısına təqdim olunan Baş Plana istinadən deyə bilərik ki, yaxın perspektivdə ermənilərin miras qoyub getdikləri indiki dağıntıların, xarabalıqların yerində müasir infrastruktura, istirahət guşələrinə, turistyerləşdirmə obyektlərinə, rahat yaşayış evlərinə malik olan bir şəhər salınacaq. Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında əminliyini ifadə edərək bildirib ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Əvvəllər Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda bu rəqəm 50 mindən yuxarıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərin 1700 hektar ərazidə salınması nəzərdə tutulub. Beləliklə, Ağdam iki dəfə böyüyəcək - əvvəllər şəhərin ərazisi 700-800 hektar təşkil edirdi. Ağdamda 1750 fərdi ev, 23 min mənzil inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Mərkəzi hissə şəhərin  ən sıx yerini təşkil edəcək. Şəhərin ətrafı intensiv bağlarla əhatə olunacaq.

Çoxsaylı yeni layihələr

Ağdam şəhərində həyata keçiriləcək bərpa işlərinin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyevin rayona uğurla baş tutan səfərləri çərçivəsində çoxsaylı təməlqoyma mərasimlərinin keçirilməsi bir daha təsdiqləyir ki, nəzərdə tutulan bütün layihələrin icrası qısa müddətdə və yüksək keyfiyyətlə təmin ediləcək. Xatırladaq ki, dövlət başçımız indiyədək Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasiminə qatılıb. Onun iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 1 saylı məktəbin, Sənaye Parkının və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçirilib. Eyni zamanda, Prezident İlham Əliyevin iştirakı ilə “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı baş tutub.

Dövlət başçısının birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdama oktyabrın 4-də baş tutan növbəti səfərinin proqramı da kifayət qədər zəngin olub. Belə ki, dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərinə qatılıblar. Dövlətimizin başçısı və birinci xanım, eyni zamanda, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak ediblər.

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Onlar susurlarsa...

25 Noyabr 10:57

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30