Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanda ikinci “Ukrayna cəbhəsi” açıla bilərmi?

Ermənistanda ikinci “Ukrayna cəbhəsi” açıla bilərmi?

01.11.2022 [11:14]

Mübariz ABDULLAYEV

Son vaxtlar 44 günlük müharibənin məğlub tərəfi olan Ermənistanda müşahidə edilən proseslər fonunda belə bir sual gündəmə gəlib: Ermənistanda ikinci “Ukrayna cəbhəsi” açıla bilərmi? Narahatlıq üçün əsaslar da yox deyil. Bu ölkədə hazırda baş verən gəlişmələrlə Rusiya-Ukrayna gərginliyinə səbəb olan siyasi proseslər arasında çoxlu paralellər aparmaq mümkündür.

Məğlub ölkədə revanşizm cəhdləri

İlk növbədə onu vurğulayaq ki, Ermənistanda həm iqtidarda, həm də müxalifət düşərgəsində 44 günlük müharibədəki acınacaqlı məğlubiyyəti həzm edə bilməyən qüvvələr var. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesinə start verilib. Bölgədə uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması iki ölkə arasında sülh sazişinin imzalanmasından və şərti sərhədlərin dəqiqləşdirilməsindən keçir. Azərbaycan postmüharibə dövründə qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəd sırf beynəlxalq hüquqa və prinsiplərə istinad edilməklə hazırlanıb. Burada qalib ölkə olan Azərbaycan özü üçün hansısa imtiyazlar və şərtlər irəli sürməyib. Öz növbəsində Ermənistanın müvafiq dairələri Azərbaycanın təqdim etdiyi sənədin onlar üçün də məqbul olduğunu bildiriblər. Eyni zamanda bir qədər bundan əvvəl Çex Respublikasının paytaxtı Praqada qəbul olunan bəyanatda tərəflər bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü tanımaqla bağlı niyyətlərini ifadə ediblər. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı yaradılan komissiya da fəaliyyətini davam etdirir.

Lakin sülh prosesinə təkan verildiyi ərəfədə Ermənistanda revanşizm mövqeyindən çıxış edən qüvvələr fəallıqlarını artırıblar. Paralel şəkildə bu ölkədə hakimiyyətin də mövqeyinin sürüşkən olduğu sezilir. Ermənistan lideri Moskvada, Soçidə , Brüsseldə və Praqada keçirilən görüşlərdə üçtərəfli Bəyanata, əldə olunan digər razılaşmalara sadiqliyini bildirsə də, İrəvana geri qayıtdıqdan sonra, necə deyərlər, valın üzünü dəyişərək başqa mahnılar səsləndirir, manipulyasiyalara əl atır və beləliklə də, sülh prosesini əngəlləyir.

Rusiyadan imtina, Qərbə yaxınlaşma planı

Rusiya ilə Ukrayna arasında münaqişənin alovlanmasının ssenarisini xatırlayaq: Ukrayna Rusiyanın təsir dairəsindən çıxmağı və Qərb strukturlarına inteqrasiyanı özünün strateji kursu kimi elan edir. Avropa İttifaqı (Aİ), Şimali Atlantika Alyansı (NATO) buna qarşılıq niyyətini ortaya qoyur. Bu, Rusiyada NATO-nun genişlənməsinin, konkret desək, onun sərhədlərinə yaxınlaşmasının növbəti mərhələsi kimi dəyərləndirildi. Müəyyən müddət davam edən danışıqlar dalana dirəndi və silahlar işə düşdü. Dağıdıcı münaqişə aylardır ki, davam edir və onun nə vaxt bitəcəyi  bəlli deyil.

Bu gün Ermənistanda da oxşar ssenari təkrarlanmaqdadır. Bu ölkənin indiyədək Rusiyanın təsir dairəsində olduğu heç kəsə sirr deyil. Ermənistan 44 günlük müharibədə Rusiyadan çox ucuz qiymətə və yaxud pulsuz aldığı silahlardan geniş istifadə edib. Ermənistanın bir sıra həyati əhəmiyyətli infrastrukturunun, çoxlu sayda iri istehsalatlarının idarəçiliyi məhz Rusiya şirkətlərinə məxsusdur. Bundan başqa, Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya hərbçiləri tərəfindən qorunur. 1992-ci ildə Ermənistanla Rusiya arasında bağlanmış sazişdə MDB-nin xarici hüdudları ifadəsi öz əksini tapıb. Həmin sənədə əsasən, Ermənistanın sərhədlərinin böyük bir hissəsinin qorunması Rusiyanın müvafiq strukturlarına həvalə edilib. Bir sözlə, bu gün Ermənistan mövcudluğuna görə məhz şimal qonşumuza borcludur.

Bəs Ermənistanın minnətdarlığı nədən ibarətdir?  - Xəyanətdən. Deyə bilərik ki, bu ölkədə sürüşkənlik, siyasi orientasiyanın dəyişməsi dövlət siyasəti səviyyəsinə yüksəldilib. Hazırda məlum səbəblərdən Rusiyada vəziyyət gərginləşib. Ermənistan isə öz ənənəvi xislətinə uyğun olaraq tabeçilik ünvanını dəyişməyə, hazırda ona istədiyi qədər yardım, dəstək göstərməyən Rusiyadan qopmağa cəhdlər göstərir.

Açıq-aydın görünür ki, Ermənistan Rusiyadan ala bilmədiyini Qərbdən almaq niyyətindədir. Hazırda bu ölkədə KTMT-də üzvlüyün Şimali Atlantika Alyansı (NATO) ilə əməkdaşlıqla əvəzlənməsi ilə bağlı intensiv müzakirələr aparılır. Bu planın konturları hər ötən gün özünü daha qabarıq şəkildə  büruzə verir. Ermənistan özünün qərbyönümlü dövlət olduğunu isbatlamaq üçün dəridən qabıqdan çıxır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. N.Paşinyan başda olmaqla ölkə rəsmiləri ABŞ-a və Avropa ölkələrinə səfərlərini intensivləşdiriblər, eyni zamanda İrəvanda həmin məkanlardan gələn diplomatlar əziz-xələf qonaqlar kimi qarşılanır. Vaxtilə eyni statusda Rusiyanın nümayəndə heyətləri qarşılanırdı. İndi isə Rusiyadan olan bəzi siyasətçilər bu ölkədə “arzuolunmaz şəxslər” elan ediliblər. Son olaraq Ermənistan Azərbaycanla şərti sərhədlərdə müşahidələr aparmaq üçün Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının bu ölkəyə gəlməsinə nail oldu. Düzdür, əvvəlcə Ermənistan Aİ-nin hərbi missiyasının bölgəyə gəlməsində israr edirdi. Ancaq Azərbaycan buna sərt etirazını bildirdi. Yalnız bundan sonra Aİ-nin mülki missiyasının Ermənistana göndərilməsi qərarı qəbul olundu. Razılaşmaya əsasən, missiya Azərbaycanda fəaliyyət göstərməyəcək, ölkəmizlə sadəcə əməkdaşlıq edəcək.

Rusiyanın narahatlığı

Aİ missiyasının Ermənistana gəlməsi, gözlənildiyi kimi, Rusiyada qəzəblə qarşılanıb. Rəsmi dairələrin açıqlamalarından bəlli olur ki, Aİ-nin missiyasının Ermənistanda görünməsi Rusiyada etirazlar yaradıb. Rusiya ənənəvi forpostu olan Ermənistan üzərində təsirlərinin məhdudlaşdırılmasına yönələn cəhdləri qəbul etmədiyini açıq-aydın bildirir.

Rusiyada Ermənistana qarşı qəzəb yaradan başqa davranışlar barədə də söhbət açmaq mümkündür. Bu sırada ayrı-ayrı Avropa ölkələrindən Ermənistana dəstək ifadə edilməsini xüsusi vurğulaya bilərik. Məsələn, Fransa prezidenti Emmanuel Makron bir qədər bundan əvvəl mətbuata verdiyi müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri fonunda Rusiyaya qarşı ağır ittihamlar səsləndirib. Həmin müsahibədə Fransanın dövlət başçısı bütün siyasi etik normalarını aşaraq “Rusiyanı Ermənistana qarşı çirkin oyun oynamaqda” qınayıb.

Bütün bunlar ondan xəbər verir ki, Ermənistanın Rusiyadan qopması planının artıq real müstəviyə daşınması mərhələsinə start verilib. Belə cəhdlər Fransa kimi bəzi Avropa  ölkələrində və Ermənistanda koordinasiyalı şəkildə ifadə edilir. Sirr deyil ki, N.Paşinyan Ermənistanda Qərbin müəyyən dairələrinin layihəsi olaraq hakimiyyətə gətirilib. İndi həmin dairələr Ermənistan liderindən öhdəliklərinin yerinə yetirilməsinin, Rusiyaya dirsək göstəriləsinin zamanının yetişdiyini israrla xatırladırlar və ondan bu istiqamətdə açıq fəaliyyətə başlamağı tələb edirlər.

Proseslərin Ermənistan üçün ağrısız ötüşəcəyini düşünmək sadəlövhlük olardı. Rusiyanın Ermənistana qarşı qəzəbi bu günlərdə baş tutan KTMT-nin növbədənkənar sessiyasında da ifadə olundu. Onlayn formatda keçirilən tədbirdə əksər məsələlərdə Rusiyanın mövqeyini böluşən Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan liderini, yumşaq desək, uşaq kimi danladı və onu manipulyasiyalardan əl çəkib Azərbaycanla razılıq əldə etməyə çağırdı. A.Lukaşenkonun dedikləri ona işarədir ki, N.Paşinyanın uzaq Avropada dəstək, başının üstünə çətir axtarması dəryada balıq sevdasıdır. Bütün bunlar isə Ermənistanın addım-addım Ukrayna ssenarisinə doğru yuvarlandığını təsdiqləyir.

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31