Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya etiraf edir...

Rusiya etiraf edir...

31.12.2022 [10:25]

Azərbaycanın razılığı vacibdir!

Dekabrın 12-dən başlayaraq Şuşa-Xankəndi yolunda davam edən Azərbaycandan olan ekofəalların etiraz aksiyası separatçılarla yanaşı, İrəvan hakimiyyətini də “narahat etməyə” başlayıb. Etirazçıların qanuni və haqlı tələbləri, eyni zamanda dinc mövqeləri qarşılığında heç bir bəhanə və ya arqument tapa bilməyən Ermənistanın siyasi rəhbərliyi “hədəf oxlarını” sülhməramlı kontingentinə tuşlayıb. Belə ki, Paşinyan hökumətin iclasında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın yolunda vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb. Onun sözlərinə görə, Rusiya vəziyyəti necə qiymətləndirdiyini, dəhliz boyu hərəkətin bərpası üçün plan və yol xəritəsinin nədən ibarət olduğunu izah etməlidir. “Sizə xatırlatmaq istəyirəm ki, Rusiya həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman Kreml BMT sülhməramlı kontingentinin mandatını almaq barədə BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent yerləşdirilməlidir”, - o bildirib.

Qeyd edək ki, Paşinyan hakimiyyətinin iddiasına görə, Laçın yolu bağlanıb və Qarabağda yaşayan ermənilər “blokadaya” düşüblər. Bu isə Ermənistan tərəfindən Rusiyanın açıq təzyiqi kimi qiymətləndirilir. Amma fakt faktlığında qalır - yol bağlanmayıb və humanitar məqsədlər üçün açıqdır. Bu yolla hər gün sülhməramlılara aid təminat karvanları maneəsiz hərəkət edir, Xankəndi və ətraf ərazilərdə olan ermənilər üçün ərzaq, dərman çatdırılır, xəstə ermənilər Ermənistana təcili tibbi yardım maşınları ilə aparılır. Sadəcə olaraq, artıq yoldan qeyri-qanuni vasitələr üçün istifadə edilmir. Bu mənada separatçıların və onların himayədarlarının əl-qolu bağlanıb. Qondarma rejim onların apardıqları talanın qarşısının alınmasını isə “mühasirə” və ya “blokada” kimi təqdim etməyə çalışırlar. Ortada isə 10 noyabrda imzalanan üçtərəfli bəyanat var - bu bəyanata əsasən, erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidirlər. Yəni, separatçı rejim çıxılmaz vəziyyətdədir. Bu baxımdan da, Paşinyan sülhməramlıların vəzifələrini yerinə yetirmədiyini iddia edərək kontingentin gələcək fəaliyyətini BMT mandatı altında davam etdirməsini “arzulayır”.

Azərbaycanın rəyi əsasdır...

Qeyd edək ki, bu iddianı bir müddət öncə separatçı rejimin üzvü Ruben Vardanyan da irəli sürmüşdü. O da, sülhməramlı kontingentin BMT mandatı ilə təmin olunmasını “arzulamışdı”. Bu isə onu deməyə əsas verir ki, Vardanyanla Paşinyan eyni mənbədən “qidalanır” və ya “təlimatlandırılır”.

Rusiyanın isə məsələyə münasibəti daha fərqlidir. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına BMT mandatı, habelə beynəlxalq qüvvələrin bura cəlb edilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazımdır. “Putin və Paşinyan Laçın dəhlizini ətraflı müzakirə ediblər. Beynəlxalq sülhməramlılar hər iki münaqişə tərəfinin razılığı olacağı təqdirdə bölgəyə cəlb oluna bilərlər. Və bu razılıq təkcə Ermənistan deyil, həm də Azərbaycandan da olmalıdır”, - Peskov vurğulayıb.

Bəli, Vətən müharibəsində qazanılan qələbə istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb - Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən Azərbaycanın bölgədə tənzimləyici rolu artıb. Göründüyü kimi, regionla bağlı verilən qərarlarda mütləq şəkildə Azərbaycanın milli maraqları nəzərə alınır. Bu fakt artıq Rusiyanın əsas simaları tərəfindən də etiraf edilir.

Təbii ki, regionda marağı olan ölkələr, hətta Rusiya da anlayır ki, Azərbaycanın maraqları mütləq şəkildə nəzərə alınmalı, rəsmi Bakının icazəsi ilə hərəkət edilməlidir. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, proseslərin aktivliyinin də qarşısını alır. Bu fakt Ermənistanın davranışlarının qeyri-adekvat olduğunu göstərir. Necə ki, həm Rusiya, həm də Aİ sülh gündəliyini Azərbaycanın mövqeyi ilə uzlaşdırır, eləcə də sülhməramlılarla bağlı qərar Azərbycanla razılaşdırılmalıdır.

KTMT missiyası, yoxsa Rusiyanın “qonşudan qalma dala” hesablaması

Bu arada Ermənistanın KTMT-dəki gələcək fəaliyyəti ilə bağlı yeni nüanslar ortaya çıxıb. Belə ki, Qərbin Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməməyi tövsiyə etdiyi bildirilir. Bu barədə “Hraparak” nəşri öz mənbələrinə istinadən yazıb. Nəşrin yazdığına görə, Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə qədəm qoyub: “Əvvəlcə hakimiyyətin aşağı təbəqəsi Laçın yolundakı vəziyyətlə bağlı günahı Rusiya Federasiyası və Rusiya sülhməramlılarının üzərinə atırdı. Daha sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təzyiqlər barədə danışdı və dünən hökumətin iclasında Paşinyan bu barədə bəyan etdi: “Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Qarabağda sabitliyi və təhlükəsizliyini təmin edə bilmirsə, o, BMT Təhlükəsizlik Şurasında Qarabağdakı sülhməramlı qüvvələrinə BMT mandatı verilməsi və ya əlavə çoxmillətli hərbi qüvvə göndərilməsi məsələsini qaldırmalıdır””.

Nəşr xatırladır ki, Rusiya tərəfi hər iki halda bu bəyanatlara cavabını gecikdirmədi. “Münaqişənin iki tərəfi arasında razılıq əldə olunarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Söhbət təkcə Ermənistandan deyil, həm də Azərbaycandan gedir”, - Kremlin mətbuat katibi Peskov bildirib.

“Hraparak” yazır ki, Ermənistandakı siyasi dairələr bu gərginlikdən narahatdırlar, çünki belə bir vəziyyət 2020-ci il müharibəsindən əvvəl də mövcud idi. Nəşr bəzi hökumət mənbələrinə istina edərək bu iddia ilə çıxış edir ki, hətta Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Putinə ultimatum verərək Laçın yolunun açılmasını, əks təqdirdə Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacağını bildirib.

“Bununla belə, mənbələrimiz bildirir ki, Paşinyan ötən həftə Cermukda səfirlərlə görüşdə Fransa prezidenti Makronun ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq etdiyini, çünki onların Ermənistanın qarantı rolunu üzərinə götürə bilməyəcəyini etiraf edib. Ermənistanın ABŞ-dakı səfiri Makunts da əlavə edib ki, ABŞ tərəfindən dövlət katibi Entoni Blinken də analoji tövsiyəni Ermənistana çatdırıb”, - nəşr qeyd edir.

Ermənistanın KTMT-dəki fəaliyyəti ilə bağlı məsələ artıq bir müddətdir ki, davam edir. KTMT-nin son zirvə toplantılarında Ermənistanın hərbi alyansın öz qüvvələrini regiona göndərməməsindən narazı qaldığı açıq aşkar bəlli idi - bu səbəbdən də rəsmi İrəvan artıq qurumu tərk etmək anonsları səsləndirirdi. Amma Rusiya məsələdə son qərarı verdi - Ermənistan KTMT-də qalır. Bu fikir Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən də dolayısı ilə təsdiqlənib. Diplomat bildirib ki, əgər Ermənistan KTMT-nin köməyinə ümid edirsə, o zaman təşkilat Azərbaycanla sərhədə monitorinq missiyası göndərməyə hazırdır, bir şərtlə ki, İrəvan buna hazır olsun.

Zaxarovanın bu fikri ziddiyyətlərlə doludur. İlk növbədə KTMT missiyasının hansı sərhəddə “monitorinq” aparacağı sual altındadır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələlik bu sərhədin delimitasiya və demarkasiyası baş tutmayıb. İkinci bir tərəfdən, bir müddət öncə KTMT monitorinq qrupu Ermənistanda olmuşdu - bu nəyi dəyişdi? İndiki halda isə, Rusiyanın məqsədinin Avropa İttifaqının “missiya qərarı”na qarşı əks arqument qoymağa hesablandığı ortadadır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31