Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vardanyanın son “hiyləsi”...

Vardanyanın son “hiyləsi”...

25.01.2023 [10:55]

Separatçı “nazir” “Hard Talk”da nokaut oldu...

İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır. Bu müqavilə iki dövlət arasında ən əsas məsələyə - sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə aydınlıq gətirəcək, hər iki dövlət qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyacaq. Təbii ki, Ermənistan artıq oktyabrda keçirilmiş Praqa Sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib. Bu isə Qarabağın Azərbaycanın daxili işi olduğunun növbəti təsdiqi kimi qiymətləndirilir. Hər hansı bir xarici dövlət bu məsələyə qarışa bilməz.

Eyni zamanda, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Ermənistanın Qarabağda yaratdığı qondarma separatçı qurumla hər hansı bir məsələni müzakirə etmək fikrində deyil. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Cinayətkar separatçı qurumla isə hər hansı bir müzakirə aparılmayacaq. Hətta həmin “qurumun” “təmsilçiləri” dəyişsə də, nəticə dəyişmir. Məsələn, artıq separatçılar adından Ruben Vardanyanın danışması da heç nəyi dəyişmir. Azərbaycanın bu məsələdə mövqeyi qəti və dəyişməzdir - Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələni Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla danışmaq fikrində deyil. Onun Moskvadan Qarabağa çox aydın gündəliklə göndərilməsi də artıq sirr deyil. 

Vardanyanın isə “Qarabağ arzuları” tükənməz olduğu qədər, gülünc və qeyri-ciddidir. Qarabağ separatçılarına qoşulan zaman Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, beləliklə də həm özünün varidatını artıracağını, həm də havadarlırının ciblərini dolduracağını düşünən Vardanyanın elə ilk həmlədəcə oxu daşa dəydi - onun qeyri-qanuni hərəkətləri ifşa edildi. Ekofəalların iştirakı ilə başlanan aksiya isə seapatçı “nazirin” əl-qolunu bağladı. İndiki məqamda özünü oda-közə vuraraq çıxış yolu axtaran, amma tapmayan Vardanyan bunun nəticəsidir ki, gah nala vurur, gah da mıxa. Elə BBC televiziyasının “Hard Talk” proqramına müsahibəsində olduğu kimi...

Deməyə sözü, yalvarmağa üzü yox...

Qeyd edilməlidir ki, Vardanyanın proqrama çox həyəcanlı şəkildə çıxması ilk baxışdan hiss olunurdu. Onun həyəcanı isə başadüşüləndir - bu platforma Vardayanın yalanlarının ayaq tutub yeriyə biləcəyi platforma deyildi. Digər tərəfdən, bundan öncə həmin proqramda qonaq olmuş Serj Sarkisyanın, Nikol Paşinyanın özünü biabır etməsi Vardanyan üçün də bir siqnal idi. Gözlənilənlər elə başına da gəldi - Ruben Vardanyan müsahibə boyunca dəxli olmayan, rabitəsiz, heç bir standarta uyğun gəlməyən “fikirlərlə” yadda qaldı. Cəhd etdiyi manevr imkanları isə olduqca qısır görünürdü - deməyə sözü, yalvarmağa üzü yox idi...

“Siz getməlisiniz”...

Vardanyan müsahibəsində Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasını utanmadan “blokada” adlandırır. Halbuki, buna qədər o, Ermənistandan Qarabağda yaşayan ermənilər üçün lazımi gündəlik ərzaq məhsullarının, dərman preparatlarının göndərildiyini bildirir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Rusiya sülhməramlılarının rahat şəkildə gediş-gəlişindən danışırdı. Bu isə açıq şəkildə özünütəkzibdir. İkinci bir tərəfdən, Vardanyan Laçın yolunda edilən etirazların hansı səbəbdən irəli gəldiyini demir. Demək ki, özünü ilk addımdaca “yandırmaq” istəmir...

Vardanyan bildirir ki, guya min illərdir ki, “burada”, yəni Qarabağda yaşayıblar. Birincisi onun tarix bilgisi də elə siyasət bilgisi qədər qısırdır. Ermənilərin Qafqaza köçürülməsi, yerləşdirilməsi tarixi XIX əsrə söykənir. İkincisi isə, görəsən, Vardanyan “biz” dedikdə özünü də nəzərdə tuturmu? Axı, onu Qarabağla bu və ya digər şəkildə heç nə bağlamır. Ruben nə Qarabağda anadan olmayıb, nə orada gəncliyini yaşamayıb, nə də orada təhsil almayıb. Hətta Birinci Qarabağ müharibəsi dövründə də Vardanyanı Qarabağda “görən” olmayıb. Həmin vaxt o, özünün də dediyi kimi xarici ağalarının xidmətində dayınır - pul yığırdı. Necə ki, indi əmrlə Qarabağa gəlib. Əslində, Qarabağ ermənilərinin Vardanyana qarşı nifrətlərinin də əsasında bu dayanır. Vətən müharibəsindən sonrakı dövrdə onun Qarabağa gəlişi, yenidən müharibə ritorikasını ortaya atması hər kəsdə nifrət hissi oyadıb. Verilişin aparıcısı da bu kimi faktları onun diqqətinə çatdırdı - açıq

kontekstdə Qarabağ ermənilərinin arzusunu Vardanyana dedi: “Siz getməlisiniz”...

Dünya “artsax”ı tanımır, Azərbaycan torpağı olan Qarabağı tanıyır...

Müsahibədə maraq doğuran cəhətlərdən biri isə Vardanyanın tez-tez Qarabağı “artsax” adlandırmasına edilən etiraz oldu. Verilişin aparıcısı Vardanyanın Qarabağı “artsax” adlandırmasına etiraz edərək bildirib ki, dünya bu ərazini Qarabağ kimi tanıyır. Bu isə özlüyündə bir sıra məqamları birləşdirir:

- 2020-ci ildə Qarabağ münaqişəsinin yekunlaşması ilə məsələnin hərbi tərəfi bitdisə, ötən ilin oktyabrında Praqa görüşü zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması məsələnin siyasi tərəflərini “həll etdi”;

- Separatçılar və onların havadarlarının bütün çabalamaları boşunadır - dünya üçün bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini artıq tapıb.

Beləliklə, Vardanyanın hətta “artsax” görüntüsü yaratmaq arzusu da “ürəyində” qalır...

“Siz kimsiniz?”

Sən demə, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata Vardanyanın öz “baxışı” var imiş. Vardanyanın bəzi fikirləri həqiqətən də onun dayaz siyasi təfəkkürünü ortaya çıxarır. Rusiyanın vasitəçiliyi ilə bağlanan üçtərəfli razılaşmanın Azərbaycan tərəfindən “pozulduğunu” iddia edən Vardanyan xəyali də olsa, özünü bu razılaşmanın “tərəfi kimi” hiss etdirməyə çalışır - iddia edir ki, üçtərəfli razılaşmada Azərbaycan Qarabağda kiçik bir silahlı dəstənin qalmasına razı olub. Demək ki, o, ya bəyanatı oxumayıb, ya da həmişəki kimi manipulyasiya edir. Onun yalanı isə ilkin addımdaca ifşa edilir. Ardından isə bildirir ki, Azərbaycanın pozduğu bəyanata biz əməl edirik - burada ortaya ritorik sual çıxır, siz kimsiniz? Axı, sən kimsən ki bəyanatı təftiş edirsən? Sənə bu hüququ kim tanıyıb? Aparılan danışıqların iki tərəfi mövcuddur - Ermənistan və Azərbaycan. 

Vardanyanın “arzu”larından biri isə sülhməramlılar ilə Azərbaycan arasında silahlı toqquşmaların baş verməsidir. Təbii ki, o və ətrafındakılar buna çox cəhd göstəriblər. Hətta sülhməramlıların arxasından separatçıların törətdikləri təxribatlar da buna xidmət edirdi. Azərbaycanın təmkinli davranışı, məsələni soyuqqanlı şəkildə həll etməsi buna imkan yaratmadı...

Ya Azərbaycan qanunlarına tabe olmalı, ya da...

Aparıcı açıq şəkildə Vardanyanın qarşısında hazırki siyasi mənzərəni canlandırır - sizə heç kim, hətta “arxayın olduğunuz” Rusiya da kömək edə bilmir. Ermənistanla da işgüzar münasibətləriniz yoxdur. Vardanyan isə məsələdən yayınmağa çalışır və bu çabaları ilə də özünü ələ verir - aparıcı onun açıq şəkildə xarici maraqların təmsilçisi olmasını sübut edir. Eyni zamanda, aparıcının Azərbaycanın qələbəsini “böyük qələbə” adlandırması da Vardanyanı narahat edən faktorlar sırasında yer alır - o, açıq şəkildə bildirir ki, söhbətin məğzinin insan hüquqları istiqamətində olacağını düşünürmüş. Bəli, onun kimiləri öyrəşib ki, hamı bunları müdafiə etsin, bunların yalanlarına qanad versin. Amma belə olmadı. Verlişin aparıcısının səsləndirdiyi həqiqətlər qarşısında tərk-silah olan Vardanyan nə baş verdiyini belə anlaya bilmirdi. Aparıcının “ya Azərbaycanın qanunlarına tabe olmalı, ya da buranı tərk etməlisiniz.  Ermənistan Azərbaycanın ərazi bütövluyünü tanıyıb. Ortada olan hüquq məsələsidir. Siz suveren Azərbaycanın bir hisdəsi olacaqsınız,” fikirləri isə əsl reallığı əks etdirir.

Bəli, Azərbaycanın mövqeyi qəti və dəyişməzdir - Azərbaycan bu cinayətkarlarla hər hansı dialoqa getmək niyyətində deyil. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Azərbaycanın qəti mövqeyi belədir ki, kənardan gətirilib xüsusi qaydada statuslandırılan kiminləsə deyil, məhz Qarabağdakı ermənilərin içindən çıxmış və sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə dialoq apara bilər. Qarabağda yaşayan sıravi ermənilər isə anlamalıdırlar ki, onların üzərində qurulan oyunların qurbanına çevriliblər.

Ruben Vardanyan Qarabağ ermənilərini qorxutmaq üçün müsahibəsində guya Azərbaycanın etnik təmizləmə aparacağına işarə vurur. Amma fakt ortadadır. Etnik təmizləməni kimlərin apardığını da dünya ictimaiyyəti yaxşı bilir. Tarix bunu sübut edir. Bu gün Azərbaycanda minlərlə erməni yaşayır. Azərbaycanlılar isə tarixi dədə-baba torpaqlarından qovulublar - etnik təmizləmə budur. Vardanyan narahat olmamalıdır - Azərbaycan Prezidenti bildirib ki, ölkəmizin qanunları əsasında Qarabağda yaşamaq istəyənlər qalıb yaşaya bilər...

Xarici dəstək olmayacaq...

Və nəhayət, Vardanyanın tez-tez ABŞ, Fransa və ya Rusiyaya yönəlik “çağırışları”, bu ölkələrin guya “açıq mesajlar” verməsi məsələsinə gəldikdə isə, hər üç ölkə Ermənistan ilə Azərbaycan arasındakı problemin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirib. Hətta Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistana rəsmi səfəri zamanı da bildirdi ki, “Fransa “Dağlıq Qarabağın” (qondarma rejim nəzərdə tutulur - red.) müstəqilliyini tanımır - bu, bizim tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur”.Bəli, bu fakt Ruben Vardanyan üçün bir dərsdir. Eləcə də, Rusiyanın dövlət başçısı, ABŞ rəsmiləri dəfələrlə Azərbaycanın ərazi bütövlüyü faktını dilə gətiriblər.

Vardanyan müsahibəsinin sonunda daha bir dəfə “beynəlxalq” faktlara müraciət etmək istədi və ötən ilin sonunda BMT TŞ-da müzakirəyə çıxarılmsı planlaşdırılan “qətnaməyə” toxunmağa çalışdı. Amma yadına düşəndə ki, bu cəhd məğlubiyyətlə yekunlaşmışdı, tez üstündən keçdi...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 313 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30