Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / III Antalya Diplomatiya Forumu...

III Antalya Diplomatiya Forumu...

05.03.2024 [10:45]

Hansı tədbirlərlə yadda qaldı?

N.BAYRAMLI

Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu başa çatıb. Bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusu ilə baş tutan beynəlxalq tədbirdə qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzu müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil olunan foruma 148 ölkədən 4700 nəfər qatılıb. Tədbirdə 19 dövlət və hökumət başçısı, 2 xüsusi administrasiya rəhbəri və 52 xarici işlər naziri iştirak edib.

III Antalya Diplomatiya Forumunda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə təmsil olunub.

Dövlət rəsmilərimiz burada müxtəlif panel iclaslarda iştirak edib, çox sayda görüşlər keçiriblər. Üç gün davam edən tədbirdə “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi: Artan çağırış”, “Avropa İttifaqının qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamentarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamofobiya” kimi bir çox mövzu ətrafında fikir mübadilələri aparılıb.

Prezidentin köməkçisi Hikmət Hacıyev  “Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr” mövzusunda keçirilən panel iclasında iştirak edib. Hikmət Hacıyev və Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində əsas şəxslərdən olan Ruben Rubinyan çıxış ediblər. İclasda Ermənistan ilə Azərbaycan arasında davam edən sülh danışıqları, bu müstəvidə atılan və atılacaq addımlar, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılıb.

Xarici işlər naziri Ceyhun Bayramov isə Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib. Nazir TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etdiyini və dövlətimizin başçısının ötən günlərdə baş tutmuş tarixi andiçmə mərasimində qeyd etdiyi kimi, Türk dünyasının bizim ailəmiz olduğunu vurğulayıb. C.Bayramov forum çərçivəsində bəzi həmkarları ilə də ikitərəfli görüş keçirib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti də Forumda keçirilən bir sıra panel iclaslarına qatılıb. Bundan başqa, Tahir Budaqovun Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakaya, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstellə görüşü olub.

Onu da qeyd edək ki, Azərbaycan həmişə olduğu kimi bu dəfə də Forumun keçirilməsinə dəstək verib. Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu bu dəstəyə görə Azərbaycana təşəkkür edib: “Hər il olduğu kimi, bu il də Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu Forumun memarı yalnız mən deyiləm. Türkiyənin xarici işlər naziri vəzifəsini icra etdiyim dövrdə belə bir platformanı yaratmaq istədik. Prezident Rəcəb Tayyib Ərdoğanın da böyük dəstəyini aldıqdan sonra bu yola çıxdıq. Hər zaman olduğu kimi, bununla bağlı da çox sayda dost və qardaş ölkənin dəstəyini aldıq. Bunların başında da can Azərbaycan oldu”.

İlk gündən Antalya Diplomatiya Forumuna Azərbaycandan çoxsaylı iştirakçının qatıldığını qeyd edən M.Çavuşoğlu bildirib: “Bu il də başda qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olmaqla bir sıra dövlət rəsmiləri iştirak etdilər. Hər zaman, yaxşı gündə də, çətin gündə də can Azərbaycanın, qardaşlarımızın dəstəyini görmək bizə güc verir. Bunun üçün çox təşəkkür edirik”.

Forumun üçüncü ilində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı panel iclas haqqında danışan sabiq nazir bildirib ki, hazırda bu təşkilat bütün dünyanın marağını özünə cəlb edir. Dünya TDT-nin fəaliyyəti, gələcək planları ilə maraqlanır. “Azərbaycan Prezidenti İlham Əliyev inaqurasiya mərasimindəki çıxışında TDT-yə və Türk dünyasının birliyinə xüsusi vurğu etdi. Azərbaycan Prezidentinin bütün Türk dünyası və Türkiyənin də məmnuniyyətinə səbəb olan bu fikirləri bütün dünyaya yayıldı. Nəticə etibarilə biz bu gün bu birliyimizi daha da gücləndirmək, yeni əməkdaşlıq sahələri yaratmaqla bağlı müzakirələr aparırıq. Qardaşım Ceyhun Bayramov da bununla bağlı Azərbaycanın fikirlərini forumda çox aydın şəkildə ifadə etdi”, - deyə Mövlud Çavuşoğlu bildirib.

Qeyd edək ki, Forumun yüksək səviyyəli iştirakçılarının şərəfinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın adından rəsmi ziyafət verilib. III Antalya Diplomatiya Forumu çərçivəsində xüsusilə gənclər üçün bir sıra məlumatlandırıcı görüşlər də keçirilib.

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30