Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əbədi qəhrəmanlar...

Əbədi qəhrəmanlar...

27.09.2024 [09:19]

Vətən müharibəsi- bəşəri azadlığın, ilahi ədalətin simvolu... İllər, əsrlər keçsə də, nə Azərbaycan xalqı, nə də tarix unudacaq bu xalqın mübarizə əzmini, haqq savaşını. Vətən müharibəsi dünyanın həqiqətə kor gözlərinin açıldığı, kar qulaqlarının eşitdiyi andır. Vətən müharibəsi səssiz hıçqırıqların hayqırtıya dönməsi, yalın əllərin dəmir yumruğa çevrilməsidir. Vətən müharibəsi zəfərin təntənəsidir.

Bu təntənəni xalqımıza yaşadan oğullar var, əlbət. O oğulların dəyanəti, şücaəti, Vətən eşqi ilə çırpınan qəlbləri hesabına bunca illik həsrət sona yetdi, xalqımız öz əzəli-əbədi torpaqlarına qovuşdu.

Bu gün-27 sentyabr canını bu yurd üçün qurban vermiş oğullarımızın- ruhları pak şəhidlərimizin Anım günüdür. 2020-ci ilin 27 sentyabr tarixində başladı hər şey. Həmin gün xalqımızın səbrini daşıran son damla, bizi şanlı zəfərə aparan yolun başlanğıcı idi. O gün atıldı igidlərimiz döyüş meydanına çoxdan gözlədikləri anın gəlməsi sevinci ilə. Onların qərarlılığı, cəsarəti, düşmənə nifrəti, torpağa məhəbbəti artıq müharibənin 44 gün sonrakı taleyini elə o gündən yazmışdı. Təəssüf ki, onların üç mini 44 günün müxtəlif günlərində şəhadətə ucalaraq Zəfər gününü görmədilər. Amma uca ruhları hər şeyi gördü, eşitdi, bizimlə birgə sevindi.

O ruhlar onu da gördü ki, bu xalq onların adını, şərəfini, xatirəsini necə dərin ehtiramla, sevgi ilə yaşadır, uca tutur. Düz dörd ildir təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında Vətən müharibəsi şəhidlərimizin adı ehtiramla yad edilir, onların xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, filmlər çəkilir, kitablar yazılır. Körpələrimiz onların xatirəsinə həsr olunmuş şeirlər əzbərləyir, gənclərimiz onların həyat hekayələrini özlərinə örnək alırlar.

44 günlük Vətən müharibəsində canını bu torpaqlara fəda edən qəhrəmanlarımızdandır şəhid mayor Emin Süleymanov. O, həm də xatirəsi tez-tez anılan, adının əbədiləşdirilməsi üçün öz ailəsi, yaxınları, eləcə də onunla şəxsən tanışlığı olmayan xalqımızın digər nümayəndələri tərəfindən əsaslı işlər görülən igidlərimizdəndir.

Emin Süleymanovun gənclərə örnək həyat yolu, keçdiyi döyüş yolu geridə qoyduğumuz dörd ildə tez-tez qəzet səhifələrinə mövzu olub, sosial mediada paylaşılıb. Hətta ötən il- 2023-cü ilin mart ayında bu sətirlərin müəllifinin şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş kitabı işıq üzü gördü.

“Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın dəstəyi, DGTYB-nin təşkilatçılığı ilə çap olunmuş “Qutsal yolçu” kitabında şəhidin ailə üzvləri, döyüş yoldaşları, əsgərləri, məktəb müəllimləri, qohumları və dostlarının xatirələri ilə yanaşı, dövri mətbuatda Emin Süleymanov haqqında çıxan yazılar, şeirlər çap olunub.

Qeyd edək ki, ömrünün 30 ilə yaxınını vətənin müdafiəsinə, hərb sənətinə həsr edən mayor Emin Süleymanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində artilleriyaçı olaraq iştirak edib. 9 noyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.

Mayor Emin Süleymanov şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Kitab oxunar, oxucunun xəyal dünyası üçün bir mövzuya çevrilər. Film isə o xəyal dünyasında yer alanları ekran vasitəsilə bizə təqdim edər. Bu düşüncə ilə yola çıxan qədirşünaslar Emin Süleymanovun xatirəsini ekranlarda da əbədiləşdirmək qərarına gəldilər. Kitabdan az sonra şəhidimizin xatirəsinə həsr olunmuş bədii-sənədli film çəkildi.

“Biz həmişə sizinləyik!” adlı qısametrajlı bədii-sənədli film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hasil Tağıyevın rəhbəri olduğu “Qayıdış” İctimai Birliyi tərəfindən lentə alınıb. Film məğrur şəhidimizin keçdiyi şərəfli zabit yolundan, Aprel döyüşlərində, 44-günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan və qələbəyə saatlar qalmış şəhidlik zirvəsinə ucalmasından bəhs edir. Bədii-sənədli filmdə şəhidin uşaqlıq, gənclik illəri, Azərbaycan ordusunun zabiti kimi keçdiyi şərəfli həyat yolu işıqlandırılır. Maraqlı süjet xəttinə malik olan filmdə, şəhidin ruhu uşaqlıq illərini, oxuduğu orta məktəbi ziyarət edir, əzizləri ilə görüşür və kadr arxasından öz həyatını danışır. Filmin sonunda şəhidin övladının “Sənin kimi zabit olub, Vətəni sənin kimi qoruyacam, ata!” sözləri isə bu xalqın dəyanətini, əzəmətini bir daha göstərir.

Qeyd edək ki, filmin layihə rəhbəri Şəkər Tağıyeva, ssenari müəllifi Xaqani Əliyev, rejissoru Namiq Ağayevdir.

Əlbəttə, Emin Süleymanov kimi şəhidlərimizin ruhunu şad etmək, xatirəsini ədəbiləşdirmək üçün çox önəmli işlər görülür və görülməlidir. İncəsənət nəsillərin ən gözəl dialoq vasitəsidir. Bu vasitə ilə gələcək nəsillərimiz də öz yurd-yuvalarının tarixini dərindən öyrənəcək, xalqımızın başına gətirilən müsibətləri unutmayacaq, öz keçmişinə layiq şəkildə yetişəcək, ən əsası isə bu yurdun suverenliyi, onların azad və firavan gələcəyi naminə canından keçən şəhidlərimizi tanıyacaqlar.

Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizi sayğı və ehtiramla anır və onlar haqqında bu cür məqalələri məhz onların sayəsində suveren Azərbaycanın vətəndaşı kimi yazmağın sonsuz qürurunu yaşayırıq.

Allah rəhmət eləsin!

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

Siyasət

Davam edən mina terroru...

16 Oktyabr 09:52  

İqtisadiyyat

Dünya

“Berlin prosesi”...

16 Oktyabr 08:36

Siyasət

Sosial

Maraqlı

Aclığa son...

16 Oktyabr 07:17

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31