Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azad Ağdərənin yeni siması

Azad Ağdərənin yeni siması

15.01.2026 [11:28]

Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasında da dünyaya nümunə göstərir. Üç onilliyi əhatə edən işğal dövründə təcavüzə məruz qalmış ərazilərdə erməni vandalları tərəfindən hər şey tar-mar edilib və talanıb. Postmüharibə dövründə isə qalib Azərbaycan işğalın ağır fəsadlarını aradan qaldırır, azadlığına qovuşan şəhər və kəndləri yenidən qurur. Artıq bu yerlərə həyat qayıdır, göz önündə yeni bir Qarabağ formalaşır. Bu günlərdə Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində daha bir şəhərin - Ağdərənin Baş planı ilə tanış olub və Özünün dəyərli tövsiyələrini verib.

İşğal illərində əldən-ələ keçən Ağdərə

Ağdərə rayonu 8 avqust 1930-cu ildə təşkil edilib və 1923-cü ildə qeyri-qanuni yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin  tərkibində olub. Eyniadlı rayon mərkəzi 1985-ci ildə şəhər statusu alıb. Ağdərə şəhəri bir çox ərazilərimiz kimi, Birinci Qarabağ müharinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçib. 1992-ci ildə Silahlı Qüvvələrimizin hücumu nəticəsində iyulun 4-də erməni işğalçılarından azad edilib. Bundan sonra bir il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. Lakin AXC-“Müsavat”  iqtidarı Ağdərənin də müdafiəsini təşkil edə bilməyib. 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verib. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov  mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçib. Onun rəhbərlik etdiyi ordu bölmələri ön xətdəki mövqelərini qoyaraq qiyama qoşulublar. Bundan xaincəsinə istifadə edən ermənilər 27 iyun 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal altına alıblar.

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülüb.

Ermənilər 30 illik işğal illərində digər ərazilərimizdə olduğu kimi, Ağdərə rayonunda da bir sıra özbaşınalıqlara əl atıblar. Belə ki, tarixi yer adları dəyişdirilib. Həmçinin burada beynəlxalq konvensiyalara zidd olaraq qeyri-qanuni məskunlaşma aparılıb ki, bu da ən ağır müharibə cinayətlərindən biri sayılır.

Ermənilər işğal dövründə Ağdərə rayonunun ərazisində də qanunsuz iqtisadi fəaliyyətlə məşğul olublar. İşğaladək rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44 faizini təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonu həmçinin faydalı qazıntı ehtiyatları ilə zəngin diyardır. Burada böyük qızıl və mis ehtiyatlarına malik Qızılbulaq yatağı var idi. Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton dəyərləndirlən qurğuşun, 40,4 milyon ton olan  sink resursları cəmləşmişdi. Rayonun ərazisində həmçinin ehtiyatları 100 milyon ton dəyərləndirilən Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yataqları vardı. Eyni zamanda, Ağdərə, Şorbulaq-I, Şorbulaq - II mişar daşı yataqları, Ağdərə gəc yatağı düşmənlərin əlinə keçdi. 

İşğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-nin, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunub. Ağdərənin Mehmana mis yatağı xarici investorlara  satılıb. 2011-ci ildə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin o vaxtkı energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq, artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.

Ağdərədə Azərbaycan bayrağı dalğalanır

Qalib Azərbaycan 2023-cü il sentyabrın 19-da başladığı və cəmi 23 saat əzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımızda, o cümlədən də Ağdərədə  separatizmin kökünü kəsməyə nail oldu. Artıq ölkəmizin bütün əraziləri kimi Ağdərə də azaddır. Prezident İlham Əliyein 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması son dərəcə qürurvericidir.

5 dekabr 2023-cü il tarixində Milli Məclisdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yenidən yaradılması haqqında” qanun qəbul olunub. Qanuna əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonu əvvəlki qaydada təşkil edilib. Yeni rayonun mərkəzinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə şəhərinin olması qərara alınıb.  27 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyev Azərbaycanın Ağdərə rayonunun yaradılması haqqında  Qanunu imzalayıb.

100-dən artıq yaşayış məntəqəsi, 12 şəhər üzrə quruculuq-bərpa işləri

Bu gün həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir.

Artıq regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı quruculuq işləri, o cümlədən işğal illərində dağıdılmış şəhər və kəndlərin bərpası Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra  dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və  quruculuq işlərinə start verilib. Bu fakt Azərbaycanın məsuliyyətini və gücünü bütün dünyaya nümayiş etdirir.

Şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq

Ağdərə şəhərinin təqdim olunan Baş planına əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır.

Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31