Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvan Muxtar Respublikası: Güclü makroiqtisadi potensialla gələcəyə doğru

Naxçıvan Muxtar Respublikası: Güclü makroiqtisadi potensialla gələcəyə doğru

20.07.2017 [09:21]

Naxçıvan Muxtar Respublikasının müasir çoxistiqamətli inkişafı onun iqtisadi proseslərin tənzimlənməsindəki tədbirlərinə perspektivlik, çeviklik və məqsədyönlülük gətirməkdədir. Özündə güclü makroiqtisadi potensial formalaşdıran muxtar respublika bütün sahələrdəki inkişafı ilə öz əhəmiyyətini daha da artırmaqdadır. Ölkə iqtisadiyyatının dünyada gedən proseslərə dolğun münasibət bildirməyi bacarmaqla, onlara uyğun gələn inkişaf səviyyəsini təmin etməklə, məhz dünyanın müasir çağırışları ilə səsləşə biləcək təşkilatlanmasının təkanverici qüvvəsinə çevrilən muxtar respublika iqtisadiyyatı uzunmüddətli hədəf və prioritetlərinin gerçəkləşdirilməsinə təminat verdi. Təbii ki, bütün bunlar da:
- çoxşaxəli iqtisadiyyatın qurulması və inkişafına yol açdı, dəstək oldu. Bu isə ölkə iqtisadiyyatının neft və qeyri-neft sektorları, o cümlədən kənd təsərrüfatı, sənaye, onlara aid əkinçilik, meyvəçilik-tərəvəzçilik, pambıqçılıq, üzümçülük, İKT, turizm, bunlarla yanaşı mezoiqtisadi əhəmiyyətli istiqamətlərin tarazlı və ardıcıl inkişafının təmin edilməsinə imkanlar açdı;
- regional inkişaf milli xüsusiyyətlər nəzərə alınmaqla strateji məqsədlər içərisində yer aldı. Ölkənin bölgələrində ixtisaslaşmış istehsal potensialına malik olmaqla, məşğulluq təminatı üçün əlverişli şərait yaradıldı, bu isə bütün regionlarda bərabər inkişafın təmin edilməsinə səbəb oldu;
- iqtisadiyyatın çoxnövlü mülkiyyət formaları əsasında çevik fəaliyyət göstərən təsərrüfat subyektləri üçün güclü himayədar rolunu oynaya bilməsində səmərəli tənzimləyici vasitələri səfərbər etdi;
- iqtisadi siyasətin daha çox investisiyayönümlü və sosial mahiyyətli xüsusiyyətlərinə səmərəli zəmin yaratmış oldu. Yüksək təşəbbüskarlığa söykənən və artan tələbatların ödənilməsində etibarlı bazaya çevrilən iqtisadi siyasətin formalaşmasında əsas rol oynadı;
- makroiqtisadi siyasətin milli iqtisadiyyatın əsas perspektivlərinə yönləndirilməsində, sosial-iqtisadi proseslərin uzaq gələcək üçün ölkənin baxış, hədəf və prioritetlərinə hesablanmasında zəruri amilə çevrildi.
Bütün bunlar Naxçıvan Muxtar Respublikasının ölkəmizin ərazisinin əsas hissəsindən ayrı düşdüyü bir şəraitdə, buna görə də blokada vəziyyətində olduğu bir dövrdə mümkün ola bildi. Bununla yanaşı, muxtar respublika həm coğrafi yerləşməsinə, həm də tarixi və siyasi əhəmiyyətinə görə ölkəmizin uzaq gələcək üçün nəzərdə tutduğu hədəflərinə birbaşa xidmət etməkdədir. Nəticədə isə muxtar respublikada iqtisadiyyat öz dayanıqlılığı, böyük əhatədə formalaşan tələbatları qarşılama qabiliyyəti, yenilikçi, pozitiv keyfiyyətləri ilə daha çox diqqəti çəkir.
Naxçıvan Muxtar Respublikasında iqtisadi proseslərin düzgün istiqamətləndirilməsi, onun bölmələri arasındakı bağlılığın, eləcə də əlaqələndirilmənin zəruriliyi əsas makroiqtisadi göstəricinin həcminin də artmasına əlverişli şərait yaratmışdır. İqtisadiyyatın sahə strukturunun real göstəricilərlə, sistemli, ardıcıl və əlaqəli inkişafının gerçək ifadəsini özündə əks etdirən bu nailiyyət həm də muxtar respublikada inkişaf istiqamətli islahatların davamlılığını göstərir. Burada iqtisadi siyasətin ən zəruri məqsədi kimi:
- sosialyönümlü idarəetməyə istiqamətlənən və söykənən nəticələrin əldə edilməsinə;
- istehsal potensialının artırılmasına və münasibətlərinin təkmilləşdirilməsinə;
- iqtisadiyyatın şaxələndirilməsinə;
- maddi və qeyri-maddi istehsal sahələrinin əhatəsinin genişləndirilməsinə, eləcə də onun cəmiyyət üzvlərinin artan tələbatlarının qarşılanması üçün düzgün istiqamətləndirilməsinə;
- maliyyə, investisiya, kredit münasibətlərinin və proseslərinin səmərəli tənzimlənməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına, sərbəstliyinin təminatına şərait yaradılmışdır. Bütün bunlar isə muxtar respublikanın ölkənin iqtisadi prioritetlərinə hesablanan uğurlu sosial-iqtisadi inkişafının gerçək ifadəsi olmaqla, ötən dövrlərin qətiyyətli artım vəziyyətini göstərməkdədir. Nəticədə isə, muxtar respublikanın makroiqtisadi inkişafı milli iqtisadiyyatın əsas perspektivlərinə düzgün istiqamətləndirilmiş və 2010-cu ildən ÜDM-nin həcminin bir milyard manatı ötməsinə səbəb olmuşdur.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlətin ali məqsədləri içərisində davamlı iqtisadi inkişafa imkanlar açacaq tədbirlərin əsaslarını müəyyən etdi. Bununla da iqtisadiyyatın aqrar, sənaye, turizm, İKT kimi beynəlxalq mahiyyəti yüksək olan sahələrin davamlı inkişaf istiqamətlərinin də strategiyası hazırlandı. Bütün ölkələrin olduğu kimi, Azərbaycan Respublikasının və ona bağlı olan Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi inkişaf məqsədlərinin ana xəttini insan amilinin bir potensial olaraq inkişafı, onun mahiyyət verdiyi və şərtləndirdiyi istehsalın təşkili və idarə olunması, eləcə də nəticə etibarı ilə təmin ediləcək səmərəli məşğulluq siyasətinin təşəkkülü məsələləri təşkil etməkdədir. Bu məqsədlə, muxtar respublikanın dövlət siyasətinə çevrilən səmərəli məşğulluq siyasəti işsizlik anlayışını əvəzləməklə onu artıq bir problem olmaqdan çıxarmış, bütün rayon və əraziləri əhatə edərək müvafiq sahə və istiqamətlər üzrə yüksək ixtisaslaşmış əmək potensialının yaranması və formalaşmasına təkan olmuşdur. Digər tərəfdən, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, fəaliyyəti bərpa edilənlərin isə rəqabətqabiliyyətli məhsul istehsalındakı rolunun artırılması öz növbəsində muxtar respublikada sosial dayanıqlılığa doğru qətiyyətli bir addım olmuşdur.
İqtisadiyyat inkişaf etdikcə əhalinin işləməyə, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərməyə, çalışmağa, məhsul istehsal etməyə, onu daxili bazara çıxarmaqla formalaşdırmağa, bununla da daxili bazarı inkişaf etdirməyə, yerli istehsalı gücləndirməyə, sosial-iqtisadi proseslərin çox zəruri tənzimləyici vasitəsinə çevrilməklə, məşğulluq səviyyəsini yüksəltməyə və təbii ki, şəxsi maraqlarını diqqətdə saxlamağa, bununla da məcmu ictimai mənafelərini təmin etməyə stimul hiss edirlər. Bu amillər bir-birilə zəncirvari qarşılıqlı vəhdətdə olmaqla, həm də iqtisadiyyatı tənəzzül və böhranlara qarşı müqavimətli etməkdə, onu sosial bəla və sıxıntılardan qorumaqdadır. Bu mənada qeyd edə bilərik ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü tədbirlər işsizlik probleminin aradan qaldırılmasına təkan verməklə, etibarlı məşğulluq potensialını formalaşdırmaqdadır. Qeyd edilən proseslərin səmərəli təşkili və idarə olunması 2012-ci ildən muxtar respublikada işsizliyin sıfra bərabər olmasına münbit zəmin yaratmışdır.
Ölkəmiz bazar münasibətləri şəraitində ayrılıqda hər bir fərdin, bütövlükdə isə xalqın və millətin sosial rihahının yaxşılaşdırılması sahəsində sistemli və ardıcıl tədbirlərin altına imza atmaqdadır. Yəni milli iqtisadiyyatın davamlı inkişafına təminat verməkdədir. Əsasları Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən bu tədbirlər müstəqil ölkənin öz ayaqları üzərində durmağı və inkişaf etməyi bacaran iqtisadiyyatının da qurulmasında həlledici oldu. İstehsalın stimullaşdırılması, iqtisadi idarəetmədə üfüqi mexanizmlərin işləkliyinin təminatı, sahibkarlıq təşəbbüsünün dəstəklənməsi və bu sahədəki fəaliyyətin sürətləndirilməsi, onun kiçik və orta formalarının əhatə dairəsinin genişləndirilməsi, bunun nəticəsində məhsuldar fəaliyyətin təşkili ölkəmizdə və onun regionlarında öz səmərəli nəticələrini verməkdədir. Xüsusi mülkiyyətin hakim olduğu müasir dövrdə iqtisadi fəaliyyətin milli iqtisadi inkişaf üçün yenilikçi ideyalarla zənginləşməsi, onun ictimai və sosial mahiyyətinin yüksəldilməsi olduqca əhəmiyyətlidir. Bu mənada əsas məqsəd ondan ibarətdir ki, istehsalla istehlak arasındakı əlaqənin, bağlılığın və qırılmazlığın təminatına zəmin yaradacaq bu sahənin, daha doğrusu, özəl sektorun çevik fəaliyyətinin təmin edilməsi mümkün olsun. Özəl sektor, bazar münasibətlərinin və qanunlarının gerçək ifadəsi olub, xüsusi mülkiyyətə əsaslanan fəaliyyəti və istehsal münasibətlərini şərtləndirir. Buna görə də müasir iqtisadi şəraitdə dövlətin əsas məqsədləri və prioritetləri içərisində bu sahə öz önəmi ilə seçilir və bu əsasda çoxşaxəli iqtisadiyyatın qurulması milli iqtisadiyyatın əsas perspektivlərinə uyğun həyata keçirilir. Bu məqsədlərə doğru düzgün atılan addımlar muxtar respublikada artıq ÜDM istehsalında özəl bölmənin payının 87%-dən çox təşkil etməsinə imkanlar açmışdır.
Göstərilən potensialla Naxçıvan Muxtar Respublikası ölkəmizin uzaq gələcək üzrə müəyyən etdiyi hədəf və prioritetlərinə yüksək əzmkarlıqla xidmət etməkdədir. Burada uzunməsafəli əraziləri bir-birinə yaxınlaşdıran nəqliyyat və rabitənin davamlı inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün kənd mərkəzlərinin, ticarət və xidmət obyektlərinin və eləcə də gənc nəslin savadlanması, yüksək keyfiyyətli təhsil və tədrisin təmin edilməsi üçün məktəb binalarının tikilməsi, onların müasir texniki avandanlıqlarla təchizatı, sürətli internet imkanlarının təminatı və digər nailiyyətlər fonunda zəruri infrastruktur potensialının təşkil edilməsi muxtar respublikanın hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasının gerçək ifadəsidir. Təbii ki, qeyd edilənlər bir daha burada milli arxitekturaya əsaslanan böyük tikinti meydançasını bizlərə təqdim etməkdədir. Tərəddüd etmədən qeyd edə bilərik ki, bu gün müasirliyin, inkişafın, pozitiv meyillərin, bu sahədə qanunvericiliklə tənzimlənən və nəticəsi məhsuldar olan hər cür təşəbbüsün yaratdığı səmərəli şərait nəticəsində muxtar respublikada təsərrüfat fəaliyyətinin səmərəliliyi, istehsal potensialının artırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi və alıcılıq (tədiyyə) qabiliyyətinin gücləndirilməsi, bununla da dövlətin sosial-iqtisadi məqsəd və tədbirlərinin gerçəkləşdirilməsi sahəsində möhkəm baza formalaşdırılmışdır. Bu baza əsasında da gələcək dövrlər üzrə davamlılığı olan və müvafiq inkişaf səviyyəsinə uyğun gələn perspektivlər də özünü göstərməkdədir. Təbii ki, bu, dövlətin bəhs edilən sahələr üzrə bütövlükdə əhali üçün əlyetərlilik səviyyəsinin təmin edilməsi məqsədilə gördüyü işlərin ən mühüm göstəricisidir. Qeyd edək ki, ölkənin makroiqtisadi göstəricilərində əsas kapitala yönəltdiyi investisiyaların məqsədyönlü və perspektivli istifadəsini bir daha ortaya qoyur. Bu göstəricinin yaxın gələcək üçün 1 milyard manatı ötəcəyini qeyd etməklə göstərə bilərik ki, bütövlükdə ölkəmizin qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və stimullaşdırılması, bunun əsasında idxalın mimimuma endirilməsi, bir sözlə, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Yol xəritələrinin (12 strateji istiqamət üzrə) icrasından ibarət prioritetlər üzrə muxtar respublikanın tarixən mühüm olan mövqeyinə bir daha güc qatacaq.
Naxçıvan Muxtar Respublikası özünün hərtərəfli inkişafı ilə artıq yeniləşən dünyanın artan tələblərinə daha çevik şəkildə uyğunlaşmaqdadır. İqtisadiyyatın əsas və aparıcı sahələrinin məcmu ictimai maraq və mənafelərin ifadə edilməsi sahəsindəki rolu və potensialı daha da güclənməkdədir. Bu isə makroiqtisadi göstəricilərin yüksələn xətt üzrə davamlılığına təminat verir. Məlumdur ki, burada həm əhalinin yerləşməsinə, həm də ərazinin ixtisaslaşmasına görə kənd təsərrüfatı üstünlük təşkil edir. Təqdir olunası haldır ki, həyata keçirilən məqsədyönlü, düşünülmüş və uzaq gələcək üçün nəzərdə tutulan tədbirlər iqtisadiyyatın sənaye əhəmiyyətinin də yüksəldilməsinə münbit zəminlər açmışdır. Ölkəmizin sənayeləşmə siyasətinin, onun tərkib hissəsi kimi Sənaye parklarının yaradılmasının, qeyri-neft sektorunun sistemli inkişafı, milli iqtisadi inkişafa xidmət edən çoxsahəliliyin və çoxşaxəliliyin təmin edilməsi məqsədilə bütün regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında ciddi tədbirlər həyata keçirilməkdədir. Bunun da nəticəsində sənaye milli iqtisadi məqsədlərin gerçəkləşdirilməsində təkanverici qüvvəyə çevrilmiş və bu, özünü əsas makroiqtisadi göstərici olan ÜDM-in strukturunda göstərməkdədir. Fikrimizi təsdiq etmək üçün deyə bilərik ki, artıq muxtar respublikada sənaye sahəsi özünün yüksək perspektivləri ilə seçilməkdədir və yaxın bir neçə il ərzində bu sahə üzrə istehsal olunan məhsulların həcmi də 1 milyard manatı ötəcəkdir.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikası ölkənin makroiqtisadi hədəflərinə doğru inamla addımlamaqdadır. Burada iqtisadiyyatın sahə strukturu mikro, mezo və makro əhəmiyyətli inkişaf istiqamətləri əsasında inkişaf etməkdə, meqaiqtisadi çağırışlara səs verə bilmə qabiliyyətinə çatmaqdadır. Bütün bunlar isə təbii ki, nəticə etibarı ilə sosial-iqtisadi inkişafın dinamikliyini də təmin etməkdədir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru,
dosent

Paylaş:
Baxılıb: 652 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31