Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində böyük uğurlar əldə olunub

Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində böyük uğurlar əldə olunub

08.12.2017 [10:01]

Ölkəmizdə hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində aparılan siyasət dövlətin demokratik inkişafını, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin edib
Ötən əsrin 80-ci illərinin sonlarında keçmiş ittifaq miqyasında cərəyan edən hadisələr fonunda SSRİ-nin dağılması ilə Azərbaycan Respublikası da özünün müstəqilliyini elan etdi. Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktında hüquqi dövlət quruculuğu ideyası başlıca prinsip kimi öz əksini tapdı. Konstitusiya Aktının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət qurmaq arzusu ifadə olundu. Lakin müstəqilliyin ilk illərində ölkədə xaos və anarxiyanın hökm sürməsi, sabitlik və təhlükəsizliyin təmin olunmaması Azərbaycanda elan edilən hüquqi dövlət quruculuğu prosesinin ləngiməsinə səbəb oldu. Yalnız 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin bərqərar olması ilə bütün istiqamətlərdə, o cümlədən hüquqi sferada geniş islahatların həyata keçirilməsinə imkan yarandı.
Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət quruculuğu Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Ulu öndər Heydər Əliyev dövlət başçısı kimi vəzifəsinin icrasına başlayarkən Azərbaycanın demokratik yolla inkişafını, ölkəmizdə hüquqi dövlət quruculuğunun həyata keçirilməsini müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf hədəfləri olaraq müəyyənləşdirdi. “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”, - deyən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə genişmiqyaslı demokratik, hüquqi islahatlara start verildi. 1995-ci ildə Ulu öndərin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaş cəmiyyətinin bərqərar edilməsi, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsi başlıca prinsiplər kimi öz əksini tapdı. Əlbəttə, hüquqi dövlət quruculuğunun birinci şərti ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasıdır. Bu mənada Konstitusiyanın III fəslinin (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-nin insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilməsi heç də təsadüfi deyil. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir.
Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində mütərəqqi qanunların qəbulu, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə mühafizə olunması, eyni zamanda idarəetmənin təkmilləşdirilməsi mühüm əhəmiyyətə malik idi. Konstitusiyanın qəbulundan sonrakı mərhələdə qəbul olunan qanunlar isə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsində əsaslı baza rolunu oynadı. Ulu öndər Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair” dövlət proqramı insan hüquq və azadlıqlarının təmini və müdafiəsində əhəmiyyətli hüquqi baza kimi çıxış etdi. Beləliklə, həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi, genişmiqyaslı islahatlar ədalətli cəmiyyətin, demokratik hüquqi dövlətin qurulmasına, vətəndaş hüquq və azadlıqlarının qorunmasına və genişləndirilməsinə, Azərbaycanın beynəlxalq inteqrasiyasının sürətlənməsinə əsaslı töhfələr verdi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də, şübhəsiz ki, yeni müstəqilliyini elan etmiş dövlətdə vətəndaş cəmiyyəti institutlarının yaradılması və onların milli dövlət maraqlarının reallaşmasında fəaliyyətinin təşviq edilməsi idi. 1993-cü ildə vətəndaş cəmiyyəti institutları sırasında fəallığı ilə seçilən gənclər təşkilatlarının təmsilçiləri ilə görüşən Ulu öndər vətəndaş cəmiyyəti institutlarının qarşısında yeni üfüqlərin açıldığını elan etdi. Qısa zaman kəsiyində qeyri-hökumət təşkilatları cəmiyyət həyatının mühüm bir elementinə çevrilməyə və bu sektor getdikcə populyarlığını artırmağa başladı. 1998-ci ildə “Qrant haqqında” qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor-resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna əhəmiyyətli rol oynadı. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarının həyatında inqilabi dəyişikliklərə rəvac verdi. Qanuna əsasən, qeyri-hökumət təşkilatları ölkə daxilində və xaricdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yasaq edilməyən və konkret olaraq qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərlə ziddiyyət təşkil etməyən istənilən fəaliyyət növünü həyata keçirmək hüququna malikdir.
Eyni zamanda, dövlət kütləvi informasiya vasitələrinin inkişafında da geniş imkanlar yaratdı. 1998-ci il 8 avqust tarixində ölkədə senzuranın ləğvi və 1999-cu ildə Kütləvi informasiya vasitələri haqqında qanunun qüvvəyə minməsi, 2002-ci il iyunun 25-də “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, bunlara paralel olaraq KİV-ə dövlətin ardıcıl dəstəyi sayəsində ölkə mediası yeni inkişaf mərhələsinə daxil oldu.
Azərbaycanda bütün azadlıqlar təmin edilir, heç bir məhdudiyyət yoxdur
2003-cü ildən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi, vətəndaş cəmiyyəti institutlarının səmərəli fəaliyyətinin təşkilində ikinci mərhələ başlayıb. Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrin uğurla davam etdirən Prezident İlham Əliyev Ümummilli liderin başlatdığı hüquqi islahatları yeni mərhələdə müvəffəqiyyətlə həyata keçirərək Azərbaycanın demokratik inkişafının baza sütunlarını daha da möhkəmləndirib, ölkəmizin inkişafında mühüm rol oynayan vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin dəstəklənməsi və təşviq olunması istiqamətində mükəmməl mexanizmlərin formalaşdırılmasını təmin edib. Prezident İlham Əliyev ölkəmizin demokratik prioritetlərini, hüquqi dövlət quruculuğu sahəsində qazanılmış nailiyyətləri bu sözlərlə ifadə edib: “Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var. Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər”.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanda hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyətinin təmin olunması istiqamətində çox böyük uğurlar əldə olunub. Şübhə yoxdur ki, bu nailiyyətlərin qazanılmasında Prezident İlham Əliyevin siyasi iradəsi və dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət həlledici rol oynayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması nəticəsində bu gün QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar.
Qeyd etdiyimiz kimi, Azərbaycanda kütləvi informasiya vasitələrinin azad fəaliyyətinə və inkişafına da dövlət diqqət göstərir. Prezident İlham Əliyevin Sərəncamına əsasən qəbul edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” bu istiqamətdə dövlət siyasətinin əhəmiyyətini və niyyətini açıq şəkildə göstərir. Həmçinin Konsepsiyaya əsasən yaradılan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da ölkədə medianın inkişafına böyük dəstək verir. Hər il Azərbaycanda Milli Mətbuat Günü yüksək səviyyədə qeyd edilərək milli mətbuatımızın inkişafında xidmətləri olan şəxslər dövlət tərəfindən mükafatlarla təltif olunurlar. Azərbaycanda dünya təcrübəsində bir ilk olaraq, media nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsi və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlar dövlət tərəfindən mənzillərlə təmin olunurlar. Ölkədə KİV-in azad fəaliyyətinin həyata keçirilməsi üçün dünya praktikasına söykənən və mütərəqqi hüquqi baza mövcuddur. Ölkə əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir və birbaşa olaraq dövlət tərəfindən bütün şəhər və qəsəbələrə genişzolaqlı internet çəkilib, ucqar kəndlərdə belə internetdən istifadə olunur.
Vətəndaşların sərbəst toplaşmaq azadlığı tam təmin olunur və bununla bağlı çox mütərəqqi qanun qəbul olunub. Azərbaycan Milli Məclisində ölkənin 12 siyasi partiyası təmsil olunur ki, bu da parlamentin daha effektiv fəaliyyətinin təşkilində önəmli rol oynayır. Eyni zamanda, Azərbaycanda digər müxalifət partiyalarının da fəaliyyətini həyata keçirməsi üçün rəsmi orqanlar tərəfindən hər cür şərait yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı, hüquqi dövlət quruculuğu istiqamətində qazanılmış nailiyyətlərə bağlı bildirib ki, ötən dövrdə qarşıya qoyulmuş əsas vəzifələrdən biri də ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyətin formalaşmasını təmin etməkdən ibarət olub. Onun sözlərinə görə, bu məqsədlə mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ardıcıl şəkildə davam etdirilib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin inkişafına maneçilik törədən hallar aradan qaldırılıb, onlara hərtərəfli dövlət dəstəyi göstərilib.
Nəticə etibarilə, sadalanan faktlar bir daha deməyə əsas verir ki, Azərbaycanda hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində aparılan siyasət dövlətin demokratik inkişafını, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını təmin edib.
Aqşin ŞAHİNOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31