Saatlı pambıqçılarının uğur formulu
22.12.2017 [10:15]
Saatlı rayonunda rekord həcmdə pambıq tədarük olunması aqrar sektorda aparılan islahatlar, dövlətin ciddi dəstək tədbirləri, regionlarda işin düzgün əsaslarda qurulması və fermerlərin fədakar fəaliyyəti nəticəsində hədəflənən istənilən uğurun əlçatan olduğunu sübuta yetirir
Azərbaycanın dərin konseptual yanaşmalarla hazırlanan və uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında bölgələrin iqtisadi potensialından daha səmərəli istifadə etməklə ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsal həcmlərinin artırılması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Buna görə də regionlar üçün xarakterik olan ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizin bir sıra bölgələri üçün belə ənənəvi və gəlirli təsərrüfatçılıq sahələrindən biri də pambıqçılıqdır.
Pambıqçılığın inkişafının ölkə iqtisadiyyatına çox böyük xeyri var
Məlum olduğu kimi, kifayət qədər gəlirli sahə olan pambıqçılığın Azərbaycanda qədim ənənələri var və əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Bu gün isə həmin ənənələrin yenidən dirçəldilməsi ölkəmizdə pambıqçılığın inkişafında yeni mərhələnin başladığını deməyə əsas verir. Əlbəttə, indiki dövrdə pambıqçılığın inkişaf etdirilməsi bir sıra nöqteyi-nəzərdən olduqca əhəmiyyətlidir. Əvvəla, bu məhsulun satışı ilə bağlı hər hansı bir problem yoxdur. Əksinə, dünya birjalarında pambığa böyük tələbat var. Digər tərəfdən, respublikamızın coğrafi-iqlim xüsusiyyətləri pambıqçılıq üçün olduqca əlverişlidir. İntensiv metodların tətbiqi sayəsində pambıq əkilən sahələrin məhsuldarlığını artırmaq, beləliklə də, həm respublikanın bölgələrində əlaqəli sahələrin inkişafına nail olmaq, məşğulluğu təmin etmək, həm də ölkənin ixrac imkanlarını genişləndirmək mümkündür. Azərbaycan da məhz bu kimi əlverişli məqamları nəzərə alaraq ölkənin torpaq fondundan daha səmərəli istifadə etməyi və pambıqçılığın şöhrətini geri qaytarmağı hədəfləyib. Prezident İlham Əliyev cari ilin mart ayının 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində xüsusi olaraq vurğulayıb ki, pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var: “Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”.
Respublikamızda pambıqçılığın inkişafına göstərilən dəstək tədbirləri çoxşaxəlidir. Pambıqçılıq böyük investisiya tutumlu sahə olduğuna görə həm ötən ilin, həm də cari ilin investisiya proqramlarında bu sahəyə lazımi qədər vəsait ayrılıb. Bundan başqa, pambığın satış qiyməti artırılıb, fermerlərə subsidiyalar verilməsi təmin edilir. Paralel şəkildə əkin sahələrinin genişləndirilməsi məqsədilə bölgələrdə zəruri meliorasiya tədbirləri həyata keçirilir. Ölkə miqyasında pambıqçılığın inkişafında Prezident İlham Əliyevin 2017-ci ilin iyul ayında imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” xüsusi aktuallıq kəsb edir. Sənəddə ölkənin regionlarında pambıqçılığın inkişafını təmin etmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, belə bir proqramın qəbul edilməsi Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.
Saatlı fermerlərindən rekord nəticə: bu günə kimi 25621,9 ton məhsul götürülüb
Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dəstək tədbirləri artıq öz müsbət nəticələrini verir. Hazırda pambıq sahələrində məhsul yığımı davam edir. Bu günə olan nəticələrə görə isə Saatlı rayonunun pambıqçıları rekord göstərici əldə edərək respublika üzrə liderlik edirlər. Belə ki, rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, Saatlı rayonu üzrə cari ildə 17220 hektar sahədə pambıq əkilib-becərilərək bu günə kimi 25621,9 ton məhsul götürülüb. Pambığın əkilib-becərilməsi işlərinin aparılması və məhsul yığımına 87 ədəd becərmə texnikası, 150-dən yuxarı nəqliyyat traktoru, 280 ədəd qoşqu, 31 ədəd pambıqyığan maşın və 11-12 min nəfər canlı işçi qüvvəsi cəlb edilib.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda pambıqçılıq sahəsində əldə olunan möhtəşəm nailiyyəti həyata keçirilən düzgün dövlət siyasətinin və göstərilən böyük dəstəyin, eyni zamanda, rayon zəhmətkeşlərinin fədakar əməyinin məntiqi nəticəsi kimi qiymətləndirib. İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, pambıqçılıqdan danışarkən daim Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1970-80-ci illərin uğurları, möhtəşəm nailiyyətləri xatırlanır: “Həmin illərdə pambıqçılıq ən yüksək zirvəyə çatmış, ölkədə bir milyon tondan artıq pambıq istehsal edilmişdi. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində bu sahənin tənəzzülə uğraması iri pambıqçılıq rayonu olan Saatlıda da özünü büruzə verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar və qarşıya qoyduğu vəzifələr bu sahənin də inkişafına təkan verdi və onun tarixi şöhrətini özünə qaytarmağa başladı. Ötən il pambıqçılıqda əldə olunan nəticələr bunun bariz nümunəsidir”.
Siraqəddin Cabbarov deyib ki, pambıqçılıq gəlirli sahə olmaqla yanaşı, əhalinin məşğulluğu baxımından da müstəsna əhəmiyyətə malikdir. Bunu ötən təsərrüfat ilində hər kəs yaxşı gördü. Bu il rayonumuzda ötən ilə nisbətən pambıqçılıqda çalışanların sayı 10 min nəfəri ötüb və bunun da 6 min nəfərdən çoxunu gənclər təşkil edib.
Pambıqçılığın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb
Saatlı rayonunun pambıqçılıqda göstəricilərini təhlil edərkən bir həqiqətin də şahidi olursan ki, ildən-ilə bu nəticələr yaxşılaşır. Belə ki, 2016-cı ildə rayon pambıqçıları 8109 hektar sahədə pambıq əkiblər ki, bu da 2015-ci illə müqayisədə 2 dəfə çoxdur. Ötən il becərmə və məhsulun yığılması işlərinə 6 min nəfərə yaxın işçi cəlb olunub. Onlardan da 3500 nəfərdən çoxunu gənclər təşkil edib. Pambıqçıların fədakarlığı nəticəsində sahələrdən 12 min tondan çox pambıq toplanaraq emal müəssisələrinə təhvil verilib. Pambıq istehsalçıları 6 milyon manata yaxın real gəlir əldə ediblər ki, bunun da 1 milyon 201 min manatı son məhsula görə istehsalçılara verilən subsidiya olub. Siraqəddin Cabbarov bildirib ki, keçən təsərrüfat ilinin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılan hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandırıb, cari ildə onlarda pambıq əkininə olan marağı daha da artırıb. Təsadüfi deyil ki, cari ildə fermerlər ötən illə müqayisədə 2 dəfə çox, yəni 17150 hektar sahədə pambıq əkiblər. Aqrotexniki qaydalara əməl etməklə işlərə vaxtında başlanılıb. Rayonda pambıq əkiləcək sahələri suvarma suyu ilə təmin edən 60 kilometrdən çox mövcud suvarma kanalları müvafiq qurumlar tərəfindən yenidən qazılaraq lildən təmizlənib ki, bu da istehsalçılar tərəfindən böyük razılıqla qarşılanıb.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov deyib ki, ölkəmizdə artıq böyük bir pambıqçılıq hərəkatı başlayıb. Ulu öndər Heydər Əliyevin dövründə olduğu kimi, pambıqçılıq geniş vüsət alıb: “İndi artıq hər hansı bir təbliğata ehtiyac qalmayıb. Bu da insanlarımızın güzəranının, yaşayış səviyyəsinin və işgüzarlığının artması deməkdir. Pambıqçılığın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Sözsüz ki, belə şərait pambıqçılığın daha geniş inkişafına güclü təkan verəcək, məhsuldarlıq isə daha yüksək olacaq. Saatlı rayonunda bundan sonra da bütün ehtiyatlar, qüvvə və imkanlar səfərbər ediləcək, qarşıya qoyulan vəzifələrin icrasını həyata keçirmək üçün əzmlə çalışacağıq”.
Sahələrdə növbəti mövsüm üçün hazırlıq işlərinə başlanılıb
Saatlı rayonu Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini icra edən Ağa Əsədov isə deyib ki, hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib. Ağa Əsədovun sözlərinə görə, əsas ixracyönümlü kənd təsərrüfatı məhsullarından olan pambıqçılığın inkişafı ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bununla bağlı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, pambıqçılığın inkişafına dair respublika müşavirələrində və digər tədbirlərdə Prezident İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsinin əhəmiyyəti və zəruriliyi ilə bağlı fikirlərini bildirib, əsas problemli məqamları qeyd edib və onların həlli ilə bağlı tapşırıqlar verib. Hazırda regionlarda dövlətimizin başçısı tərəfindən verilən tapşırıqların icrası uğurlu nəticələrin əldə olunmasını şərtləndirir. Ağa Əsədov Saatlı rayonunda da yüksək göstəriciləri dövlət başçısının diqqət və qayğısı, verilən tapşırıqların rayonda vaxtında və uğurla icrası, eyni zamanda, kənd təsərrüfatı sahəsində aparılan islahatların nəticəsi kimi qiymətləndirib. İdarə rəisi bildirib ki, yüksək məhsuldarlıq əldə edən rayon fermerləri məhsul yığımını davam etdirməklə paralel olaraq növbəti mövsümün də hazırlıqlarını həyata keçirirlər. Belə ki, hal-hazırda məhsul yığımı başa çatmış sahələrdə pambıq istehsalçıları tərəfindən pambıq emalı müəssisələri ilə müqavilələr bağlanılır, çöpdoğrayan maşınlar vasitəsilə sahələr çöpdən təmizlənir və çöpdən təmizlənmiş sahələr şumlanaraq 2018-ci ildə pambıq əkini üçün hazırlıq işləri görülür.
Saatlı rayonunda pambıq əkilib-becərilməsində, yığılmasında fərqlənən fermerlər uğurlarını daha da artırmaq əzmindədirlər
Şübhə yoxdur ki, Saatlı rayonunda pambıqçılıqda rekord nəticənin əldə olunmasında dövlətin böyük dəstəyi və regionlarda işin yüksək səviyyədə və düzgün qurulması ilə yanaşı, fermerlərin də fədakar əməyininin xüsusi payı var. Öz həyatını bu sahəyə həsr edən fermerlərdən biri də Saatlı rayonunun Mircəlal kənd sakini Nizami Məmmədovdur. O, bizimlə söhbətində deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda aparılan islahatlar, fermerlərə göstərilən dəstək pambıqçılığın inkişafına gözəl şərait yaradıb. Bu mövsümdə əkin aparılan sahələrdə yüksək aqrotexniki tədbirlər həyata keçirilib və bol məhsul yetişdirilib.
Nizami Məmmədov artıq 20 ildən çoxdur ki, pambıqçılıqla, əsasən də pambıq toxumu istehsalı ilə məşğul olduğunu bildirib. O, 2017-ci ildə hər hektardan 42,7 sentner olmaqla 185 ton pambıq məhsulu əldə edib ki, bunun da 90 tonu toxumluq pambıq məhsuludur. Eyni zamanda, pambıq istehsalı və emalı zavodu olan “Şamo” MMC-də baş aqronom kimi çalışır.
Saatlı rayonunun Əhmədbəyli kənd sakini Təranə Ağayeva da rayonda pambıqçılıqda yüksək nəticənin əldə olunmasına öz töfhəsini verən fermerlərdən biridir. 21 ildən artıqdır ki, pambıqçılıqla məşğul olan Təranə Ağayeva 1998-ci ildən Əhmədbəyli kəndində fərdi təsərrüfatlarda pambıq yığımında fəal iştirak edir. 2017-ci təsərrüfat ilində hər gün 210-230 kq pambıq toplayıb. Bu günə kimi 18 tona yaxın məhsul toplayan T.Ağayeva da belə böyük uğurun qazanılmasını dövlət tərəfindən yaradılan əlverişli şərait və gərgin zəhmətlə əlaqələndirir. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, fermerlərə göstərilən dəstək bizim üçün ənənəvi sahə olan pambıqçılığın yenidən dirçəldilməsinə və inkişafına şərait yaradıb: “Bu mövsüm əkin apardığımız sahələrdə yüksək aqrotexniki tədbirləri ardıcıl həyata keçirərək, gözlədiyimiz məhsulu yetişdirmişik. Növbəti mövsümlərdə isə bu göstəricilərimizi daha da inkişaf etdirmək əzmindəyik”.
Saatlı rayonunun Bəylər kəndində 15 ildən artıqdır ki, pambıqçılıqla məşğul olan Ərşad Məmmədov isə deyib ki, ölkəmizdə pambıqçılığın dirçəldilməsi fermerlərin sevincinə səbəb olub. Pambıqçılığa göstərilən dövlət qayğısından bəhrələnərək, əkin sahələrində aqrotexniki tədbirləri ardıcıl həyata keçirdiklərini və uğurlu nəticə əldə etdiklərini söyləyən fermer bildirib ki, 2017-ci ildə hər hektardan orta hesabla 45,6 sentner olmaqla 210 ton məhsul əldə edib. Ə.Məmmədov, eyni zamanda, pambıq istehsalı və emalı ilə məşğul olan “MKT-İK” MMC-nin Saatlı filialı üzrə kənd yerlərində nümayəndə kimi fəaliyyət göstərir. Hər il istehsalçılarla müqavilələrin bağlanmasında, istehsalçılarda pambığa maraq yaradılması və pambıqçılığın genişləndirilməsində xidmətləri olan fermerin respublikamızda pambıqçılığın perspektiv inkişafı ilə bağlı gözləntiləri olduqca yüksəkdir.
Qeyd olunan fermerlərlə yanaşı, yüksək məhsuldarlığı ilə diqqət çəkən digər pambıqçılar haqqında da məlumat vermək yerinə düşər. Onlardan biri Çingiz Gözəlovun rəhbərlik etdiyi “MKT İK” MMC üzrə 2017-ci ildə 5620 hektar sahədə pambıq əkilib-becərilərək bu günə kimi 12058,2 ton məhsul götürülüb. Həmin zavodun müqaviləçisi olan rayonun Məmmədabad kənd sakini Mirhəsən Əliyev hər hektardan orta məhsuldarlıq 40,2 sentner olmaqla 12 hektar sahədən 48,2 ton pambıq götürüb. Rayonun Qara Nuru kənd sakini Famil Əzimov isə hər hektardan 38,2 sentner olmaqla 5 hektar sahədən 19,1 ton məhsul götürüb. Qismət Mirzəyevin rəhbərlik etdiyi “CTS Agro” MMC üzrə 2017-ci ildə 4000 hektar sahədən 5472,4 ton məhsul əldə edilib. Həmin zavodun müqaviləçiləri olan rayonun Nəsimikənd kənd sakini İslam Qoçəliyev 160 hektar sahədən 411 ton və Fətəlikənd kənd sakini Güləli Dursunov isə 40 hektar sahədən 107 ton məhsul əldə edib.
Bundan başqa, Yaşar Hüseynovun rəhbərlik etdiyi “Şamo” MMC 4500 hektar sahədən 7128,4 ton, Hikmət Zeynalovun rəhbərlik etdiyi “Saatlı-KT” MMC 1200 hektar sahədən 749 ton, Mircəlalkənd kənd sakini Rauf Mirzəyev 41 hektar sahədən 146,3 ton, Qıraqlı kənd sakini Vasif Hüseynov 30 hektar sahədən 96,6 ton, Heydərabad kənd sakini Maqsud Zeynalov hər hektardan 41 sentner olmaqla 17,5 hektar sahədən 71,7 ton, Mollavaizli kənd sakini Ağayev Elşən isə 17 hektar sahədən 46,2 ton məhsul götürüblər.
Beləliklə, qeyd olunanlar ciddi dövlət dəstəyi, regionlarda işin düzgün əsaslarda qurulması və fermerlərin fədakar əməyi nəticəsində hədəflənən istənilən nəticənin əlçatan olduğunu sübuta yetirir. Saatlı rayonunun pambıqçıları da əldə etdikləri belə böyük nailiyyətlə bu gerçəkliyi bir daha ortaya qoyublar. Ümid edirik ki, qarşıdakı dövrlərdə digər rayonlarımızda da bu uğurların təkrarlanmasının, hətta daha böyük göstəricilərin əldə olunmasının şahidi olacağıq. Çünki bu bayraq yarışı nəticədə dövlətimizin inkişafına və xalqımızın rifahının daha da yüksəlməsinə səbəb olur.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30

