Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ƏQİDƏSİNƏ SADİQ ZİYALI

ƏQİDƏSİNƏ SADİQ ZİYALI

21.09.2018 [09:13]

Bütün dövrlərdə vətənpərvər, ziyalı insanlar olub və belə insanlar hər zaman ictimai fəallığı ilə cəmiyyətin ön sıralarında gediblər. Tanınmış ictimai-siyasi xadim, Milli Məclisin sabiq sədri, Əməkdar hüquqşünas Murtuz Ələsgərovun haqqında düşünəndə, ilk növbədə, yada bu sözlər düşür. Bəli, ziyalılıq və fəal vətəndaş mövqeyi Murtuz Ələsgərovun portretini tamamlayan əsas cəhətlər idi. Sentyabrın 20-də Murtuz Ələsgərovun anadan olmasının 90 ili tamam oldu. Uzun illər ərzində ardıcıl mütaliə sayəsində zəngin elmi biliklərə yiyələnən və kifayət qədər geniş erudisiyaya malik olan Murtuz Ələsgərov eyni dərəcədə fəal vətəndaş mövqeyi sərgiləyən, Vətənə olan sonsuz məhəbbətini əməldə büruzə verən, cəmiyyətdə gedən proseslərə heç vaxt biganə qalmayan bir insan idi.
Mən Murtuz müəllimi ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində radio və televiziya efirlərində beynəlxalq məsələlərə dair icmalları apararkən tanımışam. Onun dünya miqyasında baş verən prosesləri özünəməxsus, geniş auditoriya tərəfindən başa düşülən şəkildə izah etməsi dinləyiciləri və tamaşaçıları özünə cəlb edirdi. Murtuz müəllim çox mürəkkəb, dərin köklərə malik beynəlxalq hadisələri sadə dillə elə izah edirdi ki, ona qulaq asmamaq mümkün deyildi.
Murtuz müəllimlə əyani tanışlığım 90-cı illərin əvvəllərinə təsadüf edir. O dövrdə çökməkdə olan Sovet imperiyası digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da özünün son dayaqlarını qoruyub saxlamaq üçün dəridən-qabıqdan çıxır, Moskvanın yeritdiyi siyasəti heç cür qəbul etmək istəməyən dinc əhaliyə qarşı müxtəlif təxribatlar törədirdi. Belə bir vaxtda ölkədə xalq hərəkatı geniş vüsət almağa başladı. Murtuz müəllim də bu hərəkatın fəal üzvlərindən biri kimi mitinqlərdə iştirak edir, tez-tez tribunadan nitq söyləyir, fikirlərini səsləndirirdi.
O dövrdə Ulu öndər Heydər Əliyevə qarşı respublika rəhbərliyi çirkin kampaniya aparır, müxtəlif vasitələrlə Onu xalqın gözündən salmağa çalışırdı. Həmin vaxt respublikaya rəhbərlik edənlər belə bir görkəmli dövlət xadimini yenidən hakimiyyətə buraxmamaq üçün min bir hiylə işlədirdilər. Məhz bu məqsədlə də respublika Konstitusiyasına dəyişiklik edilərək yaş senzi ilə bağlı maddə əlavə edilmişdi. O zaman görkəmli dövlət xadimi Heydər Əliyev keçmiş SSRİ rəhbərliyindən istefa verərək, Öz doğma vətəni Azərbaycana - Naxçıvana qayıtmışdı.
Ulu öndər Heydər Əliyevin xalq arasındakı nüfuzu, Ona olan inam o dövrkü siyasi qüvvələri çox narahat edirdi. Belə bir vaxtda Murtuz müəllim yaş senzinin ləğv olunması ilə bağlı mitinqlərdə cəsarətlə çıxış edərək, heç nədən çəkinmədən Ulu öndər Heydər Əliyevin hüquqlarını müdafiə edirdi.
1992-ci ilin mayında Xalq Cəbhəsi Mütəllibov hakimiyyətini devirərək, ölkənin Ali Soveti sədrliyinə öz namizədini seçmək istəyirdi. Parlamentin deputatı kimi mən digər deputat həmkarlarımla birlikdə Heydər Əliyevlə əlaqə saxlayıb, Onu Bakıya dəvət etmək istəyirdik. Ancaq Naxçıvanla telefon əlaqəsinin müəmmalı şəkildə kəsilməsi Onunla əlaqə yaratmağa mane oldu.
Yaxşı yadımdadır, sonralar biz - Heydər Əliyevi sevən insanlar - Fərəməz Maqsudov, Murtuz Ələsgərov və başqaları bu görkəmli dövlət xadiminin rəhbərliyi ilə yeni bir partiyanın yaradılması barədə ciddi düşünməyə başladıq. Bakı Dövlət Universitetində Murtuz müəllimin kabinetində dəfələrlə yığışaraq, bu barədə fikirlərimizi bölüşür, görüləcək işləri müzakirə edirdik. O vaxt belə qərara alındı ki, partiya yaradılması ilə bağlı Ulu öndərə müraciət edək. Beləliklə, 1992-ci il oktyabrın 16-da “Səs” qəzetində Ulu öndər Heydər Əliyevə ünvanlanmış “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı “91-lər”in müraciəti dərc olundu. Bu müraciət ölkənin ictimai-siyasi həyatında əlamətdar bir hadisəyə çevrildi. Hamı - ölkə ziyalıları, sadə zəhmətkeş adamlar nəzərlərini Naxçıvana dikmişdilər. Onlar Heydər Əliyevdən cavab gözləyirdilər.
Xalq Cəbhəsinin hakimiyyəti dövründə ölkədə baş alıb gedən anarxiya, cəzasızlıq mühiti, gələcəyə inamsızlıq, torpaqların dalbadal işğalı bütün ölkə əhalisini narahat edirdi. Belə bir vaxtda Xalq Cəbhəsi hakimiyyəti Heydər Əliyevin ətrafında birləşmək istəyənlərə təzyiqlərini daha da artırmışdı. Hətta Ulu öndərə müraciət ərəfəsində Murtuz müəllimə qarşı təxribat törədilmiş, bu görkəmli ziyalı fiziki təzyiqlərə məruz qalmışdı.
“91-lər”in müraciəti o dövrkü hakimiyyəti şoka salmışdı. Onlar nə edəcəklərini bilmir, bir-birinin ardınca xalqda ikrah doğuracaq addımlar atırdılar. Həmin vaxt Naxçıvanda Ali Məclisin Sədri işləyən Heydər Əliyevi tutduğu vəzifədən kənarlaşdırmaq üçün Ona qarşı çevriliş cəhdinə əl atıldı. Ancaq xalq öz böyük oğlunu müdafiə etdi. Naxçıvanın ətraf kəndlərindən Ali Məclisin qarşısına toplanan əhali Xalq Cəbhəsi iqtidarının çirkin niyyətlərinin baş tutmasına imkan vermədi. Və 1992-ci ilin noyabrında Naxçıvan Dram Teatrında Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Bu partiya yeganə siyasi qurum idi ki, ölkənin paytaxtında yox, ucqar bir bölgədə yaradıldı.
Ölkədə baş verən mürəkkəb siyasi proseslər fonunda Heydər Əliyevin başçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) tezliklə müxalifət partiyasından iqtidar partiyasına çevrildi. 1993-cü ilin iyununda Ulu öndərin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycan onu gözləyən bəlalardan tezliklə xilas oldu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Milli Məclisə ilk seçkilər keçirildi. Tezliklə hüquqi islahatların aparılması üzrə komissiya yaradıldı. Xüsusi vurğulamaq istəyirəm ki, ölkənin əsas sənədi - Konstitusiyanın hazırlanmasında və yeni qanunvericilik aktlarının qəbulunda Murtuz müəllimin təcrübəli hüquqşünas kimi böyük əməyi olmuşdur.
Yaxşı yadımdadır, 1996-cı ilin payızı idi. Milli Məclisin sədrliyinə seçki keçirilməliydi və partiyamız bu posta hörmətli Murtuz Ələsgərovun namizədliyini dəstəkləyirdi. O dövrdə Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə çoxluq təşkil edirdi və təbii ki, partiyanın namizədinin də parlamentin sədri seçilmək imkanı daha çox idi.
Milli Məclisin təşkilati məsələ ilə əlaqədar növbəti iclasında Heydər Əliyev Özü də iştirak edirdi. Bu, Ulu öndərin Murtuz müəllimə olan etimadının bariz göstəricisi idi. Həmin iclasda Murtuz Ələsgərov Milli Məclisin sədri seçildi.
O dövrdə komitə sədri kimi deyə bilərəm ki, Murtuz müəllimin qanunverici orqana sədr seçilməsi parlamentin işinə yeni ab-hava gətirdi. Ulu öndərin rəhbərliyi ilə ölkədə aparılan islahatların Milli Məclisdə hüquqi bazasının yaradılması ilə yanaşı, aqrar sahəyə aid də həyati əhəmiyyətli qanunlar qəbul olundu. Parlamentin beynəlxalq əlaqələri daha da gücləndi. Qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində əməli addımlar atıldı. Ölkəmiz tezliklə Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olundu.
1990-cı illərin sonlarında Qafqazda baş verən proseslər dünya ictimaiyyətinin diqqətini özünə cəlb edirdi. Belə bir vaxtda Rusiyanın təşəbbüsü ilə Qafqaz ölkələri parlament sədrlərinin görüşləri təşkil edildi. Yaxşı yadımdadır, belə görüşlərdən biri də Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində baş tutmuşdu. O vaxt mən Minvodı şəhərinin rəhbəri Mixaylenko Vitaliy İvanoviçdən xahiş etdim ki, tədbir çərçivəsində Rusiya tərəfdən Murtuz müəllimi o müşayiət etsin. Tezliklə Murtuz müəllimlə şəhərin meri arasında dostluq əlaqələri yarandı.
Rusiya Dövlət Dumasında Murtuz müəllimin rəhbərliyi ilə keçirilən görüşlər də yaxşı xatirimdədir. O vaxt o, rusiyalı deputatların Dağlıq Qarabağa icazəsiz səfərləri ilə bağlı qəti etirazını bildirirdi. Onun müsahibləri bu ağsaqqal hüquqşünasa, ictimai xadimə diqqətlə qulaq asır, iradlarını qəbul edirdilər.
Rusiya Dövlət Dumasının 90 illiyi ilə əlaqədar Sankt-Peterburqun Tavriya sarayında keçirilən tədbir zamanı burada azərbaycanlı deputatların o dövrkü Rusiya Dumasında iştirakı ilə bağlı fotosərgi təşkil edilmişdi. Rusiya Federal Şurası Federal Məclisinin Şura sədri Yeqor Stroyev sərgidən məmnun olduğunu dilə gətirərək, XX əsrin əvvəllərində azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatındakı iştirakını yüksək qiymətləndirdi. Ermənilər buna qısqanclıqla yanaşaraq, onların da Dumada fəal olduqlarını bildirdilər. Murtuz müəllim isə təmkinini pozmadan, “ola bilər, yəqin, Dumanın bufetində fəallıq göstəriblər”, - deyə cavab verdi. O dövrdə İrəvan quberniyasından Dumaya təkcə azərbaycanlılar seçilmişdilər.
Murtuz müəllim güclü yumor hissinə malik olmaqla yanaşı, həm də yaxşı yol yoldaşı idi. O, xalq arasında deyildiyi kimi, hər kəslə öz dilində danışmağı bacarırdı. Heç vaxt haqqı nahaqa verməzdi. Moskvaya səfərlərin birində Murtuz müəllimlə tək qalmışdıq. O, keçmişdən, gələcəkdən şirin-şirin söhbət edir, mənimlə birgə qaldığımız mehmanxananın həyətində var-gəl edirdi. Ayağında problem olduğu üçün çox da uzağa gedə bilmirdi. Belə gəzintilərin birində su içmək istədik. O, suyu stəkana süzərək, mənə uzatdı. Etiraz etmək istəyəndə isə dedi ki, su kiçiyindir, yol böyüyün.
Murtuz müəllim həm gözəl hüquqşünas, həm də dünya tarixinə dərindən bələd olan dəyərli ziyalı idi. O, dünyada baş verən proseslərdən düzgün nəticə çıxarmağı bacaran təcrübəli siyasətçi idi. Heç də təsadüfi deyildir ki, müstəqilliyimizin möhkəmləndirilməsi üçün önəmli olan illərdə məhz Murtuz müəllim Milli Məclisə rəhbərlik etmişdi. Onun əziz xatirəsi əqidəsinə sadiq ziyalı, gözəl insan, ictimai-siyasi xadim kimi Murtuz müəllimi sevənlərin yaddaşında daim yaşayacaqdır!
Eldar İBRAHİMOV,
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31