Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Boğulan problem, yenidən doğulan problemdir

Boğulan problem, yenidən doğulan problemdir

03.11.2021 [11:05]

Pedofillərə qarşı kastrasiya cəzası təklifi

Hər kəs öz beynninin məhsuludur

Bir neçə gündür sosial şəbəkələrdə, müxtəlif media orqanlarında 11 yaşlı qızın təcavüzə uğraması, hamiləliyi ilə bağlı müzakirələr dayanmır. Bu il ərzində uşaqlarla bağlı eşitdiyimiz ilk ağır cinayət faktı deyil. Təbii ki, hər cinayətin mütləq cəzası olmalıdır və cəmiyyətimiz pedofilə ən ağır cəzanın verilməsini təklif edir. Bu gün səsləndirilən təkliflər pedofillərin ömürlük azadlıqdan məhrum edilməsi və kastrasiyası yönündədir. Cinayət Məcəlləsinə görə, Azərbaycanda pedofilləri ən çox 17-20 ilə qədər həbs cəzası gözləyir. Bu qanun (əslində heç bir qanun) caninin azadlığa çıxdıqdan sonra eyni əməli törətməyəcəyinə təminat vermir. Belə çıxır ki, canilər yeni qurbanlar axtarmağa davam edəcəklər, çünki lazım olan cəzasızlıq var.

Əgər damdakı çat səbəbiylə döşəməyə su damır və çürümə yaranırsa, döşəməni təmir etməklə, rəngləməklə problem həllini tapmayacaq. Damdakı çat təmir edilməlidir. Pedofilliyin yaranma səbəblərinə də eyni şəkildə yanaşılmalıdır. İnsanları canavara çevirən cinsi azğınlığın arxasında nə dayanır?

Öncə məsələyə tibbi cəhətdən nəzər salaq

Psixiatrlar deyirlər ki, psixi cəhətdən tam sağlam adam yoxdur, müayinə olunmayan adam var.

Bizim bütün davranışlarımız beynnimizin diktəsi ilə baş verir. Mən, siz, o, ümumiyyətlə, hər kəs öz beyininin məhsuludur. Beyində biokimyəvi proseslər düzgün getmədikdə və ya beyinin davranışa, düşüncəyə məsul hissəsi zədələndikdə psixi xəstə adlandırdığımız hal yaranır. Məsələn, vazopressin hormonunun sintez olunmasına RS3-334 geni məsuldur və bu genin aktiv fəaliyyəti zamanı vazopressinin miqdarı da çoxalır. Belə insanlar çox sədaqətli olurlar. Yəni sevgi hissləri ancaq müəyyən, konkret bir cinsi partnyora yönəlir. İnsanın kiməsə və ya nəyəsə sevgisini isə oksitosin formalaşdırır. Başqa sözlə desək, oksitosin ve vazopressin bizi monoqamiyaya (sədaqətə), cinsi hormonlar işi poliqamiyaya (xəyanətə) doğru aparır.

Beyində cinsi davranışları təmin edən əsas anadangəlmə proqramların mərkəzləri hipotalamus və amiqdaladadır. Amiqdala bu sistemdə tormozlayıcı rol oynayır, yəni cinsi davranışın ifrat formada yaranmasının qarşısını alır. Əgər hansısa səbəbdən (şiş, insult və s.) amiqdalanın fəaliyyəti pozularsa, bu zaman insanda seksual manyak dediyimiz hal yaranır. Ən pisi də budur ki, proses genetik ola bilir. Genetik olaraq hansı maddənin miqdarı coxdursa, ona uyğun davranış modelini beyin seçir. Və bütün bunlar qeyri-iradidir. Bu mənada uşaqlıqdan beyinimizə ötürülən informasiyanın da əhəmiyyəti az deyil. Qısası beyindəki o şiş, hormon pozuntusu qaydaya salınmayınca cinayətkarı həbsə deyil, sandığa da salsan, düşüncəsini dəyişən deyil, azadlığa çıxdıqdan sonra yenə öz bildiyini edəcək. Tibbi nöqteyi-nəzərdən baxsaq, bu qənaətə gəlmək olur.

Statistika nə deyir?

Qanunun gözüylə baxsaq, 0-13 yaş arası uşaqlara cinsi istək duyan və fürsət düşən kimi bu tələbatı müxtəlif yollarla ödəməyə çalışan adamlar var. Bu fəlakət “yalnız bizdədir” deyib haray çəkmək də doğru olmaz. İnsanların yetişmə tərzi bütün ölkələrdə yaxşı və ya pis mənada özünü göstərir. Doğulan körpənin böyüyüb kim olacağına onun yetişdiyi mühit qərar verir. Kanadalı psixiatr, professor Malonun araşdırmalarına görə, Yer üzündəki bütün kişilərin 1%-i açıq və ya gizli pedofildir. Bu günə qədər qeydə alınmış faktların statistikası göstərir ki, 10 hadisədən 3-4-ü uşağın ailəsinə yaxın insanlar, qohumlar və ailəni tanıyan insanlar tərəfindən törədilir. 3 % hallarda uşaqlar üzərində seksual təcavüzü elə uşaqlar icra edir: yeniyetmələr kiçikyaşlı uşaqlar, gənclər isə yeniyetmələr üzərində. ABŞ-da aparılmış sorğuya əsasən, ölkə vətəndaşları hesab edirlər ki, hər 2 kv.m əraziyə bir pedofil düşür. Dünya statistikasına görə, 18 yaşına kimi hər 4-5 qızdan biri pedofillə rastlaşır. Oğlanlara gəldikdə hər 100 oğlandan 10-u bu və ya digər şəkildə pedofillə üzləşib. Hər il 70 minə yaxın yetkinlik yaşına çatmayan şəxs cinsi zorakılığa məruz qalır. Bir sözlə, pedofiliya qurbanlarının sayı getdikcə artır. Cinsi zorakılığa məruz qalan uşaqların təxminən 78 faizi məhz ailə üzvləri və yaxınları tərəfindən bu zorakılığı yaşayır.

Dünyada kastrasiyanın tətbiqi

Bu gün cəmiyyətdə pedofiliya və cinsi zorakılığa görə kastrasiya (axtalanma) təklifləri də səslənməkdədir.

Dünyanın bir sıra ölkələrində seksual cinayətlərə görə kimyəvi və ya cərrahi yolla kastrasiya təcrübəsi var. Bu təcrübəni dəstəkləyənlər deyirlər ki, axtalanma yoluyla cinayətkarların yenidən eyni cinayəti törətməsinin qarşısını alırlar, yəni cəmiyyəti seksual cinayətlərdən qoruyurlar. Kimyəvi axtalanma deyəndə dərmanlar yoluyla əlaqədar hormonların səviyyəsinin aşağı salınması, cinsi həvəsin və imkanların öldürülməsi nəzərdə tutulur. Bu dərmanlarla yanaşı, anti-depressantlar da tətbiq olunur.

2016-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev pedofillərin kimyəvi axtalanması ilə bağlı qanun imzalayıb. ABŞ-ın 7 ştatında cinsi zorakılıqda təqsirləndirilən şəxslər üçün kimyəvi axtalanma mövcuddur. Polşa 2010-cu ildə qəbul etdiyi qanunla, təcavüzçülərin bəziləri üçün axtalanma tətbiq edən ilk Avropa ölkəsi olub. 2012-ci ildən etibarən Rusiyada 14 yaşa qədər uşaqlara qarşı cinsi istismar həyata keçirən insanlara məcburi axtalanma tətbiq edilir. 2011-ci ildə 16 yaşına qədər uşaqları cinsi istismar edənlərin kimyəvi üsulla axtalanmasını nəzərdə tutan qanunla Cənubi Koreya bu yolu seçib. Moldova və İndoneziyada da pedofillərə qarşı məcburi qaydada kimyəvi axtalanma tətbiq edilir. Kimyəvi axtalanma bir deyil, bir neçə mərhələdə həyata keçirilir. İllik müalicə təxminən 4500 dollar təşkil edir. 2016-cı ildən Türkiyədə kastrasiya qanunu qüvvəyə mindi. Baxmayaraq ki, buna münasibət cəmiyyət tərəfindən birmənalı deyil. Türkiyədə məhz məcburi kastrasiya nəzərdə tutulur və bu tədbirin tətbiqi üçün məhkəmə qərar verir.

Kastrasiyanın qəribə səbəbləri

Kastrasiyanın dəqiq tarixi məlum olmasa da, buna aparan səbəblərin müxtəlif olduğu məlumdur. Axtalanmadan həmişə cəzalandırmaq üçün istifadə edilməyib. Bir çox mədəniyyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunub. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur. Ağa Məhəmməd şah Qacarın həyat hekayəsindən xəbərdar olanlar onun da bu prosedura məruz qaldığını bilirlər. Bu onun həyatının faciəsi olmuş, qəddarlığına səbəb vermişdi. Qacar onu axtalamış cəmiyyətdən sanki qisas alırdı və təəssüf ki, günahsız insanlar bu qisasın qurbanı olurdular. Uşaqlıqda hansısa zorakılığa məruz qalmış insanlar böyük çoxluqla cani, manyak pedofil taleyi yaşayır və özünə məsum qurbanlar seçir.

Tarix boyu axtalamadan sonra gənclərdə daha güclü, zəngin səs formalaşması barədə məlumatlar bir çox sənət adamlarının da taleyində məşum rol oynayıb. Məsələn, Maykl Ceksonun uşaqlıqdan ona həm mənəvi, həm fiziki şiddət göstərən atası bu prosesi qanuni yolla gerçəkləşdirməyə can atırdı. Övladının yeniyetməlik dövründə səsi tutulmağa başlamadan, ona axtalanmaya səbəb olan hormonal iynələr vurdururdu. Maykla bu iynələrin onu sızanaqlardan qoruyacağı deyilirdi. Orta əsrlərdən üzü bu yana Avropada bir çox opera müğənnilərinin sənət naminə bu prosedura məruz qalması barədə məlumatlar var. Erkən yaşda axtalanmış və buna görə də qadınlara oxşar yüksək səsə sahib olmuş vokal partiyaların ifaçılarına kastrato deyilirdi. Bu termin indi də işlədilir. Kastratoların adətən səsləri soprano olur.

Lakin heç bir halda bu insanların özlərinin istəkləri xaricində kastrasiya edildikdən sonra hansı psixoloji vəziyyətə düşmələri barədə məlumat verilmir. Kim bilir gündüzlər bülbül kimi cəh-cəhləri ilə tamaşaçıları feyziyab edən o müğənnilər, gecələr dərddən qurd kimi ulayaraq, qurd adamlar, vampirlər, qaniçənlər, haqqında şəhər əfsanələri gəzən canilər olmuşdular.

Bu yazımla pedofilliyin psixoloji xəstəlik olduğunu əsaslandıraraq, niyyətim əsla onlara haqq qazandırmaq deyil. Qısamüddətli həbs cəzasından çıxdıqdan sonra, beyini təlqin edirsə pedofil yenə öz əməlinə dönmək istəyəcək. Fiziki kastrasiya da çarə sayıla bilməz, çünki fiziki imkan azaldılmış olsa belə, beyin yenə “dəli” əmrlər verirsə, o, hər hansı bir cinayəti törətməklə rahatlıq tapacaq. Bu məsələyə psixiatr yanaşması, uzunmüddətli, məcburi psixiatrik müalicə şərtdir.

Uşaqlara cinsi istək və təcavüz o qədər ağır və cəmiyyət tərəfindən qadağa ilə qarşılanan mövzudur ki, bu barədə elmi araşdırmalar azdır. Hər evdə uşaq böyüdüyünə görə, bu problem əslində hamımızı və həmişə əhatə edir. Uşaqlar ən çox zamanı harada keçirirlər?- Məktəbdə. Bəs bu barədə məktəblərdə hər hansı tədbir, tədris, informasiya varmı? Yoxdur. Danışmırıq, utanırıq, susuruq.

Susmaqla, üstündən keçməklə, boğmaqla problem həll olunmur, yeni şəraitdə, yeni formada doğulur.

İlhamə

 

Paylaş
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30