Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bizə Zəfər yaraşır!

Bizə Zəfər yaraşır!

05.11.2021 [10:44]

Zəfər ağacı altında Zəfər yallımız

Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək

Zəfər yarmarkasının açılacağı xəbərini eşidəndən həvəslə ora getməyi gözləyirdim. Bilirdim ki, hər məqamı ilə təsirli, qürur dolu bir tədbir olacaq. Budur, nəhayət gözlənilən gün gəlib çatır, işdən çıxandan sonra yorğun olmağıma baxmayaraq “Kukla teatrı”nın yanındakı dayanacaqda avtobusdan düşürəm.

Hədəfim Dənizkənarı Milli Parkdır. Bu dəfə bulvara məni gətirən Zəfərimizə bir daha qürrələnmək hissi idi.

Ətrafdakı hər nüansa diqqətlə nəzər yetirirəm - Zəfər  xalqımıza necə də yaraşır! Üzümüz ürəkdən gülməyə necə həsrət qalmışdı. İndi isə insanların üzündəki təbəssüm, sevinc dolu baxışlar göz oxşayır, könül sevindirir. Hiss edirəm ki, bayaqkı yorğunluğumdan əsər-əlamət qalmayıb. Sərt karantin rejimi dövründə konsert proqramlarına həsrət qalsaq da, torpaqlarımızı işğaldan azad etməyimiz ruhumuzu ən gözəl musiqi kimi dindirmiş, qələbə sevinci qollarımızı səmalara qaldırmışdı. İndi o qələbəni konsertlərin müşayiəti ilə qeyd edirik. Hisslərimizi illər sonra ilk dəfə bu qədər büruzə veririk.

Yarmarkanın girişi səhnənin düz yanındadır. İçəri daxil olan kimi o tərəfdən bir zəngulə ucalır: “Yaşamaram sənsiz bir an, anam doğma Azərbaycan!” Bu doğma səsin sahibi Əməkdar artist Təyyar Bayramovdur. Səhnənin önündə də hərbçilər dayanıb. Baxışlarında bir az nisgil, bir az sevinc, bir xeyli də qürur hiss olunur. Bu gün ətrafda gördüyümüz hər şey zərrəsinə qədər onların əsəridir. Əslində yarmarkanı mənim üçün  doğma edən ən başlıca səbəb də məhz budur. Bu gün də bura qələbəni yaşadanların işığına toplaşmışıq.

Səhnədən uzaqlaşıb yarmarkanın əsas hissəsinə fokuslanıram. Burada müxtəlif şirkətlərin təqdim etdiyi qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılır. Satışdan əldə olunan vəsait torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən şəhid ailələrinə və yaralılara dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

Bayaqdan diqqətimi çəkən çadırlara yaxınlaşıram...

Çadırlardakı hərbçilər avdanlıqlar və sursatlar barədə vətəndaşlara məlumat verirlər. Burada Vətən müharibəsi ilə bağlı silah, geyim və texnika nümayiş olunur. Müharibə dövründə televiziyadan gördüyümüz bu əşyaları real həyatda görmək nə qədər möhtəşəmdir, bir bilsəz... Bəlkə də elə bu səbəbdən insanların çoxu çadırlara üz tutur, maraqla müharibə dövründə hansı texnikadan necə istifadə edilməsi haqqında hərbçilərin söhbətlərini dinləyirlər.

Döyüş sursatları olan çadıra daxil olanda hərbçinin “bu əşyalara toxunmaq olmaz” dediyini eşidirəm, yaxınlaşanda görürəm ki, həqiqətən də nişangahlardan ikisinin kiçik hissələri qopub. Baxmayaraq ki, masalara “toxunmaq olmaz” yazılıb... Təbii ki, bu eksponatlar Vətən müharibəmizin “əşyayi-dəlilləri”di və onlara “toxunmaq olmaz” deyəndə gələcək nəsillərə yadigar qalacaqlarını nəzərdə tuturlar. Amma insanları da anlamaq çətin deyil, hər kəs torpağımızın 30 illik qənimlərinə od qoyan silah-sursatı, onlarda hansısa şəhidin əl izini oxşamaq istəyir...

Minatəmizləmə texnikalarının və bildiriş lövhələrinin nümayiş olunduğu çadıra daxil olanda hərbçinin çıxışını vətəndaşlardan birinin lentə aldığını görürəm. Arxadan çəkildiyi üçün hərbçinin bundan xəbəri yoxdur. Odur ki, çəkilişi edən şəxsə astadan “çəkirsən çək, ancaq sosial mediada paylaşma” -deyə tövsiyə edirəm. Çünki dünən xidməti vəzifəsi səbəbilə çəkilişin qadağa olduğunu təkidlə bildirmişdilər.

Yanımca gələn yol yoldaşım hərbi texnika ilə maraqlanır. Bəzilərini bildiyim üçün izah edirəm. Hətta çadırdakı rütbəli hərbçi bir az zarafatla deyir ki, “Hər şeyi bilirsiniz, bəlkə sizi köməkçi götürüm. Onsuz da hər gün buradayam”, - deyib sabaha qədər sağollaşıram.

Hərbçilərdən biri “müharibədə iştirak etmisiniz?” sualının tez-tez ünvanlanmasına öz iradını bildirir. Deyir ki, burada gördüyünüz bütün əməkdaşlar müharibə iştirakçısı olublar.  Vəziyyəti yumşaltmaq üçün müdaxilə edib, “müharibədə hansı istiqamətlərdə döyüşmüsünüz?” deyə soruşuram. Kefi düzəlir, ağır, bir o qədər də qürurlu döyüş yolundan danışmağa başlayır. Hətta Zəngilanda lentə aldığı kadrları göstərir, kadrlar arasında zəfər simvolumuz olan Xarıbülbülü də görürəm. Ətrafdakılar hərbçiyə heyranlıqla baxırlar...

Bir-iki addım kənarda “əsgərə məktub” stendi diqqətimi çəkir. Yaxınlaşıb uşaqlarla bərabər məktub yazıram. Bu, hamımızın hisslərini ehtiva edən bir təşəkkür məktubudur. Müharibə dövründə yazılmış məktublardan fərqlidir...

Səhnədən gələn musiqi sədaları fikrimi yayındırır: “Bir anamdan, bir də səndən, bu dünyada doya bilmirəm, ey Vətən”. Prezidentin Zəngilana səfəri zamanı çəkilən videosunu xatırlayıram. Bu gün bu konsertdə iştirak edən hər kəsin simasında ən az o videoda olduğu qədər qürur, sevinc  həm də qəhər var...

Şəhid olduqları tarixlər -  sonsuzluq...

İki nəfəri də görürəm. “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və  “ASAN Xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev ziyarətçilərlə fotolar çəkdirir, söhbət edirlər. Yaxınlaşıb yarmarka ilə bağlı fikirlərini öyrənirəm.

Fondun rəhbəri Elvin Hüseynov deyir ki, ötən günlər ərzində yarmarkada kifayət qədər izdiham müşahidə olunub: “Bu formatda yarmarka ölkəmizdə ilk dəfə keçirilir. Müdafiə Nazirliyi tərəfindən burada kiçik bir hərbi şəhərcik yaradılıb. Hərbi silahların hər biri qəhrəman Azərbaycan əsgəri tərəfindən 44 günlük müharibədə istifadə olunub. Bu da öz növbəsində yarmarkaya gələn insanların marağına səbəb olur. Övladlarımızın vətənpərvər ruhda tərbiyə olunmasında bilavasitə rol oynayır”.

E.Hüseynov onu da qeyd edir ki, ziyarətçilər 8-9 noyabr tarixlərində yarmarka ərazisində səhra mətbəxində bişən əsgər yeməklərinin dadına da baxa biləcəklər: “Yarmarkada 20-yə yaxın şirkət iştirak edir və buradan əldə olunan gəlirlər “YAŞAT” Fonduna ianə olunacaqlar.

Qeyd edim ki, yarmarkada Zəfər ağacı var, o ağacda şəhidlərin ad, soyad və doğum tarixləri qeyd olunub. Şəhidlik zirvəsinə çıxdıqları tarixlərin yerinə isə sonsuzluq işarəsi qoyulub. Çünki şəhidlərimiz bizim qəlbimizdə daim yaşayacaq”.

Söhbətimiz yekunlaşan zaman səhnəyə Xalq artisti Faiq Ağayev dəvət olunur. O, hamımızın dilində əzbər olan “Azərbaycan” mahnısı ilə səhnəyə çıxır. İfası iştirakçıları elə coşdurur ki, yallı getməyə başlayırlar. Gənclərin bu addımından təsirlənən Xalq artisti konsertdə olan hər kəsi yallıya dəvət edir.

Aparıcı konsertin sona çatdığını, ancaq növbəti günlərdə də hər gün olduğu kimi konsert proqramları və yarmarkanın davam edəcəyini bildirir.

Zəfər yarmarkasının 9 noyabrda baş tutacaq bağlanış konserti haqda əlavə şərh verməyə ehtiyac qalmayacağını düşünürəm. Hər kəs müqəddəs günün Böyük Bayramına bir yerdə şahid olacaq!

Günel Abbas

 

 

 

 

 

Paylaş
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31