Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Alim xəbərdarlıq edir: Sonun başlanğıcındayıq, 2 il sonra dövr bitir

Alim xəbərdarlıq edir: Sonun başlanğıcındayıq, 2 il sonra dövr bitir

16.11.2021 [10:35]

İqlim silahları və Qiyamət günü ssenarisi

Sonun başlanğıcı

1983-cü ildə Norveçin şimalındakı Şpitsbergen adasında “Qlobal Toxum Anbarı” layihəsinə start verildi. Buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn “Svalbard Qlobal Toxum Anbarı” 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Bill Qeytsin rəhbərlik etdiyi bu layihəyə milyarderlər uzun illərdir ki, böyük maliyyə ayırırlar. 4 milyon növ bitki toxumunun saxlandığı anbar hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Niyə dünyanın gələcəyi Bill Qeytsi bu qədər narahat etməyə başlayıb, o nə üçün Qiyamət gününə hazırlaşır?

Son 30 ildə Yer kürəsi zəlzələlər, sellər, daşqınlar, yanğınlar, vulkanlar, xəstəliklərlə çalxalanır və dünya mediasında iqlim silahları haqqında söz-söhbətlər dolaşır. Od olmasa, tüstü çıxmaz.

2021-ci il iyulun 24-də “Qlobal Böhran. Bu artıq hər kəsə toxunur” adlı Beynəlxalq onlayn-konfrans keçirildi, konfrans sinxron formada 72 dilə tərcümə edildi. Konfransda iştirak edən alimlər bəşəriyyətin qlobal böhranlar mərhələsinə qədəm qoyması, bu proseslərin sonun başlanğıcı olması barədə elmi sübutlar təqdim etdilər. Yaxın gələcəkdə həyatın bütün sahələrində baş verəcək köklü dəyişikliklərin, iqlim fəlakətlərinin proqnozunu verdilər. Geofizik alim Yelizaveta Xromovanın fikirləri elm adamları arasında rezonans yaratsa da, cəmiyyət və siyasətçilər bunun üzərindən sükutla keçdilər.

“Yer kürəsi öz qütbünü dəyişir. Hazırda dəyişmə 58 kilometrə bərabərdir. Yəni şimaldan qərbə doğru dəyişmə var. Qütbün bu cür sürətlə yerdəyişmə səbəbi naməlumdur. Nəticədə Rusiyanın Sibir istiqamətində istiləşmə prosesi gedir, Qərbi Avropada-Fransa, İspaniya, İtaliyada qar yağır, temperatur mənfiyə doğru dəyişir, Asiya ölkələrində yağıntı səviyyəsi fəlakət həddinə çatır. Tədqiqatçıların sözlərinə əsasən, hazırda şimal maqnit qütbü Kanadadan Sibir istiqamətində hərəkət edir. Hərəkətin sürəti bir il ərzində 50 km təşkil edir. Yer kürəsinin özünün kataklizmlər dövriyyəsi mövcuddur. Bu hər 12 000 ildən bir baş verir. İndi planetimiz bu təbii kataklizmlər silsiləsinin aktiv fazasını yaşayır. ?ladimir Vasilyeviç Burbenkov, amerikalı alim Meynard Uayt, Duqlas Boqt, Aleksandr Baturin kimi görkəmli geofiziklər bu barədə illər öncə məlumat veriblər. Məlumatın gizlədilməsində məqsəd insanlar arasında çaxnaşma yaratmamaq, insan nəslini qorumaq üçün hazırlanan xüsusi bunkerlərə (Nuhun gəmilərinə) uyğun şəkildə yetərli sayda insan ala bilməkdir.

Hər 12 min ildən bir bizim Günəş sistemimiz qalaktikada kiçik qarşılıqlı təsir məkanına daxil olur. Yer kürəsində baş verən bu hərəkətlənmələr, kosmik, qalaktik təsirlər nəticəsində yaranır. İndiki mərhələdə biz heç cür bunun qarşısını almağa qadir deyilik”,- deyə alim xanım bildirib.

Belə çıxır ki, biz Yer ömrünün ən qalmaqallı dövrünü yaşamağa məhkum olan nəsilik.

İqlim silahları, sirli radiodalğalar

Yeni texnologiyalar inkişaf etdikcə, elm adamları insan fantaziyasının çətinliklə qəbul etdiyi ideyaları gerçəkləşdirməyə can atırlar, bu yaxşıdırmı, pisdirmi dəqiq demək olmur. Çünki əldə olunan hər elmi yenilik mülki məqsədlərlə istifadədən çox, hərbi məqsədlərə xidmət edir. İnsan oğlu özünü məhv etmək üçün ağlından və əlindən gələni əsirgəmir.

Ötən əsrin ortalarında iqlim dəyişikliyi ilə bağlı ilk təcrübələr başlandı. Əvvəlcə insanlar buludların və dumanın yaranmasına süni şəkildə induksiya etməyi öyrəndilər. Belə tədqiqatlar bir çox ölkələr, o cümlədən SSRİ tərəfindən aparıldı. Çox keçmədi, toplarla buludları dağıtmağa, süni yağıntılar yaratmağa başladılar. Sovet İttifaqında, həmçinin sonralar da geniş yayılmış kimyəvi reagentlərdən istifadə etməklə, həm də güclü radiolokasiya və kiçik plazma generatorlarının köməyi ilə hava şəraitinə fəal təsir göstərmək üsullarının öyrənilməsi istiqamətində ciddi tədqiqatlar aparılırdı.

Bunun qarşısında ABŞ səssiz qalardımı? ABŞ hökuməti qasırğanın idarə olunması üzrə işlərə 1960-cı illərdən başlayıb. 1962-ci ildə Amerika alimləri Stormfury layihəsinə başladılar. Bu layihə çərçivəsində dünyada ilk dəfə olaraq böyüyən qasırğanı zərərsiz yağışa çevirmək üçün buludlara gümüş yodid səpilməsi nəzərdə tutulurdu. 1967-1972 illərdə baş vermiş Vyetnam müharibəsi zamanı amerikalılar Popeye əməliyyatını həyata keçirdilər, məqsədi yağıntının miqdarını artırmaq idi. Amerikalılar təyyarələrdən bəzi kimyəvi maddələr (quru buz və gümüş yodid) püskürtdülər ki, bu da leysan və sellərə səbəb oldu. Yollar yuyuldu, partizanların əlaqəsi kəsildi. Qeyd edək ki, belə nəticələrə nail olmaq üçün cəmi üç C-130 nəqliyyat təyyarəsi və 2 F-4C üzlük qırıcısı tələb olunurdu. Pentaqonun qəti təkziblərinə baxmayaraq, bir çox ekspertlər hesab edirlər ki, 1971-ci ildə Şimali Vyetnamda baş vermiş və ölkə ərazisinin 10%-dən çoxunu əhatə edən daşqının səbəbi Popeye layihəsi olub.

BMT 1977-ci ildə ətraf mühitin düşmənçilik məqsədilə dəyişdirilməsi texnologiyalarından hər hansı istifadəni qadağan edən qətnaməni boş yerə qəbul etməmişdi.

Həm ABŞ-da, həm də SSRİ-də hava ilə bağlı şübhəli eksperimentlər haqqında məlumatlar dəfələrlə dünyanın bir çox ölkələrində siyasi qalmaqallara səbəb olub. 2002-ci ildə Avropanı bürümüş daşqınlardan sonra parlamentarilər amerikalıları Aİ iqtisadiyyatını sarsıtmaqda ittiham ediblər.

Bir neçə il öncə Türkiyənin apardığı elmi tədqiqatlar nəticəsində məlum oldu ki, Fars körfəzi, Ərəbistan yarımadasında radiolokasiya sistemlərinin gücləndirilməsi və eləcə də Aralıq dənizindəki döyüş gəmilərində istifadə edilən hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin artması səmada ləkələr yaradıb. Bu ləkələr radioelektron şüalanmanın dərəcəsindən asılı olaraq çoxalır. Fasiləsiz güclü şüalanma havadakı maqnitləşməni artırır. Bu kimi faktorlar insan səhhətinə təsirlə yanaşı, iqlim dəyişikliyinə də səbəb ola bilər. 2003-cü ildə ABŞ-ın İraqa hücumu zamanı tətbiq etdiyi radioelektron mübarizə sistemləri, Rusiyanın Krasnodar vilayətinə qədər böyük bir ərazidə öz təsirini göstərib.

Goefizik alim Qordon Makdonaldın fikrinə görə, “Süni yaradılan elektron dalğalarla dünyanın bəlli bölgələrində insanların beyin neyronlarına təsir edərək, kütləni yönəltmək mümkündür”. Cənab Makdonaldın bu fikirləri artıq reallaşıb. Siyasətçilər “Kuba sindromu” adlı süni yaradılmış xəstəlik barəsində yaxşı məlumatlıdırlar. Söhbət yaxın illərdə rus c?suslarının yaratdığı və amerikalı diplomatlara qarşı istifadə olunmuş insan beyninin iş qabiliyyətini itirməsinə səbəb olan sirli radiodalğalardan gedir.

Siklonlar, antisiklonlar və atmosfer cəbhələri indi yeni silah kimi işlədilmək ərəfəsindədir. Hərçənd bu barədə məlumatlar məxfi məlumatlar kimi gizlədilir. Belə silahları idarə etmək də asan deyil. Məsələn, orta ölçülü cumulonimbus buludu (diametri bir neçə kilometr) Xirosimaya atılan bir neçə nüvə bombasının enerjisi ilə müqayisə edilə bilən enerjiyə malikdir.

İdeyanı ilk dəfə serb əsilli Amerika alimi Nikola Tesla irəli sürüb. Tesla insanların atmosferi idarə edə bilmə gücünə sahib olduğuna inanırdı.

2000-ci illərin əvvəllərində Amerikanın gizli layihəsi “Project Seal” barədə məlumatlar sızdırıldı. Professor Tomas Likin elmi rəhbərliyi altında həyata keçirilən bu hərbi proqram dənizin dibində yerli sunamiyə səbəb olmalı, düşmən sahilindəki tikililəri yuyub aparmalı olan külli miqdarda partlayıcı maddənin işə salınmasını nəzərdə tuturdu. Və bu hazırda heç kimi yəqin ki, təəccübləndirmir.

Başqa bir layihə də qısa adı HAARP olan iqlim silahıdır. Qurğu Alyaskada yerləşir və rəsmi məqsədi ionesfer qatının özəllik və davranışlarını araşdırmaqdır. O, 1997-ci ildən etibarən ABŞ silahlı qüvvələri, dəniz qüvvələri və Alyaska universitetinin idarəçiliyi altında fəaliyyətə başlayıb. 22 metrlik ölçüdə olan 180 antenadan ibarətdir, 14 hektar ərazini əhatə edir.

HAARP seçilmiş bir bölgə üzərinə Günəşdən min dəfə çox enerji göndərmək gücünə sahibdir və ərazi üzərində mikrodalğalı soba effekti yarada bilir. Layihəyə qarşı çıxan geofizik alim Qordon Makdonaldın sözlərinə görə, bu qurğu iqlimi dəyişə, qütblərdəki buzlaqları əridə, Ozon təbəqəsinə müdaxilə edə, zəlzələ yarada, Okean dalğalarını idarə edə, dünyanın enerji nöqtələrini təsir altına almaqla, insan beyninə təsir edə, radiyasiya yaymayan termonüvə partlayışı yarada, istənilən bölgənin üzərindəki ionosfer qatını hərəkətə gətirərək, bağlantını tamamilə kəsə bilər. Bir qurğunun silah adlandırılması üçün daha nə olması lazımdır?!

Qeyd etmək lazımdır ki, süni yağıntıların və quraqlıqların yaradılmasına səbəb olan Gümüş yodid, Dyn-O-Gel və nanodispers tozların tranzit təyyarələr vasitəsilə istənilən ölkənin ərazisinə səpilmə imkanı var.

Dini kitablardakı Qiyamət ssenarisi və elmi faktlar

Az öncə geofizik alim Xromovanın Yerin 12000 ildən bir dəyişikliyə uğraması barədə elmi proqnozları barədə məlumat verdim. Alimin ehtimalına görə, Yer kürəsi 12000 illik siklini 2025-ci ildə başa çatdıracaq.

Maraqlıdır ki, Xromovanın söylədiyi elmi faktlara qədim hind kitabələrində də rast gəlmək olur. Veda təlimlərinə əsasən, Yer kürəsi hər 12000 ildən bir fəsil dəyişirmiş kimi yeni dövrünə qədəm qoyur. Yer kürəsinin 4 zaman sikli mövcuddur. Sati yuqa, Treta yuqa, Davapara Yuqa, Kali yuqa. Hazırda Kali yuqa dövrünün sonlarındayıq. Hər yuqa dövrü arasındakı keçid Yer kürəsində dəhşətli kataklizmlərlə müşayiət olunur. Həmin ərəfələrdə Yer kürəsinin coğrafi mənzərəsi dəyişir.

Bəs sağ qalan olacaqmı? Nuhun gəmisinə bu dəfə kimlər qalxıb insan oğlunun nəslini davam etdirəcək? Yer özü “canıyla əlləşərkən” onun davakar balası insan da müxtəlif silahlar hazırlamaqla, təbiətə təsir etməklə zərbəni zərbə üstündən vurur. Bill Qeytsin rəhbərlik etdiyi bir layihə ilə başlamışdım söhbətə. Dünyanın bütün zənginlərinin maliyyə ayırdığı bu layihə o “gəmidə” kimlərin olacağına açıq işarə deyilmi? “Ordakı zənginlərə kim xidmət edəcək?” deyirsinizsə robotları, ən yüksək texnologiyaları yada salmaq yetərlidir.

Amma kim bilir, bəlkə Yaradanın da öz planları var.

 İlhamə Rəsulova

 

 

 

 

 

Paylaş
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31