Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Fərqli fərdlər: Onların cəmiyyətə inteqrasiyası necə həyata keçirilir?

Fərqli fərdlər: Onların cəmiyyətə inteqrasiyası necə həyata keçirilir?

30.11.2021 [11:58]

Fərqli insanlara - əlillərə həssas yanaşma günümüzün vacib məsələləri sırasında yer alır. Təəssüf doğuran haldır ki, birinci və ikinci Qarabağ müharibəsi ilə əlaqədar ölkəmizdə əlillərin sıraları bir qədər də genişlənib. Verilən məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari  ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır. O cümlədən, Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi işləri də davam edir. Onlardan artıq 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib.

Əl tutmaq Əlidən qalıb

Fərqli insanların xüsusi qayğıya ehtiyacları var. Əl tutmaq Əlidən qalıb, deyirlər. Əlbəttə, Azərbaycan cəmiyyətində humanizm həmişə yüksək səviyyədə olub və bu gün də belədir. Hər kəs qonşuluğunda olan, küçədə rastlaşdığı fərqli insanlara bacardığı köməyi göstərməyə çalışır. Ancaq burada söhbət yalnız Azərbaycan cəmiyyətinin humanizm dəyərlərinə yüksək önəm verməsindən, insanların bir-birlərinə arxa, dayaq durmalarından getmir. Ölkəmizdə həmçinin anadangəlmə və sonradan qazandığı hansısa bir şikəstlik nəticəsində fəaliyyət imkanları məhdudlaşan, eləcə də torpaqlarımız uğrunda sinələrini düşmən gülləsinə sipər etmiş qazilərimizin sağlamlıqlarının bərpası, onların aktiv həyata qayıtmaları, əmək bazarına çıxışlarının asanlaşdırılması üçün dövlət səviyyəsində fəal siyasət aparılır. İlk növbədə onu vurğulayaq ki, respublikamızda əlilliyi olan şəxslərin müvafiq dövlət xidmətlərinə çıxış imkanları asanlaşdırılır. Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzləri bir sıra digər həssas qruplardan olan insanlarla yanaşı, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilməsinə imkan verir. Belə qurumlar artıq Bakı şəhəri və Abşeron rayonundakı DOST mərkəzlərində fəaliyyətə başlayıb.

Əlillərə qayğı siyasəti müxtəlif istiqamətləri əhatə edir

Ölkəmizdə əlillərə qayğı siyasəti müxtəlif istiqamətləri əhatə edir. Bura əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr daxildir. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təxminən 30 min şəxs müxtəlif istiqamətlərdə sosial dəstəklə təmin edilib, onlara 40 mindən çox xidmət göstərilib. Müxtəlif dəstək tədbirləri ilə əhatə olunanların sırasında fərqli şəxslərin də sayı kifayət qədər çoxdur. Dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən əhəmiyyətli şəkildə artırılıb. O cümlədən müharibə əlilləri üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, respublikamızda şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri geniş vüsət alıb.  Bu kateqoriyalardan olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslərin və 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinin, müharibə əlillərinin 5 il ərzində mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub. Cari ilin sonunadək bəlli kateqoriyadan olan insanlara 3 minədək mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bütövlükdə, ötən dövrdə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. O cümlədən, 2021-ci ildə gözdən əlilliyi olan şəxslərə 160-dan çox mənzil verilib. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin də mənzillə təminatına başlanılıb. 2021-ci ilin əvvəlindən bəri 150 müharibə əlili, ümumilikdə isə ötən dövrdə 7350 müharibə əlili avtomobillə təmin olunub.

Qazilərin reabilitasiyası diqqət mərkəzində

Fərqli insanların sağlamlığı, o cümlədən də qazilərin reabilitasiyası davamlı olaraq diqqət mərkəzində saxlanılır. 2021-ci ilin ötən dövründə Sosial Xidmətlər Agentliyi tərəfindən ümumilikdə 1954 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Son bir ildə ölkə üzrə 1650 qaziyə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin dekabrından başlayaraq Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlərlə təminataına başlanılıb. Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətraflarını itirmiş qazilərimizdən artıq 157 nəfəri  yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Onlardan 144-ü aşağı ətraflarını itirmiş qazilərdir. Qazilərə  təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər funksionallığı ilə seçilir.

 Digər 13 qazi isə yuxarı ətraflarını itirənlərdir ki, onlar  “ÖSSUR Touch Bionics” protezləri ilə təmin olunub. “ÖSSUR i-Limb Ultra”da bioelektrik  əl darağının 18 fərqli tutma variantı mövcuddur. Komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək də daxildir.

Perspektivdə əlilliyi olan şəxslərin sağlamlığının bərpası ilə bağlı reallaşdırılacaq tədbirlərin əhatə dairəsi daha da genişlənəcək. Bu günlərdə əlilliyi olan şəxslər üçün Fərdi Reabilitasiya və Abilitasiya Proqramı  hazırlanaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura üzvlərinə təqdim olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası və əlilliyi olan şəxslərin abilitasiyası Qaydası ötən ilin dekabr ayında Nazirlər Kabinetinin Qərarları ilə təsdiq edilib.

“Məşğulluq marafonu” əlillər üçün iş yerlərinə qapı açır

Fərqli insanların cəmiyyətə inteqrasiyası zəncirində onların əmək bazarına çıxış imkanlarının artırılması xüsusi aktuallıq daşıyır. Qeyd olunan kateqoriylara aid şəxslərin məşğulluq məsələlərinin də həlli istiqamətində işlər aparılır. Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 5500 şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2400 nəfər işlə təmin olunub.

Cari ilin 10 iyun tarixindən ölkəmizdə “Məşğulluq marafonu”na start verilib. Artıq 573 işəgötürən marafona qoşularaq 3340 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə indiyədək təxminən 1100 nəfər işlə təmin olunub ki, onların da 932-si qazidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31