Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Namus dedikləri budursa...

Namus dedikləri budursa...

03.12.2021 [23:54]

İlhamə Rəsulova

Xatirə Aran rayonlarından birində, balaca bir kənddə yaşayırdı. 18 yaşı olardı o zamanlar. Kəndə söz yayıldı ki, pambıq tarlasında qıza təcavüz ediblər. Balaca bir kənd üçün bu  xəbər aydınlıq səmada guruldayan ildırım kimiydi, söz- söhbət  aldı başını  yeridi. Günlərlə pışhapıç kəsilmədi. Məsələnin dəhşətli tərəfi bu idi ki, hər kəs Xatirəni günahkar bildi. “Qız qaş-göz oynatmasa, oğlan yaxın durmazdı” dedilər, “bu cinayətdir,  Xatirə qurbandır” demədilər.

O qədər danışdılar, tənə etdilər  axırda bir gənc qızın onsuz da parçalanmış həyatını cəhənnəmə çevirməyi bacardılar. Bu kəndin (Azərbaycanda təkcə bu kəndinmi?)  yazılmamış qayda-qanunlarına görə, adına ləkə düşmüş qız daha kənddə qala bilməzdi, atası, qardaşı alnına çalınan ləkəyə görə ya öldürməliydi, ya da qovmalıydı. 18 yaşlı Xatirəni evdən qovub, taleyin ümidinə buraxdılar tək-tənha. Ömründə evlərindən  və pambıq tarlalarından başqa bir yer görməmiş qız hamının sığınacaq yeri olan Bakıya üz tutdu. İllər sonra haqqında xəbər çıxdı ki, Xatirə pozğun, küçə qadını həyatı sürür. “Əşşi, onun xəmiri belə yoğrulmuşdu. Əvvəldən bəlli idi, biz bilirdik” dedilər rahatladılar, haqlı çıxdıqları üçün. “Onu bu həyatın içinə biz atdıq” demək kimsənin ağlına gəlmədi. “Xatirə bu yola hansı ehtiyacların məcburiyyəti altında düşdü?” deyə soruşan olmadı. Bir məsum balanı dirigözlü atəşə atan bir kəndin namusu bax beləcə “tərtəmiz” oldu.

Azərbaycanda Xatirənin taleyini yaşayan yüzlərlə qız-qadın var. Bir il öncə oxuduğum bir xəbər qanımı dondurmuşdu. Rayonlarımızdan birində 14 yaşlı qız təcavüzə uğradığını anasına söyləmiş, ana öz qızını boğaraq öldürmüşdü. Bu qadının ağlına ilk gələn şey millətin ona nə deyəcəyi olmuşdu. Həyata yeni addım atmış, problemi qarşısında çarəsiz qalmış və ona üz tutmuş balasına yardım etmək əvəzinə, ana onu öldürərək, adını təmizə çıxarmaq yolunu seçmişdi. İctimai qınaq bala məhəbbətinə üstün gəlmişdi. Xəbərimiz yoxdur ki, başımıza pis bir iş gələndə söz-söhbətindən qorxduğumuz o, “el-aləm” gözəgörünməz terrorçuya çevrilib. O, el-aləm biri acından öləndə, yardıma ehtiyacı olanda ortaya çıxmır, illah ki, namus söhbəti olanda ehkam kəsir. Namus sözü sanki, qadınların üstünə biçilmiş kaftandır. Axı münasibətlər birtərəfli olmur. Tərəfin biri qadındırsa, digər tərəfi kişidir. Niyə qurban yalnız qadın olmalıdır? Bir insanı sevmək, sevgi münasibətləri dövlət möhürü olunca mübarək, möhür olmayınca namussuzluq sayılır? Nə üçün gənclikdə edilmiş bir səhvin, bir xətanın cəzası bir ömür olmalıdır, niyə məhz qadın bu damğayla yaşamalıdır?

Bu xətanın adı sevgi olsa belə, onu üzqarası kimi yaşayır Azərbaycan qadını.

Yüz illər boyu Azərbaycanda namus, qeyrət deyiləndə həmişə kişilər yada düşüb. Azərbaycan kişisi öz xarakteri, əməlləri ilə namus anlayışının simvolu olub. Namus deyəndə sözübütövlük, mərdlik, yetimə-yesirə sahiblənmək, dürüstlük, səxavət, halallıq, qorxmazlıq yada düşüb, qadın bədəni yox.

Bəs niyə belə xırdalandıq?

Niyə xan, bəy babadan bir

belə qullar törədi,

Niyə qartal babadan sərçə

oğullar törədi

Namus kimi böyük anlayışı sadəcə cinsi münasibətlər çərçivəsinə salaraq, bir qrupun xətalı beyin məhsulunu mentalitet deyib qəbul eləmişik. Görəsən, gündüzləri ona-buna şər atan, torba tikən, başqasının malını, mülkünü mənimsəyən, ağlı-fikri fırıldaqçılıqla, əyri yolla qazanc əldə etmək istəyən, bunun üçün saf adam “ovuna çıxan” neçə nəfər özünə “mən namusluyammı?” sualını verib? Namusa görə cəza verənlərin, ehkam kəsənlərin özləri çoxmu  dürüst, çoxmu namusludur? Xeyr. Sadəcə onları yetişdirən mühitin sərt və qəddar tərbiyə üsullarının (daha doğrusu verə bilmədikləri tərbiyənin) göstəricisidir bu. “Başına bir iş gələrsə, başını kəsərik, adına söz çıxarsa, öldürərik!” kimi hədələrlə böyüyən qızların beynində bu fakt dünyanın ən dəhşətli fəlakəti kimi əks olunur. Elə bu hədələri eşidərək həyata atılan oğlanlar üçün də, bacısına salam verən hər hansı kişini bıçaqlamaq namus məsələsinə, vəzifəyə çevrilir.

Az öncə anası tərəfindən öldürüldüyünü yazdığım qızcığaz anasına öz dərdini etiraf edəndə, dünya qadının başına uçub. Çünki o belə görüb, belə eşidib. Onun həqiqəti bundan ibarətdir. O qızı öldürən yalnız anası deyil, həm də mentalitet adı altında bizə sırınan namus düşüncəsidir.

O qız xalqın sərvətini sorub kasıbların, yetimlərin payını öz malıymış kimi mənimsəyən məmurlardan çoxmu namussuz idi? Şər-böhtan atıb üzə duran şantajçılardan, fırıldaq yolu ilə başqalarının əmlakını talayan dələduzlardan, rüşvətxorlardan, ara qarışdırıb yuva yıxanlardan, qeybətiylə kimlərinsə adlarını ləkələyənlərdən, yalanlar danışıb “başını bişirdiyi” qadınların sayıyla öyünən “əsl  kişilərdən” çoxmu ağır idi namus yükü o zavallı balanın?

Hər zaman deyirəm və yenə də bu fikirdəyəm ki, Azərbaycan ailələrində qızlara analıq tərbiyəsi verilmir. “Ana necə olmalıdır?” sualına cavabı hər kəs anasından öyrəndiklərini tətbiq etməklə cavablayır. Azərbaycan ailələrinin böyük çoxluğunda valideynlə övlad arasında dostluq anlayışı yoxdur. Ana-qız, ata-qız münasibətləri ağlımıza yeridilmiş hansısa “dahinin” nəzəriyyəsi əsasında mütləq şəkildə pərdəli olmalıdır. Səndən öyrənə bilmədiyini övlad gedər yalan yanlış insanlardan öyrənər. Ailələrimizin övlad tərbiyəsində oğlan uşaqlarının hər zaman bacılarına ağıl öyrətməli olması, onları qorumaq adına qəfəsə salmaq istəyi onların gələcək ailələrinə də bu cür yanaşmasını qaçılmaz edir. Kişi arvadına ömür yoldaşı kimi deyil, əşyası kimi, öz fikri olmayan, fikir söyləməyə haqqı çatmayan məxluq kimi yanaşmağı öyrənir.

Qız və oğlan uşaqlarının tərbiyəsində qəribə fərqlilik var. Söz yoxdur ki, fərq olmalıdır, amma bu fərq balaca oğlana “sən kişisən vurmağı, döyməyi bacarmalısan” şəklində təlqin edilir. Zaman keçdikcə yeniyetmə oğlanın yol verdiyi xətalar şuluqluq, qızınkı  yüngül desək yelbeyinlik adlandırılır, ömürlük damğa, “qara ləkə” adı alır. İllər boyu ailəsi və ətrafındakılardan bu şəkildə öyüd ala-ala böyüyüb, vurmağı, döyməyi, hətta öldürməyi igidlik hesab edən bir kişinin ən adi səhv uğruna arvadını qətlə yetirməsi təəccübləndirməməlidir. Belə düşüncəyə malik bir kişinin arvadı olmaq qatillə eyni yatağa girməkdən başqa bir şey deyil. Üstəlik, qadın boşanmağa qalxınca, ailəsinin basqısı ilə üzləşib gedəcək yer tapmırsa, özünü məhkum etməkdən başqa çarəsi qalmır.

Azərbaycan cəmiyyətində boşanmış qadın olmağın yaratdığı çətinliklər, açdığı yaralar var. Qadın boşanmışsa, üstəlik, gəncsə, gözəlsə,  mütləq şəkildə arxasında  yüz cür çirkin məna daşıyan şübhəli baxışlara tuş gələcək. Fikirlərimə qarşı yəqin ki, bəziləriniz “Çox bədbin yanaşırsan, çox ağ edirsən, qadınlara qarşı münasibət bu qədər  də ağır deyil” deyənlər də olacaq. Amma ölkə yalnız Bakıdan ibarət deyil. Rayonlarda, xüsusən kəndlərdə düşüncə, baxış tərzi fərqlidir, daha sərtdir.

Azərbaycanda ailədaxili şiddət görən, məişət zorakılığına məruz qalan qadınların üz tuta biləcəyi  bir neçə sığınacaq var. Bu sığınacaqların hamısı QHT kimi fəaliyyət göstərir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi layihələrdən qrantlar əldə edirlər. Ən pisi də budur ki, qadın sığınacaqlarından  bəzilərinin adları insan alveri ilə bağlı hallanıb. Məlum məsələdir ki, sığınacağa üz tutan qadınların çoxu ərlərinin zülmündən qaçmır. Bir qayda olaraq, sonda barışıb (barışdırılıb), yenidən evlərinə dönməli olurlar. Çox zaman da o “dəli” ər geri dönmüş arvadını adı bu şəkildə qaralanmış müəssisəyə getdiyinə görə döyür, öldürür. Hesab edirəm ki, qadın sığınacaqları birbaşa dövlətin nəzarətində olmalı, dövlət vətəndaşına sahib çıxmalıdır ki, potensial cinayətlərin də sayı azalsın.

Bir az dəyişməliyik. Ömrümüzü özümüzə zindan etməyək deyə düşüncələrimiz  dəyişməlidir. Namus dedikləri cəlladı deyil, qurbanı cəzalandırmaqdırsa, qorumaq deyil, qan tökməkdirsə, olmaz olsun!

 

Paylaş:
Baxılıb: 388 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Nobel, yoxsa Abel?

27 Sentyabr 10:50

Maraqlı

“Google” 25 yaşında

27 Sentyabr 10:47

Xəbər lenti

43 ildir...

27 Sentyabr 10:45

Sosial

Prezident bu gün

Prezident bu gün

27 Sentyabr 10:30

Analitik

İranda nə baş verir?

27 Sentyabr 10:29

Xarici siyasət

MEDİA

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Bir il əvvəl...

27 Sentyabr 09:58  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30