Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gözdəymə: xurafat, yoxsa mənfi bioenerji?

Gözdəymə: xurafat, yoxsa mənfi bioenerji?

18.12.2021 [12:31]

İlhamə Rəsulova

Baxış və düşüncələrlə hətta uzaqdakı insanı belə öldürmək olar

Yəqin ki, çoxlarınız yaxınlarınızın dilindən kiminsə haqqında bu ifadələrin işlədildiyini eşidib: “Gözü, nəfsi ağırdır. Gözləri Həzrət Əlinin qılıncından itidir. Gördüyünü parçalayır”. 

Belə adamlar var. Sevdikləri insanlara, əşyalara istəməsələr belə, sadəcə baxmaqla zərər verirlər. Gözdəymə həmişə xoşniyyətli olmaya da bilər. Biri digərinin uğurunu qəbul edə bilməz, həsəd aparar və bu, onun beynində  qarşı tərəfə doğru ağır enerji dalğalarının axınına səbəb ola bilər. Gözdəymə əvvəllər xurafat sayılsa da, son elmi araşdırmalar göstərdi ki, insan gözləri güclü bioenergetik potensiala malikdir, onlar yönəldildiyi obyektə ən dağıdıcı və ölümcül şəkildə təsir göstərə bilərlər.

Dünya şöhrətli parapsixoloq Volf Messinqin baxışları ilə qəsdən inəyi öldürməsi faktı məlumdur. Lakin o, sonralar israrla bu qabiliyyətindən istifadə edilməsinə imkan verməmişdi.

 Baxışlarla öldürmək barədə əfsanələrin tarixi çox qədimdir. Qədim Yunan mifologiyasında başında saç əvəzinə ilan bitmiş Medusa Qorqona haqqında əfsanə var. Medusa baxdığı hər şeyi bir nəzərlə daşa çevirə bilirdi.  Eramızın I əsrində Roma alimi Pliniy “Təbiət tarixi” əsərində təkcə zəhərlə deyil, həm də görünüşlə öldürmək qabiliyyətinə malik olan “İlanlar şahı Basilisk” barədə yazmışdı. İlanların gözlərindəki hipnotik təsir gücünə görə heyvanlar arasında da məhz onların gözünün mənfi  təsirli olmasına inanılırdı.

Ötən əsrin əvvəllərində Parisdə İtaliya İmperator Operasının səhnəsində çıxış etmiş müğənni Massol səsi ilə deyil, gözləri ilə yadda qalıb.  Massol kimin üzünə baxırdısa, həmin şəxs yıxılır, ağır zədə alırdı. Parisin “Moulen Rouge” kabaresinin balet rəqqasəsi Annik Duval da Massolun şöhrətini qazanmışdı. İki il ərzində truppanın yarıdan çoxu rəqqasənin “bəd nəzər”indən əziyyət çəkib. O, sonralar etiraf edib ki, onu hər hansı bir şəkildə incidən hər kəsi zehnində yaralayır, yaralı təsvir edir və xəyalında yaratdıqları gerçəkləşirmiş.

Ezoteriklərin iddialarına görə, maddi aləm yarandığı andan hər canlıda ilkin atəşin bir zərrəsi saxlanılır. O, insanın mənəvi istəklərindən asılı olaraq, onun düşüncələrini uca və nəcib məqsədlərə yönəldə, yaxud alçaq ehtiras və arzuların alovunda yandıra bilir. Bu səbəbdən bəzi şəxslərin gözlərindən gələn şüalar açıq-aşkar mənfi xarakter daşıyır və xalq arasında geniş tanınan pis gözə səbəb olur. Hesab edilir ki, Kaliqula, İvan Qroznı, I Pavel, Hitler və Stalinin ovsunlayıcı, ağır görünüşü var idi və bu, bir çox insanı narahat edirdi.

Bir çox şahidlərin ifadəsinə görə, II Nikolayın ailəsinin sevimlisi Qriqori Rasputinin baxışlarına tab gətirmək çətin imiş. Bu insan gözləri ilə həm şəfa, həm ölüm paylaya bilirdi. Həyatı kimi, ölümü də müəmmalı olmuşdu. 1916-cı ildə  Rasputinin qətlində iştirak edən sui-qəsdçilər onun cansız bədənini sürükləyərkən,  Neva çayının sahilində meyiti birdən gözlərini açıb, qan-qırmızı işıq şüası cəlladları kor edib. İlk özünə gələn knyaz Feliks Yusupov tapançadan dirilən mərhuma atəş açıb, onu yenidən öldürüb.

Rusiyanın İnformasiya, Radiodalğalar və Texnologiyalar İnstitutunun apardığı araşdırmalar nəticəsində məlum olub ki, insan baxışının arxasında güclü bioenergetik təsir gücü var. Gözlər çox yüksək tezlikli millimetr dalğa uzunluğu diapazonunda radiasiya yayır və buna görə də ətrafdakılara təsir edə bilər. Məsələn, bir çoxumuz arxadan keçən bir adamın baxışlarını fiziki olaraq hiss edə bilirik. Təcrübələr göstərdi ki, bu cür “hipnoz seansları” zamanı dərimizin elektrik səthinin  müqaviməti dəyişir.

Pis niyyət, yoxsa  şüa?

Görmə qabiliyyətinin öyrənilməsi üzrə Beynəlxalq Cəmiyyətin və Avropa Görmə və Oftalmologiya Assosiasiyasının araşdırmaları isə sübut edib ki, göz hər bir unikal optoelektron sistem kimi təkcə siqnal qəbul etmək üçün deyil, həm də onu yaymaq üçün işləyə bilər. Gözlərdən qayıdan radiasiya qısa dalğadır və buna görə də rentgen və ya lazer kimi nüfuz edə, mərkəzi sinir sisteminə, beyinə və bütün orqanizmin fəaliyyətinə mənfi və ya müsbət təsir göstərə bilər.

Əgər sübut edilsə ki, gözdən gələn şüalar lazerlə eyni təbiətlidir, o zaman insanı bir baxışla yandırmağa qadir olan fantastik hekayələrin qəhrəmanlarının mövcudluğuna inanmalı olacağıq.

Bəlkə, Medusa, həqiqətən də, yaşayıbmış, kim bilir. Axı hər bir əfsanədə, nağılda həqiqət payı mütləq var. İnsan beyni mövcud olmayacaq heç bir şeyi arzulamır, xəyalını qurmur.

Bəzi filosofların düşüncələrinə görə, gözdəymə yalnız gözlə yox, düşüncə ilə də mümkündür. Yəni biz uzaqda yaşayan bir tanıdığımız insan haqqında məlumat alanda da ona nəfs, göz ötürə biliriksə, bu bəsirət  gözümüz, üçüncü gözümüz vasitəsilə həyata keçirilir. Epifiz vəzimizin hünəriylə uzaqlara enerji dalğaları ötürmüş oluruq. Bu şüalar insan orqanizminin nizamı olaraq qəbul edilən bioritmini, təbii tarazlığını pozur.

Sübut edilib ki, göz şüalarının doza və nisbəti insanların acıqlı, əsəbi, həyəcanlı və qısqanc anlarında daha da artır. Hətta bəzi inanclara görə, bu güc rəngli gözlü insanlarda daha artmaqda və təhlükəli olmaqdadır. Gözdəyməyə səbəb olan göz şüalarının 3 əsas növü  var - Alfa (sarsıdıcı nəzər), Betta (incidici, dağıdıcı nəzər),  Qamma  (yandırıcı nəzər).

İnsanlar arasında daha çox alfa gözdəyməsinə rastlanır.  “Alfa nəzəri” dəyən insanda beyinin orta qismində sinirlər hərəkətə gələrək göz kürəsini böyüdür və əsnəmə başlayır. İnsana nəzər dəydiyi fizioloji baxımdan əsnəmə və göz kürəsinin böyüməsindən anlaşılır.

Bədnəzər əsasən  şüursuz olaraq reallaşır. Nəzər şüurlu olaraq gerçəkləşdirilə bilər, amma bu, olduqca az rastlanan haldır. Bunu qəsdən edə bilənlər, hətta fövqəltəbii insanlar  sayıla bilərlər. Bu, artıq parapsixologiya mövzusuna aiddir. Nəzəri şüurlu olaraq vuran insanların gözlərindən “Qamma”, yəni yandırıcı şüalar axır. Bu şüalar rentgen çəkilişi zamanı baş verən şüalanmaya bərabərdir. Bu növ insanların sayı az olmaqla yanaşı, həm də onlar çox təhlükəlidirlər. “Qamma” şüaları 14 yaşlı bir rus qızında, yuxarıda qeyd etdiyimiz kimi, Messinqdə, Ukraynada yaşayan Taktarov adlı bir fermerdə (baxışı ilə öküzün ürəyini infarkt etməyi bacarıb) tapılıb.

İlkin araşdırmalara görə, ən çox nəzərə gələnlər qəhvəyi və yaşıl rəngli gözlərin sahibləridir. Mavi və ala gözlü adamların başqalarına gözünün çox dəydiyinə inanılır. Parapsixoloqların fikrinə görə, qadınların nəzəri kişi nəzərindən daha itidir. Bu hadisə qadınların hər mühitdə  hamıdan gözəl görünmək hissindən meydana gəlir. Kişi nəzəri qadınlardan çox, öz həmcinslərini vurur.

Pis gözün ilkin simptomları enerji vampiri ilə ünsiyyət əlamətlərinə bənzəyir: zəiflik, yuxululuq, yorğunluq, baş ağrısı. Enerji vampirləri dedikdə ağlınıza qansoranlar deyil, qarşısındakı insanın müsbət enerjisini alıb, onunla güclənən, qarşı tərəfə mənfi enerji ötürməklə onu ümidsizliyə salan insanlar gəlməlidir. Bu enerji mübadiləsi də elə gözdəymədə olduğu kimi bioenerji axını ilə baş verir. Lakin bu, ayrıca, geniş bir mövzudur...

Necə qorunmalı?

Göz dəymiş insanlar özlərini necə hiss edirlər? Yorğunluq və zəiflik daimi artan yorğunluğa çevrilir. İstirahət etmək və dincəlmək arzusu yaranır. Yuxu ilə bağlı problemlər yaranır, gecə yuxuya getmək, səhər yataqdan qalxmaq və işə başlamaq çətinləşir. Güc çatışmazlığı, diqqətsizlik, əsəbilik, solğunluq, tez-tez baş ağrıları, cinsi aktivliyin azalması və s. yaranır. Kiçik uşaqlar gözdəyməyə qarşı   daha həssasdırlar, onların qorunması böyüklərdən dəfələrlə zəifdir. Çünki hər bir insanın ətrafında onu qoruyan maqnit sahəsinin  mövcud olması artıq öz elmi sübutunu  tapıb. Biz xəstələnərkən  orqani?mimizin ətrafını sarmış bu gözəgörünməz qoruyucu  “çadır” zədələnir. Göz şüaları maqnit sahələrimizi zədələyən, parçalayan ən güclü silahdır.

Maraqlıdır ki, gözdəyməyə  ev heyvanları da məruz qalır. İnək, qoyun süd vermir, toyuq yumurtlamır. Bu, əslində, o ərzaqlara möhtac olan ev sahibinə qarşı yönəlmiş bəd nəzərin təsiriylə baş verir.

Gözdəymə barəsində dünyanın bir çox xalqlarında müxtəlif inanclar olub.  Qədim dövrlərdən gəlinlərin üzünün örtülməsi, körpələrin 40 gün yad nəzərlərdən gizlədilməsi, yeni doğmuş qadınların insanlar arasına çıxmaması - hamısı  gözdəymədən qorunmağa hesablanmışdı.  İslam aləmində bədənin örtünməsi barədə verilən çoxlu sayda tövsiyələrin də arxasında, əslində, gizlənərək qorunmaq  anlayışı dayanıb.  Bəzi xalqların inanclarında gözdəymə şeytan işi ilə əlaqələndirilir. Alman, yəhudi, yapon, ərəb mifologiyasında bir-birinə bənzəyən “şeytanın gözü” anlayışı var və qorunmaq  üçün müxtəlif amuletlərdən istifadə edilir.

 Qədim türklər gözdəymədən qorunmaq  üçün mütləq şəkildə üzərlik, duz, soğan, sarımsaq qabığı yandırıb, tüstüsünü iyləmək kimi rituallardan istifadə ediblər.

Üzərliksən havasan,

Yaman dərdə dəvasan,

Mənə dəymiş bəd nəzəri qovasan.

Bu misraları oxuyaraq yandırılan üzərlik tüstüsünün bəd enerjini blokladığına inanc hələ də qalmaqdadır.

Dağdağan ağacının  budaqlarından hazırlanmış muncuqların, qara şəbənin, kəhrəbanın da göz şüalarını dəf etməkdə faydalı olduğuna inanılır. Ümumiyyətlə, insanların  geyimlərinə əlavə etdikləri müxtəlif aksessuarlar,  parlaq əşyalar bədnəzər zamanı faydalıdır. Çünki ilk  nəzər, ilk şüa bu aksessuarlara yönəlir, diqqəti ilk olaraq onlar cəlb edir deyə ziyan da orqanzimə yox, üst-başımıza taxdığımız bəzəkli əşyalara dəyir. İslam inancına görə, bədnəzərə məruz qalmış şəxslərin şəfa tapmaları üçün “Fatihə”, “İxlas” , “Nas” və “Fələq” surələrini oxumaları yetərlidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş
Baxılıb: 235 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31