Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağası gülüm olanın...

Ağası gülüm olanın...

23.12.2021 [11:24]

Bəzi psixoloqların özlərinə psixoloq lazımdır

İlhamə

“Orta məktəbdə oxuyarkən bir riyaziyyat müəllimimiz var idi. Qadının psixoloji problemlərinin olduğunu aşkar görürdük, amma uşaq idik deyə kimsə bizi dinləmirdi. Onun dərslərinə girmək, 45 dəqiqəni başa çatdırmaq mənə zülm idi, bu yetmirmiş kimi, sonralar atam məni onun yanına hazırlığa qoydu və 1 il ərzində elə oldu ki, hətta bu qadın gündə 6-7 saat mənimlə riyaziyyatla məşğul oldu. Söyürdü, təhqir edirdi, qışqırırdı. Uşaq idim deyə haqlarımı müdafiə edə bilmirdim, amma universitetə girəndə mən o dərəcədə travma almışdım ki, özümü qatarın altından çıxmış kimi hiss edirdim. Həmin Hökumə müəllimə indi də Bakı məktəblərindən birində işləyir və tanıyan hər kəs ondan gileylidir. Mən Hökumə müəllimədən daha çox, atamı bağışlaya bilmirəm ki, dəfələrlə səsimi çıxarsam da, məni dinləmədi, o qadının zülmündən xilas etmək üçün addım atmadı. Yeniyetməlik çağlarım özünü müəllim adlandıran bir psixi xəstəliyi olan insandan şiddət görməklə keçdi və bunu xatırlayanda hələ də əziyyət çəkirəm”.

Bu söhbəti edən 35 yaşlı polis nəfəridir. Hər nə qədər güclənib, ayaq üstə dayansa da, uşaq  vaxtı yaşadığı bu hadisəni unuda bilmir, keçmişin kabusu onun həyatına  hələ də müəyyən təsir göstərir. Çox təəssüf ki, orta məktəblərimizə müəllim təyinatı zamanı müəyyən testlərlə onların bilik səviyyəsi yoxlanılsa da, ruh halları, psixologiyaları yoxlanılmır. Hər orta məktəbdə uşaqların dil tapa bilmədiyi, anlamadığı, ruh halı səksəkəli bir müəllim mütləq olur. “Bir  müəllimdir, yola verək” deyib güzəşt edilən bu “pedaqoq”lar, əslində, onlarla, yüzlərlə şagirdin yaddaşında silinməz - yaralı izlər buraxır.

Qanunlarımıza əsasən, orta məktəbdə şagirdlərlə işləməli olan məktəb psixoloqları fəaliyyət göstərir. Lakin təəssüf ki, bu ştatda əməkhaqqı alan, adı psixoloq gedən, çox zamansa dərs saatı olmadığı  üçün psixoloq işləyən  müəllimlər çalışırlar və bu işin öhdəsindən uğurla gələ bilmirlər. Halbuki müxtəlif ailələrdən gələn  minlərlə şagirdlə aparılmalı olan ən vacib iş psixoloji işdir. Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq, təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltmək, pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Onlar, eyni zamanda, problemli ailələrin uşaqlarını tanımalı, xüsusi diqqətdə saxlamalı, tez-tez profilaktik söhbətlər aparmalıdırlar.

Bu işlərdə uşaqların psixi durumunun öyrənilməsi və onların ailə tərbiyəsi ilə bağlı mövcud şəraitin  psixoloji müayinəsi birinci yerdə dayanır. Tək uşaqlarla deyil, onların təmsil etdikləri ailələr ilə iş prinsipləri mövcuddur ki, bu da daim onlarla sıx əlaqədə olmaq kimi bir sıra vəzifələrin yerinə yetirilməsini qarşıya qoyur. Bu gün internetə rahat çıxışın gətirdiyi müxtəlif çətinliklər,  məktəblərə ayaq basmış narkomaniya bəlası, yeniyetmələr və gənclər arasında intihar hallarının çoxalması məktəb psixoloqlarının çiyninə böyük məsuliyyət qoyur və məktəblər bunu dərk edərək tədbir görməlidirlər.

Problemli ailələrin dərd ortaqları

Azərbaycanda belə bir zarafat var: xalqımızın psixoloqa ehtiyacı yoxdur. Pul verib psixoloq seansına getmək əvəzinə, əsəbiləşəndə, kədərlənəndə  qohum-qonşuya  keçib bir az qeybət edirsən, ürəyin boşalır, olursan sağlam. Zarafatın arxasında bir qədər həqiqət payı var. Lakin ehtiyacı olana məsləhət verən özü hansı ağlın, hansı təcrübənin, hansı dünyagörüşünün sahibidir və verdiyi məsləhətlə alovun üzərinə su tökür yoxsa yağ? Bu, ən önəmli məsələdir. Bu anlamda hadisələrə hər zaman bitərəf, soyuqqanlı və peşəkar yanaşan psixoloq söhbətinə ehtiyac var. Məlum məsələdir ki, psixoloqa əsasən  müəyyən  daxili sıxıntıları olan şəxslər müraciət edirlər. Çox zaman psixi problemləri olanlar yox, onların yaratdıqları problemlərdən əziyyət çəkən insanlar psixoloqa müraciət edirlər. Hər bir rayonun icra hakimiyyətində, Ailə, Qadın, Uşaq Komitəsinin regional şöbələrində problemli ailələrlə iş üzrə psixoloq ştatı fəaliyyət göstərir. Lakin araşdırmalarım nəticəsində məlum oldu ki, bu ştatın sadəcə adı var və bu psixoloqlar demək olar ki, ofislərindən çıxmırlar. Xüsusilə regionlarımızda problemli ailələr öz dərdlərinin həllini bu komitənin, psixoloqun yanında deyil, telekanallarda böyük şoulara səbəb olan ailə-məişət  problemlərinin işıqlandırıldığı verilişlərə qatılmaqda görürlər.  Yaxınına dərdini danışmağa çəkinənlərin çoxu TV vasitəsilə “məşhurlaşmağı” dərd etmir, bu yolu seçirlər. Bu problemi  həll edirmi? Yox. Ellə sözün bir olur, qarşı tərəflərin qəzəbi aşır-daşır. Telekanal da reytinq xətrinə bildiyi qədər aranı qızışdırır.

İnsan davranışlarının altında yatan əsl səbəbi bilmək psixoloji dəstəyin demək olar ki, yarısını təşkil edir. Qəzəb, sevinc, xəyanət, sədaqət, cəsarət, qorxu. Bütün  bu duyğuların altında  təbii, şəxsi və ya cəmiyyətin təsiri altında yaranmış səbəblər  gizlənir. Heç bir duyğu möcüzəvi şəkildə yoxdan var olmur. Hər yaranın mütləq yaranma səbəbi vardır. Bu ola bilər ki, illərlə özünü göstərməmiş olsun. İnsanı anlamağın yolu o səbəbləri bilməkdən keçir. Hekayəsini bilmədiyiniz insanı anlaya, anlaya bilmədiyiniz insanı sevə bilməzsiniz.

Psixoloq işi əslində  spesifik sahədir və bu sahədə təəssüf ki, Azərbaycanda deletantların sayı peşəkarlardan çoxdur. Efirə çıxır, özünü psixoloq kimi reklam etdirir, az sonra mərkəz açıb başlayır müalicəyə. Əslində, bu sahədə nə peşəkarlığı var, nə dərin bilgisi. Halbuki peşəkar psixoloq yaxşı bilməlidir ki, dilindən çıxan yanlış bir kəlmə ilə ailə dağıda, kiminsə intiharına səbəb ola, dərin travmalar verə bilər. Çox “psixoloqun” elə özünə psixoloq lazımdır. Dəfələrlə efirə çıxıb özünü psixoloq, ekstrasens kimi təqdim eləmiş, əslində şarlatan, fırıldaqçı olan, səsi sonralar həbsxana divarları arasından  gələn psixoloqlar da var. Bu gün ortalıqda adı gəzən, şöhrəti  dillərə dastan olan bir çoxları əslində ən yaxşı halda ya sosioloqdur, ya da tamamilə başqa sahənin  adamı. Bir-iki kurs keçib, sertifikat aldıqdan sonra dönüb olurlar psixoloq.

Klinik psixoloq Fuad  Əsədov  “Yeni Azərbaycan”a bildirib ki, ölkədə fəaliyyət göstərən psixoloqların peşəkarlıq səviyyəsini yoxlayan, onların fəaliyyətinə nəzarət edən hansısa bir qurum yoxdur.  Başqa bir  deyimlə, hərə öz bildiyi havanı çalır.

“Klinik psixologiya, psixoloji hadisələri xəstəliklərlə əlaqəsi baxımından araşdıran psixologiyanın bir hissəsidir. Klinik psixologiya sahəsi psixi sağlamlığın diaqnozunu, psixofizioloji problemləri başa düşmək üçün tədqiqatların təşkili və aparılmasını, psixoloji korreksiyanın (psixoterapiyanın) inkişafı, həyata keçirilməsi və qiymətləndirilməsini əhatə edir.

Klinik psixologiyanın psixoterapevtik metodları məsləhət, fərdi psixoterapiya, ailə psixoterapiyası, ailə konsultasiyası və fiziki sağlamlıq pozğunluqları ilə əlaqəli psixoloji problem yaşayan insanlar üçün müxtəlif dəstək formaları şəklində özünü göstərir.

Klinik psixoloq müəyyən bir psixoloji istiqamət daxilində tədqiqat aparan, müəyyən problemlərin diaqnozu və düzəldilməsi ilə məşğul olan tibbi (klinik) psixologiya sahəsində ixtisaslaşmış mütəxəssisdir”, - deyə doktor psixoloqlarla kliniki psixoloqlar arasındakı fərqlərdən bəhs edərkən bildirib.

“Psixiatrlar dərmanla müalicə edir, psixoloq isə psixoterapiyayla öz pasiyentlərinə kömək edir. Hər ikisi eyni tip pasiyentlərlə, eyni psixoloji pozuntuları olan şəxslərlə çalışırlar. Kliniki psixoloqlar həkim hesab edilsələr də, pedaqoji psixoloqlar həkim sayılmırlar. Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş protokola əsasən, yüngül depressiya xəstələri ilə psixoloqun işləməsi yetərli sayılır. Ağır depressiya isə dərman müalicəsi tələb  etdiyi  üçün onlarla kliniki psixoloqlar işləyir. Üçüncü ixtisas qrupu və dördüncü ixtisas qrupu ilə daxil olub, psixoloq adı qazananların arasında fərq var. III qrup üzrə bitirənlər məktəblərdə  psixoloq işləyə bilərlər, digər qrup üzrə daxil olub, təhsil alanlar Səhiyyə Nazirliyinə tabedirlər, həkim adı daşıyırlar.

Problemli ailələrlə məşğul olan,  icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən psixoloqlar klinik psixoloqlar deyillər, lakin onlar bu təhsili alıblarsa, deməli elmə yiyələniblər və  işin incəliyini bilirlər. Çox zaman cəmiyyətdə belə yanaşma var ki, psixoloqun müəyyən yaşı, təcrübəsi olmalıdır. Çünki, gənc, heç bir həyat təcrübəsi olmayan psixoloq  dərin problemləri olan  yaşlı bir insan?  necə kömək edə bilər? Anlamaq lazımdır ki, biz öz şəxsi fikirlərimizi, dünya görüşümüzü  paylaşıb ağıllı-ağıllı danışmırıq, ağsaqqal məsləhəti vermirik, biz müəyyən elmə əsaslanırıq. Lazım gələrsə, gənc psixoloq çox yaxşı kömək ola bilər, biz subyektiv fikirlərə əsaslanmırıq.  Elmi təcrübələri önə çəkirik. Biz daima öz üzərimizdə işləyirik. Psixoloqa vacibdir ki, müvafiq ixtisasla bağlı ən azından magistr təhsili alsın, kurslara qatılsın,  müxtəlif konfranslarda biliklərini, təcrübəsini gücləndirsin və belə terapistlərin sayı kifayət qədər  çoxdur. Səhvi hər kəs edə bilir. Ən peşəkar həkimin də səhvi olur və psixoterapevt də səhv edə bilər, amma o da peşəkar məsuliyyət daşıyır”,- deyə həkim bildirib.

 Bax belə, bu gün cəmiyyətimizdə mövcud olan daha bir problemə işıq tutmağa çalışdıq. Çalışın, hər işdə olduğu kimi, psixoloq dəstəyi alarkən də əsl peşəkarlara müraciət edin. O zaman hadisələrə başqa prizmadan baxmağı öyrənəcəksiniz. Deyirlər, sevinc paylaşdıqca çoxalır, dərd paylaşdıqca azalır. Və bu da məlum həqiqətdir ki, dərd adamı danışdırır. Dərdinizi də peşəkarlara dinlədin ki, doğru dərmanı tapa biləsiniz. Əks halda, ağası gülüm olanın...

 

 

Paylaş
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31