Son 40 ildə yaşananlar
04.03.2022 [10:33]
Biz nələr görmədik...
İlhamə HƏKİMOĞLU
Uşaq idik o vaxtlar. Bayram tədbirləri olanda məktəbimizə müharibə veteranlarını dəvət edərdik. Hər dəfə də onlar öz çıxışlarında mütləq qeyd edərdilər ki, siz xoşbəxt dövrün uşaqlarısınız, müharibə görməmisiniz. Amma biz xoşbəxt uşaqlar ola bilmədik. Bizim yaşadığımız dövr elə bir dövr oldu ki, düşündükcə bütün bunların 40 il ərzində baş verdiyinə inana bilmirsən. Biz xoşbəxt yox, qəribə dövrün insanları olduq. Biz gəncliyi oğurlananlara çevrildik. Biz nələr görmədik?
Uşaqlıq illəri 80-ci illərə düşənlər yaxşı xatırlayar, o dövrlə bu günün fərqlərini. Təsəvvür edin ki, 80-lərdə yatmış orta yaşlı bir azərbaycanlı 40 illik letargiya yuxusuna gedib, indi ayılsaydı, özünü başqa bir dünyada hiss edərdi.
Küçələrdə şütüyən tək-tək “Jiquli”lər, “Moskviç”lərin indi antikvara çevrildiyini, yolların “inomarka”larla dolub-daşdığını görüb, heyrətlə təqvimə baxmaq istəyərdi. O adam Sovet İttifaqının vətəndaşı kimi yuxuya getmişdi. Ayılanda özünü müstəqil Azərbaycanın vətəndaşı kimi görəcək, amma ətrafdakıların dilini doğru-dürüst anlamayacaqdı. Çünki dilimizə dolmuş çoxlu sayda xarici ifadələr onu artıq 30-40 il öncənin adamları üçün anlaşılmaz edib. Necə ki, biz Füzulinin, Seyid Əzimin dilini tərcümə olmadan anlaya bilmirik, o da serverlərdən, ayfonlardan, IP hesablarından, canlı yayımlardan, “push” etməkdən, onlayn və oflayn olmaqdan danışan adamların dilinə heyrətlə qulaq asardı.
Divarlarda, reklam dirəklərində Kirill əlifbası əvəzinə latın qrafikası ilə yazıları görəndə heyrəti daha da artardı. Bizim biz olduğumuza inanmazdı. Nələr dəyişdi bu illərdə?
Bizim nəslin uşaqları kommunist ideyası ilə böyüyürdülər. Əvvəl oktyabryat, sonra pioner, daha sonra komsomolçu olurdular...
Dünya yeni düzənə girdi. Soyuq müharibə başa çatdı. 1988-ci ildə Qarabağ uğrunda savaş başladı.
Heç kəsin bir gün dağılacağını güman etmədiyi Sovet İttifaqı dağıldı, 15 müttəfiq respublika müstəqillik qazandı, düşmən oldu. Müstəqillik asan olmadı. “Böyük” dediyimiz qardaşımız üstümüzə tanklarla gəldi, bir neçə respublikanın ərazisində qırğın törətdi, göz qorxutdu.
Dünyaya sərhədlərimiz açıldı, gediş-gəliş artdı.
1990-cı ilin 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, I Qarabağ müharibəsi, 1 milyondan çox qaçqın və köçkünün taleyi, ərzaq qıtlığı, mağazalarda çörək növbələri, elektrik enerjisinin fasilələrlə verilməsi, ehtiyac - bütün bunlar bizim nəslin oğurlanmış gəncliyi idi.
90-cı illərdə “terror” və “şəhid” sözlərini dilimizə daxil edib, sıx-sıx işlədər olduq. Siyasi arenada təlatümlər baş verirdi, Milli Məclisin hər iclası qalmaqal, dava-dalaş içində keçirdi, dövlət çevrilişi cəhdləri, Elçibəyin hakimiyyəti qoyub qaçması, Sürət Hüseynovun dövlət çevrilişi cəhdi, Heydər Əliyevin bu çevrilişin qarşısını almaq üçün göstərdiyi uzaqgörən siyasət, Azərbaycanı gücləndirmək naminə atdığı addımlar, “Əsrin müqaviləsi”nin bağlanması və yavaş-yavaş ömrümüzə qədəm qoyan sabitlik. Bu illər ərzində bizi uçurumun kənarından çəkib almış böyük liderin - Heydər Əliyevin itkisinin acısını da yaşadıq.
Televiziya kanallarımızın sayı artdı, dünyanı görməyə başladıq. Amma dünyada görüləcək yaxşı şeylər çox az idi. Dünya təlatümlüydü, nehrə kimi çalxalanmağındaydı, yağı yağ, ayranı ayran etmək üçün. ABŞ-da qoşa qüllələrə hücum edildikdən sonra yeni lokal müharibələrə start verildi, bəhanə tapıldı.
İraq dağıdıldı, Səddam Hüseyn ölkəsinə hücum edilən zaman qaçıb kanalizasiya quyusunda gizləndi. Tapıldı, edam edildi. Qəddafini gizləndiyi su quyusunda tapıb, çıxarıb təcavüz etdilər və bunu dünyaya göstərdilər. Liviya, Misir, “Ərəb baharı” xülyası ilə xarabazara çevrildi. Sanki İblis dünyaya enmişdi, bir yerdə müharibə bitməmiş, başqa ölkədə boy qaldırır, qanlı xəbərlərin ardı-arası kəsilmirdi.
Daha nələr gördük? Mobil telefonlar erası başladı. Texnologiya o qədər sürətlə inkişaf edirdi ki, faks, peycer kimi yeni alətlərin ömrü uzun olmadı. Mobil telefonların sürətlə inkişafı məktub yazmaq ənənəsini aradan qaldırdı. İlk telefonlar sabit xətt telefonlarının da “papucunu dama atdı”.
İnternetin hamıya əlçatan olması ilə texnologiyalarda sürətli sıçrayış başladı. Həyatımızın bütün sahələri öz işini internet üzərindən qurmağa başladı. Hətta internet vasitəsilə cərrahiyyə əməliyyatlarının aparılmasına başladı. 5G buna imkan verdi. İnsan orqanlarının transplantasiyası mümkün oldu, birinin ürəyi digərinə həyat verdi, bu da az oldu, 4D printerdə insan orqanı yaratmağa başladıq. Süni mayalanma ilə dünyaya çoxlu-çoxlu əkizlər, üçəmlər, dördəmlər qədəm basdı.
Biz artıq dünyanın o başındakı yaxınlarımızla belə görüntülü danışmağa başladıq. Nağıllardakı sehrli güzgü gerçək oldu. Hərənin öz telekanalı yarandı, istəyən məşhur oldu. İstəyən adam xəbərçiyə çevrildi, dünyanın hər yerindən canlı yayımlar açmaq, xəbər vermək mümkün oldu. İnternet sevdaları baş aldı, getdi. Sosial şəbəkələr dostluqlara, sevgilərə, hətta cinayətlərə səbəb oldu. İnternet hamını öz “toru”na salandan sonra, mənəviyyatımızda köklü dəyişikliklər başladı. Dünənə qədər ayıb sayılan şeylər bu gün hünər sayılmağa başladı. Məsələn, əvvəllər qadınlar bişirdikləri yeməklərlə, evlərinin səliqə-səhmanı ilə öyünərdilərsə, indi əndamlarını açıb göstərdiklərinə görə gələn bəyənmə sayı ilə öyünməyə başladılar. Kişilər qadın kimi bəzək-düzəkləri ilə lovğalandılar.
Elə dövrə gəldik ki, anadan qadın doğulan bəziləri ömürlərini kişi kimi başa vurdular və ya əksinə, kişi doğulub qadın kimi öldülər. Cinsdəyişmə əməliyyatları aparıldı. Artıq insan iki deyil, üç cinsdən ibarətdir. Qadın, kişi və transgenderlər. Plastik əməliyyatlar tum çırtlamaq qədər asanlaşdı, əksəriyyət eyni üzlü oldu. Burnu kəsik, silikon adamların sayı təbii görünüşlülərin sayını üstələdi, insandan çox humanoidlərə bənzəməyə başladıq. Milli köklərdən uzaqlaşma mənəviyyatımızda da zombiləşməyə, robotlaşmaya yol açdı. Ölmədik, qadının qadınla, kişinin kişiylə evləndiyini də gördük və bunu norma kimi bizə sırıdılar.
Ömründən bir dəfə müharibə keçmiş bizim nəsil iki müharibənin də həm şahidi, həm iştirakçısı oldu. II Qarabağ savaşından zəfərlə çıxdıq, işğalda olan torpaqlarımızı azad etdik. Bu 30 ildə Azərbaycan həm torpaq itirən, həm də son 200 illik tarixində ilk dəfə torpaqlarını geri alan dövlət oldu.
Dünya ikinci dəfə “soyuq müharibə” dönəminə qədəm qoydu. Hərçənd, onun tezliklə “isti müharibə”yə çevrilmək ehtimalının yaşandığı günlərin içindəyik.
İnternet o qədər həyatımıza daxil oldu ki, hava, su kimi əvəzolunmaza çevrildi. İndi internetin bircə günlük kəsilməsi hər dövlətə böyük iqtisadi zərbə vura bilər. Xaker müharibələri dönəmini də yaşayırıq.
Kosmosa əlimiz daha çox çatmağa başladı, o həddə çatdıq ki, kosmosa turist səfərləri belə başladı. İlon Mask orbitə minlərlə özəl peyklərini buraxmaqla qalmayıb, Marsda yaşayacaq ilk insan koloniyasının da siyahısını tutdu.
İndi süni insanın yaradılması üzərində iş gedir. Yarırobot, yarıinsan, daha dözümlü, daha sözəbaxan, adi insandan bir çox xüsusiyyətlərinə görə daha üstün.
Nanotexnologiyalar, süni qidalar (nəcisdən hazırlanan ət, kauçukdan düyü, sintetik kələm, yumurta) GMO-lu ərzaqlar - bunları da gördük.
DNK üzərində aparılan işlər imkan verəcək ki, doğulan körpələrimizin necə görünəcəyinə (göz, saç rəngi, boyu, xəstəlikləri və s.) qərar verək. Çox az müddət sonra insanlar qocalıq üzərində qələbə çalıb, uzunömürlülüyün sirrini çözəcəklər. Əslində, bəlkə də çözülüb. Sadəcə, dünyanın ərzaq ehtiyatlarının tükənməsi xəbərləri fonunda 200 il yaşayıb, gənc qalan, ölməyən insan yəqin ki, bəzi güclərə sərf etmir ki, bakterioloji silahlarla arabir “seçmə” aparırlar.
Biz bu 40 ilin içində “quş qripi”, “donuz qripi”, ebola kimi kəskin infeksiya xəstəliklərinin hücumuna məruz qalarkən, onun daha böyük bir mərhələsinə girəcəyimizi bilmirdik. Pandemiyanı da yaşamalı olduq. Ömrümüzün 3 ilini koronavirusa qurban etdik. Hələ ki, bu qaranlıq, sirli virusla müharibəmiz davam edir, sonunu görə bilmirik.
Amma hələ pandemiya da son bəlamız, son təəccübümüz olmadı. III Dünya və nüvə müharibəsinin astanasındayıq, deyəsən. Dünya gücləri bir- birlərini tanklarla, raketlərlə deyil, nüvə silahları ilə hədələyirlər. Bu gerçəkləşsə, bu dəfə sonumuz olacaq. Bəlkə də Məhəmməd peyğəmbərin dediyi “axır zamanı” yaşayırıq.
Hə, görmədiyimiz daha nə qaldı? Bir o qaldı ki, yadplanetlilərlə görüşüb çay süfrəsi arxasında söhbətləşək. Hərçənd artıq onlarla əlaqə qurduğunu iddia edənlər var. Bu, kütləvi hal alsa, əminəm ki, başqa planetləri, kainatı da bir-birinə qatacağıq. Çünki insan oğlu yaratdığı qədər də, dağıdıcı qüvvədir. Əgər ehtimal etdiyimiz kimi yüksək şüurlu varlıqlar varsa və bizi seyr edirlərsə, onlar bunu mütləq görürlər. “Ovuc içi boyda” Yer üzündə insan təbiətə, ağaclara, heyvanlara özünə qənim kəsildi. Biz nələr görmədik və biz o “seyirçilərə” nə dəhşətlər göstərmədik?
Xəbər lenti
Hamısına baxDünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41

