Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 30 illik dövr: BMT-nin Uşaq Hüquqları Konvensiyası

30 illik dövr: BMT-nin Uşaq Hüquqları Konvensiyası

21.06.2022 [10:25]

Uşaqlarımızın  hüquqları necə qorunur?

Y.SƏLİM

21 iyun 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Uşaq Hüquqları Konvensiyası - BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir, uşaqların iqtisadi, sosial, mədəni, hətta siyasi hüquqlara malik olduğunu vurğulayır. Konvensiya 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 kateqoriyaya bölünə bilər:

- İnkişaf hüquqları - bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.

- Müdafiə hüquqları - bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar, məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və istismar kimi məsələləri əhatə edir.

- İştirak hüquqları - bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edəcək.

- Yaşamaq hüquqları - bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir.

Dünyanın ən böyük səadəti - Uşaqlar

Uşaq hüquqlarının inkişafını anlamaq üçün müxtəlif cəmiyyətlərin uşaqlara olan tarixi münasibətinə, onlara verdiyi dəyərə nəzər salaq. Uşaq konsepsiyası xalqların sosial-mədəni köklərinə dayanır. Bu aspektdən tarixin müxtəlif dövrlərində uşaqların fərqli coğrafiyalardakı vəziyyəti fərqli olur. Bunlar qanuni qaydalara daxil edilmiş faktlardır. Qədim Yunanıstanda uşaqlar yeddi yaşından məktəbə gedirdi. Platon əsərlərində qeyd edir ki, altı yaşından sonra oğlan və qız uşaqlarına dərs verirdi. Orxon-Yenisey abidələrinə istinadən deyə bilərik ki, qədim türklərdə uşaqlara çox yüksək qiymət verilirdi.

Ulu Öndərin uşaqlarla bağlı siyasəti

Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiyalar və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Ölkəmiz 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilərək onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Bu sahədə aparılan işlərdən danışarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Məhz Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu uşaqların təhsili, sağlamlığı ilə əlaqədar iri layihələrə imza atıb.

Dövlətin uşaq hüquqları ilə bağlı siyasəti qənaətbəxşdir

Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov BMT-nin “Uşaq Hüquqları Konvensiyası”na qoşulduğumuz 1992-ci ildən bu günə kimi 30 il ərzində görülən işlərin keyfiyyəti ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verib. Liqa sədrinin sözlərinə görə, bu gün hər bir uşaq öz üzərində dövlət qayğısını hiss edir: “Uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvü bütün gücünü səfərbər etməlidir. Dövlətimiz uşaq hüquqlarının qorunması istiqamətində mühüm işlər görür. Lakin hansısa sahədə işlər görülürsə, deməli, ortada müəyyən problemlər də var. Demək olmaz ki, bütün dünyada “Uşaq Hüquqları Konvensiyası”na qoşulan dövlətlərin hansısa birində hər şey yüksək səviyyədədir. Bu konvensiyaya qoşulan dövlət uşaqların inkişafı, sosial, fiziki və psixoloji müdafiəsi üçün hər bir işi görür. Dövlətimiz də bu sahədə siyasətini davam etdirir. Yaxşı yadımdadır, Azərbaycanın bu konvensiyaya qoşulması üçün Milli Məclisə müraciət ünvanlamışdıq. O zaman İsa Qəmbər söyləmişdi ki, BMT-nin bu konvensiyasının 54 maddəsi var və bu maddələrin hamısını həyata keçirə bilmərik. Məsələn, 38-ci maddədə qeyd olunub ki, müharibə dövründə uşaqların hüquqları tapdanılmamalıdır. Təəssüf ki, 1992-ci ildə təxminən 90-dan çox uşaq öldürülmüşdü, eyni zamanda, girov götürülmüş uşaqlar var idi və onların taleyi bu vaxta qədər həll olunmayıb. Əsas məqsədimiz o idi ki, bu məsələni beynəlxalq aləmdə qaldıraq. Buna müəyyən qədər nail olduq, itkin və girov düşmüş uşaqların siyahısını verib, məsələni beynəlxalq aləmdə gündəmə gətirdik”.

Y.Bəkirov qeyd edib ki, məlum konvensiyaya qoşulduğumuzdan bəri dövlətin uşaq hüquqlarının qorunması istiqamətində gördüyü işlər qənaətbəxşdir: “Dövlətimiz “Uşaq Hüquqları Konvensiyası”na qoşulduqdan sonra 5 ildən bir hesabatlar yazır. Bu hesabatlar Azərbaycanda uşaqların vəziyyətini şərh edir. 1997-ci ildə ilk hesabatı yazdıq. BMT dövlət hesabatları ilə ictimai təşkilatların hesabatlarını müqayisə edib öz tövsiyələrini verir. Dövlətimiz isə həmin tövsiyələri həyata keçirməlidir. Bu tövsiyəni də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir. Düzdür, uşaqların intihar etməsi, zorakılıq halları ilə qarşılaşması rast gəlinən hadisələrdən biridir. Bu xoşagəlməz məqama bütün dünya ölkələrində rast gəlmək olar. Ona görə də bu problemləri və səhvləri göstərməliyik ki, daha yaxşı nəticələr alınsın. Lakin nə qədər yüksək səviyyədə işlər görülsə də, tam razı qalmaq çətindir. Çünki bütün dünyada uşaqların hüquqlarının pozulduğu ilə bağlı hallara rast gəlmək olar. Bu, acı olsa da bir həqiqətdir”.

Paylaş:
Baxılıb: 872 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Siyasət

Gündəm

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30