Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Restoranlarda “servis haqqı” qanunidirmi?

Restoranlarda “servis haqqı” qanunidirmi?

29.07.2022 [10:29]

İstehlakçının pozulan hüquqları...

Yeganə BAYRAMOVA

Son dövrlər Bakıdakı bəzi restoranlarda müştəriyə təqdim edilən hesabda masa xidmətçisinin göstərdiyi xidmətə görə əlavə ödəniş, yəni “servis haqqı” tələb olunur. Bu məbləğ adətən ümumi məbləğin 10 faizini təşkil edir, bəzən də daha çox...

Bakı restoranlarında həmişə masa xidmətçilərinə könüllü olaraq “çay pulu” verilməsi ənənəsi məşhur olub. Yəni müştəri qulluq edən ofisiantın işini bəyənsə, ona əlavə pul verir. Adətən, həmin ofisiant verilən pulun hamısını özünə götürür və restoranın müştəri məmnuniyyətində əməyi keçən digər işçiləri bu bəxşişdən nəsibsiz qalır. Son dövrlər tələb olunan “servis haqqı” həmin “çay pulu”nun bir növ icbari və rəsmiləşdirilmiş formasıdır. Həmin pul həqiqətən əlavə xidmət haqqı olaraq personala çatır, yoxsa restoranın ümumi gəlirlərinə aid edilir, bu, sual altındadır. Ümumiyyətlə, restoranlarda servis haqları tələb olunmalıdırmı?

Servis haqqının qanuni əsası yoxdur!

Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a bildirib ki, istehlakçılardan servis xidmətinə görə ödəniş tələb edilməsinin qanuni əsası yoxdur. Ekspert qeyd edib ki, bir çox kafe-restoranlar əvvəlcədən bu barədə müştəriyə heç bir məlumat vermir. Bu pullar vergidən yayındırılır: “Dünyanın bütün ölkələrində istehlakçılara yaxşı xidmət göstərildiyində istehlakçılar özləri əlavə ödəniş edirlər. Müştəri istəsə, xidmətdən razı olduğundan özü ofisianta əlavə ödəniş edə bilər”.

E.Hüseynovun sözlərinə görə, 10 gün öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi istehlakçı məmnuniyyəti deyilən bir standart qəbul olunub: “Restoranlarda istehlakçılardan artıq pul alınması ilə bağlı bizə hər həftə ən azı 2 telefon zəngi daxil olur. “Servis haqqı” məsələsi ilə bağlı qeyd etdiklərimdən də ciddi problemlər var. Misal üçün, turis?lərin çox getməsinə və Azərbaycanda insanların çayxor olmasına baxmayaraq, bulvarda kompleks çay verirlər. Əgər mürəbbələri götürməsən, çay vermirlər. Elə restoran var ki, “face control” edirlər, yəni üzünə baxıb səni buraxmırlar ki, xoşumuza gəlmir. Başqa bir restoran var ki, mütləq qadınla gəlməli olduğunu deyirlər. Belə neqativ hallar olduqca çoxdur, təəssüflər olsun ki, restoranlar üçün tərtib olunmuş heç bir qayda-qanun yoxdur”.

Ekspertin sözlərinə görə, bu barədə İqtisadiyyat Nazirliyinə müraciət etdikdə qeyd edirlər ki, restoranların öz ərazisidir, necə istəsələr elə davrana bilərlər: “Standartda nələrin nəzərdə tutulduğunu bilmirəm, bəlkə də, tutulmayıb. Standartlar olsa idi, bəlkə bu işin öhdəsindən gələ bilərdi. “Servis haqqı” ilə bağlı bu yaxınlarda bir nəfər də mənə telefon zəngi etdi. Həmin şəxs restoranda oturub istehlak etdikdən sonra 18 faiz “servis haqqı” istəyiblər. Deyiblər, sən muzey restorandasan, elə belə restoranda deyilsən. “Çay pulu” və yaxud ofisianta verilən pul bir çox dünya ölkələrində var. Onu da bilək ki, dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstərsən, istehlakçı mütləq ona artıq pul verir. İstehlakçı psixologiyası belədir. Lakin zorla, istehlakçının xəbəri olmadan, əvvəlcədən deyilmədən “servis haqqı” alınması istehlakçı hüququnun pozulmasıdır”.

E.Hüseynov vurğulayıb ki, bu hal Azərbaycanda turizmin inkişafına böyük zərbədir: “Qanun qadağa eləmir, lakin mütləq istehlakçı öncədən bilməlidir ki, nə qədər “servis haqqı” verəcək. Bu, ya menyuda, ya masanın üzərində bir kağızda yazılmalı, ya da ofisiant istehlakçıya öncədən deməlidir. Düzdür, buna bənzər əcayib şeylər başqa ölkələrdə də var. Məsələn, Kanadada 20%-ə qədər “çay pulu” verməlisən. Argentinada da görmüşəm ki, hoteldən çıxanda 120 manat artıq pul alıblar. Tələb etmə səbəbləri isə müştərinin hoteldə olan içkilərə əlini uzatmasıdır. İçkilərə əl uzadanda fotodiod qeydiyyata alır ki, bura əl uzanıb. İçkinin içib içilmədiyinə heç baxan yoxdur. Digər bir misal, Amerikada istehlakçı restorana girəndə ödəniş kartını alıb saxlayır, pula müdaxilə etməmək şərtilə bəzi parametrləri götürürlər. Sonda problem olarsa, istehlakçıdan orda da “servis haqqı” alınır. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi bunun öhdəsindən gəlməli, Nazirlər Kabineti restoran və marketlər üçün qaydalar tətbiq etməli, bu məsələlərə son qoyulmalıdır”.

“Çay pulu” kimlərin cibinə gedir?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin fikrincə, restoranlarda maaşlar aşağı olduğu üçün “çay pulu” verilməsi xidmətçilərin maddi vəziyyətini bir qədər yaxşılaşdırır: “Sovet dövründə ölkəmizdə bu ənənə pislənsə də, davam edirdi. Müstəqillik dövründə isə insanların xarici ölkələrə getməsilə əlaqədar bu məsələyə münasibət kardinal şəkildə dəyişib. Rusiyada 1917-ci il fevral inqilabına qədər restoranlarda maaş personala verilmirdi və onlar çay pulu hesabına dolanırdılar.

Müştərinin masada “çay pulu” saxlamasının bir neçə səbəbi var. Bunlardan biri göstərilən yaxşı xidmətə görə bəxşiş vermək fikridirsə, digəri odur ki, bu gün verilən bəxşiş gələcəkdə həmin restorana gələn insanın qarşısına daha yaxşı xidmət çıxara bilər. Yəni “bu gün bu pulu verirəm ki, sabah məni daha yaxşı qarşılasınlar”. Ümumiyyətlə, xidmət sahəsində, xüsusilə restoran biznesində dünya üzrə yüksək maaş yoxdur. Belə olduqda “çay pulu” və ya “servis haqqı” həmin sahədə çalışanların qazanclarını bir qədər lazımi səviyyəyə çatdırır”.

S.Dübəndi qeyd edib ki, restoranlarda “çay pulu” və ya “servis haqqı” verilməsi bütün dünyada adət edilmiş bir haldır:“Fransada 1955-ci ildə “servis haqqı”nın hesaba daxil edilməsinə icazə verən qanun qəbul edilmişdi. Bizdə belə bir qanun yoxdur. “Çay pulu” məsələsində isə ölkələr arasında fərqliliklər var. Məsələn, bizdə və bir çox Avropa ölkələrində təqdim olunan hesabın 5-10 faizi qədər, ABŞ-da isə 15-25 faizi qədər “çay pulu” vermək ənənəsi var. Çin, Yaponiya, Koreya kimi ölkələrdə “çay pulu” ənənəsi çox yayılmayıb. ABŞ-ın isə bəzi ştatlarında belə qanun var ki, restoran sahibi işçilərinə çox aşağı məvacib verə bilər. Çünki orda “çay pulu” ənənəsi geniş yayılıb və dövlət hesab edir ki, insanlar bununla dolana bilər. Amma bu cür ödənişlər vergiyə cəlb olunmur. Ona görə də dövlətlər bu haqda düşünüb müəyyən yanaşma ortaya qoymaq istəyirlər. Hələlik bu sahədə vahid bir yanaşma yoxdur.

Azərbaycanda “servis haqqı” daha çox bahalı və yüksək xidmət göstərən restoranlarda tələb olunur. “Fast Food” və ya “dönər” restoranlarında “servis haqqı” demək olar alınmır. Bəzi restoranlarda toplanan “çay pul”ları restoranın bütün əməkdaşları arasında bölünür. Bəzilərində isə hər ofisiant bu pulu özünə saxlayır. Düşünürəm ki, həm “servis haqqı”, həm də “çay pulu” məsələsi artıq bazarda öz yerini tapıb və bunların heç birində qanunsuz hal yoxdur”.

Müştəridən alınan “servis haqqı” kimin cibinə axır? Bu məbləğ həqiqətən də restoran xidmətçiləri arasında bölünür, yoxsa müəssisənin ümumi gəliri kimi hesaba alınır? Müsahibimiz bildirib ki, bunu dəqiq demək olmur: “Bu, hər restoranın daxili qərarıdır. Qanunvericiliyimizdə bu məsələlərlə bağlı böyük boşluqlar var. Ümumiyyətlə, restoran işini tənzimləyən qanunlarımız, hüquqi-normativ sənədlərimiz çox azdır. Olanların da içində belə məsələlər barədə dəqiq məlumat tapmaq olmur. Xarici ölkələrdə adətən bu məsələ qanunla tənzimlənir və “servis haqqı” personala çatır. Bizdə isə bu barədə qəti bir söz demək olmur. Çünki ölkəmizdə bu proseslərə nəzarət edən, ümumiyyətlə, restoran biznesini tənzimləyən qurum yoxdur. Bu sahəyə yaxın fəaliyyəti olan qurumlardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinə nəzarət edir, Dövlət Turizm Agentliyi isə restoranların fəaliyyətinə müdaxilə etməyin onların səlahiyyətində olmadığını bildirir. Mən isə fərqli düşünürəm. Hotellər kimi restoranlar da daxili və xarici turistə xidmət göstərir və onların fəaliyyəti qonaqpərvərlik sənayesinin bir hissəsidir”.

Bəxşiş ənənəsinin tarixi

“Bəxşiş” anlayışı XVI əsrdə Britaniyada yaranıb. Məhz o zaman ingilislərdə çay ənənəsi yaranıb və əgər qonaqlar gecəni sahibin evində qalırdılarsa, o zaman onun qulluqçularına pul verirdilər.

Bəxşişi qəbul etməyənlər - olmaz, ayıbdır!

Hər ölkənin bəxşişlə bağlı öz qaydaları var. ABŞ-da ofisianta hesabın 15-25, Braziliyada 10, İsveçdə isə 5-10 faizini vermək adəti var. Şərqdə bəxşiş vermək mədəniyyəti Qərbdəki adətlərdən hiss ediləcək dərəcədə fərqlənir. Xüsusilə, Yaponiyada bəxşişlə bağlı vəziyyət aydın deyil. Ümumilikdə fikir belədir: bu ölkədə bəxşiş verilmir. Əgər siz restorandan çıxarkən masada pul qoysanız, böyük ehtimalla ofisiant sizin arxanızca qaçaraq pulu unutduğunuzu düşünüb onu sizə vermək istəyəcək.

ABŞ-ın Nyu York şəhərindəki “Sushi Yasuda” restoranı işçilərinin bəxşiş almasını qadağan edib. Buna səbəb restoran menyusundakı yeməklərin qiymətinin artırılması olub. Restoranın sahibi olan Skott Rosenberq “İşçilər yaxşı qazanır, bu səbəblə bəxşişə ehtiyacları yoxdur” deyib. Müştərilər hesablarında və menyuda bu yazıyla qarşılaşırlar: “Yaponiyadakı ənənəyə uyğun olaraq “Sushi Yasuda”nın işçiləri aldıqları maaşla dolana bilirlər. Bu səbəblə bəxşiş qəbul edilmir. Təşəkkür edirik”.

ABŞ-da bəxşiş qəbul edilməyən tək restoran olduqlarını söyləyən Rosenberq “Hər zaman yeməyin sonunda bəxşişin düşünülmədiyi bir restoran arzusunda olmuşam və nəhayət öz restoranımda bu arzum gerçək oldu” deyib.

İslandiyada isə restoranda bəxşiş vermək təhqir olaraq qəbul edilir.

Son olaraq maraqlı, yaşanmış bir hekayə: Milyarder Bill Gates bir restorana gedir və çıxanda xidmətçiyə 2 dollar bəxşiş verir. Xidmətçi deyir ki, dünən oğlunuz gəldi və 100  dollar bəxşiş verdi, siz isə 2 dollar verirsiniz... Bill Geytsin cavabı unikal olur: o, bir milyarderin, mən isə bir kəndlinin oğluyam.

Paylaş:
Baxılıb: 110 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31