Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Səmimi ünsiyyətdən böyük dostluğa...

Səmimi ünsiyyətdən böyük dostluğa...

06.10.2022 [10:21]

Ölkəmizə 4 səfər edib Heydər Əliyevlə görüşən Tur Heyerdal: Azərbaycan tarixi Mesopotamiyadan qədimdir

Bakını Neapola bənzədən, Naxçıvana səfər arzusu ilə dünyadan köçən norveçli səyyahın ad günüdür

Günel ABBASOVA

Ölkəmiz özünün qonaqpərvərliyi ilə bütün dünyada məşhurdur. Azərbaycana gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən azərbaycanlılar qonaqpərvərliyi ilə dünyaya səs salmış xalq kimi tanınır. Ölkəmizdə bir çox tanınmışlar, dövlət xadimləri, səyyahlar qonaq olublar. Onlardan biri də tanınmış norveçli səyyah, məşhur etnoqraf və alim-antropoloq Tur Heyerdaldır. Tur Heyerdal 1914-cü ilin 6 oktyabrında Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olub.  Həyatını müxtəlif ölkələri gəzib, bu yerlər haqda yazmağa həsr edib.

Tur Heyerdal Azərbaycanda

Məşhur səyyahın səyahət etdiyi ölkələr arasında Azərbaycan da var. Tur Heyerdal 1980-2000-ci illər arasında bir neçə dəfə Azərbaycana səfər edib və həyatının son illərini Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləyib. Onu Azərbaycanda cəlb edən məhz Qobustanın qayaüstü qayıq təsvirləri olub. O, Qobustanda qaya üzərindəki oymalardan heyrətə gələrək, Qobustanı “açıq səma altındakı muzey” adlandırıb. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlib. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son “Odinin axtarışı ilə” adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırıb. “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından da qədimdir”.

Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləyib, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görüb.

Heydər Əliyevlə ilk görüş...

Səyyah 4 dəfə Azərbaycana gəlib və bu səfərlər zamanı dəfələrlə Heydər Əliyevlə görüşüb. Tarixçilərin məlumatına görə, hələ 1960-cı ildə akademik Həsən Əliyev Tur Heyerdalı Azərbaycana dəvət edərək, qədim yaşayış məskənlərimizi ona göstərmək istəyirmiş. Heydər Əliyevlə görüşən Tur Heyerdal Azərbaycanla bağlı təəssüratlarını, axtarış və ekspedisiyalarının nəticələri haqqında mülahizələrini ona bildirib. Elə o vaxt da vəd edib ki, imkan tapan kimi bir də Qobustana gələcək.

Tur Heyerdal kitabların birində Azərbaycanla bağlı görüşlərini, xatirələrini qələmə alarkən yazıb:  “Mən ilk dəfə Azərbaycanda olanda SSRİ Ali Sovetinin üzvlərindən biri, lakin rus millətinə mənsub olmayan Heydər Əliyevlə görüşdüm. Həmin görüşə qədər mən Azərbaycan Elmlər Akademiyasının akademiki Həsən Əliyevlə bir həftə respublikanı gəzdim. Həsən Əliyev Heydər Əliyevlə doğma qardaş olduğunu mənə deməmişdi. O, məni Azərbaycana dəvət etmişdi ki, dünyada ən qədim tarixə malik olan qayaüstü gəmi təsvirlərini mənə göstərsin”.

Norveçli səyyahın Qobustana ilk səfəri

Məlumatlara görə, 1981-ci ilin avqust ayında məşhur norveçli alim Bakıya gəlib. Bu zaman Qobustan qayaları onu həqiqətən də heyrətləndirib. Tur Heyerdal qayalar üzərindəki rəsmlərə baxaraq qeydlər edib. Nəhayət, uzun iş prosesindən sonra ilk dəfə dediyi söz bu olub: “Bunlar qamışdan düzəldilən qayıqların təsviridir. Yaxın Şərqdə baxdığım qayıqlara çox oxşayır. Hələlik fərqi onda görürəm ki, həmin qayıqlarda Günəşi disk, yaxud adam şəklində göstəriblər. Qobustan qayalıqlarında isə Günəş tamamilə təbii şəkildə, özü də qayığın başında həkk olunub”.

Bakını Neapola bənzədən Tur Heyerdal Azərbaycan haqqında gözəl fikirlər qələmə alıb. Onu ən çox da heyrətləndirən yurdumuzun özünəməxsusluğu, adət-ənənəsi, xüsusilə də xalqımızın qonaqpərvərliyi olub. Dünyanı başdan-başa səyahət edən bu məşhur alimi heyrətə gətirən məhz Azərbaycanda gördüyü səmimi münasibət və qonaqpərvərlik olub. Onun Qobustanda apardığı tədqiqatlar çox uğurlu olub. Səyyah Qobustan qayaüstü rəsmlərini Azərbaycan xalqının rəmzi kimi qəbul edib, bu qayalıqları Azərbaycan xalqının keçmişi adlandırıb. Məşhur səyyah Dəvəçi şəhərində də olub, orta əsrlərə aid Şabran şəhərinin qazıntıları ilə tanış olub.

Müstəqillik dövrünə təsadüf edən səfərlər

Səyyahın növbəti səfərində Azərbaycan artıq dövlət müstəqilliyini bərpa etmişdi.

1994-cü ilin payızında Tur Heyerdal yenidən Bakıda olub və Heydər Əliyevlə görüşüb. Heydər Əliyevlə Tur Heyerdal arasında yaranan səmimi ünsiyyət böyük dostluğa çevrilib. Azərbaycan norveçli səyyahı sanki maqnit kimi çəkirdi. 1999-cu ilin yazında AMEA-da məşhur səyyah-alim Tur Heyerdalla görüş keçirilib. Azərbaycana əvvəlki səfərlərində olduğu kimi, bu dəfə də eyni səmimiyyət və qonaqpərvərliklə qarşılanan Tur Heyerdal həmin görüşdə bildirib ki, ölkəmizə ilk gəlişində burada başqa bir ictimai sistem mövcud idi: “O zaman Qobustandakı qayaüstü təsvirlərlə tanış oldum. Mən burada qayalar üzərində çox qədim dövrlərə aid gəmi təsvirlərinin olduğunu eşitmişdim. Qobustandakı qayaüstü təsvirləri görəndə hiss etdim ki, onlar Norveçdə aşkar olunmuş qayaüstü təsvirlərdən əsla fərqlənmir”.

Tur Heyerdal bütün söhbətlərində Azərbaycana vurulduğunu, bu ölkəni çox sevdiyini dəfələrlə dilə gətirib. O, bir sıra fərziyyələr irəli sürərək, Norveç əfsanələri ilə Qobustan qayaüstü təsvirlərinin bağlılığından danışıb. Hətta Azərbaycanla Skandinaviya ölkələri arasında əlaqələr olduğunu da kəşf edib. O sübut edirdi ki, Skandinaviya tayfaları Şimali Avropaya Qara dənizdən Şərqdə yerləşən Azər ölkəsindən gediblər. Qobustandakı qayaüstü rəsmlərdən həmişə heyranlıqla danışan Tur Heyerdal bildirib ki, Azərbaycan bəşər sivilizasiyasının son dərəcə mühüm paytaxtı olub, özü də sivilizasiyanın mərkəzində dayanıb.

Tur Heyerdal Şəkidə...

Azərbaycana olan məhəbbəti Tur Heyerdalı dördüncü - sonuncu dəfə 2000-ci ilin payızında bu yurda gətirib. Respublikamıza böyük maraq göstərən məşhur səyyah Azərbaycanda olmaqdan həmişə məmnunluq duyub. Bakıda Heydər Əliyev köhnə dostunu mehribanlıqla qarşılayaraq deyib: “Xalqlarımız arasında əlaqələr getdikcə genişlənir. Bunun əsasını 1981-ci ildə sizinlə mən qoymuşam. Güman edirəm ki, XXI əsrdə də bu əlaqələr inkişaf edəcək”. Tur Heyerdal isə cavab olaraq qeyd edib ki, Azərbaycana dəfələrlə ziyarətləri sayəsində belə qənaətə gəlib: “Ölkələrimiz arasında çay sistemləri vasitəsilə - Xəzər dənizindən Volqa, Don çaylarına keçmək və oradan da Baltik dənizi vasitəsilə Norveçlə təmasların olması köklərini araşdırmaq lazımdır”.

Heydər Əliyevin siyasətini bütün sahələrdə davam etdirən Prezident İlham Əliyev bu məsələni də diqqətindən kənarda saxlamayıb. 2011-ci ilin 28 oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli norveçli səyyah və alim Tur Heyerdalın ailə üzvlərini qəbul edib. Görüşdə dünya şöhrətli səyyahın oğlu Tur Heyerdal ailə üzvləri adından çıxış edərək atasının xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb. O, atasından Azərbaycanla bağlı daim xoş sözlər eşitdiyini vurğulayıb.

Tur Heyerdal çox arzulayırdı ki, yenidən Azərbaycana gəlsin, Naxçıvana gedərək Gəmiqaya rəsmlərini gözləri ilə görsün. Lakin bu arzusu gerçəkləşmədi. 2002-ci ilin aprelində məşhur səyyah vəfat etdi...

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30