Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azyaşlı məhkumlar, uşaq ikən məhv olan talelər...

Azyaşlı məhkumlar, uşaq ikən məhv olan talelər...

08.10.2022 [11:00]

Yeniyetmələrlə islah prosesi necə aparılır?

Yeganə BAYRAMOVA

Hər bir valideynin arzusu övladının təhsil almasını, cəmiyyətdə bir fərd olaraq yaşayıb normal düşüncəli, şüurlu insan olmasını görməkdir. Təəssüf ki, bəzən bu proses əksinə gedir. İnsan yetkin fərd kimi formalaşana qədər müxtəlif istiqamətlərdə inkişaf etməyə meyillidir. Bəzi hallarda insan inkişafının yeniyetməlik dövründə müxtəlif səbəblərdən alkoqoldan istifadə, oğurluqla məşğul olmaq, narkotik vasitələr istifadə etməklə cəmiyyətə və hüquqa zidd işlər görür. Bu hallarla üzləşən ailələrin bəzisi övladlarına dəstək olmur və ailədaxili münaqişələr yeniyetmənin depressiyaya düşməsinə, müəyyən müddətdən sonra isə cinayət törətməsinə səbəb olur.

Qanun nə deyir?

Qanunvericiliyə əsasən şəxs 14 yaşından başlayaraq yalnız aşağıda sadalanan cinayətlərə görə məsuliyyətə cəlb edilə bilər:

-qəsdən adamöldürmə

-adam oğurluğu

-zorlama

-oğurluq

-qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə (uqon)

-terrorçuluq

-nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmaq və s.

Törədilən hər bir cinayət əməlinə görə isə şəxs yalnız 16 yaşına çatdıqda məsuliyyətə cəlb edilə bilər.

Dünya ölkələrində vəziyyət necədir?

Hər bir ölkədə mövcud olan normalar digər ölkələrin normalarından fərqlənir. Məsələn, Afrika və Asiya ölkələrində yeniyetmənin hansısa davranışı cinayət hesab oluna bilər, ABŞ-da isə yox. Yeniyetmənin hansısa davranışının cinayət kimi qiymətləndirilməsində qanunlar, hüquqi və mədəni normalar, inanclar, adət və ənənələr müxtəlif aspektlərdən rol oynayır. Dünyada uşaq cinayətlərinin aspektləri universal olsa da, regionlarda bəzi fərqlər özünü göstərir. Məsələn, Asiyada gənclər əhalinin fəal cinayətkar hissəsini təşkil edir. Belə ki, bu qitənin narkotik məhsullar istehsal edən “Qızıl Üçbucaq” (“Golden Crescent” or the “Golden Triangle”) bölgəsinin yerləşdiyi ərazilərə yaxın olan dövlətlər bəzi çətinliklərlə üzləşir. Qaçaqmalçılar uşaqları bu sahəyə asanlıqla cəlb edir, həmin uşaqlar isə çox zaman narkotik istifadəçisinə çevrilir. Afrikada isə ağır həyat şəraiti, yoxsulluq uşaqları cinayət törətməyə vadar edir. Ərəb dünyasında paradokslar mövcuddur. Buradakı dövlətlərin bəziləri sosial-iqtisadi problemlərlə üzləşdiyi halda, digərləri inkişaf edir. İnkişaf edən dövlətlərdə törədilən cinayətlər daha çox iş axtaran miqrantlar və ya urbanizasiya ilə bağlı olur. Ekspertlər hesab edir ki, dünyada uşaq cinayətlərinin sayı xüsusilə 1990-cı illərdə artıb. Keçid dövrünü yaşayan dövlətlərdə isə bu sahədə dramatik artım müşahidə edilib. 1995-ci ildən Şərqi Avropa və MDB dövlətlərində uşaq cinayətləri 30 faiz artıb. Bu coğrafi məkanda uşaqların törətdiyi hüquqa zidd əməllər narkomaniya və həddindən artıq spirt istifadəsi ilə bağlı olub.

Azərbaycana gəlincə, cinayət törətməyə meyilli uşaqlar adətən valideynlərinin nəzarətindən yayınanlar, ailədaxili münaqişələr nəticəsində psixoloji sarsıntı keçirənlər, yaxud da kimsəsiz, valideyn himayəsindən məhrum olanlardır.

Barmaqlıqlar arasında məhv olan uşaqlıq

Cəzaçəkmə müəssisələrinə yerləşdirilən azyaşlıların sonrakı taleyi vacib məqamlardan biridir. Təəssüf ki, yetkinlik yaşına çatmayanlar bilərəkdən, bəzi hallarda isə bilməyərəkdən, yaxud kimlərinsə təsiri altında olaraq xoşagəlməz əməllər törədirlər. İslah olunmaları üçün Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinə göndərilən azyaşlıların sonrakı taleləri, psixoloji durumları, cəmiyyətə adaptasiya olmaları ən həssas proses hesab olunur. Bir çoxları düşünür ki, cinayət törədən azyaşlıların cəzaçəkmə müəssisələrinə yerləşdirilməsi düzgün addımdır. Onların həyatı davam edir - bu həyat türmə divarları arasındadır. Törətdikləri müxtəlif əməllərə görə “uşaq koloniyaları”nda cəza çəkənlər azyaşlı olsalar da, həmyaşıdlarından fərqlənirlər. Bu yeniyetmələrin yaşayış normaları müəyyən çərçivəyə salınır. Onlar uşaq koloniyasının soyuq divarlarını əməllərinin hesabına isti nəfəsləri ilə isidən, amma özləri isti yuvalarından uzaq düşən balaca cinayətkarlardır. Heç adamın onlara cinayətkar deməyə dili də gəlmir...

Onların çoxunu sadəcə ailə vəziyyətlərinin çətinliyi, pis yaşam tərzinə aludəçilik koloniyalara aparır. Cinayətləri nə qədər böyük olsa da, cəza çəkdikləri koloniyalar onları yenidən ora qayıtmağa “məcbur edir”. Həbsdən azad olduqdan sonra isə təkrar peşəkar cinayətkara çevrilirlər...

Azyaşlı cinayət törədibsə...

Mövzu barədə “Yeni Azərbaycan”a danışan Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqovun sözlərinə görə, ölkəmizdə neçə illərdir ki, bütün sahələrdə, o cümlədən hüquq sahəsində dərin islahatlar aparılıb. O, qeyd edib ki, Azərbaycan cinayət qanunvericiliyi sahəsində həm cənab Prezidentin imzaladığı Fərman və Sərəncamlar, həmçinin Milli Məclis tərəfindən qəbul edilən qanunlar olub: “Son illər ərzində bir sıra regionda yeni standartlara cavab verən cəzaçəkmə müəssisələri inşa edilib. Tədbirlər planının tərkib hissəsi kimi isə bu yaxınlarda həddi-buluğ yaşına çatmayan məhkumlar üçün yeni tərbiyə müəssisəsi istifadəyə verilib. Qüvvədə olan qanunvericiliyə əsasən, cinayət məsuliyyəti 16 yaşından başlayır. Azyaşlı cinayət törədibsə, məhkəmə qərarı qüvvəyə mindikdən sonra onu Penitensiar xidmətin tabeliyində olan tərbiyə müəssisəsinə gətirirlər. İlk gündən başlayaraq azyaşlı məhkumla bir çox sahələrdə müxtəlif işlər aparılır. Əvvəlcə məhkumun hansı ailədə böyüdüyü, təhsili aydınlaşdırılır. Məlumdur ki, bəzi uşaqlar valideyn himayəsindən məhrum olduqları üçün lazımi tərbiyə ala bilmirlər. Bundan irəli gələrək Penitensiar xidmət olaraq ilk işimiz azyaşlı məhkumun tərbiyə edilməsidir. Məhkumlara həm onların hüquqları, həm də vəzifələri izah olunur”.

Azyaşlı məhkumların islah olunduqdan sonra cəmiyyətdə adaptasiyası barədə danışan M.Sadıqov bildirib ki, cəzaçəkmə müəssisələrində elə azyaşlılar var ki, müxtəlif səbəblərdən orta məktəbdəki təhsillərini yarımçıq buraxıblar. Yaxud da cinayət törətdikləri üçün dərsə gedə bilməyiblər: “Bu baxımdan cəzaçəkmə müəssisəsində həm texniki peşə məktəbi, həm də orta məktəb var. Düzdür, azyaşlı məhkumlar sayca çox deyillər amma onların hər biri tədris prosesinə cəlb olunur. Onlara müxtəlif ixtisaslar tədris edilir ki, həmin ixtisaslar gələcəkdə azyaşlı məhkumlara yararlı olsun, daha tez iş tapa bilsinlər. Məhkumlara kompyuter dərsləri, xarici dil kursları keçirilir. Bundan başqa, texniki peşə məktəblərində çilingər, qaynaqçı, dülgər peşələri öyrədilir. Məlumdur ki, Azərbaycanda ustalara hər zaman tələbat var. Çalışırıq ki, qısa müddət ərzində tərbiyə müəssisəsində olan azyaşlı məhkumlara maksimum dərəcədə təhsil verək ki, cəzaları bitdikdən sonra azad həyata atıldıqda özlərini itirməsinlər”.

Cəzaçəkmə müəssisələri çıxış yolu deyil

Psixoloq Gülnar Orucovanın sözlərinə görə, azyaşlı uşaqların, yeniyetmələrin davranışları onların ailə durumlarındakı vəziyyətdən qaynaqlanır: “Uşaq ailədə nələri görürsə, cəmiyyətə də onu daşıyır. Yeniyetmələr ailələrində şiddət, sevgisizlik, dəyərsizlik, aqressiyanın şahidi olursa, gələcəkdə ətrafındakı insanlara eyni münasibəti göstərir. Bəzən düşünürük ki, uşaq evlərində və natamam ailələrdə böyüyən uşaqlar cinayət əməlləri törədirlər. Ancaq uşaqlar evində böyüyən elə yeniyetmələr var ki, onlar çox mərhəmətlidirlər, valideyn qayğısından məhrum olduqları üçün daha gözəl ailə başçıları olurlar”.

Psixoloq qeyd edib ki, cinayət törətmiş azyaşlı birini cəzalandırmaq, həbs etmək düzgün addım deyil: “Başa düşmürlər ki, həmin uşaq özü də şiddət gördüyü üçün başqalarına şiddət göstərir. Şiddət göstərən azyaşlıları hansısa cəzaçəkmə müəssisələrinə yerləşdirməklə həmin yeniyetmələr daha da aqressivləşir, törətdiyi əməllərdən nəticə çıxarmırlar. Çox nadir hallarda görürük ki, həbsxanadan çıxmış insan sonradan başqa əməllər törətmir və həbsə düşmür. Elə insanlar var ki, ömrünün 40-50 ilini həbsxanada keçirir. Çünki bir cəzası bitən kimi başqa əməl törədir”.

Psixoloq cinayət törədən azyaşlıların islah olunma yollarını da diqqətə çatdırıb: “Yeniyetmələr cinayət və digər əməllər törədərkən onları həbsxanalara deyil, uşaq evlərinə, əsəb dispanserlərinə, ahıllar evinə aparıb çalışdırmaq lazımdır. Belə olan halda sevginin, qayğının, diqqətin, böyüyə hörmətin, kiçiyə şəfqət göstərməyin nə olduğunu başa düşəcəklər. Bu zaman cəmiyyətə aqressiya yox, sevgi daşıyacaqlar. Sovet dönəmində cinayət törədən azyaşlılar müxtəlif emalatxanalarda çalışırdılar. Oradan gələn gəlir isə dövlətə sövq olunurdu. Həmin müəssisələri yenidən yaratmaq, cinayət törədən yeniyetmələri əməyə cəlb etmək lazımdır, bu zaman zəhmətin nə olduğunu biləcəklər. Məsələn, həmin uşaqlara işlədikləri üçün müəyyən vəsait də vermək olar. Həmin müəssisələrdən çıxandan sonra da qazandıqları vəsaitlə özlərinə nələrsə yarada bilərlər. Yeniyetmələr islah müəssisələrindən çıxdıqdan sonra özlərinə məşğuliyyət tapa bilmirlərsə, yenidən cinayət işləyirlər, oğurluq üstündə tutulurlar. Bu baxımdan düşünürəm ki, cəzaçəkmə müəssisələri çıxış yolu deyil!”.

Paylaş:
Baxılıb: 920 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31