Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Həyatı külə yox, gülə çevirək!

Həyatı külə yox, gülə çevirək!

31.05.2023 [11:15]

31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür

Tütündən istifadə səbəbindən dünyada milyonlarla insan ya sağlamlığından, ya da həyatından olur. Tütün ictimai sağlamlığa dünyanın indiyədək üzləşdiyi ən böyük təhdidlərdən biridir. Əgər tütün sənayesi tənzimlənməmiş fəaliyyət göstərməyə davam edərsə, onun qurbanları 2100-cü ilə qədər 572 milyonadək arta bilər. Daha  qorxulusu isə budur ki, hazırda dünyanın bəzi yerlərində uşaqlar və gənclər tütündən valideynlərinə nisbətdə iki dəfə çox istifadə edirlər. Tütün sənayesi müxtəlif strategiyalar vasitəsilə gənclərin diqqətini çəkməyi yaxşı bacarıb -  cəlbedici məhsul dizaynları, “zərərin azaldılması” iddiaları, sosial media marketinqi, məşhurların, ictimaiyyət tərəfindən sevilən insanların reklamı və sair bu kimi üsullarla...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından çəkindirmək məqsədilə bu tarixi gün hər il qeyd olunur. Bu gün müxtəlif qlobal təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı dünyada tütündən istifadəni azaltmaq üçün effektiv hökumət siyasətini müdafiə edir. Tütün təkcə insanların, o cümlədən onları yetişdirən fermerlərin sağlamlığına təsir etmir, həm də meşələrin qırılmasına səbəb olur. ÜST-ün məlumatına görə, dünyada hər il təxminən 3,5 milyon hektar ərazi tütün plantasiyasına çevrilir ki, bu da ildə 200.000 hektar meşənin qırılmasına səbəb olur. Tütün havanı çirkləndirir, çünki bir siqaret istehsalı üçün atmosferə 14 qram karbon qazı buraxılır.

Tütün, yoxsa həyat?

Müxtəlif ölkələrlə yanaşı, Azərbaycanda da tütünlə mübarizə üçün tədbirlər görülür. Qlobal tütün epidemiyası nəticəsində baş verən illik ölüm sayı 2030-cu ilə qədər 8 milyona çata bilər. XX əsr boyu 100 milyon nəfərin həyatına son qoymuş tütün istehlakı XXI əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər.

Tütün vaxtından əvvəl ölüm, xəstəlik və əlillik hallarının əsas səbəbidir. Bu gün tütün dünya üzrə böyüklər arasında on nəfərdən birinin ölümünə səbəb olur və səkkiz aparıcı ölüm səbəbinin altısı üçün risk amilidir. Hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir, onlardan 1 milyonu ətrafa yayılan tüstü ilə nəfəs alan, tütün çəkməyən insanlardır.

Tütün sənayesinin siqaretə alternativ kimi təqdim etdiyi elektron siqaretlərin tərkibindəki bəzi kimyəvi maddələr ən azı siqaret qədər zərərlidir və nikotin asılılığı yaradır. Bu məhsullar zərərli olmaqla yanaşı, ətraf mühitə də ziyan vurur. Cihazlarda istifadə edilən metal və batareyalar zəhərli kimyəvi tərkibə malikdir.

Tütün hər insanda müxtəlif fəsadlara səbəb olur, bunlardan ən təhlükəlisi isə hamilə qadınların yaşadıqlarıdır. Əgər hamilə qadın siqaret çəkirsə, yaxud siqaret çəkən şəxsin yanında durub tüstünü passiv şəkildə qəbul edirsə, hormonlara güclü təsir göstərən zəhərli maddələr onun dünyaya gətirəcəyi körpənin formalaşmaqda olan orqanizminə birbaşa daxil olub orada bir çox xəstəliklərin bünövrəsini qoyur. Siqaret çəkən qadın uşağı əmizdirən zaman nikotin ana südü vasitəsilə körpəyə keçir.

Tütün çəkənlər gərgin, əsəbi olduqları zaman bu yolla stresdən çıxdıqlarını güman edirlər. Lakin bu, yanlış düşüncədir, sadəcə psixoloji təsirdir.

Siqaretə yox deyək!

Siqareti tərgidə bilmədiyini deyənlər üçün bu, bir bəhanədir. Tütün çəkməyi hər kəs asanlıqla tərgidə bilər. Bunun üçün heç bir vasitəyə əl atmaq lazım deyil. İnsan iradəsi pis vərdişi tərgitmək üçün ən etibarlı vasitədir.

Ölkəmizdə görülən tədbirlər tütünə qarşı mübarizə üzrə Milli Strategiyamızın əsas istiqamətləridir. İlkin variantı müzakirə edilən bu Milli Strategiya Səhiyyə Nazirliyi ilə yanaşı, Təhsil, Kənd Təsərrüfatı, Daxili İşlər, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin də üzərinə böyük vəzifələr qoyur. Tütün epidemiyasının qloballaşdığı bir şəraitdə tütünə nəzarətin milli və beynəlxalq aspektlərinə birgə baxılmazsa, bu, tütünə nəzarət üzrə ən yaxşı milli proqramı belə sıradan çıxaracaq. Məhz buna görə qlobal tütün epidemiyasına qarşı birgə qlobal mübarizə aparılmalıdır. Hazırda dünyanın bir çox ölkəsi kimi Azərbaycan da tütünlə mübarizə meydanına çevrilib. Qəzetlərdə, saytlarda, radio və televiziyalarda tütün əleyhinə müntəzəm təbliğat kampaniyaları aparılır. Dünya təcrübəsi göstərir ki, tütün məmulatları üzrə qiymətlərin və vergilərin artırılması siqaretə qarşı kompleks mübarizə siyasətinin ən effektiv komponentlərindən biridir.

Hamılıqla çalışmalıyıq ki, həyatda ən böyük sərvət olan sağlamlığımızı tütünə qurban verməyək. Allahın bizə bəxş etdiyi əmanəti göz bəbəyi kimi qoruyaq. Ki, bizdən sonra gələn nəsillərimiz də sağlam olsunlar.

Şahanə XANKİŞİYEVA

Paylaş:
Baxılıb: 315 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli ziyalı...

19 Mart 11:14

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31