Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Məktəb zamanı

Məktəb zamanı

10.06.2023 [11:07]

Birinci siniflərə qəbul necə aparılır?

Bu il 6 yaşı tamam olan uşaqların həyatında yeni bir mərhələ - məktəb dövrü başlayır. Valideynlər də, uşaqların özləri də yeni dərs ilinin başlamasını həyəcanla gözləyirlər. Hələ növbəti dərs ilinin başlamasına bir neçə ay qalsa da, məktəbə hazırlıqlar indidən aparılır. Valideynlər dərs ilinin başlaması, məktəb seçimi, 1-ci sinfə şagird qəbulu qaydaları kimi məsələlərə olduqca həssas yanaşma sərgiləyirlər. Bu günlərdə sosial şəbəkələrdə və ayrı-ayrı KİV-də bu il birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirildikləri barədə yayılan məlumatlar da cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Bəs bununla bağlı dövriyyəyə buraxılan məlumatlar həqiqətə uyğundurmu?

Elm və Təhsil Nazirliyi təkzib edir

Birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirildikləri barədə yayılan məlumatlara Elm və Təhsil Nazirliyindən təkzib gəlib. Qurumdan bildirib ki, öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibənin keçirilməsi nəzərdə tutulmayıb. “Bir çox media orqanlarında birinci sinfə qəbulla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlanıb. Belə yazıların birində hörmətli Şahlar Əsgərovun birinci siniflərə şagird qəbulu ilə bağlı fikirləri yer alıb. Yazıda qeyd edilənlərin əksinə olaraq, öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir. Onu da bildirək ki, növbəti tədris ili üzrə 130 mindən çox uşağın 1-ci sinfə qəbulu proqnozlaşdırılır. Artıq 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə və müsahibəsiz birinci siniflərə yerləşdirilib. Bu sayın təxminən 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa 1-ci sinfə qəbul olunub”, - deyə nazirliyin yaydığı məlumatda vurğulanıb.

Elm və Təhsil Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirilməsi qaydası isə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlıdır. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qeydiyyat zamanı  uşaqların müvafiq dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə müsahibələr təşkil olunur. Burada məqsəd birinci sinifə gedəcək uşaqların müvafiq dil bacarıqlarını yoxlamaq və onların həmin dildə təhsil almaq imkanlarını öyrənməkdir. Belə müsahibələrdə uşaqlara digər fənlərə aid sualların verildiyi barədə iddiaların isə heç bir əsası yoxdur. Müsahibələrdə ancaq uşaqların seçdikləri dil üzrə nitq vərdişləri yoxlanılır.

Prioritetlər tətbiq olunan məktəblərə şagird qəbulu

Paytaxt Bakıda və regionlarda bir neçə ümumi təhsil müəssisəsi var ki, onlarda birinci siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilir. Sözügedən ümumi təhsil müəssisələri aşağıdakılardır:

- Heydər Əliyev adına lisey;

- T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

- İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi;

- İ.Əfəndiyev adına elitar gimnaziya;

- “Ankara məktəbi” məktəb-lisey;

- 132-134 nömrəli təhsil kompleksi;

- T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

- Zəngi liseyi.

Elm və Təhsil Nazirliyinin məlumatında 26 maydan etibarən Azərbaycan bölməsi üzrə birinci siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılır. Qeyd edək ki, adı çəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər.

6 yaşı tamam olmamış uşaqların birinci sinfə qəbulu mümkün deyil

6 yaşlı uşaqların birinci sinfə qəbul edilib-edilməməsi də tez-tez valideynlər arasında müzakirələrə səbəb olur. Elm və Təhsil Nazirliyi bunu mümkün saymır. “6 yaşı tamam olmamış uşaqlar birinci sinfə qəbul prosesində iştirak edə bilməzlər”. Bunu “Təhsil masa”sında  Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib. “Təhsil haqqında” qanunda  edilən müvafiq dəyişikliyi xatırladan O. Abbasovun sözlərinə görə, bu dəyişiklik anlaşılmazlığın qarşısını alıb: “Artıq bir neçə ildir ki, birinci sinfə məhz il ərzində 6 yaşı tamam olmuş uşaqlar gedə bilirlər. Bu da o deməkdir ki, 2017-ci ildə dünyaya gəlmiş uşaqlar bu il birinci sinfə gedəcəklər. Bu yaşdan kiçik olan uşaqların birinci sinfə getməsi qanuna ziddir. 7-8 yaşından yuxarı uşaqlar da olur ki, onlar müxtəlif səbəblərdən təhsil almağa gecikirlər. Həmin uşaqlar fərdi təhsilə cəlb olunurlar”.

 O.Abbasov qeyd edib ki, 5 yaşında uşaqların hər hansı bir istedadı olsa belə, birinci sinfə gedə bilməzlər: “5 yaşında uşaqlar yalnız məktəbəhazırlıq qruplarına qəbul oluna bilərlər, bu proses isə cari ilin avqust ayında başlayacaq”.

Nazirlik rəsmisi onu da qeyd edib ki, övladı məktəbəhazırlıq qrupuna gedənlər üçün sonradan məktəbi dəyişmək riskli ola bilər. Yəni məktəb dəyişimində müəyyən risk var: “Təbii ki, bu, valideynlərin şəxsi seçimidir. Bütövlükdə, heç bir halda məktəbyaşlı uşaq təhsildən kənarda qala bilməz. Çünki ölkədə ümumi orta təhsil icbaridir”.  O.Abbasovun sözlərinə görə, bu il birinci sinfə qəbul prosesində bir sıra yeniliklər edilib: “Belə ki, əvvəllər vətəndaş müvafiq qaydada müraciət ünvanladığı zaman övladlarının məlumatlarını bir-bir sistemə qeyd edirdi. Hazırda isə aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində bu məlumatlar sistemə avtomatik olaraq inteqrasiya edilir. Beləliklə də, vətəndaşın müraciəti zamanı onun məktəbyaşlı övladının məlumatları birbaşa sistemdə görünür”.

MÜBARİZ

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31