Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Avropa “dəyərlərini” qorumağa çalışır...

Avropa “dəyərlərini” qorumağa çalışır...

29.06.2024 [10:55]

Gürcüstanda milli xilas naminə LGBT qadağaları Qərb təsisatları nəyə etiraz edir?

Gürcüstan parlamenti LGBT hüquqlarını məhdudlaşdıran qanunlar paketini birinci oxunuşda qəbul edib. Belə ki, iyunun 26-da parlament çoxluğunun təşəbbüsü plenar iclasda müzakirə edilib, bir gün sonra isə 78 deputat paketi dəstəkləyib. 

Bəhs olunan qanunvericilik paketi 19 qanun layihəsindən ibarətdir. Onlardan ən əsası “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsi, digər 18-i isə ondan törəmə layihələrdir. Yeni qanunvericilik paketinin hazırlanmasında məqsəd kişi və qadın birliyinə əsaslanan ailə dəyərlərini və yetkinlik yaşına çatmayanların müdafiəsi mexanizmlərini gücləndirməkdir. 

Əlbəttə, Gürcüstan müstəqil dövlətdir və burada parlamentin hansısa bir qanun layihəsini müzakirələrə çıxarıb qəbul etməsi tam normaldır. Ancaq məsələ burasındadır ki, yeni qanun layihəsi indiyədək Gürcüstanı müxtəlif şirnikləndirici vədlərlə Avropa İttifaqına (Aİ) üzv qəbul ediləcəyinə ümidləndirən Qərb dairələrində birmənalı qarşılanmayıb. 

Yeni qanun layihəsi özündə nəyi ehtiva edir? 

Qanun layihəsinin əsas mahiyyəti kişi və qadın kimliyinin müəyyənləşdirilməsi ilə bağlıdır. Təklif olunan dəyişikliklər qadın və kişi nikahından başqa hər hansı nikahın qeydiyyata alınmasına, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdə tutur. Cinsiyyət dəyişdirmə əməliyyatına qadağa tətbiq edilir və buna görə 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (təxminən 532 dollar), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində cərimələnəcəklər. Yayımçılara eyni cinsdən olan intim səhnələri və ya oxşar məzmunlu reklamları yayımlamaq qadağan ediləcək. LGBT mövzusunu ehtiva edən reklamın yayılmasına görə fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxslər 2,5 min lari (təxminən 886 dollar) məbləğində cərimələnəcəklər.

Yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətinin dəyişdirilməsi və ya homoseksual münasibətlər haqqında materialların yayılmasına görə fiziki şəxslər üçün 1 min lari (təxminən 355 dollar), hüquqi şəxslər üçün 3 min lari (1 min dollardan çox) məbləğində cərimə nəzərdə tutulur. Ölkə ərazisində LGBT problemlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlər də qadağan ediləcək. Cinayət məcəlləsinə edilən dəyişikliklərə əsasən, cərimə ilə nəticələnən pozuntularda günahkar bilinən şəxslərin iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə də cəzalandırılma perspektivi də var.

Narahatlığa səbəb nədir və yaxud Avropanın aşıladığı “dəyərlər”

Parlament çoxluğunu təşkil edən hakim “Gürcü arzusu” partiyasının təmsilçiləri yeni qanun layihəsinin parlamentin gündəliyinə daşınmasını ölkənin milli maraqlarının  və gürcü xalqının identikliyinin, çoxəsrlik ənənələrinin, o cümlədən də ailə dəyərlərinin qorunmasının zəruriliyi ilə əlaqələndirirlər. Narahatlıq yaradan səbəblər həqiqətən çox ciddidir. Söhbət bütövlükdə Gürcüstan cəmiyyətinə yad təsirlərin, daha konkret desək, Avropa “dəyərlərinin” aşılanmasından gedir. Məlumdur ki, müxtəlif  Qərb təsisatları ayrı-ayrı ölkələrə Avropa İttifaqının üzvlüyünə qəbul edilmənin şərtləri kimi öz “dəyərlərini” diqtə edirlər. Xalqların identikliyini, ölkələrini milli maraqlarını inkar edən bu “dəyərlər” əslində “zəif bənd” dövlətlərin bütünlüklə ram olunması və bu yolla imperialist güc mərkəzlərinin ayrı-ayrı regionlarda siyasi mövcudluğunun, iqtisadi-hərbi maraqlarının təmin  edilməsi məqsədi güdür. Dəyərlərin aşınması, cəmiyyətlərin manqurtlaşdırılması son nəticədə milli dövlətləri marionet və asılı ölkələrə çevirir. Gürcüstan kimi kiçik bir ölkədə əsasən xarici mənbələrdən maliyyələşən 10 min qeyri-hökumət təşkilatının mövcudluğunu heç bir halda normal hal saymaq mümkün deyil. Qərb dairələri on illiklər boyunca məhz həmin QHT-lər vasitəsilə Gürcüstana öz “dəyərlərini” ötürüblər. Gürcüstan hakimiyyəti ölkənin milli maraqlarını qorumaq naminə bir qədər bundan əvvəl “Xarici təsirin şəffaflığı” haqqında qanunun qəbul edilməsinə nail oldu. Bundan dərhal sonra Qərb özünün əsl simasını, Gürcüstana necə “dost” olduğunu göstərdi. Ölkəyə Avropa İttifaqının qapılarının bağlana biləcəyi xəbərdarlıqları edilməkdədir.

Qərbin Avropa İttifaqına üzvlüyün müqabilində Gürcüstan qarşısında qoyduğu şərtlər sırasında  cinsi azlıqların hüquqlarının tanınması və digər tələblər də var. Əvvəla onu qeyd edək ki, hazırda Qərbdə LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayı 5 dəfə artıb. Avropa ciddi demoqrafik problemlərə yol açan bu “dəyərlərini” bütün dünyaya ixrac etməyə çalışır. O cümlədən Gürcüstan qarşısında Avropa İttifaqına üzvlük müqabilində LGBT təbliğatına tam sərbəstlik verilməsi şərti qoyulub. 

Həmin şərtləri ödəmək üçün Gürcüstan hakimiyyəti müxtəlif vaxtlarda bir sıra qanunlar və qərarlar qəbul etmək məcburiyyətində qalıb. Gürcüstan azsaylı postsovet ölkələrindən biridir ki, qanunvericilikdə əməklə bağlı və ya digər şəkildə bütün LGBT insanlara qarşı ayrı-seçkiliyi birbaşa qadağan edir. 2012-ci ildən Gürcüstan qanunları cinsi oriyentasiya və ya gender kimliyi zəminində törədilən cinayətləri təqibi ağırlaşdıran amil hesab edir. Avropa İttifaqının tələb etdiyi “dəyərlər”dən biri də cinsi ehtiyacların müxtəlifliyi adı altında gizli təbliğ olunan pedofiliyadır. Bu seqment son 20 ilin ən çox maliyyə xərclənən layihələrindəndir. Deputat Tamar Kordzaia parlamentdə çıxışı zamanı rəsmi hesabatlar əsasında Gürcüstanda azyaşlı uşaqlara qarşı cinsi istismar və zorakılıq halları ilə bağlı dəhşətli statistika səsləndirməklə həyəcan siqnalı çalıb və vəziyyəti epidemiya ilə müqayisə edib.

Bütün bu kimi faktlar bəhs olunan qanun layihəsinin parlamentin gündəliyinə çıxarılmasının zəruriliyi barədə konkret təsəvvür yaradır. Avropa İttifaqının tələbləri Gürcüstanda gürcü xalqının milli kimliyinə son dərəcə ciddi təhdid yardıb. Ölkə yeni qanunu qəbul etməklə uçurumun kənarından geri dönmək və milli xilasa nail olmaq istəyir.

Qərbdən gələn növbəti narazılıqlar

Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun kimi, müzakirələrinə start verilən yeni qanun layihəsinə də Qərbdən ciddi narazılıqlar gəlməkdədir. Xatırladaq ki, qonşu ölkədə yeni qanun layihəsinin anonsu edilərkən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Gürcüstan müxalifətini “LGBT-fobiya və digər ayrı-seçkilik ritorikasını qətiyyətlə pisləməyə” çağırmışdı. Bu çağrışdan sonra Gürcüstanın qərbyönlü müxalifət düşərgəsinin ayrı-ayrı təmsilçiləri ölkədə LGBT təbliğatının qadağan edilməsinə etirazlarını bildirdilər.

“Avropa İttifaqı Gürcüstana qapını bağlaya bilər”. Bu mesajı isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel rəsmi Tbilisinin xarici agentlər haqqında anun qəbul etməsi, həmçinin LGBT təbliğatının qadağan olunması ilə bağlı hərəkətləri, qərarları barədə danışarkən deyib.

“Aİ-yə gedən yol Gürcüstan xalqı üçün açıqdır, lakin hökumət öz gördüyü işləri davam etdirsə, bu yol bağlanacaq... Bu gün Aİ ölkələri konkret qərarlar qəbul etmir, söhbət vəziyyətin müzakirəsindən və mümkün tədbirlərdən gedir...”, - deyə Borrel vurğulayıb. 

Aİ rəsmisinə görə, tədbirlərdən biri Avropa Sülh Fondunun Gürcüstana maliyyə dəstəyinin azaldılması ola bilər. Eyni zamanda Borrel əlavə edib ki, bu cür tədbirlər “əhaliyə təsir etməməlidir”. 

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 271 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31