Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Milli Qurtuluş Günü azad Qarabağda, azad Şərqi Zəngəzurda qeyd edilir

Milli Qurtuluş Günü azad Qarabağda, azad Şərqi Zəngəzurda qeyd edilir

10.06.2024 [13:18]

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Ölkəmizə hansı sahədən baxsaq qazandığı təcrübənin nümunə olduğunu qeyd edə bilərik. Bu, Ümummilli Liderin məqsədyönlü siyasətinin və gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir. Dövlət başçısı İlham Əliyev bu vəzifəni qarşıya qoyur ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri müqayisə əsasında təhlil edilməli, müstəqillik yolumuzun heç də hamar olmadığı indiki və gələcək nəsillərə çatdırılmalıdır. Ən əsası Azərbaycanın belə qüdrətli, zəngin dövlətə çevrilməsinə görə kimə borclu olduğumuzu bilməliyik.

Azərbaycanın bu günü və  xoşbəxt gələcəyi üçün Ulu Öndər Heydər Əliyevə borcluyuq. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından böyük faciələr yaşadı. Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xilası Ulu Öndər Heydər Əliyevin xalqın təkidli  tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Xalqımız yalnız bu qayıdışdan sonra  müstəqilliyimizin sevincini yaşadı, gələcəyə böyük inamla baxdı. 1993-cü ilin 15 iyun tarixi  Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin tarixdə Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 İyun tarixini bayram elan etmişdir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidməti kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini qorumasında, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən xilas etməsində idi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi. Ölkəmizdə yaradılan sabitlik iqtisadi uğurlarda əhəmiyyətli rol oynadı. Ulu Öndər dünya təcrübəsinə istinadən  bildirirdi ki, heç bir ölkə  səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan iqtisadi inkişafa təkbaşına nail ola bilməz. Onun gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dvidend gətirdi. Azərbaycanın bugününə və gələcəyinə inam artdı, yeni müqavilələrə yol açıldı. Azərbaycan  iştirakçısı və təşbbüsçüsü olduğu layihələrin reallığa çevrilməsi ilə regiol inkişafın aparıcı qüvvəsinə çevrildi. İllər keçdikcə bu layihələrin coğrafiyası genişlənməyə başladı və Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artdı. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı.  Azərbaycanın iqtisadi uğurlarının davamlılığı siyasi mövqeyinin möhkəmlənməsində də öz sözünü deyir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasətinin əsasında iqtisadi və siyasi islahatların vəhdətinin yaradılması dayanırdı. Son 20 ildən artıq dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlət kimi nüfuz qazanıb. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Azərbaycan son illərdə daha da qüdrətləndi, iqtisadi imkanları fonunda ordu quruculuğu sahəsində mühüm addımlar ataraq qələbəyə hazırlandı. Azərbaycan ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz möhtəşəm tarix yazdı. Ötən il Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.  Bu gün azad edilmiş torpaqlarda infrastruktur layihələri icra edilir, bərpa-quruculuq işlərinin miqyası genişlənir, Böyük Qayıdışın tezliklə tam şəkildə reallaşacağına əminlik artır.

Bu gün qürurla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Şuşa beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal mərkəz kimi dəyərləndirilir.   Üç il öncə, 2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın, türk dünyasının, bu il isə islam dünyasının  mədəniyyət paytaxtı Şuşa şəhəri iki dost, qardaş və müttəfiq ölkə  olan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasına şahidlik etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa, azad Şuşaya ilk səfər edən dövlət başçısı kimi diqqətdə oldu. Bu səfər həm tarixi Zəfərimizin reallıqlarını, həm də iki ölkənin qardaşlığının, dostluğunun və müttəfiqliyinin rəsmi şəkildə  dünyaya təqdimatı oldu.

Təbii ki, atılan hər bir mühüm, taixi addımı şərtləndirən amillər mövcuddur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün Azərbaycan və Türkiyə  dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Bu nöqteyi-nəzərdən yanaşsaq Şuşa Bəyannaməsinin tarixə əsaslandığını böyük əminliklə qeyd edə bilərik. Bəyannamədə böyük Öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə baxış fonunda gələcəyi barədə aydın təsəvvür yaradan “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fikirləri öz əksini tapıb. Şuşa Bəyannaməsinin imzalanmasına gedən yolu şərh edərkən təkcə 44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək iki qardaş ölkənin bir-birlərinə dəstəyinə diqqət yetirmək kifayətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı dünyaya mesaj olmaqla yanaşı, ölkəmizə böyük güc verdi, sabaha daha inamla addımlamağa stimul oldu. Tarixi Zəfərimiz həm Azərbaycan-Türkiyə münasibətlərinə, həm də ümumilikdə türk dünyasının birliyinə böyük töhfələr verir. Son dörd ilə yaxın müddətdə qeyd olunan istiqamətlərdə qazanılan uğurlar göz qabağındadır.

Cənab İlham Əliyev bu günlərdə TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən   mühüm çağırışlar səsləndirdi.  Dövlətimizin başçısı bildirdi ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır: “Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.”

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30